» » Almas İldırımın günahı: vətənə "can" deməsi...

Almas İldırımın günahı: vətənə "can" deməsi...

Müəllif: Sevinc Novruzova
//
Tarix: 23 may 2014
//
Bölmə: Ədəbiyyat
Almas İldırımın günahı: vətənə "can" deməsi...


37-ci ilin repressiya qatarı...
Bu qatarın yolu uzaq Sibirdən, Qazaxıstan çöllərindən, Türküstandan, haralardan keçmirdi, İlahi! Bəs sərnişinləri kim idi? O adamlar ki ucuz şöhrətə, yalançı təltiflərə, gərəksiz adlara aldanmır, haqq-ədalət yolunda hər cür əzaba, zülmə dözürdülər. Xalqın belə seçmə oğulları əqidə və məsləklərini təmtəraqsız yaşamaq yolunda girov qoymuşdular. 24 yaşlı Almas İldırım da "troyka"nın hədəfinə tuş gələndə ürəyinə dammışdı ki, onu məşəqqətli, əzablı günlər gözləyir. Bu yolu Cavid Əfəndi də keçmişdi, Müşfiq də, Salman Mümtaz da... Yüzlərlə, minlərlə Azərbaycan ziyalısı da...

Almas İldırım o illəri belə xatırlayırdı: "Yaxşı bilirdim ki, 37-ci ilin repressiyası başlayanda ilkin olaraq ət maşınının altına atılanlardan biri mən olacağam. O illərin qaydası belə idi: millətin gözüaçıq, şüurlu və işıqlı ziyalılarını həmin ət maşını gözləyirdi..." Daha nələr gözləyirdi? Ailəsini, yaxın qohumlarını şər və böhtan, yerli-yersiz təqiblər, imperiya maşınının daha sərt, amansız cəza üsulları... Bütün bunlara dözüm göstərmək, sınmamaq, oyuncağa çevrilməmək və həm də təhlükələrindən qorunmaq o qədər də asan deyildi. Qarşıda iki yol vardı: əzablı, məşəqqətli sürgün və həbs yolu, bir də asanlıqla şərə, məkrli siyasətə boyun əymək üsulu. Almas İldırım zindanı, sürgünü əyilib, sındırılıb yaşamaqdan qat-qat üstün tuturdu. Ona görə də tez-tez sürgün məkanını dəyişirdilər, günahsız şairi həbslərin, zindanların küncünə atırdılar. Onu susdurmaq yolunu belə seçmişdilər.

O illərin zülmət gecələrində bəd xəbərlər elə tez yayılırdı ki... Qapılar döyüləndə hamı səksəkə içərisində olurdu. Bilirdilər ki, belə zülmət gecələrdə aparmağa gəliblərsə, geriyə yol yoxdur. Onda şərin, böhtanın qarşısını almaq üçün haqqı o qədər naziltmişdilər ki, heç nə ələ gəlmirdi. Və gedənlərin sorağı uzaq-uzaq diyarlardan gəlirdi, bəzən heç səs-səmir də olmurdu. Elə Almas İldırım da belə bir qaranlıq taleyin yolçusu oldu. 1931-ci ildə onun "Dağlar səksənərkən" adlı şeirlər kitabı təzəcə işıq üzü görəndə heç doyunca sevinməyə macal vermədilər. Gecənin yarısında onu kiçik sorğu-sualdan sonra ağır ittihamla Dağıstana yola saldılar. Daha doğrusu, Vətənə "can" dediyinə görə onu yurdundan-yuvasından qovdular:

Günahım "can" dedim, sana, qovuldum,

Acımadın bu qurbana, əlvida!

Şairi Dağıstana sürgün etsələr də, onu hər an izləyir, nədən yazdığına, necə yazdığına göz qoyurdular. Əlbəttə, Almas İldırımı bu yolla sındırmaq, əymək, əqidəsindən döndərmək son dərəcə çətin idi. Rəqibləri, açıq və ya gizli düşmənləri bunu hiss etsələr də, şairi bir an belə, nəzarətsiz buraxmırdılar. İmperiya ideologiyasının çürük qanunları kölə psixologiyasını xalqın canına, qanına yeritməyə çalışırdı. Cəmi bir il sonra Almas İldırımı Dağıstandan Türküstana sürgün edirlər. Onun yeri, məkanı dəyişsə də, yazdıqlarının ruhu, üslubu və dönməz əqidəsi qətiyyən dəyişmir. Nə qədər cəhd etsələr də, Almas İldırımı iki yol ayırıcında saxlaya bilmirlər. Cəsarətlə deyirdi ki, "Aləmə bahar gəldi, sənə yağmur, qar yağır..." Belə sətiraltı deyimlər, məzmunlu eyhamlar Almas İldırım yaradıcılığından qırmızı xətt kimi keçirdi. Şairin hər misrasında gizli eyhamlar axtaran bəzi tənqidçilər onun haqqında istədikləri kimi cızma-qaralar edir, yaradıcılığının boy artımına əngəl törədirdilər. Cəmi bir il sonra onu sonuncu dəfə Türküstandan İrana sürgün edirlər. Bu qədər əzablı yol keçən Almas İldırımı yenə nəzarətsiz buraxmırlar. Onu izləmək üçün Bakıdan Əkbər Rahil adlı bir şairi arxasınca göndərirlər. Belə təqiblər isə gənc şairi o qədər də qorxutmur, əksinə, yaşadığı az ömürdə qiymətli əsərlərə imza atır, sağlığında qədərincə tanınmasa da, repressiya illərindən sonra Almas İldırımı tədqiq etməyə, zəngin irsini öyrənməyə başlayırlar.

Şairin taleyinə yazılan nisgilli və ağır günlər xeyli davam edir. Sürgün tarixində ona o qədər əzab, işgəncə verirlər ki... Əslində bütün bunlar bir insan dözümünün çərçivəsinə sığmır. İmperiya cəlladlarının sürgün texnikasını, əməliyyatını seçməsi birbaşa mərkəzdən idarə olunurdu. Yerli çinovniklər, əlaltılar isə bu dəyirmana gizli-gizli su tökürdülər. Almas İldırım xatirələrində yazır ki, bizi təkcə düşmənlərimiz yox, elə "dostlarımız" da təqib edirdilər. Elə bil sifariş yerinə yetirmək üçün ömrü boyu öyrədilmişdilər. Təəssüf edirəm ki, belə adamlar sağımızda-solumuzda çox idi. Hətta sürgün illərində də belə adamların təqibləri ilə üzləşməli oldum.

Şairin təzadlı ömrü, taleyinə yazılan nisgilli günlər xeyli davam edir. İşgəncə və təqiblərdən canını qurtarmaq üçün Almas İldırım Türkiyəyə qaçmaq məcburiyyətində qalır. Bu yerlər ona isti qucaq açır, öz doğma övladı kimi qarşılayır. O, bu seçimi ilə az-çox rahatlıq tapır, əhatəsində olduğu adamlarla ünsiyyət yarada bilir, fikir mübadiləsi edir. İnanır ki, bu adamlar onun səmimiyyətini axıra qədər qəbul edir, şairi yalançı pafosla qarsılamırlar. Heç olmasa ömrünün son illərini fəlakətdən, zülmdən, əzabdan uzaq yaşayır. Almas İldırım ömrü boyu inanırdı ki, vaxt-vədə gələcək, onun yazdıqları axıra qədər araşdırılacaq, yeni nəsillərə çatdırılacaq. Nə yaxşı ki, gec də olsa bu mərhələ yetişdi. Dövlətin köməyi və dəstəyi klassik irsin çapına və nəşrinə diqqət və qayğını artırdı, Almas İldırım külliyyatına da işıq saldı. Gələcək nəsil onun qürbətdə yazdığı silsilə şeirlərini, yasaq və qadağa qoyulmuş kitablarını oxuya biləcək, bu irsi gen-bol öyrənmək imkanı qazanacaq. Əlbəttə, bütün bunlar yüzillik tariximizin zədələrini bərpa edir, nəsillər arasında pozulmaz rabitə yaradır...


QafqazPRESS.az
banner125x125 banner125x125