» » Yaşamaq yanmaqdır, yanasan gərək...

Yaşamaq yanmaqdır, yanasan gərək...

Müəllif: Sevinc Novruzova
//
Tarix: 16 avqust 2014
//
Bölmə: Ədəbiyyat
Yaşamaq yanmaqdır, yanasan gərək...


Avqustun 16-sı Xalq Şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
“Şairin tərcümeyi-halı olmur, taleyi olur” deyiminin doğruluğuna bu yazını hazırlayarkən bir daha əmin oldum. Ona da əmin oldum ki, bu taleyi hər qələm adamı yaşaya, özü də sona qədər yaşaya bilmir. Çünki bu yolda səni Xaqani kimi Vətəndən uzaqlarda ölmək, Nəsimi kimi dərisi soyulmaq, Sabir kimi məşəqqətlərə dözmək, Hadi kimi yaşamaq üçün əsərlərini satmaq, Cəlil Məmmədquluzadə kimi isinmək naminə əlyazmalarını yandırmaq kimi min bir əzab-əziyyət gözləyir. Sözü hər zaman diri, ölməz qalan belə tale sahibləri təkcə bir ömür yaşamır. Onların həyat kredosu ömrü boyu ölüm-qalım dilemması qarşısında çarpışmadan keçir.

Avqustun 16-da anadan olmasının 89-cu ildönümünü qeyd edəcəyimiz Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadə də belə tale sahiblərindəndir.

Özünün hərtərəfli parlaq istedadı ilə xalqımızın dərin məhəbbətini qazanmış Bəxtiyar Vahabzadə yaradıcılığının şirəsini el ədəbiyyatından, ətrini Vətən torpağından, ruhunu doğma ana dilindən alıb, həyatın bütün sahələrinə, insan qəlbinin ən incə, dərin guşələrinə təsir edəcək ölməz əsərlər yaradıb.
Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.
Bəxtiyar Vahabzadənin anlamında yaşamaq yanmaq olduğundan o, məğrurluqla, həmişə doğru söz, həqiqət naminə yanmaqdan və yandırılmaqdan qorxmadı.

Alim Bəxtiyar

Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb.

O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın

Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. O, nifrəti, kini ilə ədalətsiz adamları lənətləyir və onların şərəfsiz mövqeyini qamçılayır.

Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı mili azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.

Şair Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda çarpışan Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin əziz xatirəsinə hər olunmuş “Gülüstan” poemasında yazır:

Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı, ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.

Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Bakı Dövlət Universitetdən çıxarılıb, yalnız 2 ildən sonra işinə bərpa olunub.
Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.

Dil yoxsa, millət yox, heç varlıq da yox

Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: “Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır”.

Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir.

Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olub.

Mən özüm özümə “unut dedikcə,
Özümü itirib tapıram səni!..

Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb. Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib.

Xalq Şairi Bəxtiyar Vahabzadə bir dramaturq kimi də özünü təsdiq edib. Onun müasir mövzularda qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Fəryad”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” və “Özümüzü kəsən qılınc” kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Ədibin dramlarında bəzi məqamlarda bir də görürsən ki, dramatik dialoq hiss olunmadan şeirə çevrilir. “İkinci səs” pyesində olduğu kimi:

Mən özüm özümə “unut dedikcə,
Özümü itirib tapıram səni!..

Bəxtiyar Vahabzadə bir şair və dramaturq kimi sözün sehirkar qüvvəsini yaxşı başa düşür və ondan məharətlə istifadə etməyi bacarırdı.

Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var

Son 30-40 ildə Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Görkəmli sənətkarın ədəbi-elmi və ictimai fəaliyyəti həmişə yüksək qiymətləndirilib.

Bəxtiyar Vahabzadə Əməkdar İncəsənət Xadimi Xalq Şairi fəxri adlarına layiq görülüb, Dövlət mükafatları laureatı olub, müstəqil Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilib.
Bu gün özünün ölməz poeziyası ilə əbədi olaraq xalqımızın yaddaşına köçən böyük ədib hələ rəsmi xalq şairi statusu almamışdan da hər bir azərbaycanlının əziz, sevimli şairi idi. Bəli, Bəxtiyar Vahabzadəni təbiət şair yaradıb. Poeziya elə bil onun üçün, o da poeziya üçün doğulub.
Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən Bəxtiyar Vahabzadə bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin deputatı seçilib. O, xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə vətənpərvər ziyalı mövqeyi nümayiş etdirib. Ən əsası isə o, həmişə bu amalla yaşayıb:

“Bu dünya beş gündür”, - deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.

Çəkdiyi böyük zəhmətin bəhrəsidir ki, bu gün onun adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri dünyanın çox dillərinə tərcümə olunaraq müəllifinə böyük şöhrət, Azərbaycana isə başucalığı gətirib.

Azadlıq ağacı bar verə bilməz
Şəhidlər qanıyla suvarılmasa

Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi Bəxtiyar Vahabzadə. “Gülüstan”dan başlanan içindəki azadlıq sevgisini, o, sonralar da çoxsaylı oxucuları ilə bölüşürdü. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu. Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı “Şəhidlər” poeması ilə yeni bir tarix yazdı. Qanla suvarılan bir torpağın azadlıq sevdalı, günahsız övladlarına söz heykəli ucaldan şair yazır:

Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.

Şairin “Şəhidlər” poeması milli mübarizə tariximizin bədii təcəssümü baxımından ədəbiyyatımızın ən dəyərli əsərlərindəndir.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstə qandırdı muğam

Hər gecə iş otağında muğamın sehrinə dalaraq səsi, musiqini, avazı yeni sözə, şeirə çevirən Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasına daha bir əbədi nümunə - “Muğam” poemasını bəxş etdi.
Sözsüz ki, muğam Azərbaycan bəstəkarları, rəssamları, heykəltəraşları və şairləri üçün bütün zamanlarda tükənməz yaradıcı ilham mənbəyi olub və bundan sonra da olacaq. Lakin etiraf etməliyik ki, Bəxtiyar Vahabzadə bu poema ilə sanki hər bir muğamı ayrı-ayrılıqda yenidən kəşf etdi, yenidən bizlərə qaytardı. Əminliklə deyə bilərik ki, Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadənin “Muğam” poeması bu mövzuda olan ən parlaq əsərlərdəndir.

Xalq Şairi poemada muğam xəzinəmizin - elimizin mənəvi sərvətinin insanın şəxsiyyət, ağıl və qəlb sahibi kimi yetişməsində, vətənpərvərlik duyğularının inkişafında, idrak prosesinin sürətləndirilməsində rolunu orijinal forma və üslubda ifadə edib:

Nə güman eyləmisən ondakı tilsimləri sən?
Kürü ahilə qurutdu, salı yandırdı muğam.
Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

... Sözün həqiqi mənasında Bəxtiyar Vahabzadə xoşbəxt şairlərdəndir. O, təkcə istedadlı şair ömrü yaşamadı, həm də qürurlu kişi, mənəviyyatlı ata, sevimli dost, qədirbilən sənətkar ömrü yaşadı. Bəxtiyar Vahabzadə həm də ona görə bəxtiyardır ki, mənsub olduğu xalqın azadlıq mübarizəsi tarixinə adını böyük həriflərlə yazdırmağı bacardı.



QafqazPRESS.az
banner125x125 banner125x125