Varis

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 fevral 2015
//
Bölmə: Ədəbiyyat
Varis



26 FEVRAL XOCALI FACİƏSİNİN 23-CÜ İLDÖNÜMÜ GÜNÜDÜR.
BU GERÇƏK FACİƏNİN TARİXƏ ƏBƏDİ HƏKK OLMASINDA,
YADDAŞA KÖÇÜRÜLMƏSİNDƏ MİLLİ QƏHRƏMAN ÇİNGİZ MUSTAFAYEVİN
ƏVƏZSİZ XİDMƏTİ DANILMAZDIR. RUHUN ŞAD OLSUN,ÇİNGİZ!
BU ƏSƏRİ SƏNƏ BÖYÜK SEVGİ İLƏ YAZMIŞAM.HALALIN OLSUN,QARDAŞ!



VARİS

1960-cı il, 29 avqust,
Xınalı payızın lap əvvəlində,
Bu gözəl dünyaya gəldi bir uşaq,
Həştərxan elində, Vətəndən uzaq.
Hərbiçi ailədə doğuldu Çingiz,
Canında, qanında hərbin havası.
Oyuncaq qurardı neçə əsgərdən,
Oynardı əsgərlə əsgər davası.
* * *
Taleyində qəriblik,
Ömür arzular dolu.
Arzuların tükənmir,
Nə cığırı, nə yolu.
* * *
Köçdülər Bakıya 4 ildən sonra,
Açdı qucağını eli-obası.
Boyunu sevirdi anası Naxış,
Gözəllər gözəli, ellər sonası.
* * *
Çingiz məktəbə getdi-
Gecə-gündüz oxudu,
Elmin gülüzarından
Gül çələngi toxudu.
Arzusu həkim olub,
Şəfalar vermək idi,
Neçə dərdli gözlərdə,
Sevinclər görmək idi.
Arzular heç tükənmir,
Xəyalın qanadları
Uçur, göylərdən enmir.
Hər sahədə, hər işdə,
İstəyir ki görünsün,
Taleyinin yolları
Gül-çiçəyə bürünsün.
Qaynayır həyat kimi
Heç yorulmur, usanmır.
Nə də ki, bir kimsənin,
İşlərinə küsənmir.
İstəyir ki, qabaqda,
Gedənlərə qoşulsun.
Vətəni də oğlundan,
Xoş soraq, səda alsın.
* * *
3 il həkim işlədi,
Dəvəçi rayonunda.
Təyinat bitən kimi,
Döndü yenə Bakıya.
Bir birlik də yaratdı,
Adını “Cəngi” qoydu,
Bu qədər işlərindən
Nə yoruldu, nə doydu?!
Qəlbində başqa həvəs,
Təzə iş, təzə həvəs...
Jurnalistlik sənəti,
Cazibəylə çəkirdi.
Qəlbinin guşəsində,
Çingiz güllər əkirdi.
Sükunəti sevmirdi,
Təbiəti qaynardı.
Bu sənətin üstündə
Çingiz möhkəm dayandı.
20 qara yanvarda,
Ciddiləşdi bu fikir.
Fikirli başı tale,
Hər dərdli yola çəkir.
Kamerası qəlbi tək,
Çəkdi müdhiş gecəni.
Min suallar içində
Qəlbindən poza bimir,
Nə üçünü, necəni...
* * *
Dövlət televiziyası,
Ona bir məkan oldu.
Könlündən keçənlərə,
Bir kömək, təkan oldu.
Reportyor imkanı,
Açdı iç dünyasını.
O silib, təmizlədi,
Arzular aynasını.
* * *
Azərbaycan hüdudu,
Sərhəd-sərhəd keçildi.
Çingizin gözlərində,
Düşmən cılız- kiçildi.
Avropaya səsləndi,
Yenilikçi jurnalist.
Neçə-neçə agentlik,
Neçə tele kanallar
Bu imkanı axtarır...
* * *
Həqiqətin dilini
Kəsən əllər nə çoxdu?!
Çingizin düz sözləri.
Nadan qəlbinə oxdu.
Gah senzura, gah yasaq,
Gah da dələduz, sarsaq.
İmkan vermir deməyə,
Günahsız olduğmuzu.
Imkan vermir deməyə,
Haqsız boğulduğmuzu.
* * *
Əl-qol açmağa qoymur,
Hansısa bir qarışıq.
Əqidəsi, mənsəbi,
Yüz çirkaba bulaşıq.
Meydan istəyir Çingiz,
Vətənə canı yanır.
Hər kəsi öz qəlbi tək,
Vicdanlı, igid sanır.
Çırpılır üzünə, bəzən qapılar,
Çox vaxt da gözləyir,
Nə vaxt açılar?!
-Yox, təslim olmayacam,
Olmayacam mən!
Bir zərif çiçək tək,
Solmayacam mən!
Bu savaş meydanı,
Ər meydanıdı!
Heç vaxt öz yolumdan,
Dönməyəcəm mən!
Gedəcəm sonatək,
Yardımçım Allah.
* * *
Vətən atılmaz ki,
Hər namərd sözdən.
Dözümüm sınmasın,
Canavar üzdən.
Siləcəm vətənin
Göz yaşlarını.
Toya çevirəcəm,
Qəm, yaslarını.
* * *
Beyni səhərəcən,
Düzüb, qoşurdu.
Yerdən hövlang durub,
Gah da coşurdu.
-Xəbər gözləyir
Məndən el-oba,
Xəbər gözləyir
Lap ön cəbhədən.
* * *
Hərc-mərclik başlanıb,
Aləm qarışıb.
Yaxşı unudulub,
Pis başa keçib.
Qarabağın bəxti,
Lap daşa keçib.
Canı yanana da,
Imkan vermirlər.
Biz sənə arxayıq,
Qorxma, demirlər.
İrəli gedənin,
Ayağında əl,
Çəkir, dala çəkir,
Alışan ocağı,
Söndürmə, dayan!
Yaxşını yolundan,
Döndərmə, dayan!
Nədir ürəyindən,
Qəlbindən keçən?
Yaşıl zəmiləri,
Başından biçən.
* * *
Bir dəstə yığışıb,
Hücuma keçsin.
Çingizin qanını,
Ovcuyla içsin.
Allahım,
Hikkəyə, hiddətə bir bax.
İnsanda nifrətə,
Şiddətə bir bax!
* * *
Vətən igidləri, qalxın ayağa,
Səsimə səs verin, Vətən dardadır.
Xətai, Koroğlu, Babək övladı,
Torpaq əldən gedir elim hardadır?!
* * *
Bir az pərakəndə,
Bir az nizamsız,
Könüllü dəstələr
Ön cəbhədədir
Şimşəktək şaqqıyır
Orda silahlar.
Tələsin,
Vətənim lap hədəfdədi.
* * *
Kimin qınağına tuşlanır sözü,
Kiminin qəlbinə köz salır sözü.
Qığılcım ələyir nigaran gözü,
Ağzından od tökür, dincəlmir Çingiz.
* * *
Ərtafa yığışır ötüb, keçənlər,
Hər kəsin üzündə bir təlaş,nida.
Vətənin yaxası düşmən əlində,
Hər kəs ürək açan gözləyir səda.
* * *
Odlu sözlərinə böhtan deyilir,
Hərə mətbuatla bir çıxış edir,
Yalançı, saxtakar, şeytan deyilir.
Onu yamanlayır istər-istəməz.
* * *
Çingizsə duymuşdu,
Gələn bəlanı.
Dəyişdi yolunu,
Qəlbində təəssüf.
Vətənin yolunda,
Birlik lazımdır.
Mənim əleyhimə,
Qəsdimə deyil-
Düşündü, düşündü,
Beynində təəccüb.
Mənim bir təmənnam,
Yox ki kimsədən.
Bircə canım vardı,
Vətənə qurban!
Canda axan qanım,
Vətənə qurban.
* * *
Yenilik axtarırdı,
Hər sahədə, hər işdə.
Onun xəbərlərindən,
Çoxu qaldı, təşvişdə.
“215 KL”- studiyası
İlk müəlliflik imzası.
Verilişinin ilkiydi,
Həm oxu, həm nizəsi.
Dostlar baxıb sevinir,
Düşmənsə qovrulurdu.
Hər kəlməsi, hər sözü,
Yağıya od vururdu.
Ön cəbhəylə paytaxtın,
Arasında körpüydü.
Veriliş başlanan kimi,
Hamı evə tələsir.
Hər kəs, qulağı səsdə,
Ürək çırpınır, əsir.
***
Əsgər həyatını göstərir verliş.
Birbaşa döyüşdən canlı səhnələr,
Yaralı səhnələr, qanlı səhnələr.
Güllə səslərindən titrəyir bədən,
Bu tökülən qanlar, tökülür nədən?!
- Mən televiziyanın kommersiya mərkəzində işləyirdim. Moskvanın “Vesti” proqramına baxdıqdan sonra bizim televiziyamizda da belə bir proqramın olması məni çox düşündürürdü. Rəhmətlik Çingizlə bu barədə tez-tez söhbətlərimiz olurdu. Onda Çingiz Demokratik Rossiya mətbuatının Zaqafqaziya üzrə müxbiri idi. Biz Çingizlə reportajlar hazırlamağa başladıq. İlk reportajımız sentyabrda Yeltsinlə Nazarbayevin Qarabağa gəlməsinə həsr olundu. Sonra başqa çəkilişlərimiz də oldu. Gəncədən, Xankəndidən... nəhayət, qərara aldıq ki, bizim özümüzün ayrıca proqramımız, studiyalarımız olmalıdır ki, çəkdiyimiz materialları bu studiyadan verə bilək. Beləliklə, rəhbərliyə müraciət elədik, icazə aldıq. Hazırladığımız proqrama nə isə yaxşı bir ad qoymaq istəyirdik, amma nə qədər fikirləşirdiksə tapa bilmirdik. Bir gün Çingizlə “Moskva” mehmanxanasının kafesində çay içirdik... Birdən Çingiz belə bir fikir irəli sürdü ki, studiyanın yaranması haqqında verilən əmrin nömrəsi oldu 215. Əmr rusca verildi. KL-“kadrovıy listok” sözlərinin baş hərfləridir. Studiyamız oldu “215 KL”. Bu, Çingizin özünün ideyası idi... Oktyabrın 17-də ilk verilişlərimizi verdik...
Nicat Əliyev
“215 KL” studiyasının direktoru
***
Verilişin nüfuzu
Sıxdı çoxunu,
Oxatan kirpilər
Atdı oxunu.
Qəzetlər, insanlar
Üzünə durdu.
Kimi verlişinə
Yüz tələ qurdu.
Tənqid güllə təki
Burda yağırdı.
Vətən Çingiz- deyib
Hey çağırırdı.
O, heç fikir vermir
Boş küləklərə
Qaya əzəməti onu saxlayır.
Cılızlar küləkdən əsib, laxlayır.
Çingizsə tələsir
Lap ön cəbhəyə,
Indi bircə anı
Çəkməmək olmaz
Orduya mənəvi gücdü
Bu anlar
Vaxt gələr hər kimsə
Bunları anlar
Şuşa təhlükədə
Düşmən çaxnaşır.
Eh cənnət məkanı
Yurd əldən gedir,
Tarix əldən gedir,
El əldən gedir
Ocaq əldən gedir,
Pir əldən gedir.
***
Montaj otağında
Lazımsız qovğa,
Qarını qabaqda
Yekəpər lovğa.
Verliş getməyəcək-
Deyə hayqırır.
Özündən böhtanlar,
Yalan uydurur.
-Kimin adamısan
Yaxşı bilirəm.
Məqsədin nədirsə
Onu görürəm.
Çingizin sifəti
Ağappaq olub,
Bu sözlər qəlbində
Kösöv, dağ olub.
Cəbhədən gətirib
Təzə xəbərlər...
Şuşa əldən gedib
Ey fərarilər,
Nə qədər ört-basdır
Edək bunları.
Cidanı çuvalda
Gizlətmək olmaz?
Yalanı, nahaqqı
Üzlətmək olmaz?!
Şuşa xəyanətin qurbanı olmuşdu. Bütün xalqı sarsıdan bu dəhşətli faciədən iki-üç gün keçirdi. Çoxları Şuşanın əldən getməsinə hələ də inanmaq istəmirdi... Otağıma üç ordu zabiti gəldi.
-Bizi nazir göndərib. “215 KL” bu gün efirə getməməlidir.
“215 KL”in başının üstünü yenə təhlükə aldığını cəbhədən təzəcə qayıtmış Çingizə, görünür, montaj otağında xəbər vermişdilər.
Nicat Əliyev
***
İşdən çıxarıldı,
Çingiz beləcə.
Düz söz düzdə qalıb,
Atam balası.
Düzü ilan çalıb,
Atam balası.
* * *
İstedad qızıldır,
Parlar hər yanda.
Günəşə pərdəni,
Kim çəkə bilər?!
Yanmaq odu varsa,
Əbədi canda...
* * *
Yeni bir proqram,
Yeni bir arzu.
“Televiziya informasiya proqramı”,
Yaratdı Çingiz.
Çoxunun qanını,
“Qaraltdı” Çingiz.
Çəkirdi ön cəbhə,
Onu hər zaman.
Düşmən pusqudadı,
Kimsə yuxuda.
Xəzinə altında,
İlan qutuda.
Laçına qıcanıb,
Yalquzaq dişlər.
Torpaq əldən gedir,
El əldən gedir.
Namus əldən gedir,
Ar əldən gedir.
Qaçır pərakəndə,
Başsız insanlar.
Dönür, geri dönür,
Tanklar, maşınlar.
Tankın qabağına,
Keçir tez Çingiz.
Qışqırır – qorxaqlar!
Geriyə dönün.
Gah da ki yalvarır,
Qayıdın! Qayıdın!
Nə olar?!
Vətən dardadı,
Bəs Vətən deyənlər,
İndi hardadır?!
...Tanklar, zirehli maşınlar Laçından çıxıb dərəaşağı üzü bəri gəlir.Azərbaycanın gözləri önündə yeni xəyanət, yeni faciə baş verir. Indi də düşmənə Laçın peşkəş verilir. Tankların qabağını Çingiz kəsir.
-Hara qaçırsınız? Qorxaqlar!
Kişi deyilsiniz siz, biqeyrətsiniz!
Qışqırmaqdan səsi batıb onun. Az qala hıçqıra-hıçqıra yalvarır:
-Qayıdın! Qayıdın da nə olar?!
Ələkbər Abbasov
“Günay” qəzeti, 15 iyun 1994.
***
Top, tüfəng neyləsin,
Tanklar neyləsin!
Gərəkdi, ürəkdə
Tuşlansın silah,
Yağıya, namərdə
Torpaq satana,
Qeyrəti, namusu
Arı atana.
* * *
Qələmim utanır
Lap siyahıdan,
Gedən bölgələri
Yazmaq nə ağır.
Bütün varlığıma
Sanki qar yağır.
* * *
İndi də Xocalı,
Əsrin qan çalı.
Gecə vahiməli,
Zülmət qaralı.
Şaxtanın, ayazın
Sırsıra üzü,
Qana bulayacaq
Gölləri,düzü
26 fevral ! Tarixin qanla yazılmış səhifələrindən
ən dəhşətlisi . 26 fevral Xocalının talan günü,yanan günü,
nalan günü,gözlərimizin göz dağı.

Göyüm-göynəyən ürəyimin yarası,
Qaysaq tutmaz yaramdan
Yana-yana süzülən-
Damla-damla düzülən,
Gözlərimin qorası-Xocalım!
Xəyanətin qurbanı,varlığımın talanı,
Göylərə səpələnən anaların fəqanı,
Öz içindən od tutub
Atəşlərə yananım-Xocalım!
Qar üstə qar ələndi,
Çöllər qana bələndi.
Göydən odlar ələndi,
O gecə Xocalıda!
Güllələr gülə dəydi,
Güllər başını əydi.
Anam başına döydü,
O gecə Xocalıda !
Dərdddən yer-göy ağladı,
Qara yaylıq bağladı.
Yağı bizi dağladı,
O gecə Xocalıda!
Əllər-əldən üzüldü,
Gözdən qan-yaş süzüldü.
Oöul öldü,qız öldü,
O gecə Xocalıda !
Dağlar daşa dönmüşdü,
Çıraqlar da sönmüşdü.
Allah,üzün dönmüşdü,
O gecə Xocalıda !
Anam,anam,hey anam,
Nalə anam,ney anam.
Xocalı od tutubdu,
Yas tut,qara gey anam!
Gəlin,hənalı gəlin,
Gəlin,həyalı gəlin.
Xonçan qara boyandı,
Başdan ,binəli,gəlin !
Xocalıya yaz gəlməz,
Durna gəlməz,qaz gəlməz.
Yollar gedər- gəlməzdi,
Gedənlər bir də gəlməz!
Xocalı qurban gedib,
Qurduğu ban ev gedib.
Vətən gedib,el gedib,
O gecə Xocalıda!
***
Oğul balam,qız balam,
Öyüdümü unutma.
Sözümü ucuz tutma.
Düşmən qana hərisdi,
Öyrən bu necə dərsdi?!
Tarixini vərəqlə,
Keçmişini soraqla.
Tanı yaxşı,pisini,
Tanı düşmənin kimdir!
Bir bax yanan kəndlərə,
Od tutan səhərlərə.
Sərhədlərdə buz kəsən-
Qardaş,bacı sənindir.
Oğul dağlı,qız dağlı,
Od üstünə asılmış
Yaddaş sacı sənindir.
Nə yazıq unudasan,
Olanları,keçəni.
Unutqanlıq bəlamız,
Unutqanlıq yaramız.
Yaramız göz açıbdı,
Yarana duz səp bala,
Qoy yandırsın,qoy yaxsın,
Yanğı sənin qəlbinə,
Düşmənlik kini taxsın.
Sən də balana öyrət,
De ki,çiçək oğullar,
De ki,göyçək oğullar-
O igidlər,o ərlər
Arzu gülü dərməmiş,
Gül budağı əyməmiş
Düşmən qana buladı,
Ana yurdun üstünə
Bayquşlarmı uladı?!
Oğul balam,qız balam,
Öyüdümü unutma,
Sözümü ucuz tutma!..
Keçilməz yollardan keçirdi zaman,
Dağıldı bir elin yurdu-yuvası.
Göyə bülənd oldu ahlar, nalələr,
Bu ölü canların hanı obası?!
Qəflət yuxusundan oyanmadılar.
Günahsız qanlara bais oldular.
Filin qulağında yatdı nadanlar
Gah duman oldular, gah sis oldular.
Çingiz, Seyidağa tarix çəkirdi,
Bu tarixin gözü qanlı yaş tökür.
Lentin yaddaşında yaşlı, cavanı,
Kəfənə bələyir, kəfənə bükür.
Tökür göz yaşını, hıçqırır Çingiz,
Qucağında körpə, fıdancıq bir qız.
Bu cansız cəsədin nə idi günahı ?!
Di, gəl bu ağrıya sən tabla, sən döz.
O döndü Bakıda dərdin daşıyla,
Çəkdiyi kadra baxdı məmurlar..
Köçdü yaddaşlara 26 fevral...
Hər zaman hər sözü üzə demirlər...
***
Ağdam,Naxçıvanik-
Cəbhə od içində
Alışıb yanır,
Çingiz kameranı
Tuşlayıb önə,
Güllələr yalayır
Sağı, solunu.
Mərmilər, qəlpələr,
Kəsir yolunu.
Budur, ər igidim
Hey irəlləyir,
Lentinə köçürür
Qanlı savaşı.
Qəlbimdə, ikrimdə
Qələbə həvəsi...
***
Deyəsən hədəfə alınıb Çingiz,
Tələyə, halqaya salınıb Çingiz.
Çin olur düşmənin mənfur arzusu,
Susdurur bir qəlpə yurd deyən səsə.
Əlində kamera çəkir bu anı,
Ey zaman, ey tarix Çingizi tanı.
Göylər inildədi, bulud qaraldı, Millətim, unutma, qarı düşməni!
* * *
Zabrat aeroportu batıb matəmə
Bir xəbər sığıyır göydə qapqara.
O çılğın ürəyi susdurub yağı,
Coçqun ömür hara, de ölüm hara?!
Susdu ürəyində neçə arzusu,
Sındı su səhəngi daşlara dəydi.
Bir ev çalxalandı, düşdü min kərpic,
Qardaşlar qəddini qəm daşı əydi.
Naxışı pozuldu Naxış ananın ,
Dəyişdi Günəş də, Ay da yerini.
Özü öyrətmişdi əziz oğluna,
Vətən sevgisini, Vətən mehrini.
Kökünün üstündə bitib bu palıd,
Rişəsi torpaqda, üzü Günəşə.
Hərbiçi atanın oğludur, qan var,
Atdı o özünü oda, atəşə.
***
Bir oğul böyüyür baba adıyla-
Fuaddır, Muraddı, Murazdı adı.
Onun köksündədi şəhid məşəli,
Fuad yandıracaq ocağı, odu.
* **
-Öpüb məzarını baş əyirəm mən,
Mənim şəhid atam, qəhrəman atam!
Bu Vətən unutmur, bu Yurd unutmur,
Elimə şöhrətsən, rahat yat, atam!
Müqəddəs Xiyaban şəhid ordusu,
Basıram bağrıma hər kəsi bir-bir.
Baxışlarda sual, müjdə gözləyir,
Deyəsən zəfərli küləklər əsir.
Mən qürur duyuram ey uca dağım!
Əyilməz vüqarım, inamım, ata!
Qəlbin Azərbaycan, son nidan Vətən,
Dilimdə duamsan, imanım, ata!
***
Oğul,oğul, yurd oğul,
Vətən oğul, yurd oğul.
Oğulla dar günündə
Ayaqdadı , yurd, oğul!
Varis ola bildin Vətənə, Çingiz!
Elinə, obana, atana, Çingiz !.
Dünyaya, cahana, anana, Çingiz!
Varissən əbədi Torpağa, Çingiz!

Fəridə Ləman


QafqazPRESS.az
banner125x125 banner125x125