GƏNC YAZARLARLA GÖRÜŞ
Vəfa Mürsəlqızı və Faiq Hüseynbəyli ilə Qaradağ rayonunun Ələt qəsəbəsindəki 110 saylı orta məktəbdə şagirdlərin görüşü keçirilib.
Məktəb direktoru Şəfayət Orucova görüş iştirakçılarını və qonaqları salamlayıb, belə tədbirləri tez-tez keçirdiklərini, yaradıcı insanlarla şagirdlərin görüşünü mütəmadi təşkil etdiklərini vurğulayıb. Direktor müavini Sərvinaz Hüseynova yazarları məktəblilərə və müəllim kontingentinə təqdim edib: “Bu gün artıq neçə vaxtdan bəri görüşünə səbrsizliklə hazırlaşdığımız, “yerişində yolların gözü olan”, “günahlarının özünə bağışlanmasını istəyən” istedadlı gənc şair Faiq Hüseynbəylnin və “payız sevgisi” ilə yaşayan, “mələk kölgəsi”ndə dincələn Vəfa Mürsəlqızının yaradıcılıq yoluna birgə nəzər salacağıq. Bu gün buraya dəvət etdiyimiz yazarların çağdaş Azərbaycan poeziyasında öz üslubları, öz dəsti-xətləri var”. Sonra qiraətçilərin ifasında yazarların yaradıcılığından ibarət video çarxlar təqdim olunub. Şagirdlərdən Maya Əliyeva, Türkan İsrafilova, Aydan Yunusova, Əsmər Hüsüyeva, Vəfa Bayramzadə, Gözəl Səmədova, Dəstəgül Dəmirova, Qumriyyə Xəlilova, Həmidə Xəlilova, Günel Səmədova, Humay Hüseynzadə və İlahə Poladova müəlliflərin şeirlərindən nümunələr səsləndiriblər. Poetik kompozisiyalar alqışlarla qarşılanıb.
Azərbaycan dili və ədəbiyyat müəlliməsi Ulduz Dəmirova yazar Vəfa Mürsəlqızının hekayələrinə diqqət çəkərək bildirib ki, bu hekayələrin təhkiyyəsi çox gözəldir: “Vəfa xanımın müraciət etdiyi mövzular gündəlik həyat tərzimizdən qaynaqlanır. Bu hekayələrdə qaldırılan məsələlər öz aktuallığı ilə seçilir”. Müəllimə Solmaz Mahmudova da yazarlarla məktəblilərin görüşünü yüksək dəyərləndirib. Özünün isə belə görüşlərdən mənəvi qida aldığını deyib. Müəllimə Ayşən Məmmədrzayeva poeziya vurğunu olduğunu bildirib və yazdığı şeirlərdən birini söyləyib.
Gənc yazarlar Faiq Hüseynbəyli və Vəfa Mürsəlqızı yeni şeirlərini oxuyublar, çağdaş poeziyaya diqqət çəkdikləri üçün məktəb rəhbərliyinə təşəkkürlərini bildiriblər. Sonda onlar müəllimlərin və şagirdlərin suallarına cavab veriblər. Gənc şairlər tədbirin yüksək səviyyədə təşkilindən razı qaldıqlarını bildiriblər.
Sonda müəlliflər fərqlənən şagirdlərə avtoqraflı kitablarını hədiyyə ediblər və birlikdə xatirə şəkli çəkdiriblər.
QafqazPress
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR