» » Autizm xəstəliyi, səbəbləri, əlamətləri və müalicəsi

Autizm xəstəliyi, səbəbləri, əlamətləri və müalicəsi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 aprel 2014
//
Bölmə: Gündəm
Autizm xəstəliyi, səbəbləri, əlamətləri və müalicəsi



2008-ci ildə Birləşmiş Millətlər tərəfindən 2 aprel bütün dünyada "Dünya Autizm Məlumatlandırılması günü " olaraq qəbul edilmişdir. Bununla autizmlə bağlı məlumatlılıq səviyyəsinin artırılması, erkən diaqnoz və müalicənin yayılması nəzərdə tutulmuşdur.
Autizmin əsas əlamətləri nələrdir?
Erkən yaş dövrü neyro-psixiatrik pozğunluğun əmələ gəldiyi dövrlərdən biridir, əlamətləri ilk 3 ildə özünü biruzə verir. İlkin əlamətləri sosial münasibətlər və ünsiyyət sferasında pozğunluqların olması ilə meydana gələn neyro-psixiatrik pozğunluqdur. Sosial-emosional inkişafda gecikmə və azmalar, danışığın gecikməsi və ya olmaması və təkrarlayıcı davranışlardır.
Bu vəziyyətin əsas klinik xüsusiyyətləri 3 qrupda sıralana bilər:
1) Sosial inkişafda axsama:
Bu uşaqlar öz yaşıdlarında müşahidə edilən ictimai bacarıqları yerinə yetirə bilmir. Məsələn, ilk bir ildə gözlənilən bacarıqlarında göz təması qurma, gülümsəməyə cavab, adını çağırdıqda dönüb baxmama və sadə təqlidə əsaslanan bacarıqları inkişaf etmir. İki yaşlı bir uşaq sadə qaydaları olan oyunlar oynayır və yaşıdlarına maraq göstərir. Üç yaşlı bir uşaq yaşıdı ilə evcik-evcik kimi ssenarisi olan oyunlar oynayır, lakin autizmli uşaqlar bu kimi bacarıqların əsas hissəsindən məhrumdurlar. Tez-tez xarici aləmə əhəmiyyət vermirlər və tək qaldıqda daha rahat olurlar. Yetkinlərin marağını cəlb etməkdə istəksizdirlər. Ən əsas problemləri isə qarşı tərəfin hisslərini anlamaqda çətinlik çəkmələridir.
2) Dil İnkişafındakı problem:
Bu uşaqların böyük hissəsi başdan mənalı bir söz və cümlə qura bilmir, az qismində başdan sözlər və məhdud cümlə olsa da 1 -2 yaş arasında o qabiliyyətlərini itirirlər. Bu uşaqların böyük qismi normal uşağın bir yaşında işlətdiyi mənalı söz və iki yaşında qurduğu ən az iki kəlmədən ibarət cümlə qura bilmir. Bu uşaqların yarısından çoxunda danışıq qabiliyyəti heç vaxt inkişaf etmir, yarısına yaxın bir qrup gec də olsa ünsiyyət qabiliyyəti qazanır, ancaq bu qabiliyyətləri digər uşaqlarınkından fərqlidir. Məsələn, özlərindən bəhs etdikdə "mən" demək əvəzinə "o" deyirlər. Deyilən sözləri və bəzi cümlələri tez-tez təkrarlayırlar. İzah etmə qabiliyyətləri zəifdir, daha çox maraq göstərdikləri mövzularda, mexaniki səslə ünsiyyət qururlar.
3) Təkrarlanan Davranışlar:
Bunlar iki qrupa ayrılır, bədən hərəkətləri, məsələn, barmaq ucunda gəzmək, əl çırpmaq, qol çırpmaq, sallanmaq, fırlanmaq. İkinci qrupa təkrar maraqlar aiddir, məsələn, davamlı olaraq eyni oyunları oynaması, bəzi predmetlərə mənasız bağlılıq.
Autizmin əlamətləri uşaqdan-uşağa şiddət və həyata təsir baxımından fərqlənir.
İlk əlamətləri nələrdir?
1 yaşdan əvvəl: Göz kontaktının olmaması, gülümsəməyə zəif cavab, təkliyə meylli olmaq, yad qayğısının yoxluğu, adı çağırıldıqda baxmama (8-10 ay), hecaların olmaması (dada, mama) 1-3 yaş arası: 1 yaşdan əvvəlki əlamətlərə əlavə olaraq, ortaq diqqətin inkişaf etməməsi; sadə təqlid bacarıqlarının (bay-bay, öpücük göndərmə) olmaması, yaşıdına maraq göstərməməsi, yaşıdları ilə oynamaması, oyunlara qarşı marağın olmaması, yaşa uyğun oyuncaqlardan daha çox yaşa uyğun olmayan əşyalarla (elektron, kredit kartı, qəzet, jurnal, yuyucu tozunun qutusu və s.) oynaması və onlara həddən artıq bağlı olması, təkrarlanan hərəkətlər (barmaq ucunda gəzmək, sallanmaq, fırlanmaq, tullanmaq, qəribə əl hərəkətləri), və yaşa uyğun danışıq qabiliyyətinin olmaması (1 yaşda mənalı söz olmaması, 2 yaşda cümlə qurması) əsas əlamətləridir.

Autizm diaqnozu hansı yaşda qoyula bilər?
Uşaqda hansı yaşda sosial-kommunikativ çatışmazlığa rast gəlinərsə, o yaş da autizm diaqnozu baxımından qiymətləndirilib, diaqnoz alıb-almadığına baxmaq lazımdır. 1-2 yaş arasındakı uşaqlarda autizm digər inkişaf gerilikləri ilə daha tez qarışır, ancaq 1.5-2 yaşdan sonra cədvəl daha dəqiq ayırd edilən hala gəlir. Riskli hər hadisədə ən erkən yaşdan etibarən müdaxilə etmək lazımdır. Müəyyən yaşa qədər gözləyib diaqnoz qoymaq yanlışdır, hansı yaşda uşaq yaşıdlarından geridirsə, o yaşda müdaxilə etmək lazımdır, müdaxilə etmək üçün əlamətlərin daha ağır və ya gözəçarpan hala gəlməsi lazım deyil. Yaş keçdikcə fəsadları daha çox hiss edildiyindən bəzi ekspertlər 3 yaşdan sonra diqnoz qoymağa üstünlük verirlər, bu doğru deyil və xəstənin zaman itirməsinə səbəb olur.
Autizm hansı əlamətlərlə qarışa bilər?
Əsasən uşaqlıq çağında sosial-kommunikativ sahədə gecikmə ilə seyr edilən bir çox hallarda qarışa bilər, bunlar arasında zəka geriliyi, nitqin gecikməsi, bağlılıq pozğunluğu, eşitmə əngəlliyi ilə bağlı kommunikativ axsama kimi əlamətlər.
Hansı səbəbdən həkimə ilk müraciət olunur?
Bu uşaqların valideynləri uşaqlarının danışıqlarında tez-tez gecikmə baş verməsi səbəbi ilə həkimə müraciət edirlər, yəni ailənin diqqətini ilk çəkən əlamət nitqin gecikməsidir.
Əlamətləri nə vaxtdan üzə çıxar?
Uşaqların çoxunda həyatın ilk illərində əlamətlər mövcud olur, az sayıda uşaqlarda ilk bir-iki il normal inkişaf gedir və daha sonra geriləmə başlayır.
Autizm nə dərəcədə yayılıb?
Amerikada aparılan təcrübələr göstərir ki, hər 166 uşaqdan biri auitizmə meyillidir, ən son nəticə isə Cənubi Koreyada 2 % təşkil edir.
Autizmin səbəbləri nədir?
Ümumiyyətlə, əsas səbəbin genetik faktorlar olduğu düşünülür. Ancaq bu sahədə araşdırmalar hələ də davam edir. Beyin quruluşu və funksiyalarını tədqiq edən təcrübələrdə beynin müəyyən hissələrindəki funksiya fərqliliyi olması qeyd edilir.
Autizm ailənin uşağa yaxşı baxmamağından ola bilərmi?
Autizm təkcə yaxşı baxıb-baxmamaqdan asılı deyil, uşaq bu barədə ağır hallara məruz qalanda autizmə bənzər hallar ola bilər, bəzən uşaqda özünə qapanma və gec danışma halı olur və ailə də diqqət etmir, bu vəziyyətdə nitq gecikməsi yaşana bilər.
Uşaqkən autizm diaqnozu qoyulmuş yetişkinlər həyatlarını necə yaşayırlar?
Son illərdə autizm diaqnozlu uşaqların bir qisminin uyğun təlim proqramları ilə tam düzəldiyini və autizmin xüsusiyyətlərininin yox olduğunu görürük. Düzəlməyənlərin isə nitq inkişafı yaxşıdırsa, zəkaları normaldırsa müstəqil-yarı müstəqil həyat yaşayırlar, ancaq nitq inkişafı olmayan, zəka qüsurlu uşaqlar isə , təəssüf ki, böyüklərdən asılı həyatlarını davam edirlər.
Müalicəsi necədir?
Hal-hazırda müalicəsi əsasən erkən başlanmış təlim-tərbiyə proqramlarıdır. Bu proqramlar intensiv olmalı, evdə ailələr də tətbiq etməlidirlər. Həftədə 20-40 saatlıq sosial bacarıqları dəstəkləyən proqramlar daha təsirlidir. İndi mərkəzlərdə bir çox uşaqlar üçün həftədə bir-iki saatlıq programla kifayətlənirlər, bu qeyri-kafidir. Bu halda intensiv təlim-tərbiyə proqramları ilə evdə ailə tərəfindən də dəstək olunmalıdır.
Aytəkin Hüseynzadə



Əfsanə Mehtizadə



QafqazPRESS.az
banner125x125 banner125x125