» » ÜRƏKLƏRDƏ YAŞAYAN GÜLTƏKİN!

ÜRƏKLƏRDƏ YAŞAYAN GÜLTƏKİN!

Müəllif: Sevinc Novruzova
//
Tarix: 20 oktyabr 2015
//
Bölmə: Gündəm
ÜRƏKLƏRDƏ YAŞAYAN GÜLTƏKİN!





ŞƏHİDLƏRİN RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!
Çox düzgün fikirdi ki, hər bir unsanın öz taleyi, öz qisməti var. Allahın yazdığı taleyi, qisməti isə heç kim dəyişə bilməz... Ana Vətənimiz Azərbaycanın
qəhrəman qızı Gültəkin Əsgərovanın da taleyini Böyük Allahımız belə yazdı...
Odlar yurdu Azərbaycanımızın hünərli, cəsarətli, mərd ürəkli qəhrəman qızı Gültəkin Əsgərovanın keçdiyi ömür yolu hər bir kəsə ən gözəl nümunədir. Çox qısa, lakin mənalı və şərəfli ömür yaşadı Vətənin igid qızı Gültəkin! O, Ana Vətəninə olan sevgisi ilə şəhidlik zirvəsinə ucalaraq adını tarixin qızıl səhifəsinə yazdı...
Vətənin məğrur, dəyanətli və vüqarlı qızı Gültəkin Əsgərovanın yaşadığı 32 illik ömrü hər birimizə böyük örnək oldu.O, bu qısa ömrünü çox ləyaqətlə yaşadı. Çox sevdiyi Ana Vətəni uğrunda canını qurban verərək şəhid oldu.
Azərbaycanın Milli Qəhrəmanı Əsgərova Gültəkin Məlik qızı 1960-cı il noyabrın 20-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1968-ci ildə Bakı şəhərindəki Nərimanov rayon 200 №li orta məktəbin birinci sinfinə daxil olub. 1978-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vuraraq N.Nərimanaov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Ali məktəbi bitirdikdən sonra o, 8 №li Təcili Tibbi Yardım məntəqəsində həkim kimi fəaliyyətə başlayıb.
Gültəkin Əsgərova Bakı şəhərində bir müddət çox sevdiyi həkim fəaliyyətini davam etdirib. Məlum Qarabağ hadisələri başlayanda isə Gültəkin həkimlik fəaliyyətini cəbhə bölgəsində davam etdirmək məqsədi ilə cəbhəyə yollanıb. Elə bu istəklə də Gültəkin Əsgərova 1992-ci il aprelin 3-də Şuşaya-cəbhəyə döyüşçü oğullarımızın köməyinə yollanır.
Ana Vətənin bu igid qızı dəfələrlə cəbhədə ağır yaralanan döyüşçülərimizin başı üzərində dayanaraq, onlara lazımi yardım göstərərək və onları müşayiət edərək Bakıya gətirilməsində iştirak edib. Eləcə də o, düşmənlə ağır döyüşlərdə yaralanan Vətənimizin neçə-neçə igid döyüşçüsünə ilk tibbi yardım göstərərək, onları ölümün pəncəsindən xilas edərək yenidən həyata qaytarıb.
Alınmaz qala olan Şuşa şəhəri düşmən tərəfindən işğal olunduqdan sonra 1992-ci il mayın 15-dən tibb xidmət leytenantı, Vətənin cəsarətli və mərd ürəkli qızı Gültəkin Əsgərova Ağdamda yerləşən birinci Hərbi Səhra Səhiyyə Hospitalının anesteziologiya və intensiv müalicə şöbəsində bacarıqlı həkim kimi fəaliyyətini davam etdirib. Gültəkin Əsgərova hətta, düşmənlə döyüşlərdə çox qan itirən döyüşçülərə dəfələrlə öz qanını verib. O, cəbhədə-Hospitalda işlədiyi müddət ərzində həkim kimi öz səy və bacarığını heç bir yaralıdan və heç bir xəstədən əsirgəməyib. Vətənimizin mərd qızı Gültəkin Əsgərova Hospitalda həkim kimi fəaliyyət göstərərkən bütün var qüvvəsi ilə çalışıb.
Ana Vətənin bu vüqarlı, dəyanətli və qorxmaz qızı Aranzəmin, Naxçıvanik və Pircamal uğrunda gedən qızmar döyüşlərdə yaralanan yüzlərlə döyüşçülərimizi döyüş nöqtəsindən çıxararaq onlrara tibbi yardım göstərib və onları ölümün əlindən alıb.
Qorxu bilməz döyüşçü-həkim Gültəkin Əsgərova 1992-ci il iyunun 18-də Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərin birində xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır. Gültəkin Əsgərova Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Gültəkinin həlak olduğu o uca yüksəklik döyüş dostlarının təklifi ilə "Gültəkin qayası" adlandırılıb.
Mərd və hünərli Gültəkin Əsgərova ölümündən sonra Dövlətimiz tərəfindən Milli Qəhrəman kimi şərəfli bir ada layiq görülmüşdür! Rahat yat, rahat uyu, Gültəkin! Sən hər zaman yaşayacaqsan. Çünki sənin adın Azərbaycan vətəndaşlarının ürəyində yaşayır. Səni heç vaxt, heç zaman unutmayacağıq, VƏTƏNin igid və qəhrəman qızı! Ruhun şad, məkanın cənnət olsun Gültəkin! Şəhidlər heç zaman ölmürlər! Vətən uğrunda həyatını qurban edərək şəhidlik adını qazananlar hər zaman yaşayırlar!
Şəhidlər ürəklərdə, könüllərdə yaşayır! Məzarın nurla dolsun, nur içində yat, igid və qorxmaz Gültəkinimiz! Vətənin mərd ürəkli qızı Gültəkin! Şəhidliyin bir daha MÜBARƏK olsun deyirəm!
Düşmən caynağında bağrı qana dönən torpaqlarımız, el-obalarımız və yurd - yuvalarımız əsarətdən tezliklə azad olunacaq! Bunu əminliklə deyirəm.
Çünki odlar yurdumuz anamız Azərbaycanın güclü və qüdrətli Milli Ordusu var.
Azərbaycanın yenilməz Milli Ordusu düşmən üzərində bu möhtəşəm qələbəni
qazanacaq! Milli Ordumuzun düşmən üzərində qazanacağı QƏLƏBƏ gününə lap az qalıb!
Bayraqları bayraq edən üstündəki qandı,
Torpaq, uğrunda ölən varsa, VƏTƏNdi!
YAŞASIN ANA VƏTƏNİMİZ AZƏRBAYCAN!
Xatirə ƏZİZ (Rəhimli)
Şair-jurnalist
banner125x125 banner125x125