» » ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! ÜRƏKLƏRDƏ YAŞAYAN QƏHRƏMAN!

ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! ÜRƏKLƏRDƏ YAŞAYAN QƏHRƏMAN!

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 yanvar 2015
//
Bölmə: Siyasət
ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! ÜRƏKLƏRDƏ YAŞAYAN QƏHRƏMAN!





Bu yazımı dəyərli bir deyimlə başlamaq istəyirəm. Torpaq, uğrunda ölən varsa, VƏTƏNdir! Bəli, həqiqətən çox gözəl sözlərdi. Çünki VƏTƏN və torpaq o zaman yaşayır ki, onun igid qəhrəman oğulları olur.
Haqqında söz açdığım bu igid oğul da ANA vətənin qəhrəman övladlarından biridir. Ömür yolundan söz açdığımız bu igid VƏTƏN uğrunda öz canını fəda edərək, böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidlər ölməz, unudulmaz! Bu, doğrudan da belədir. Torpaqlarımız uğrunda canını qurban vermiş vətənin igid və qəhrəman oğullarınin adı hər zaman ürəklərdə yaşayacaq! Ona görə ki, şəhidlik ən uca zirvədir!
2015-ci il, yanvarın 15-də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədri, "Məhsəti" Şairlər Məclisinin sədri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Fəridə Ləman, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Bura Vətəndir!" Məclisinin sədri, Gənc Tamaşaçılar Teatrının redaktoru, Əməkdar Mədəniyyət işçisi Səriyyə İsmayılova, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Xədicə Murad, Hacıxanım Tahirə Şərafətdinqızı və mən - Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini, QafqazPRESS.az İnformasiya Agentliyinin rəhbəri, Qafqaztv.az Xəbər Saytının rəhbəri, "Azərbaycan uğrunda" qəzetinin baş redaktoru, şair-publisist Xatirə Əziz (Rəhimli) Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Biləsuvarın Əliabad kəndindəki ata yurduna ziyarətə getdik.
Yanvarın 15-də səhər saat 10-da vətənin qəhrəman oğlu Mübariz İbrahimovun böyüyüb boya-başa çatdığı Biləsuvara yollandıq. Bu, şəhidlik zirvəsinə ucalmış Mübariz İbrahimovun ata ocağına ikinci səfərimiz idi. Budəfəki səfərimiz Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Bura Vətəndir" Məclisinin "Şəhidlər ölməz, Vətən bölünməz" çərçivəsində həyata keçirilirdi.
Yol boyu bir çox sahələrlə bağlı yaranmış problemlərdən danışdıq və hər birimiz bu məsələlərə öz fikirlərimizi söylədik. Söhbətimiz sona yetdikdən sonra, Səriyyə İsmayılova Fəridə Ləmandan vətənpərvərlik mövzusunda bir şeir söyləməsini rica etdi. Fəridə Ləman da böyük razılıq hissilə Azərbaycana həsr etdiyi gözəl bir şeirini dilə gətirdi. Daha sonra şair xanımların hər biri bir neçə şeir söylədi. Xədicə Murad isə vətənlə bağlı bir neçə bayatı söyləyərək hamımızı yamanca kövrəltdi. Sürücü Məzahir Balayev şeirlərə görə, hər birimizə təşəkkürünü bildirdi.
Səriyyə xanım yol boyu bundan sonra görüləcək işlərdən, layihələrdən söz açdı və bəzi təkliflər də səsləndirdi. Sözsüz ki, yol boyunca söhbətimizin əsas qayəsini Azərbaycanın qorxmaz, mətin, igid oğlu Mübariz İbrahimovun göstərdiyi böyük şücaəti və qəhrəmanlığı təşkil edirdi.
Nəhayət, günorta saat 1-də Azərbaycanın qəhrəman oğlu Mübariz ibrahimovun böyüyüb boya-başa çatdığı Əliabad kəndinə çatdıq. Əyləşdiyimiz maşın qəhrəman Mübarizin ata evinin qarşısında dayandı. Həyət qapısından içəri keçdik, bizi Ağakərim İbrahimovun ortancıl oğlu Rəşad qarşıladı. Az keçmədi ki, ailə başçısı Ağakərim İbrahimov da gəldi, hər birimizlə salamlaşdıqdan sonra, şəhidlik zirvəsinə ucalmış sonbeşik oğlu Mübarizlə bağlı kövrələrək danışmağa başladı. O, bir ata kimi oğlu Mübarizlə fəxr etdiyini söylədi və dedi ki, Mübariz İbrahimov təkcə mənim oğlum deyil, həm də, Azərbaycan xalqının oğludu. Həmçinin onu da söylədi ki, bu gün də oğlunun qəhrəmanlığı ilə böyük qürur duyur.
Beləliklə, bir qədər söhbətdən sonra Milli Qəhrəman şəhid Mübariz İbrahimovu xatırladan otağa keçdik. Fəridə Ləman bu igid vətən oğluna həsr etdiyi "Mübarizli vətən" adlı kitabı şəhidin atasına təqdim etdi. Eləcə də Rəfiqə Əsgərova Milli Qəhrəmanlarla bağlı qələmə aldığı kitabı Ağakərim İbrahimova bağışladı. Söhbətimizi yekunlaşdıraraq, şəhid Mübariz İbrahimovun ailə üzvləri ilə xatirə şəkilləri çəkdirdikdən sonra, onlarla sağollaşıb Biləsuvar rayon İcra Hakimiyyətinə yollandıq. Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Xanlar Məmmədovla görüşdük. Xanlar müəllim bizi çox mehribanlıqla qarşıladı. Səriyyə İsmayılova Xanlar müəıllimlə söhbətində Biləsuvara gəlişimizin məqsədini açıqladı, eləcə də hər birimiz öz fikirlərimizi də bildirdik.
Fəridə Ləman çıxışında qeyd etdi ki, qələmə aldığı "Mübarizli vətən" poeması Biləsuvarda, Mübarizin dünyaya göz açdığı elində - obasında səhnəyə qoyulsun. Hörmətli Xanlar müəllim bu təklifi çox böyük məmnuniyyətlə qarşıladı və öz fikirlərin də bildirdi, görüşün sonunda xanımlara təşəkkür də etdi. Fəridə xanım Xanlar müəllimin nəzərinə onu da çatdırdı ki,"Mübarizli vətən" əsəri bir neçə rayonda və Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub, alqışlarla qarşılanıb. Xanlar Məmmədov bu dəyərli əsərin Biləsuvarda səhnəyə qoyulmasını çox gözəl qarşıladı və bunun tezliklə həyata keçəcəyini də vurğuladı. O, "Mübarizli vətən" əsərinin Mübariz İbrahimovun doğum günündə səhnəyə qoyulması fikrini də çox yaxşı qarşıladı. Görüşdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının ictimai və humanitar məsələlər üzrə müavini Xəyalə Qəmbərova da iştirak edirdi.
Xanlar müəllimlə söhbətimiz xoş ovqatla sona yetdiikdən sonra xatirə şəkilləri çəkdirərək, Xanlar müəllimlə və Xəyalə xanımla sağollaşıb, saat 5-in yarısında Bakıya yola düşdük. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının "Şəhidlər ölməz, Vətən bölünməz" layihəsi əsasında təşkil olunmuş ilk səfərimiz beləcə başa çatdı.
Azərbaycan Milli Ordusunun giziri İbrahimov Mübariz Ağakərim oğlu 2010-cu il iyunun 18-dən 19-na keçən gecə düşmənə qarşı böyük şücaət göstərərək qəhrəmanlıqla şəhid olmuşdur. Ölümündən sonra Mübariz İbrahimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Mübariz İbrahimovun adı Biləsuvarda orta məktəblərdən birinə verilib, böyüyüb boya-başa çatdığı Əliabad kəndində isə küçələrdən biri onun adını daşıyır. Mübariz çox qısa ömür yaşadı, amma yaşadığı 22 illik bu ömrü çox şərəflə yaşadı. O, Vətən qarşısında göstərdiyi qəhrəmanlğı ilə adını əbədi olaraq tarixin qızıl səhifələrinə yazdı.
P.S
Ömür kitabının səhifələrini varaqladığımız şəhid Mübariz ibrahimovun çox qısa olan bu həyatı, bu şərəfli ömür yolu hər bir kəsə əsl nümunədir. Əlbəttə, gənclərimizin ürəyində ana vətənimizə sevgi olmalıdı. Gənclər hər zaman vətən sevgisi ilə yaşamalıdılar. Mübariz İbrahimovun vətəninə olan böyük sevgisi onu ən uca zirvəyə-şəhidlik zirvəsinə ucaltdı. Səmavi kitabda belə bir kəlam var.Vətəni sevmək imandandı! Elə bu baxımdan da, Vətənin hər bir övladı VƏTƏN sevgisi ilə böyüməlidi. Ona görə ki, Vətən igid oğullara güvənir!
Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz ibrahimovun igidliyi hər zaman yaddaşlarda qalacaq, adı həmişə böyük ehtiramla çəkiləcək! Vətənin igid oğlu Mabariz öz qəhrəmanlığı ilə hər bir kəsin ürəyində isti yuva qurdu. Mübariz ən uca zirvəyə-şəhidlik zirvəsinə yüksəldi. Mübarizin məzarı müqəddəs ziyarətgaha çevrildi. O, öz şərəfli ölümü ilə ölümsüzlük qazandı. İgid Mübarizin ana vətəninə olan sevgisi hər zaman əbədi işıq və nur saçacaq! Şəhidliyin bir daha mübarək olsun deyirəm, vətənin qəhrəman oğlu! Təki VƏTƏN yaşasın!
Şəhidlər heç zaman ölmür, şəhidlər əbədi olaraq ürəklərdə yaşayır! Məkanın cənnət. ruhun şad olsun Mübariz!
Vətənimizin işğaldakı torpaqları düşmən tapdağından tezliklə azad edilər, o zaman şəhidlərimizin narahat ruhu da rahatlıq tapar!
Bəli, o möhtəşəm QƏLƏBƏ GÜNü olacaq! Böyük Yaradan o gözəl günü Azərbaycan xalqına nəsib etsin!
Xatirə RƏHİMLİ,
şair-publisist
banner125x125 banner125x125