» » Bıçaqlanan yol polisinin ölüm xəbəri yayıldı

Bıçaqlanan yol polisinin ölüm xəbəri yayıldı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 15 may 2014
//
Bölmə: Hadisə / Kriminal
Bıçaqlanan yol polisinin ölüm xəbəri yayıldı


Prokurorluq isə yaralının xəstəxanada olduğunu deyir



Xəbər verdiyimiz kimi, mayın 12-də saat 12 radələrində Masallı şəhəri Füzuli küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Muxtarov xidmətdə olan Masallı RPŞ Dövlət Yol Polisi Bölməsinin YPX inspektoru, polis serjantı Ariz İsmayılovun döş nahiyəsinə bıçaqla iki dəfə xəsarət yetirib və hadisə yerindən qaçıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, A.İsmayılov xəstəxanaya yerləşdirilib. Nazirliyin məlumatında o da bildirilir ki, Ruslan Muxtarov yol polisi əməkdaşını heç bir səbəb olmadan vurub. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb. Masallı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

“AzerFax” xəbər verir ki, Avtosfer.az saytının Masallıdakı mənbələrdən əldə etdiyi məlumata görə, hadisədən bir neçə saat sonra polisi bıçaqlayan Ruslan Muxtarov saxlanılsa da, ondan ifadə alındıqdan sonra sərbəst buraxılıb. Ruslanın Masallı rayon İcra Hakimiyyəti başçısının müavini və Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nuriyevin yaxın qohumu olduğu bildirilir. Elə məhz qohumuna güvənən Ruslan uzun müddətdir ki, Masallıda qoçuluq edir. Əldə etdiyimiz başqa bir məlumata görə isə hadisə namus üstündə baş verib. Ruslan adlı şəxsin DYP əməkdaşını məhz bu səbəbdən bıçaqladığı bildirilir. Zərərçəkənin atası Rahət İsmayılov isə biildirib ki, oğlu 10 ildir polis işləyir və heç kimlə şəxsi-qərəzi olmayıb. Məlumata görə, Ruslan Muxtarov 5-6 il bundan əvvəl Masallının Qızlavar kəndi ərazisində Xəqani adlı yol polisi əməkdaşını da vurub.

Bu gün əldə etdiyimiz daha bir məlumatda isə ağır yaralanan yol polisi əməkdaşı Ariz İsmayılovun xəstəxanada öldüyü bildirilir. O, hadisədən bir gün sonra ağır vəziyyətdə Bakıya gətirilibmiş. Mənbə bildirir ki, namus məsələsinin ortaya atılmasında başqa məqsədlər var: «Hazırda polisin yaxınları ilə danışıqlar aparıb onları Ruslanla barışığa məcbur edirlər».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Avtosfer.az saytına yol polisi əməkdaşının ölməsi və onu vuran şəxsin həbs olunub-olunmaması barədə məlumatsız olduğunu bildirib. Masallı rayon prokurorunun müavini Rəzzaq Gözəlov isə bildirib ki, yaralı polisin ölməsi barədə məlumatı yoxdur. «Məndə olan məlumata görə, həmin polis əməkdaşı hazırda xəstəxanada müalicə olunur».


QafqazPRESS.az
banner125x125 banner125x125