Sözə ehtiram Tanrıya itaətdir
Ağrı-acıdan mübarizliyə cığır açmaq Xatirə Əzizin yaradıcılıq meylləridir
Ədəbi fikrin bədii çəkisini məzmun, məna, poetik çalar, dolu - yığcam deyim və bir az da eyham müəyyən edirsə, ictimai çəkisini fəlsəfi-publisistik və subyektiv meyllər təyin edir (demək, ədəbi fikir bədii-ictimai məğzlərlə xarakterizə olunur). Və bu subyektdə öz yerini görməyi bacaran söz adamının zahiri qatında hər iki istiqamətin proyeksiyasını görmək mümkündür. Əminik ki, yaradıcılıq nümunələrində həyat, tale, bəxt və ən əsası da eşq prosedurlarına sistemli yanaşan istedadlı şair Xatirə Əziz də sözə varid olmaq şansını əldən verməyənlərdəndir. Buna da şübhəsiz, illərin zəhməti zəmin yaradıb. Səmimi deyək ki, onun şeiriyyətinin və publisistikasının ədəbi məğzində də bu proses özünü qabarıq göstərir. Və əbəs yerə deyil ki, onun böyük şövqlə qələmə aldığı təzətər şeirlərin mahiyyət qatında bu təsiretmənin göstəricilərini görürük.
Xatirə Əziz xoşbəxt söz yiyələrindəndir ki, onun əksər şeirlərində vətəndaş-cəmiyyət münasibətləri başadüşülən və anlaşılandır. O, bu aspektdə şübhəsiz, zamanın təsir gücü ilə dəyişən meylləri ictimai nüanslar vasitəsilə əhatəyə salır, mahiyyətini açmaq istədiyi mövzunun ictimai-bədii siqlətini müzakirəyə cəlb edir, oxucusunu ailə-məişət, həyat-tale və nəhayətdə insan hüquqları prosedurlarına kökləyir, bu problemlərin fonunda bir rahatlıq axtarır.
Hələ uzun illər əvvəl ilk qələm nümunələri ilə tanış olduğumuz vaxtlarda biz Xatirə xanımın yaradıcılığının poetik yön və istiqamətini müəyyən etmişik. Bu, o vaxtlardır ki, onun bir-birindən kövrək şeirləri geniş oxucu kütləsinin ixtiyarındaydı. O vaxtlar ki, Xatirə xanım «Alıb əlimə başımı, Gedirəm...» deyirdi. O vaxtlar həyat israrında dürüstlüyü ilə diqqət çəkən, yaşam əhatəsində naşı olmayan şair ovqata bükülməyin sirrini dərk etməklə, bu prosesin ictimai səmtini də tapmağa müvəffəq olmuşdu; həm də onun poetik fikir çaları məhz bu dərketmədən sıçrayırdı. Xoşbəxtdir ki, bu gün də Xatirə Əziz yaradıcılığının ana xəttini qadın-şair sığalı ilə arxivə ötürdüyü o mənalı illərin poetik ovqatı təşkil edir.
Düz yolla gedirəm, yolum daş olur,
Hara əl uzatsam əlim boş olur,
Hər gün ağlamaqdan gözüm yaş olur,
Yoxdur bir ağlayan günümə mənim.
Oxucu diqqətini ilk baxışdan gileyə tuş etmək maraq əhatəmizdən kənardır. Lakin sosial yaşayışımız, həyat-tale münasibətlərimiz yad müxtəlifliyə səmtlənmədə israrlıdır deyə, bu nöqteyi-nəzərə üz tutmamaq qeyri-mümkünsüzdür. Bu mənada, Xatirə xanım da onu narahat edən ictimai meyllənmədə bir dürüstlük axtarır.
Sözsüz ki, bu tərzdə misraların cəm olduğu şeirlərin ictimai təsiri miqyasca böyüyəndir. Yəni buradakı fikirlərin əksərində cəmiyyət-vətəndaş münasibətləri aydın dillə ifadə edilir, ictimai yanaşmalar dövrə uyğun təfsirə uğrayır, həmçinin sosial qayə, ictimai həssaslıq və bu zəmində ehtiva edən həyati reallıq uyğun müzakirə obyekti kimi diqqət çəkir. Müəllif bu prosesdə fəal tərəf olaraq zamana mütabiq gerçəklər əxz edir, etinasızlıq və diqqətsizlik hallarını xeyirxahlıqla tənqid edir.
...Eşq deyilən sirr gününü,
Yelə verib gör, gününü.
Min bilərdin hər gününü,
Bilərdin ki, sevgi nədir.
Yadına salsaydın bir yol,
Qonağım olsaydın bir yol.
Qəlbimi alsaydın bir yol,
Bilərdin ki, sevgi nədir...
Xatirə Əziz şeirlərinin əsas ədəbi-ictimai xarakterlərindən biri faktlara istinad etməsidir. Bu prosesin həyat materialları əsasında səciyyələnməsi real zəminlər yaradır və buradakı fikirlərin ədəbi qayəsi öz poetik normasına qalxa bilir. Bu yüksəlmədə təkcə müəllif ictimai dərketməsi alqışlanmır, həm də oxucu yanaşması qaneedici faktor kimi öz miqyasını böyüdür. Nəticədə müəllif-oxucu münasibətləri tənzimlənir və şeirlərin ictimai çəkisi artır. Bizim Xatirə Əzizdən gözlədiyimiz də məhz budur. Elə yuxarıda fakt kimi göstərdiyimiz şeir parçalarında da həyat-eşq fonunda sevgi adda duyğusal bir şeyin əslində olmadığı ehtimal xarakteri daşıyır. Müəllif bu hissi sadəcə, bir qədər yumşaq şəkildə əxz edib.
Hər şeir təbii ki, özündə bir neçə səbəb birləşdirir. Bu mənada, insan düşüncəsinin yürütdüyü məsələlər həyat prosesləri kimi diqqət çəkir. Heç şübhəsiz, Xatirə Əziz yaradıcılığının ictimai-ədəbi məğzi də bu məqsədin bir istiqamətidir. Xatırladaq ki, zamana fəlsəfi baxışlar sıçradan bu xanım-şairin ara-sıra ədəbi ictimaiyyətlə görüşündə də həyat prosesləri vacib fakt kimi diqqət çəkir.
Ay adam, nə belə yığhayığdasan?
Yığanın nə varı, nə özü qalmır.
Bir yol var sonacan - insanlıq yolu,
Ordan hər keçənin bil, izi qalmır...
Qoşul yaxşılara, neçə kəs qalır,
Adları bir səsdi, həmin səs qalır.
Qalırsa ad qalır, yaxşı-pis, qalır,
Nə biri, nə onu, nə yüzü qalmır...
Bu kimi misraların cəm olduğu şeirlərin fəlsəfi-ictimai ovqatı, cəmiyyətə yanaşma tərzi və oxucuya təsiretmə məğzləri fərqlidir. Burada həm də bir nəsihətvermə faktı özünü qabardır. Əslində, Xatirə xanım özünün ictimai-fəlsəfi və ədəbi düşüncələrində zamana uyğun hisslər cəm edib, lakin miqyaslar müxtəlif olduğu üçün istiqamətlər də təbii ki, fərqlidir və bu üzdən müəllif fikri oxucu yaddaşına bir neçə səmtdən ötürülür.
Xatirə Əzizin bir neçə şeirində əsas etibarilə fəlsəfi etüd xarakterli fikir yükü, ictimai mənası olan mövzular yer alır və bu mövzuların işlənmə taktikası məhz fəlsəfəyə sirayət edir. Bir növ, müəllif insan dərkini fəlsəfi ovqatlara yönəldir, onları həyat məsələləri ilə üz-üzə qoyur. Bu tərz şeirlərdə yaddaşımızdakı vacib oyanışların real-gerçək nöqtələrə işıq sıçratması da diqqət çəkən əsas məqamlardandır. Həmçinin yuxarıdakı bəndlərdə insanın sonuncda bir heç olduğu anlaşılır; ağıllı insanın axirət qazanması tövsiyyə olunur, heç nəyin əbədi olmadığına işarə edilir.
Yamanca pərişan görünür halın,
Yenəmi qəm-qüssə çəkirsən, ana?!
Yuxular gözümdən keçdiyi kimi,
Hər gün ürəyimdən keçirsən, ana...
Əllərim darıxıb əlindən ötrü,
Əllərin dayağım, qoy tutum bir az.
Ömrümün adına bir layla söylə,
Dərdimi-sərimi unudum bir az...
Ana heysiyyəti ədəbi yanaşmada duyğusallıq yaradır, lakin şair ana böyüklüyünə fərqli bir tapınma qədər sirayət etmək cəhdindədir və bunda öz həyat qayəsi üçün bir təsəlli tapır. Nəticədə, şair zaman aşırımlarına tuş gəlir...…
Zaman aşırımları ictimai dərketmədə vizual enmədir, lakin vaxta əks-uyğun aşınma zamanı mütabiq əks etdirmədə sanki bir heçdir; çünki ideoloji çək-çevirlər mental məxsusluğa əks nöqteyi-nəzər yaradır, nəticədə zərurətdən ictimai dərketməyə qədər çox şey mənəvi sarsıntıya məruz qalır. Və mənən aşağılanan insan seyretməsində hissi-düşüncə kənar şəxsin, seyrçi fərdin ovqatını təlx edir. İnsanı haradasa bu tərz aşınmadan bədii yanaşma ilə kənar etmək mümkündür.
Bəllidir ki, bədii dərketməyə meyl də zaman çevrilməsidir; fərdin bu çevrilmədə oyaqqalma çevikliyinə də zənnimizcə, məhz bu real-ictimai məğz səbəb yaradır. Düşünürük ki, Yaradanın fərqli yanaşma etdiyi şair də elə bu reallığa söykənir və zamana uyğun çevrilmədə mümkün əhatə yaratmağı bacarır. Lakin bir qism insanlar var ki, onlar məqsədəçatma reallığında sadə seyretmələrə deyil, mümkün dərketməyə sirayət edirlər. Nəticədə zahirə baxışla, daxilə keçiddə bir ortaqlıq yaranır. Heç şübhəsiz, müasir poeziyamızın tanınmış nümayəndələrindən olan Xatirə Əziz də özünün bədii dərketməsində fərqli zərurət yaradır. Bu zəruri yanaşmanı istedadlı şairin əksər şeirində dürüst görmək mümkündür. Bu şeirlərin bədii keçid anı məna və məzmunda qabaran poetik təsiretmə ilə təzahür edirsə, bu şeirlərin ictimai seyretməsi həyat zərurətləri, metafizik (metahissi) əhatədə ruhi təcəlladır.
...Tanrım, dedim baxtıma
bir günlücə gün köçür,
Xanım-xatın qızlarım
çadırdan gəlin köçür...
gözlərimin önündə...
Göründüyü kimi, ruha zidd, hissə müxalif dərketmə bir az da başqalaşma qorxusu yaradır. Bu zəmində, müəllifin çadır-həyat məsələsinə yanaşma tərzi ürəkağrıdandır. Üstəlik, bu köçetmə məsələsində bir özgə səmtlənmə də var; sadəcə, biz onu yuxarıdakı fikirləri ifadə edən şəxsin özü qədər tam anlamaq gücündə deyilik...
Mən ki ürəyimi sənə vermişdim,
Bilmədin, ay zalım, qədrimi mənim.
Bilməzdim insafın yoxuymuş sənin,
Sındırdın bu sevən qəlbimi mənim,
Almısan əlimdən səbrimi mənim...
Bu fikirdə bir söykəkolma faktı var və bu, oxucu üçün effektiv təzahüretməyə meyl yaradır.
Zahiri mənada insan yüksəlməyə meyllidir; həyata uyğunlaşa bilməmək bu zərurətin mənsəbidir. Yəqin bu xüsusda Xatirə xanım ömür-tale məğzlərini hərdən ictimai kəsərsiz hesab edir:
...Şirvandan başlanıb ey,
Düzlənib, daşlanıb ey,
Könlümə tuşlanıb ey,
Sən gələn yollar...
Abır-həya, insan salxarı, ağırlığaenmə kimi vizuallıq insanın öz-özünə divan tutması ilə nəticələnir. Bir bəndini misal gətirdiyimiz şeir boyu müəllif insani dəyərlərə ehtiramını gizlətmir, lakin etika xatirinə həyat çıxıntılarında ilişib qalmağın da insan xarakterinə yad olduğunu ərz edir.
Donub, qaralıb daha
ürəyimdə ağ səsim.
Səs salıb Təbriz, İrəvan,
Ucal Qarabağ səsim.
Hərdən bizə elə gəlir ki, həyat izharları yaradıcı şəxs üçün həyat qayəsidir. Çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Buna görə həyata bağlılıq insan düşüncəsində əsas yerlərdən birini tutur. Zənnimizcə, şeirlərinin hamısında vətən, yurd sevgisi sərgiləyən Xatirə Əzizin yaradıcılığında da əsas qayəçi ruh müəyyən mənada həyat və tale məsələlərinə sirayətetmə ilə təzahür edir. Səmimi deyək ki, onun könül oxşayan şeirlərində öz ənənəçilik ruhu ilə diqqət çəkən təbiət gözəllikləri, vətən, torpaq məhəbbəti, haqqı dərketmə, sevgi ahəngi və s. də məhz həyat-tale fonunda oxucuya çatır.
Xoşovqat yanaşma Xatirə Əzizin yaradıcılıq cəhdləridir. Bu cəhdlər oxucunu bir az duyğu selinə batırırsa, bir az da giley-güzara tuş edir. Onun əksər şeirində oxucu həm ruha rahatlıq bəxş edən sakitlik görür, həm də qəlbə acı qədər sirayət edən rahatsızlıq aşkarlayır. Bu müxtəliflik şairin bədii dərkində məsuliyyət yükü kimi diqqət çəkir, eyni zamanda oxucu bu zəruri yanaşmada bir həyat elementi axtarır. Bu axtarış onu mübarizliyə səsləyir, onda sabaha inamı artırır.
Ağrı-acıdan mübarizliyə, sadə hissdən zəruri yurd sevgisinə cığır açmaq Xatirə xanımın yaradıcılıq meylləridir. Bu meyllər oxucu diqqətini üç vacib məqama çəkir: həyata baxış, gerçəkliyə inanma və hissi qavramalara əsaslanma. Bu kodeksləri onun oxucu-şair yanaşmalarına bədii keçid kimi də qəbul etmək olar.
Xatirə Əziz şeirlərinin maraq doğuran istiqamətləri çoxdur. Və sanki bu, qarşıdakı proseslərə güzgü tutmaq üçün oxucuya əsas verir. Əminik ki, bu «uzaqgörmə»ni müəllifə yaddaş tərpənməsi tövsiyə edir.
Onun bu kimi ictimai məqamlarla bol olan şeirləri günümüzün reallıqları kimi də başa düşülə bilər. Bu isə müəllif ictimai dərketməsidir. O müəllif ki, ədəbi ovqatını təzələyir və bir-birindən təzətər şeirləri ilə ona ictimai-fəlsəfi ovqat göstərən poeziya qapısının kilidini açmaq üçün yoldadır.
Qoy bu yolun işığı gur olsun, Xatirə Əziz!
Hikmət Məlikzadə,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR