» » Qızı qollarında keçinən ana: "Dedim, həkim, uşağım ölür"

Qızı qollarında keçinən ana: "Dedim, həkim, uşağım ölür"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 iyul 2014
//
Bölmə: Hadisə
Qızı qollarında keçinən ana: "Dedim, həkim, uşağım ölür"


Bakıda 17 yaşlı qız qarpızdan zəhərlənərək ölüb

17:30

Hadisə ötən gecə axşam saatlarında baş verib. Talassemiya xəstəliyindən əziyyət çəkən Gülarə Həsənli günorta saatlarında qarpız yeyib, axşama doğru onun vəziyyəti ağırlaşıb. Valideynləri dərhal təcili tibbi yardım çağırıblar. Həkimlər qıza ilkin tibbi yardım göstərsələr də, bir müddət sonra Gülarə Həsənlinin vəziyyəti yenə pisləşib.

Qızın anası İlhamə Məhərrəmova APA TV-yə açıqlamasında qızının ölümündə həkimi təqsirləndirib.

"Dedim təcili çatdıraq xəstəxanaya. Evdə bir saat nə isə yazdı-pozdu. Dedi, icazə alıram, görək, gedək, yoxsa getməyək. Getdik Talassemiya Mərkəzinə. Bizi qəbul etmədilər. Üçüncü mərtəbədən düşürdülər. Pərvin adlı biri dedi ki, mən ona görə işdən çıxa bilmərəm. Dedim bu xəstəxananı bunlar üçün açıblar axı. Dedi, get Hemotologiya Mərkəzinə. Uşaq da qusurdu".

Valideynləri Gülarə Həsənlini Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutuna aparıblar. Anasının dediyinə görə, min bir bəhanə gətirilərək qızını orada da qəbul etməyiblər.

"Zahid adlı həkim qulağında telefon kiminləsə danışırdı. Heç elə bil bu uşaq ora getməyib. Dedim, həkim, uşağım ölür. Mənə əhəmiyyət vermədilər. Elə bunu demişdim ki, qucağımda keçindi. Sonra dedilər ki, valideyni çıxardın çölə. 17 yaşında uşağımın meyitini qucağıma verdi. O biri xəstəliyinə görə bir dəfə başıma elə iş gəlmişdi. Demişdilər ki, Talassemiya Mərkəzinə getməlidir. Ona görə də gözümüz qorxmuşdu, bu dəfə də öz həkimi ilə əlaqə saxladıq. Dedi ki, çatdır xəstəxanaya”.

Məsələ ilə bağlı Talassemiya Mərkəzinin şöbə müdiri Nərgiz Əliyeva bildirdi ki, dünən xəstə bu mərkəzə gətirilib. Onun sözlərinə görə, Talassemiya Mərkəzində uşaq şöbəsi fəaliyyət göstərir və onlara ancaq qan köçürülür. Nərgiz Əliyevanın sözlərinə görə, xəstə bu mərkəzə deyil, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılmalı idi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA TV-yə bildirib ki, belə xəstənin Talassemiya Mərkəzinə aparılması düzgün deyil. Onun sözlərinə görə, xəstə Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutuna, yaxud Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılmalı idi. Anar Qədirli Gülarə Həsənliyə Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutunda müvafiq yardım göstərildiyini deyib. Lakin xəstənin vəziyyəti ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər.


Qeyd edək ki, bir neçə gün əvvəl Gülarə Həsənlinin 17 yaşı tamam olub. Rəqslə məşğul olan Gülarə Həsənli bir neçə klipdə rol alıb.



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125