» » Avropa palma yağından istifadəyə qarşı çıxır – Azərbaycanda vəziyyət necədir?

Avropa palma yağından istifadəyə qarşı çıxır – Azərbaycanda vəziyyət necədir?

Müəllif: Səma Zərdablı
//
Tarix: 20 dekabr 2019
//
Bölmə: İqtisadiyyat

Azərbaycan bazarında satılan palma yağlarına bir növ haqq qazandırılır.

Belə ki, ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikasının növbəti mövzusu “Palma yağı” olub.

Qurum tərəfindən bildirilib ki, palma yağı məzə-qəlyanaltılardan tutmuş qida və kosmetika sənayesinə qədər dünyada ən geniş istifadə edilən bitki yağlarından biridir. Bu yağ Qərbi Afrika mənşəli palma ağacının meyvəsindən hazırlanır. Yüksək istiliyə davamlılıq xüsusiyyətinə sahib olan bu yağ antioksidantlar və karotinlər (A və E vitamini) ilə zəngindir.

Palma yağı beynin funksiyalarının qorunmasına, orqanizmdə A vitaminin artmasına müsbət təsir göstərir.

Maraqlıdır, doğrudan da palma yağı orqanizm üçün faydalıdırmı? Əgər faydalıdırsa, ucuz satılmasının səbəbi nədir?

Məsələ ilə bağlı Cebhe.info–ya açıqlama verən “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, palma yağı həm palma ağacının gövdəsindən, həm də tumlarından hazırlanır:

“Tumlardan hazırlanan yağ qida üçün tam yararlıdır və normal yağdır. Gövdəsindən hazırlanan yağ isə sənaye sahəsi üçün lazımlıdır və bunun qidada istifadə olunması yolverilməzdir.

MDB məkanında palma yağ istehsal olunmadığı üçün MDB yağ istehsalçıları, xüsusilə də Rusiya buna qarşı çıxır. Bu, Azərbaycanda da öz əksini tapıb. Yəni mən AQTA-nın fikirləri ilə tam razıyam, qida üçün hazırlanan palma yağları tam normal yağlardır. O, İndoneziyada istehsal olunur və ucuz başa gəlir. Qiymətin ucuz olma səbəbi bununla bağlıdır”.

Həkim-terapevt Rasif Bağırov isə palma yağının istifadəsi daha çox şirniyyat sahəsində əlverişlidir, çünki şirniyyatın uzun müddət saxlanmasında böyük rol oynayır:

“Şirniyyatın hazırlanmasında digər yağlarla birgə palma yağı da istifadə edilə bilər. Məsələn, digər yağlar adi bədən temperaturunda, yaxud bir az aşağı temperaturda ərimə verirlər, nəticədə həmin şirniyyatları saxlamaq çətin olur, amma palma yağı ilə onu hazırladıqda saxlamaq olur, çünki palma yağı bədən temperaturunda ərimə vermir. Ərimədiyinə görə onu uzun məsafəyə daşımaq da olur. Bu istiqamətdə ondan istifadə etmək olar”.

Həkim vurğulayıb ki, bu yağdan gündəlik qida məhsulu kimi istifadə etmək olmaz:

“Bütün digər yağları kənara atıb ancaq palma yağından istifadə etmək düzgün deyil. Çünki o, bədən temperaturunda ərimədiyinə görə, bağırsağa daxil olan zaman, bağırsağın divarına yapışı, onların fəaliyyətində problemlər yaradır. Bu nöqteyi-nəzərdən isə palma yağının kulinariyada geniş istifadə etmək düzgün deyil. İnsan orqanizmində ciddi xəstəliyə səbəb olması isə sübut olunmayıb. Dünyada da istifadə edilir. Sadəcə davamlı istifadəsi müəyyən narahatlıqlar yarada bilər. Biz kərə yağından yemək üçün istifadə edirik. Azərbaycanda insanlara verilən kərə yağının içərisinə palma yağı ilə birlikdə süd piyi deyilən maddə də əlavə edilir, ondan kərə yağı hazırlayırlar və orijinal kərə yağı adı ilə satırlar.

Məhz bu səbəblə əlaqədar palma yağı ilə bağlı etiraz başladı. İnsanlar uzun müddət palma yağından, bitki yağlarından istifadə edərsə, onlarda A, C, E, K vitaminləri çatışmayacaq. Onlar çatışmayanda isə vitaminlərdə balans pozulur, xəstəliklər meydana çıxır”.
banner125x125 banner125x125