Qubanın ağ almasının qara günləri
Qubanın ağ alması “qara günlər”ini yaşayır. Əldə edilən məhsulun ucuz qiymətə satılması və çəkilən xərci ödəməməsi fermerləri narahat edir. Milli.Az Regional TV-yə istinadən bildirir ki, bu səbəbdən qubalı fermerlər alma bağlarının sayını azaltmağı planlaşdırırlar.
31 ildir ki, meyvəçiliklə məşğul olan Gülməməd Məmmədovun 3 hektar alma bağı var. Amma gələn ildən həmin sahələri azaltmaq fikrindədir. Bunun da əsas səbəbi Quba almasına olan tələbatın azalmasıdır. Fermer ötən il bağından bol məhsul əldə etsə də, alma üçün təklif olunan qiymət onu heç razı salmır. Çünki qiymət almanın yetişdirilməsinə çəkilən xərci ödəmir.
Son zamanlar almanın Rusiya bazarlarına aparılması da xeyli azalıb. Yol xərci baha olduğundan bu ölkənin bazarlarına meyvə aparmaq sərfəli deyil. Fermerlər yeganə çıxış yolunu məhsulun soyuducu anbarlarda saxlanılmasında görürlər. Soyuducu anbarlarda saxlanılan məhsul keyfiyyətini itirmir. Amma bu da fermerə baha başa gəlir. 1 ton məhsulun soyuducu anbarda saxlanılması üçün fermerlər ayda 40 manat vəsait ödəyirlər. Burada qalan meyvə 11 ay öz təbiiliyini itirmir. Məhsulların həyətyanı sahələrdə saxlanılması isə sonda meyvənin 60-70%-nin itkisi ilə nəticələnir.
Hazırda şimal bölgəsində 27 min hektar meyvə bağı var. Onların 70%-ni alma bağları təşkil edir. Ötən il Quba rayonunda bağlardan 120 min 643 ton meyvə toplanıb. Mütəxəssislər bu il də bağlarda bol məhsul olacağını proqnozlaşdırırlar. Fermerlər buna sevinməklə yanaşı, indidən əldə edəcəkləri məhsulu necə satacaqlarını düşünürlər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR