"Akkord" nümayəndə heyəti 8-ci Beynəlxalq Sement Konfransında iştirak edib
Aprelin 27-29-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Rusiyanın “Sement və onun tətbiqi” jurnalının (“Цемент и его применение”) təşkilatçılığı ilə “PetroCem-2014” - 8-ci Beynəlxalq Sement Konfransı keçirilmişdir. 34 ölkədən 335 şirkətin qatıldığı (90-dan artıq sement istehsalçısı) konfransda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri Suat Çalbıyık, baş direktoru Göksel Aybek, Qazax Sement Zavodunun direktoru Hikmət Qəribovdan ibarət nümayəndə heyəti iştirak etmişdir.
Konfransda, həmçinin sement istehlakçısı və sement sənayesi üçün avadanlıq təchizatçısı olan yerli və xarici şirkətlər iştirak etmişlər.
Çoxsaylı şirkətlərdən 500-dən artıq nümayəndənin qatıldığı konfransda sement sənayesinin müxtəlif aspektlərinə həsr olunmuş çıxışlar dinlənilmiş, elmi-praktik araşdırmalar, yeni texnologiyalar, perspektiv istiqamətlər, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Konfransa qatılan “Akkord” nümayəndələri hazırda illik istehsal gücü 1 milyon ton sementə bərabər olan Qazax Sement Zavodunda 5000 ton/sutka klinker istehsalı gücünə malik ikinci istehsal xəttinin tikintisi prosesinə ən müasir avadanlıq və texnologiyaların cəlb edilməsi məqsədilə sement sənayesi sahəsində tanınmış bir sıra şirkətlərlə danşıqlar aparmışlar. Bu məqsədlə Danimarkanın “FLSmidth” şirkəti ilə aparılan danışıqlar xüsusilə əhəmiyyətli olmuşdur. Sement sənayesində sifarişçilərə ən effektiv enerji sərfiyyatı və ətraf mühitin daha yaxşı qorunması şərtləri daxilində yüksək istehsal səviyyəsini qoruyub saxlamaq üçün müasir həllər təklif edən “FLSmidth”-in nümayəndələri “Akkord”la əməkdaşlığa böyük maraq göstərmişlər.
Qazax Sement Zavodunda hazırda istehsal edilən sement məhsulları üçün avtomatik paketləmə və nəqletmə əməliyyatlarının modernləşdirilməsi, daha güclü qablaşdırma avadanlıqlarının satın alınması və quraşdırılması üzrə məsələləri yerində müzakirə etmək üçün “FLSmidth” nümayəndələrinin cari ilin may ayında Qazax Sement Zavoduna səfəri ilə bağlı razılıq əldə edilmişdir.
Konfransda “Akkord” nümayəndə heyətinin keçirdiyi digər görüşlər zamanı Qazax Sement Zavodunun təqdimatı həyata keçirilmiş, zavodda nəqliyyat və logistika sistemlərinin təkmilləşdirilməsi, istehsal sahəsində istifadə olunan texniki yağlar və yağ sistemlərinin satın alınması, həmçinin Avropanın tanınmış istehsalçı şirkətləri ilə əməkdaşlıq, təcrübə mübadiləsi məsələləri ilə bağlı müzakirələr aparılmışdır.
Çoxtərəfli müzakirələr və görüşlərlə davam edən konfrans aprelin 29-da başa çatmışdır.
Qeyd edək ki, “PetroCem” – Rusiyada sement istehsalı sahəsi üzrə keçirilən ən böyük beynəlxalq elmi-praktik konfransdır. Bu konfransda ənənəvi olaraq müvafiq sahədə tanınmış şirkətlər və dünya səviyyəli ekspertlər iştirak edirlər. Konfrans Sankt-Peterburq şəhərində iki ildən bir keçirilir. “PetroCem-2014” konfransında da Rusiya ilə yanaşı Almaniya, Fransa, Danimarka, Avstriya, ABŞ və s. kimi ölkələrdən olan nüfuzlu şirkət və ekspertlər iştirak etmişdir.
Konfransın təşkilatçısı olan “Sement və onun tətbiqi” jurnalında Qazax Sement Zavodu haqqında geniş məqalə də dərc olunub.
Qeyd edək ki, Qazax Sement Zavodu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin ən böyük investisiya layihələrindən biridir. Korporasiyanın Qazax rayonunda inşa etdiyi zavod 2013-cü il iyulun 5-də ölkə Prezidenti İlham Əliyev cənablarının iştirak etdiyi təntənəli mərasimlə istifadəyə verilmişdir. Hazırda zavodda quru üsulla ən müasir standartlara uyğun yüksək keyfiyyətli sement məhsulları istehsal olunur.
Zavodda ikinci istehsal xəttinin tikintisindən sonra sement istehsalının həcminin ildə 3 milyon tona çatdırılması nəzərdə tutulur.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR