Ev tikmək istəyirsiniz? Onda bu xəbəri mütləq oxuyun
Həyat təcrübəsi göstərir ki, insan ömrünün sonuna qədər tikir, qurur, yaradır
Təbii ki, hərə öz imkanına görə. Özünü belə dağa-daşa salanlar isə heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Sadəcə, bir məsələ var, o da son illər bu sahədə qaydaların sərtləşdirilməsi. Birotaqlı ev sahəsi üçün vətəndaş zəncirvari şəkildə ərazidəki müvafiq dövlət orqanlarına ( polis sahə müvəkkili, İcra Hakimiyyəti), həmçinin bələdiyyələrə “görüm-baxım” edir...
Milli.Az modern.az saytına istinadən fərdi mənzil tikintisindəki mövcud vəziyyətlə bağlı araşdırmanı təqdim edir.
Başlayaq ilk növbədə məsələnin qanuni tərəflərindən. Fərdi mənzil tikmək istəyən şəxs bir neçə mərhələdən keçməlidir. Bura torpaq sahəsinin əldə edilməsi, evin layihəsinin çəkilib təsdiqlənməsi, layihənin ekspertizası, tikintiyə icazə sənədinin və ünvanın alınması, mülkiyyət hüququnun təsdiqlənməsi daxildir.
Bunlardan ən əsaslarını götürək: bildirdiyimiz kimi, ev tikmək üçün əvvəlcə torpaq sahəsinə malik olmaq lazımdır. Vətəndaş bunun üçün ya torpağı digər şəxsdən pulla alır, ya da bələdiyyəyə müraciət edir. Torpaq qanunvericiliyinə əsasən, bələdiyyə ərazilərindən torpaq sahələri hərracların keçirilməsi qaydası ilə alınır. Bu üsulla torpaq sahəsi əldə edən şəxs həmin sahə üzərində mülkiyyət hüququnu təsdiqləməkdən ötrü Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı almaq məqsədilə 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərə (pasport və plan-ölçü) görə 50 manat məbləğində dövlət rüsumu ödəyir.
Bu prosesdə digər vacib məqam tikintiyə icazə sənədinin alınmasıdır. Qeyd edək ki, “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”na əsasən, tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən alınmalıdır. Bu idarə ərizəçiyə ya icazə verir, ya da səbəbi göstərilməklə imtina edir.Tikinti üçün icazə verildikdə isə maneəsiz şəkildə evin tikintisinə başlamaq mümkündür. Lakin bir şərt var: fərdi yaşayış evinin hündürlüyü. Binanın səkisinin ən aşağı və damının ən hündür nöqtələrinin səviyyələrinin fərqi 12 metrdən, mərtəbələrin sayı isə 3-dən artıq olmamalıdır. Tikiləcək evin aşırımları (divar və ya sütunlar) arasındakı məsafə maksimum 6 metr təşkil etməlidir. Ev tikildikdən sonra rayon icra hakimiyyətinin memarlıq şöbəsinin iştirakı ilə texniki şərtlər alınır. Bura qaz istismar idarəsi, “Bakıelektrikşəbəkə”, su və kanalizasiya idarələrindən alınan texniki şərtlər daxildir. Texniki şərtlərin alınması üçün müvafiq rüsuma gəlincə, vətəndaş bunların hər biri üçün təxminən 30-40 manat vəsait ödəyir, daha dəqiqi, ödəməlidir...
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR