» » “Baku Steel Company” əsaslı yenidənqurmadan sonra istehsalı dörd dəfə artırıb

“Baku Steel Company” əsaslı yenidənqurmadan sonra istehsalı dörd dəfə artırıb

Müəllif: Sevinc Novruzova
//
Tarix: 23 iyul 2014
//
Bölmə: İqtisadiyyat
“Baku Steel Company” əsaslı yenidənqurmadan sonra istehsalı dörd dəfə artırıb



İyulun 22-də "Baku Steel Company" zavodunda əsaslı yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş istehsalat sahələri istifadəyə verilib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, bu münasibətlə zavodda təntənəli açılış mərasimi keçirilib. Müəssisədə aparılan əsaslı yenidənqurma istər məhsul buraxılışının artırılması, istərsə də ixrac potensialının genişlənməsi baxımından diqqəti cəlb edir. İndi burada Almaniya, ABŞ, Fransa, İtaliya və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

Əlamətdar hadisədir ki, "Baku Steel Company"də yenidənqurma işlərinin əsas mərhələsinin yekunlaşması Prezident İlham Əliyevin elan etdiyi "Sənaye ili"nə təsadüf edir. Dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, yeni və modern sənaye müəssisələrinin yaradılması istiqamətində intensiv iş aparılır. Artıq Azərbaycanda müasir standartlara uyğun, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı sənaye müəssisələri yaradılır. 2001-ci ildən fəaliyyətə başlayan "Baku Steel Company" bu sahədə nümunə göstərərək, ölkənin qeyri-neft sektorunun inkişafına dəyərli töhfələr verir. Qafqazda analoqu olmayan, hətta Avropada bir çox məşhur müəssisələrlə müqayisə edilən "Baku Steel Company" müasir texnologiyalardan və ən son yeniliklərdən bacarıqla bəhrələnir.
Bu və digər yeniliklər barədə zavodun yenidən qurulan istehsalat sahələrinin açılışı münasibətilə keçirilən tədbirdə məlumat verildi.

"Baku Steel Company"nin həyatında yeni mərhələ

"Baku Steel Company" MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov Qafqaz regionunda birinci müasir poladəritmə müəssisəsi, ölkədə ilk özəl metallurgiya zavodu olan şirkətin 13 il əvvəl ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başladığını xatırlatdı. Qeyd etdi ki, ötən müddətdə zavodda istehsal olunmuş 3,5 milyon ton məhsulun 1 milyon tonundan çoxu xarici bazarlara ixrac edilib.

Bu gündən etibarən isə şirkətin həyatında tam yeni bir mərhələ başlayır. Həyata keçirilən yenidənqurma nəticəsində zavodun istehsal gücü 250 min tondan 1 milyon tona çatdırılıb. Bu barədə məlumat verən müşahidə şurasının sədri dedi ki, şirkət yerli bazarı keyfiyyətli məhsulla tam təmin etməklə yanaşı, xarici bazara Azərbaycan brendi ilə də məhsul çıxarır. Son vaxtlar 500 tonluq ixrac müqavilələrinin imzalanması zavodun bu sahədə artan potensialından xəbər verir. Həmçinin MMC-yə məxsus Sumqayıt Boruyayma Zavodu Rusiya bazarına ildə 100 min ton boru ixrac edir. "Lakin boru pəstahlarının Rusiyadan idxal olunması bizi qane edə bilməzdi. Bunu nəzərə alaraq, ikinci poladəritmə sexinin fasiləsiz tökmə maşınında boru pəstahlarını özümüz istehsal etmək qərarına gəldik. Bu istiqamətdə işlərə başlanılıb və ümidvarıq ki, ilin sonunadək istehsal xəttini işə salmaq mümkün olacaq", - deyə R.Məmmədov vurğuladı.

"Baku Steel Company" xaricdə də müəssisələr yaradır

Tikilməkdə olan oksigen və maye azot zavoduna müasir avadanlıq alınması üçün Fransanın "Air Liquide" şirkəti ilə 15 milyon avro məbləğində müqavilə imzalanıb. Bu haqda danışan müşahidə şurasının sədri bildirdi ki, zavod işə salındıqdan sonra müəssisə özünün oksigen və azot ehtiyaclarını tam ödəyəcək. Yenidənqurma çərçivəsində, həmçinin müasir qeyri-standart avadanlıqlar və mürəkkəb metalkonstruksiya istehsal edən "Baku Steel Construction" sahəsi də yaradılıb. Onlarca belə yenilik olduğunu bildirən R.Məmmədov təkcə bir faktı qeyd etməklə kifayətləndi ki, 2011-2014-cü illərdə yenidənqurma işlərinə 200 milyon manatadək sərmayə qoyulub.

Şirkətin xarici ölkələrdəki fəaliyyətinə toxunan müşahidə şurasının sədri vurğuladı ki, "Baku Steel Company" Birləşmiş Ərəb Əmirliklərində illik istehsal gücü 1 milyon ton olan Füceyra Metallurgiya Zavodunun tikinti-quraşdırma işlərini başa çatdırıb, Qazaxıstanın Aktau şəhərində "Caspian Steel" poladəritmə müəssisəsini yenidən qurub. İran İslam Respublikasında Metallurgiya Kompleksinin tikintisinə dair aparılan danışıqlar uğurla nəticələnib. Bu kompleks filiz saflaşdırma işlərindən tutmuş pəstah istehsalınadək böyük bir prosesi əhatə edəcək.

"Baku Steel Company"nin "Polad təqaüdü"

Təbiidir ki, yeni texnologiya yüksək ixtisaslı, işini dərindən bilən kadrlar tələb edir. Bu haqda da danışan R.Məmmədov məlumat verdi ki, 2013-cü ildə "Baku Steel Company"nin "Polad təqaüdü" təsis olunub. Azərbaycan Texniki Universitetinin bu təqaüdə layiq görülən 17 tələbəsi hazırda şirkətdə çalışır.
Mərasimdə "Siemens" şirkətinin regional rəhbəri Samir Axundov, Azərbaycan Texniki Universitetinin prorektoru, professor Mustafa Babanlı, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professoru, kimya elmləri doktoru İxtiyar Bəxtiyarlı, Türkiyənin "CVS Makina" şirkətinin qurucusu Murat Karatəkin çıxış edərək, zavodda müasir texnologiyaların tətbiqini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, müəssisədə aparılan əsaslı yenidənqurma işləri "Sənaye ili"nə mühüm töhfə olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında da əvəzsiz rol oynayacaq.

"Baku Steel Company"nin uğurlarını və yenidənqurma işlərini əks etdirən videoçarx təqdim olunduqdan sonra müşahidə şurasının sədri R.Məmmədov idarəetmə pultu arxasına keçərək poladəritmə sobasını işə saldı.

"Baku Steel Company" dünyanın qabaqcıl şirkətlərinin ən son texnologiyaları əsasında qurulub.
Mərasim iştirakçıları zavodda quraşdırılan ən son texnologiyalarla tanış oldular. Məlumat verildi ki, 2012-ci ildən başlanan yenidənqurma işləri istehsal dayandırılmadan aparılıb. Zavodda Almaniyanın "Siemens VAİ" şirkətində istehsal olunan modern konstruksiyalı 50 tonluq qövslü elektrik sobası, soba çalov qurğusu quraşdırılıb. Müəssisə ABŞ, Fransa, İtaliya, Türkiyə, Hindistan və digər ölkələrin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlarla da təchiz edilib. Habelə Kanadanın STEL-TEK şirkətinin istehsalı olan müasir fasiləsiz tökmə maşını rekonstruksiya edilərək şırnaqlarının sayı artırılıb.
Hazırda ekoloji normalara uyğun, mükəmməl konstruksiyalı qaztəmizləmə kompleksinə malik zavodda poladəritmə prosesində əsas güc aqreqatlarının işi də tam avtomatlaşdırılıb. Həmçinin 4 əlavə müasir soyutma qurğusu quraşdırılıb, yayma sexləri, təkrarqızdırma sobaları yenidən qurularaq təkmilləşdirilib. Bütün bunlar məhsulun keyfiyyətini ən son Avropa standartlarına uyğunlaşdırmağa imkan verir.

Yenidənqurma işləri 20-dən çox yerli və xarici şirkətin iştirakı ilə aparılıb

Zavodun mütəxəssisləri metal qırıntılarından əlavə, yeni texnologiya ilə filizdən alınmış məsaməli dəmirin əridilməsi prosesini də mənimsəyiblər. Bu məqsədlə hazırda Almaniyanın "Siemens VAI" və "SMS Siemag", İtaliyanın "Danieli" şirkətlərinin birgə təklifləri əsasında məsaməli dəmir, yanmış əhəng və digər legirlənmə materiallarının sobaya və soba çalova verilməsi qurğusu tikilir.
Müasir avadanlıqlarla təchiz olunmuş qaraj təsərrüfatı, mexanikləşdirilmiş anbar kompleksi tikilib, həmçinin mexaniki sex genişləndirilib və burada yeni metal emalı dəzgahları quraşdırılıb. Almaniya istehsalı olan FKU qurğusu sayəsində sobanın ümumi enerji sisteminə mənfi təsirinin qarşısını tam almaq mümkün olub.
Yenidənqurma işlərinin tərkib hissəsi olaraq dünya standartlarına cavab verən, dəqiq təhlillər aparmaq imkanı yaradan mərkəzi laboratoriya qurulub.
Bu laboratoriya Yaponiya, Almaniya və İsveçrənin yüksək keyfiyyətli avadanlıqları ilə təchiz edilib. Həmçinin müəssisədə böyük abadlaşdırma işləri həyata keçirilib, təmiz mikroiqlim yaradılıb.

Bütün bu işlər 20-dən çox yerli və xarici şirkətin, eləcə də zavodun 500-dən çox mühəndis-texniki heyətinin iştirakı ilə görülüb.

Yeni hədəflərə doğru

"Baku Steel Company"də aparılan yenidənqurma işləri məhsulun həcmini və keyfiyyətini yüksəltməklə yanaşı, çeşidini genişləndirmək imkanı yaradıb ki, bu da ixraca müsbət təsir edən amillərdəndir.
"Sənaye ili"ndə qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də müəssisələrin xarici bazara çıxış imkanlarının genişləndirilməsidir. "Baku Steel Company" bu baxımdan da öncüllər sırasındadır. Belə ki, onun məhsulları İran, Rusiya, Gürcüstan və digər ölkələrə ixrac olunur. Şirkət, eyni zamanda, ölkənin qeyri-neft sektorunda ən böyük vеrgi ödəyicilərindən biridir.
Azərbaycanın poladəritmə sənayesinin flaqmanı olan, aparılan yenidənqurma sayəsində müasir və modern müəssisəyə çevrilən "Baku Steel Company" Prezident İlham Əliyevin sənayenin inkişafı ilə bağlı qarşıya qoyduğu yeni hədəflərə doğru inamla irəliləməkdə davam edir.



QafqazPRESS.az
banner125x125 banner125x125