» » NİDA-çı gəncin müraciəti

NİDA-çı gəncin müraciəti

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 iyun 2014
//
Bölmə: Siyasət
NİDA-çı gəncin müraciəti


Həbsdə olan NİDA Vətəndaş Hərəkatının fəal üzvlərindən biri olan Bəxtiyar Quliyev prezident İlham Əliyevə açıq məktubla müraciəti yayılıb. ANS PRESS-in virtualaz.org-a istinadla verdiyi məlumata görə, 2013-cü ilin martında Azərbaycanda kütləvi iğtişaşlara cəhdə görə 7 il müddətinə azadlıqdan məhrum edilən B.Quliyev prezidentə müraciətində səhv etdiyini anladığını bəyan edərək bağışlanmasını istəyib.

“Mənim prezidentim!

Mən bilmədən etdiyim səhvlərə görə burada olduğum 15 ay müddətində özümü dərk etməyə yetərincə vaxtım olmuşdur. Mən anlamışam ki, burada olduğum dövrdə passiv bir gənc kimi zaman itirməkdənsə fəal, Azərbaycanın adını daim zirvələrə qaldıra və gənclərin sırasında ola bilərəm. Mənim buna həm enerjim, həm də potensialım vardır.

Ancaq mən yanlış fikirli insanların təxribatlarına uyaraq öz gəncliyimə və ailəmin nüfuzuna zərər gətirməklə özümü sağlam gənclikdən təxris (təcrid-red.) eləmişəm. Mən artıq bunu anlayanda hələ də gec olmadığını və bundan sonrakı davranışlarımda sağlam ruhla ulu öndər mərhum Heydər Əliyevin bizə miras qoyub əmanət etdiyi doğma Azərbaycanımıza layiqli vətəndaş olmağıma hər zaman mücadilə etmək, əzmli olmağıma və mənim kimi səhv edən, yanlış addım atan gəncləri öz acı təcrübəmə dayanaraq onları düzgün maarifləndirməyə şərait yaratmağınızı sizdən xahiş edirəm!

Cənab prezident!

Əvvəlcədən sizə söz verirəm ki, mənə göstərdiyiniz etimadı doğrultmağa hər zaman mücadilə edəcək, respublikamızın çiçəklənməsi, xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində apardığınız siyasəti dəstəkləyəcək və görmək istədiyiniz gəncliyin ön sıralarında olacağıma tam səmimiyyətimlə əmək sərf edəcəyəm.

Mən bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, yanlış insanların təxribatlarına uyaraq etdiyim cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirirəm.

Hörmətlə: Quliyev Bəxtiyar Səməndər oğlu
Kürdəxanı, Bakı İstintaq Təcridxanası.

xatırladaq ki, həbsdə olan “Nida” Vətəndaş Hərəkatının üzvü Bəxtiyar Quliyev kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Bəxtiyar Səməndər oğlu qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, həbsdə olduğu müddət ərzində bunu anladığını qeyd etmiş və özünün “siyasi məhbus” adlandırılmasına qəti etirazını bildirib.O, "Nida" üzvlüyündən imtina edib.


QafqazPRESS.az
banner125x125 banner125x125