Səməd Seyidov Çin mətbuatında
Qafqaz və Xəzər dənizi regionu üzrə “Çin gəncləri” qəzetinin 24 iyun tarixli nömrəsində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun müsahibəsi dərc olunub.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, həmin qəzetin müxbiri Yan Szyunə verdiyi müsahibədə professor Səməd Seyidov zəngin tarixə və mədəniyyətə malik olan iki ölkə - Azərbaycan ilə Çin arasındakı çoxtərəfli əməkdaşlığın böyük potensialı və geniş perspektivləri barədə söhbət açıb. Professor Qafqazda strateji, geosiyasi mövqeyə malik, Avropa İttifaqı ölkələrinin diqqətini cəlb edən Azərbaycanın regionun əsas iqtisadi mərkəzi olduğunu nəzərə çatdırıb.
Ölkəmizin aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Dillər Universiteti haqqında məlumat verən rektor təhsil müəssisəsində 22 dilin tədris olunduğunu bildirib, müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin, o cümlədən universitetin nəzdində fəaliyyət göstərən Çin Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətindən bəhs edib. Professor Səməd Seyidov qeyd edilən Çin Dili və Mədəniyyəti Mərkəzinin açılmasına göstərdikləri köməyə görə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin və mərkəzin direktoru Rafiq Abbasova minnətdarlığını bildirib.
Rektor, eyni zamanda, müsahibəsində ADU-nun hazırda Azərbaycanda çinşünaslıq ixtisası üzrə mütəxəssislər hazırlayan iki universitetdən biri olduğunu və ildən-ilə tələbələrin sayının artdığını söyləyib.
Professor Səməd Seyidov mərkəz tərəfindən hazırlanan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-2013 illər ərzində Azərbaycan-Çin əlaqələri üzrə fəaliyyətinə həsr edilən “İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı” adlı kitabın, həmçinin Azərbaycan tarixində ilk olaraq Çin dili üzrə dərs vəsaitinin Çin və Azərbaycan dillərində nəşr edildiyini vurğulayıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR