ADU-nun bu günü və sabahı
Bildiyimiz kimi, Azərbaycan Dillər Universiteti özünün keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır. Müasir standartlara cavab verən universitetimiz hər zaman dövlətə və dövlətçiliyə sədaqətli gənc nəsil yetişdirməklə yanaşı beynəlxalq əlaqələrini də daima genişləndirməkdədir. YUNESKO-nun müəyyən etdiyi beynəlxalq tərifə əsasən təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bununla o, əqli yetkinlik və fərdi inkişafa nail olur. İnsan inkişafı baxımından təhsil insanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, onu ənənəvi çərçivədən kənara çıxarmaqla bərabər, onun statusunu formalaşdırır. Məlum olduğu kimi, hər bir ali təhsil müəssisəsi əcnəbi tələbələrin təhsilə cəlbi istiqamətində müxtəlif növ fəaliyyətlər həyata keçirir, Azərbaycan Dillər Universiteti özünün keyfiyyətli təhsil proqramı ilə ölkənin qabaqcıl ali təhsil müəssisəsi olmaqla bərabər, eyni zamanda qapılarını əcnəbi vətəndaşlara da geniş şəkildə açır. Onlar təhsilin bütün pillələri istiqamətində Azərbaycan Dillər Universitetində təhsil alırlar. Bu Azərbaycan Dillər Universitetinə olan marağın və diqqətin göstəricisi olmaqla bərabər, eyni zamanda ölkəmizə verilən önəmin nəticəsidir. Avropa Birliyi daxilində fəaliyyət göstərən və Avropa Komissiyası tərəfindən maliyyələşən "Erasmus Mundus" təqaüd proqramı çərçivəsində ADU -da oxuyan tələbələr Avropa birliyi ölkələrinin birində təhsillərini davam etdirirlər. İldən ilə sayları dahada artan şanslı tələbələr bu proqrama daha böyük marağ göstərirlər.
Qeyd olunan proqramda iştirak edən tələbələrimiz yalnız ingilis dilini deyil, eyni zamanda seçdikləri ölkənin də dilini öyrənməklə yanaşı, həmyaşıdları ilə ölkəmizdəki multikultural mühit, tolerant durum mövzusunda fikir mübadiləsi aparmaq imkanı əldə edirlər. Dünyanın hər bir yerindən gəlmiş yüzlərlə yeni insanlarla tanış olurlar. Bu proqramın üstünlüklərindən biri də onun daha çox ölkəni səyahət etmək imkanı yaratması, oradakı fərqli və oxşar cəhətlər ilə tanış olması və qədim sivilizasiya mərkəzlərini, bir sözlə müxtəlif mədəniyyətlərin qarşılıqlı etimada əsaslanan dialoqunu - multikulturalizmini bilavasitə görməsinə şərait yaradır. Qeyd olunan proqram çərçivəsində yalnız ADU -nun
tələbələri deyil, eyni zamanda ADU- nun professor - müəllim və inzibati heyəti mütəmadi olaraq bu layihələrə müraciət edərək seçim nəticəsində Avropanın nüfuzlu universitetlərində təcrübələrini bölüşürlər. Eyni zamanda həmin universitetlərin professor-müəllim heyətinin universitetimizə gəlib qarşılıqlı fikir mübadilə aparması Azərbaycan Dillər Universitetinin gələcək beynəlxalq əlaqələrinə də öz töhvəsini vermiş olur. Azərbaycan Dillər Universitetində iyirmiyə yaxın müxtəlif dövlətlərin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir və Universitetin rektoru akademik Kamal Abdullayevin qarşılıqılı prinsipinə əsaslanan təşəbbüsü ilə həmin ölkələrdə də Azərbaycan dili və mədəniyyət mərkəzləri qarşılıqlı fəaliyyət göstərməlidir. Artıq hal- hazırda bir neçə belə mərkəz fəaliyyət göstərir. Məhz bu kimi təşəbbüslər ümümiyyətlə dövlətlərarası humanitar əlaqələrə və xüsusən də universitetlərarası əməkdaşlığın inkişafına da öz layiqli töhvəsini verir.
Dövlət başçısının təhsil sahəsinə yüksək diqqəti əsasında atılan addımlar, həyata keçirilən dövlət proqramları təhsil sistemində innovativ inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, öz növbəsində, universitetimizin kadr potensialının kəmiyyət və keyfiyyət baxımından dahada təkmilləşdirilməsi işinə mühüm töhfə verir. ADU daima zamandan bir addım öndə olmağı özünə seçim etməklə fəaliyyət istiqamətlərini genişləndirməkdədir.
Bu yaxınlarda Azərbaycan Dillər Universitetində ERASMUS+ PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində yeni yaradılmış təlim-tədris mərkəzinin (TLC) açılışı olub. Tədbirdə Universitetin rəhbərliyi iştirak edib. Yeni yaranmış mərkəzin məqsədi pedaqoji və texnoloji ehtiyacları qarşılamaq üçün tədris və təlim prosesinin inkişaf etdirilməsi, tədris və təlimin keyfiyyətini artırmaq üçün innovativ texnologiyalardan istifadə etmək, avropa universitetləri ilə uzunmüddətli əlaqələrin yaradılması üçün insan resursları potensialındanı istifadə edərək müəllimlər, tələbələr və doktorantlar üçün təlimlər və seminarlar təşkil etmək, tədris prosesini xüsusi olaraq müəyyənləşdirmək və tələbə rəyləri vasitəsilə qiymətləndirməkdən ibarətdir.
Təlim və tədris prosesini gücləndirmək üçün belə mərkəzlərin Azərbaycanın hər bir universitetində yaradılması məqsədə uyğun olardı. Azərbaycan Dillər
Universiteti layihəyə qoşulduğu müddətdə universitetin əməkdaşları müvafiq təlim, seminar və konfranslarda da iştirak edərək Avropa universitetlərinin təcrübəsindən yararlanıblar. Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrası layihəsinin fəaliyyətinə dəstək istiqamətində universitetimizdə təşkil olunan "Strateji planlaşdırma və idarəetmənin həyata keçirilməsi" modulu üzrə seminarda universitesin bir qrup müəllimi iştirak edib. Qeyd olunan seminarda iştirak edən müəllimlər yaxın gələcəkdə ümumtəhsil məktəblərinin rəhbər işçi heyətinə "məktəb menecmentinə" aid təlimlər həyata keçirəcəklər.
Eyni zamanda ADU- da Təhsil Nazirliyinin dəstəyi ilə Avropa İttifaqı layihələrinin yazılma qaydaları ilə bağlı təqdimat keçiriləcək. Əlavə olaraq qeyd edim ki, ADU- da ingilis dili müəllimlərinə eyni zamanda, universitetin gənc müəllimlərinə dəstək üçün bir sıra layihələr təşkil olunur. Bugünlərdə Dövlət İmtahan Mərkəzi ingilis dilinin qiymətləndirməsinin təkmilləşdirməsi məqsədi ilə ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə birgə "İngilis dili mütəxəssisi" proqramı çərçivəsində "Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya" adlı layihə həyata keçirəcək. Bu tip təlimlərin məqsədi tədris alanların və eləcə də müəllimlərin ingilis dili bacarıqlarını artırmaq və onlara yeni innovativ təlimlər aşılamaqdır.
Bu şərəfli vəzifədə universitetimizin rəhbərliyinə, professor - müəllim heyətinə, tələblərinə uğurlar arzu edirəm.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR