» » Bakıda Beynəlxalq sərgilər keçiriləcək

Bakıda Beynəlxalq sərgilər keçiriləcək

Müəllif: Sevinc Novruzova
//
Tarix: 11 iyun 2014
//
Bölmə: Mədəniyyət
Bakıda Beynəlxalq sərgilər keçiriləcək


13-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi və 4-cü Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisi
İyun ayının 12-dən Bakı Ekspo Mərkəzində 13-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian 2014”) və 4-cü Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2014”) sərgiləri öz işinə başlayır.

İlk gündən hər iki sərgiyə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstək göstərilir. “TransCaspian” sərgisi isə uzun illərdir ki, TRACECA ilə sıx əməkdaşlıq edir. Həmçinin, sərgilərə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də rəsmi dəstək verilir.

Milli.Az xəbər verir ki, bu il “TransCaspian” və “Road and Traffic” sərgiləri öz meydançalarında dünyanın 16 ölkəsindən 104 şirkəti qəbul etməklə, müsbət dinamika nümayiş etdirir. İştirakçıların ümumi sayının 50%-ni isə xarici eksponentlər təşkil edir.

“TransCaspian” sərgisi Qafqazda mühüm nəqliyyat forumu olmaqla yanaşı, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün imkanların nümayiş etdirilməsinə və yük sahibləri üçün ən optimal daşıma variantlarının müəyyənləşdirilməsinə kömək edir. “TransCaspian” sərgisi hər il öz meydançasında yükdaşıma və logistika şirkətlərini, hərəkət heyətinin (vaqonların) istehsalçılarını, dəniz və çay limanlarını, gəmiqayırma zavodlarını, eləcə də nəqliyyat üzərində intra-logistika və informasiya sistemləri üçün məhsulların istehsalçılarını bir araya gətirir. “TransCaspian 2014” ekspozisiyasının tərkibinə Azərbaycan, Belarus, Gürcüstan, Çin, Rusiya, Fransa, Çexiya və İsveçrədən şirkətlər daxildir. Ardıcıl olaraq dörd ildir ki, sərgidə Latviyanın milli stendi də iştirak edir. Builki iştirakçılar arasında Latviya Dəmir Yolları, Gürcüstan Dəmir Yolları, “Access Trans”, “Alstom Transport”, “BM Logistics”, “EGT Express”, “GA Logistics”, “Liebherr”, “Murphy Shipping LLC”, “Rosen International Logistics CO.”, “L-expressis LLC”, “AztransOil”, “TransQafqaz Transport”, “Transmaşholdinq”, “Ram Trans Group” və bir sıra digər nəqliyyat şirkətləri iştirak edir. “TransCaspian 2014” sərgisinin sponsoru “Stadler Rail Group” şirkətidir.

Kommersiya şirkətləri ilə yanaşı, sərgidə həm də Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyatı Xidməti iştirak edir.

Sərginin ekspozisiyasında dəniz və yerüstü yükdaşıma, limanlar və liman avadanlıqları, informasiya sistemləri, naviqasiya və monitorinq sistemləri və kommersiya nəqliyyatı kimi sektorlar təqdim olunur. Sərgi Böyük İpək Yolu layihəsi çərçivəsində bir neçə nəqliyyat növü vasitəsilə (multimodal) yükdaşıma xidmətləri göstərən şirkətlərlə tanış olmağa, eləcə də Bakı, Aktau və Türkmənbaşı limanları arasında ən sərfəli yükdaşıma marşrutlarını nəzərdən keçirməyə, dəmiryol nəqliyyat vasitələrinin istehsalçıları ilə görüşməyə və s. kömək edəcək. Builki sərginin fərqli cəhəti yükdaşıma sektorunda iştirakçı şirkətlərin sayca artmasıdır.

“TransCaspian 2014” sərgisi ilə paralel keçirilən 4-cü Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road and Traffic 2014” sərgisində Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Sinqapur, Türkiyə, Ukrayna, Çexiya və digər ölkələrin şirkətləri tərəfindən regionun yol infrastrukturunun geniş mənzərəsi nümayiş etdirilir. Sərginin portfelinə yol-tikinti xidmətləri, yolların tikintisi üçün avadanlıq və materiallar, metro tikintisi və tunelçəkmə, habelə yol sipərləri və səs əleyhinə sipərlər, yol nişanları və işıqforlar, avtomobil axınını idarə etmək üçün nəzərdə tutulmuş qabaqcıl sistemlər daxildir. Sərgidə “Azəryolservis”, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, “Almix Asia”, “AZD Praha”, “Azerinshaat”, “Baku Taksi”, “Controls S.R.L.”, “E-Mak”, “Herrenknecht AG”, “Holcim”, “Kolin İnşaat”, “Körpü-Bina-Tikinti”, “Korrus İtalia”, “Kredmash”, “Maccaferri”, “Nissen Nordic”, “Ortana Elektronik”, “Proyapi Proje Inshaat”, “PTC/WP Machine”, “SafeRoads RRS”, “Zitron SA”, “Vitronic” və “Kohlhauer East Group Sia” şirkətləri, habelə yol-tunel tikintisi və ictimai nəqliyyat sektorunda çalışan bir çox digər şirkətlər iştirak edir. “Road and Traffic-2014” sərgisinin sponsoru isə “AzVirt” şirkətidir.

“TransCaspian 2014” və “Road and Traffic 2014” sərgilərini işgüzar proqram müşayiət edəcək, belə ki, 13 iyun tarixində 2-ci Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur - urbanizasiya problemlərinin həlli yolları” mövzusunda konfrans keçiriləcəkdir. Sözügedən konfrans Azərbaycanda yol infrastrukturu məsələlərinə, urbanizasiya problemlərinə, “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinə, iri diametrli tunellərin tikintisi texnologiyalarına və bir sıra digər aktual mövzulara həsr olunacaq. Konfransda Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nümayəndələri, 2015-ci il Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinin nəqliyyat departamentinin rəisi, eləcə də “Azəryolservis”, “Herrenknecht AG” və Beynəlxalq Tunel Assosiasiyasının (“ITA-AITES”) nümayəndələri məruzə ilə çıxış edəcəklər. 12 iyun tarixində isə “RM Reyl” şirkəti dəmiryol sektorunun mütəxəssisləri üçün Bakı Ekspo Mərkəzində seminar keçirəcəkdir.

Beləliklə, “TransCaspian 2014” və “Road and Traffic 2014” sərgiləri Azərbaycan üçün mühüm strateji layihələr olmaqla yanaşı, 3 gün ərzində əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin aparılması, bazarın qiymətləndirilməsi, perspektivli müqavilələrin bağlanması və investisiyaların yatırılması üçün əla imkan yaradacaqdır.

“TransСaspian 2014” və “Road and Traffic 2014” sərgilərinin təşkilatçıları “Iteca Caspian LLC” və onun tərəfdaşı “ITE Group Plc” şirkətləridir. Layihə üzərində işə “ITE Group plc” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsi - “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (Dubay) şirkətləri cəlb olunublar. 2014-cü ildə “Iteca Caspian LLC” şirkəti tərəfindən keçirilən bütün sərgilərin rəsmi tərəfdaşları “JW Marriott Hotel Absheron Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “Greenwich Travel Club” (rəsmi turoperator) və “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) şirkətləridir. Hər iki sərgi öz işini 14 iyun tarixinə kimi davam etdirəcək və yaz-yay sərgiləri mövsümündə “Iteca Caspian” şirkəti tərəfindən keçirilən tədbirlərin sonuncusu olacaqdır.



QafqazPRESS.az
banner125x125 banner125x125