Ömrü yarıda kəsilən gənc alimin qısa, ancaq dəyərli həyat tarixçəsi...
Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli... O, həyatını dəyərli yaşayan şəxslərdən idi. Söhbət Azərbaycan elminə danılmaz töhfələr verən gənc alim, AMEA-nın Gəncə bölməsinin akademik katibinin müavini Samir Pişnamazzadədən gedir. Həyatını Gəncənin tarixinin araşdırılması, qaranlıq qalan məqamlarının işıqlandırılması və ictimaiyyətə çatırılmasına sərf edən elm adamı hələ uzun illər bu araşdırmaları davam etdirib, elmə yeni töfhələr verə bilərdi. Amma son zamanlar ölkə ərazisində onlarla insanın həyatına son qoyan avtomobil qəzası buna imkan vermədi. Avtomobil vurması nəticəsində dünyasını dəyişən Samir Pişnamazzədə AMEA-nın Gəncə bölməsinin binası qarşısında baş tutan vida mərasimindən sonra torpağa tapşırılıb.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Samir Pişnamazzadənin qəfil vəfatı, sadəcə, ailəsi üçün deyil, Gəncə ictimaiyyəti və bütövlükdə Azərbaycan elmi üçün böyük itki hesab edilir. Sürücü diqqətsizliyinin növbəti qurbanı olan gənc alimin ölkə və şəhər üçün gördüyü işlərin yarıda qalması onunla vida mərasiminə toplaşan hər kəsi dərindən sarsıtmışdı.
Elmar Vəliyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: "AMEA-nın elmi katibinin müavini, elmlər namizədi, dosent, gözəl alim və dəyərli insan Samir Pişnamazzadə... Samir Pişnamazzadənin gənc alim kimi, respublikanın ictimai, elmi, siyasi sahəsində, eyni zamanda şəhərimizin də ictimai-siyasi həyatında çox böyük zəhməti olub".
O, uzun illər Gəncənin qədim tarixinin araşdırılması, gizlin qalan faktların üzə çıxarılması istiqamətində bir sıra işlər görüb. İstər Gəncənin 4000 illik yaşının sübuta yetirilməsi, istər tarixi binaların qeydiyyata alınaraq, pasportlaşdırılması, bir çox abidələrin bərpa olunması, adı birbaşa Gəncə ilə əlaqəli olan görkəmli şəxsiyyətlərin monoqrafiyalarının çapa hazırlanması və bir sıra başqa işlərdə Samir Pişnamazzadənin əvvəzsiz rolu olub.
Fuad Əliyev, AMEA-nın Gəncə bölməsinin akademik katibi: "Samir Pişnamazzadə uzun illərdir AMEA-nın Gəncə bölməsində İctimai Elmlər Bölməsinə rəhbərlik edib. O, bu müddət ərzində yalnız Milli Elmlər Akademiyasında deyil, şəhər ictimaiyyəti arasında da böyük hörmət qazanıb. Samir müəllim son vaxtlar Nizami Gəncəvi, Məhsəti Gəncəvi, ümumilikdə şəhərdə yaradılan 5 muzeyin hər birində zəhmət qoyub. Xeyli sayda monoqrafiyalar çap etdirib. Azərbaycanın, xüsusi ilə də Gəncəmizin milli-mənəvi dəyərlərinin öyrənilməsində çox böyük əməyi, zəhməti olub".
Samir müəllimin görəcəyi işlər hələ qabaqda idi. O, bu yaxınlarda Doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşırdı. Cəmi bir neçə aydan sonra professor adını alacaqdı. Onun ən böyük arzularından biri isə Gəncənin qədim tarixinin yazılması idi və o, bu istiqamətdə də bir çox işlər görmüşdü. Onun yarımçıq qalan işlərindən biri də M.Ş.Vazehin 220 illik yubileyi münasibəti ilə yaradılacaq muzey oldu.
O deyərdi ki, biz bu dünyaya yaşamaq üçün yox, bizdən əvvəl yaşanmışları yaşatmaq üçün gəlirik.
Samir Pişnamazzadə 1976-cı ildə Gəncə şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1993-cü ildə Gəncə şəhər 4 saylı tam orta məktəbini, 1999-cu ildə isə Gəncə Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. 2001-ci ildə elə həmin Universitetdə əmək fəaliyyətinə başyalan Pişnamazzadə 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edib, 2011-ci ildə isə Dosent elmi adı alıb. 2012-ci ildən etibarən AMEA-nın Gəncə Bölməsinin akademik-katibinin müavini vəzifəsində çalışıb. Samir Pişnamazzadə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının İdarə Heyətinin üzvü, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Büro üzvü olub.
Samir Pişnamazzadə fitri istedada sahib olan nadir şəxslərdən idi. Gəncənin qədim tarixinin araşdırılması və işıqlandırılması üçün çalışan elm adamı uzun illər Kəpəz televiziyası ilə də sıx əməkdaşlıq edib. Qədim şəhərin tarixini əks etdirən bir çox süjetlərdə müsahib, “Üfüq”, “Bu səhər”, “Baxış bucağı” tok şousu kimi bir sıra verilişlərdə qonaq olub. Bundan əlavə Kəpəz televiziyasının efirində məhz Samir Pişnamazzadənin təqdimatında yayımlanan "Tariximiz taleyimiz" verlişi özünün də dediyi kimi Gəncə şəhərinin tarixi və bu gününü işıqlandırmağa xidmət edib.
Aparıcı və müəllifi olduğu layihədə dəfələrlə qonaq qismində dəvət etdiyi insanlarla ünsiyyətdə olduğu zaman, onların sözlərinə müdaxilə edər, tarixi və ədəbi mövzuların ən gizli məqamlarını da ictimaiyyətə çatdırmağa çalışardı. Artıq adını araşdırdığı tarixə qovuşduran Samir Pişnamazzadə ömrünün 38-ci ilində - 20 iyunda aramızdan əbədi ayrıldı. Bəlkə də qəlbində, beynində nə qədər elmi araşdırmaları, deyilməyən sözləri vardı. Kim bilə bilər ki, o, Azərbaycan elminə hələ nələr bəxş edəcəkdi, yadigar qoyduğu 2 övladından başqa.
Şəhər rəhbərliyi, ziyalılar, mərhumun iş yoldaşları, ailə üzvləri və şəhər ictimaiyyəti haqq dünyasına vaxtsız qovuşan Samir Pişnamazzadəni özünü də əməyi olduğu Gəncənin qədim "Səbiskar" məzarlığına gətirib və o, burada torpağa tapşırılıb.
Fuad Əliyev: "Qədim Gəncə Səbiskarında onun çox böyük əməyi olub. Gəncəlilər bilir ki, qədim Səbiskarın hər bir abidəsinin bərpasında, tədqiq olunmasında çox böyük əməyi olub. Demək olar ki, hər gün o, Səbiskarda fəhlələrlə birlikdə işləyib. Görünür Allah belə rəva bilib, o, orda özü üçün rahat yer düzəldirmiş".
Allah rəhmət eləsin!
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR