» » Xalq artisti: "15 yaşımda ərli rus qadınla sevişirdim"

Xalq artisti: "15 yaşımda ərli rus qadınla sevişirdim"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 31 iyul 2014
//
Bölmə: Mədəniyyət
Xalq artisti: "15 yaşımda ərli rus qadınla sevişirdim"



Milli.Az xəbər verir ki, publika.az-ın “Uşaqlıqdan reportaj”da qonağı xalq artisti, qocaman rejissorumuz, xalq artisti Arif Qazıyevdir.

Söhbətə həvəslə razılaşdı. Bir çox həmsöhbətlərimdən fərqli olaraq Arif müəllim “hər an uşaqlığıma qayıtmaq istərdim”, - deyib keçmişi şirin-şirin xatırladı. Hətta söhbət o qədər ürəyincə oldu ki, mənə minnətdarlıq da etdi: “Sağ ol, ay Cəvahir, uşaqlıq xatirələrimə o qədər qapıldım ki, sanki, illər öncə doğulduğum Gəncəni gəzib gəldim”.

Amma onu da deyim ki, şəkillərini çəkməyə zorla razılıq verdi. Xəstəhal olduğunu və belə vəziyyətdə fotolarının yaxşı alınmayacağını dedi…

“Atamı öldürdülər, sonra dünyaya gəldim"

Mənim həyatım Mircəfər Bağırovun dövründən başlayır. Gəncədə doğulmuşam və elə orda da ömrümün ən gözəl zamanını yaşamışam. Dörd uşaq olmuşuq ailədə. Bizi anam saxlayıb, böyüdüb boya-başa çatdırıb. Kəsəsi, atasız böyümüşük. Ümumiyyətlə, atamın üzünü də görməmişəm. 1937-ci ildə o vurhavurda, tuthatutda atamı öldürdülər, mənsə 1938-ci ildə dünyaya gəldim. Ata nə deməkdir, ata nəvazişi nədir – bu barədə anlayışım belə yoxdur. Çox qəribədir ki, heç vaxt həyatımda bu boşluğu hiss eləməmişəm. Yəni heç bilməmişəm atam var, ya yoxdur. Buna görə mən ömrümün sonuna qədər anama borclu olacağam. Çünki anam çox zəhmətkeş, əziyyət görmüş bir qadın idi, var qüvvəsi ilə çalışırdı ki, biz dörd uşaq atasızlığın nə olduğunu hiss etməyək.

"Bu cazibədən qurtaracağıma inanmırdım"

Doğulduğum Gəncə əvvəllər Kirovabad adlanırdı. İlk dəfə olaraq böyük yazıçımız Mircəlal Paşayev mənə dedi ki, oğlum, Kirovabad yox, denən mən gəncəliyəm.

Uşaqlıqdan musiqiyə böyük maraq göstərmişəm. Yaxşı səsim olub, körpəlikdən zümzumə etmişəm, bir çox tanınmış bəstəkarların mahnılarını məharətlə oxumuşam. Elə uşaq vaxtlarımdan artıq mən yolumu müəyyən eləmişdim və qərara almışdım ki, gələcəkdə mütləq incəsənət aləmində olmalıyam. Çünki bütün varlığımla incəsənətə vurğun idim və bu aləm mistik, sirli bir aləm kimi məni özünə çəkirdi. Bu cazibədən qurtaracağıma inanmırdım.

“Cücələrim”in ilk ifaçısı…

“Musiqiyə həvəs məni o dövrün, elə indinin də ən məşhur bəstəkarı Qənbər Hüseynlinin ansamblına apardı. Məşhur “Cücələrim” mahnısının müəllifi. Demək olar ki, bütün Azərbaycan uşaqları o dövrdə “Cücələrim”in sədaları altında böyüyürdü. Bax o mahnının ilk ifaçısı mən olmuşam, bunu bilirdiniz? Bəli, mən Qənbər müəllimin ən sevimli uşaq ifaçılarından biri idim. O, özünün çox sevdiyi “Cücələrim”i ilk dəfə mənə etibar etmişdi.

“Cücələrim” məni çox tanıtdı o dövrdə... Bir hadisə danışacağam sizə, görün həyatın nə mürəkkəb ziddiyyətləri var. Deməli,1948-ci ildə Bakıda Filarmoniyada Musiqi Olimpiadası keçirilirdi. O vaxtlar bu olimpiada çox möhtəşəm səviyyədə keçirilirdi və həmin tədbirdə Mircəfər Bağırov da iştirak edirdi. Hamı ona “yoldaş Bağırov” deyə müraciət edirdi. Çox zəhmli kişi idi və onu görəndə istər-istəməz adamın ayaqları əsirdi. Onunla görüş mənə də qismət oldu. Filarmoniyada mən “Cücələrim” mahnısını oxudum, on yaşım vardı onda. İnanın, zal dağılırdı, məni necə alqışlayırdılar.

“Yoldaş Bağırov mənə qayıtdı ki, sənin nə gözəl səsin var”

Üstündən görün neçə illər keçib, amma o alqış sədaları hələ də qulaqlarımdadır. Onda da Mircəfər Bağırov ikinci mərtəbədə oturub bizə qulaq asırdı. Nə isə... Oxuyandan sonra məni onun yanına apardılar. Görünür, özü köməkçilərinə göstəriş vermişdi ki, o uşağı mənim yanıma gətirin. Çıxdım yuxarı, yoldaş Bağırov mənə qayıtdı ki, sənin nə gözəl səsin var, qal Bakıda, mən göstəriş verəcəyəm, sənə burda xüsusi təhsil versinlər. Dedim ki, yox, anamdan ayrı qala bilmərəm, o, mənim yolumu gözləyir. O, bir söz demədi və güldü, mən Gəncəyə qayıtdım. Dəhşət burasında idi ki, 1937-ci ildə atamı güllələyən Bağırov indi onun oğluna nəvaziş göstərir, ona vədlər verirdi.

“Xəbər gəldi ki, Mircəfər Bağırov Bakıdan Arifə hədiyyə göndərib”

Üstündən beş gün keçmişdi, evimizə xəbər gəldi ki, bəs Arifi rayon komitəsinə çağırırlar, təcili getməlidir. Anam soruşdu ki, nolub, niyə çağırırlar? Dedilər ki, narahat olmayın, Mircəfər Bağırov Bakıdan Arifə hədiyyə göndərib. Bu xəbər bütün Gəncəyə yayıldı. Hamı məndən danışırdı ki, bəs balaca uşaq olasan, Bağırov yoldaş sənə hədiyyə göndərə. Bir günün içində Gəncədə populyarlaşdım. Getdik rayon komitəsinə, gördüm ki, Bağırov mənə iri bir bağlama göndərib. İçində də kostyum, köynək, ayaqqabı, fotoaparat – bir məktəbliyə nə lazımdırsa, hamısından var. Anam təsirləndi ki, 1937-ci ildə atamı tutdurub, Sibirə yollayan, öldürtdürən Bağırov mənə belə nəvazişlə yanaşıb. Məndə ona qarşı nifrət hissi yox idi, bu nəvazişin qabağında ona rəğbət yaranmışdı. Onu alicənab sayırdım və indiyə qədər də o xoş hadisəni xatırlayıram. Bəlkə də, atamın üzünü görməmişdim, ya nəyə görəsə məndə Bağırova qarşı heç vaxt nifrət hissi olmayıb. Hətta uşaq ağlımdan fikirləşirdim ki, yəqin, vaxt gələcək biz ona heykəl də ucaldacağıq.

"Məni “cıqqan” deyib çağırırdılar"

Qoy bir az da xasiyyətimdən danışım. Çox nadinc uşaq idim. O qədər nadinc idim ki, məhəllədə mənə “cıqqan” deyib çağırırdılar. Ən çox da məni bu ləqəblə xalamoğlu, məşhur bəstəkar Fikrət Əmirov çağırırdı. Hə, niyə təəccüblənirsən, Fikrət Əmirov mənim dost-doğma xalamoğludur. Hə, “ciqan-ciqan” deyib məni çağıranlar sırasında müəllim Qənbər Hüseynli də vardı. Artıq bu ada elə öyrəşmişdim ki, mənə “Arif” deyəndə çaşıb qalırdım. Əslində,“cıqqan” o demək deyidi e, xuliqan idim. Sadəcə, nadinc, dəcəl idim, bir yerdə dayanmırdım. Qaynayırdım”.

Dahi Bülbüllə bağlı xatirələr…

Dahi Bülbüllə mən yaxından ünsiyyətdə olmuşam, xoşbəxt uşaqlığım olub e… Bülbül xalamgilə tez-tez gəlirdi, həmişə də Fikrətgildə qalardı. Səhər tezdəndən bir də gördün məni çağırır ki, ay ciqan, gəl gedək bazara. Gedirdik bazara. Yaxşı qiymət öldürməyi vardı. Əgər almanın qiyməti beş manat idisə, düşürüb iki manata alırdı. Bazarın içində yaxşı cız-bız bişirirdilər, otururduq orda, nahar edirdik. O demək deyil e, Bülbül simic idi, pul xərcləmək istəmirdi, yox, sadəcə, məzəli adam idi. Bütün bazarın satıcıları onu görəndə qarşısında mil dayanırdı.

Fikrət Əmirov məndən yaşca çox böyük idi. O, mahnılar yazanda, əsərlər bəstələyəndə mən uşaq idim. Mənimçün də mahnılar yazırdı. Mən Bakıya musiqi olimpiadasına gedəndə mənə iki mahnı yazmışdı. Özü də deyirdi ki, Filarmoniyada bu mahnıları oxuyanda deyərsən, Fikrət Əmirov bunları məxsusi olaraq mənim üçün yazıb. Mən də belə deyib forslanırdım. Uşaq idim də.

"Qızlar ölürdü e məndən ötrü"

Tərifləmək olmasın, çox qəşəng, gözəgəlimli bir oğlan idim. Kasıb olsaq da, qəşəng geyinirdim, saçlarımı səliqə ilə darayırdım. Qızlar ölürdü e məndən ötrü. Elə indiyə qədər də ölürlər dərdimdən. Ərə getdilər, boşandılar, dünyaya uşaq gətirdilər, amma elə yenə də məni sevdilər. Bir də görürsən zəng edirlər ki, Arif müəllim, səni televizorda gördük, elə əvvəlki kimi yaraşıqlısan, xoşumuza gəlirsən, xətrini istəyirik.

"15 yaşım olanda ərli rus qadınla sevişirdim"

Elə sevgi-məhəbbət məsələlərində də ayıq oğlan olmuşam. Gəncə camaatı, bilirsiniz də, bir az mühafizəkar camaatdır axı. Qız sevmək, qız öpmək, qucaqlamaq o vaxtlar hər oğulun işi deyildi. Adamı öldürərdilər. Amma mən çox cəsarətli oğlan idim. 15 yaşımda ərli rus qadınla sevişirdim. Əri təyyarəçi idi, bütün günü göydə uçurdu. Özü mənə vurulmuşdu. Heç kim xəbər tutmurdu bu eşqbazlığımdan. Qonşumuz idi, əri evdən çıxan kimi, məni çağırırdı. “Oleq”, “Oleq” deyib başıma pərvanə kimi fırlanırdı. Neyləsin, tək qadın idi, darıxırdı. Öpüşürdük-qucaqlaşırdıq, daha nə desən, edirdik. Elə üzümü də birinci dəfə o açdı. Bizdə Gəncədə kirayədə qalırdılar onlar. Özü də təyyarə göyə uçub gözdən itəndə mən bu qapıdan çıxıb onların qapısından içəri girirdim. Yaxın idi vağzal, bilirdik təyyarə nə vaxt uçacaq, nə vaxt gözdən itəcək... Bir müddət davam elədi bu münasibət.

"Kiminsə dalınca düşüb yalvarmırdım e, qızlar özləri arxamca sürünürdülər"

Onu da deyim ki, sevgi məsələsində yanıq olmamışam, çox qızlarım-qadınlarım olub. İlk dəfə seksi mənə o rus qadın öyrətdi...

Kiminsə dalınca düşüb yalvarmırdım e, özləri arxamca sürünürdülər. Heç birinə qarşı da qeyri-səmimi olmamışam, hamısına münasibətim təmiz olub. Elə indi də hamısının ürəyimdə öz yeri var, hamısına da ayrılanda xoşbəxtlik arzulamışam.

"Qıza atılan bir sözə görə kiminsə ağız-burnunu qanadırdılar"

Yox, qız üstə davalara düşməmişəm, amma məhlədə davalarımız düşürdü. O vaxtlar beynəlmiləl şəhər idi Gəncə, ermənilər, ruslar, başqa millətlərdən olan insanlar yaşayırdılar. Biz azərbaycanlı uşaqları ermənilərlə tez-tez dava edərdik. Onlar özləri bizə ilişirdilər. Məktəbdə də belə davalarımız çox olub. O vaxtın uşaqları da fərqli idi e, sözgötürən deyildi. Özlərinə qiymət verirdilər, qıza atılan bir sözə görə kiminsə ağız-burnunu qanadırdılar. Həm də gənc idik də, özümüzü qızlara göstərirdik.

"Dəcəl idim, amma…"

Hobbim də musiqiydi, əyləncəm də. Orta məktəbdə yaxşı oxuyan uşaq olmuşam. Dəcəl idim, bütün günü məhəllədə oynayırdım. Amma dərslərimə də vaxt ayırırdım. Musiqi, incəsənətə həvəs qanımda idi. Yüz faiz dəqiqləşdirmişdim ki, gələcəkdə incəsənət adamı olacağam. Deyir, niyyətin hara, mənzilin də ora. Həyatımdan peşman da deyiləm. Görün, indiyədək neçə film çəkmişəm. Azı, doxsan. Zarafat deyil e. Hamısı da Qızıl Fondda saxlanılır. Xalaoğlu Fikərtlə də bağlı sənədli filmim var.

"Dəblə həmişə ayaqlaşmışam"

Uşaqlığımı yadıma saldın, çox sevindim. Xəyalımda gedib o vaxtkı Gəncəni gəzib-dolanıb gəldim. Çoxdan idi ki, uşaqlığımı xatırlamırdım. Anamı yadıma saldın, o illərə döndüm, mənə çox xoş oldu. Gör aradan nə qədər illər keçib, 76 yaşım var e indi. Belə götürəndə heç özümü yaşlı da saymıram. Görən-görən deyir ki, Arif müəllim, nə cavansınız. Əsas ürək, ruhdur. Ruhumun yaşı çox cavandır. Hətta sizə deyim ki, bəzən lap uşaq yaşlarında olur. Mən həyatsevər insanam, elə uşaq vaxtlarımda da çox şən, pozitiv oğlan olmuşam. İstedadlıydım, bacarıqlıydım, tanınırdım, sevilirdim. Elə indi də beləyəm, məni hamı sevir, hörmətimi saxlayır. Cavanla cavanam, uşaqla uşaq. Hamı mənə yaxınlaşır, deyirlər, Arif müəllim, necə enerjilisiniz, necə gözəl geyinirsiniz. Dəblə həmişə ayaqlaşmışam.

QafqazPRESS.az
banner125x125 banner125x125