İranlı rejissoru Bakıda təəccübləndirən nə oldu?
Şirin Neşat həyatının əsas hissəsini Qərbdə keçirən iranlı rəssam, fotoqraf və rejissordur. 1979-cu ildə oxumaq üçün Los-Ancelesə gələn Şirin İran islam inqilabından sonra özü də istəmədən siyasi mühacirə çevrilib. O, yalnız 1990-cı ildə İrana qayıda bilib. Buna baxmayaraq, əsərlərinin, demək olar ki, hamısı İranla bağlıdır və İrana həsr olunub.
Kaliforniyada təhsil alıb. Otuz ildir ki, Nyu-Yorkda yaşayır. İranda onun yaradıcılığı qadağan olunub.
“Allahın qadınları” fotolayihəsi ona dünya şöhrəti gətirib. 2009-cu ildə ekranlara çıxan “Kişilərsiz qadınlar” filminə görə Şirin Neşat Venesiya film festivalının “Gümüş ayı” mükafatına layiq görülüb.
Şirini çox vaxt feminist adlandırırlar, amma o, heç vaxt “Qadını azad edin” deyə qışqırmır. Neşat hicabda bir çox mədəni kodlar olduğunu düşünür və İslama hörmətlə yanaşır.
Neşat həmişə qadının təbiətdən gələn gücünü qabardır və kişi ənənəçiliyinə qarşı çıxır. O inanır ki, məhz qadınlar onun sevimli İranındakı mövcud vəziyyəti dəyişə və stereotipləri dağıda bilər.
Bu yaxınlarda iranlı xanım yeni layihəsi – “Soruşma sevgi hara getdi” ilə Moskvaya gəlib.
1937.az Şirin Neşatın Rusiya mətbuatına verdiyi müsahibələrdən seçmələri təqdim edir:
– Yeni layihəniz sevgi haqqındadır. Müasir incəsənətdə sevgi, insan dramı və emosiyalar tez-tez qadağa və senzura ilə üzləşir.
– Bəli, indi sevgi və gözəllik mövzularıyla bağlı tabular və qadağalar çoxdur. Layihəmin adını misirli müğənni Um-Gülsümün mahnısından götürmüşəm. Həm də sevgi axı təkcə sevinc deyil. O, həm də ağrı, göz yaşı və kədərdir. Elə buna görə də məhz bu mövzunu seçmişəm. Mən gözəlliyin bədiiliyini qabartmaq istəyirdim, bilirdim ki, bədiilik qəddar və qaranlıq da ola bilər.
– Niyə ağ-qara fotoları belə çox sevirsiniz?
– Mənim fotolarım, demək olar ki, həmişə ağ-qara portretlər olub. Portretdə mənim üçün əsas olan insanın mahiyyətini çatdırmaqdır. Heç vaxt fondan istifadə etmirəm. Düşünürəm ki, bu tamaşaçını, sadəcə, yayındırır. Qara rəngə üstünlük verirəm, istəyirəm ki, tamaşaçının baxışları qəhrəmanımın simasında cəmləşsin. Ağ-qara fotolar müəyyən seçim, ya da strategiya deyil, bu, mənim intuitiv yanaşmamdır.
Videoda isə hər şey tamamilə əksinədir. Burada mən fonu xüsusilə seçir və qabardıram. “Rapture” filmində mən qadınları dəniz və səhra fonunda, kişiləri isə həmişə qala fonunda çəkmişəm. Bununla mən qadın və kişi dualizmini vurğulamaq istəmişəm: qadın həmişə təbiətlə həmahəngdir, kişi isə militarist simvolika ilə əhatə olunub.
– Necə oldu ki, incəsənətlə ciddi məşğul olmaq qərarına gəldiniz?
– Rəssam olmaq qərarına gələnə qədər uzun illər düşünmüşəm, tərəddüd etmişəm. Bu, mənim uşaqlıq arzum olub. Çoxları kimi mən də elə düşünürdüm ki, rəssam kimi doğulursan. Amma zamanla başa düşdüm ki, bu, belə deyil. O qədər istedadlı olmadığımı da tezliklə anladım.
İncəsənət məktəbində ən zəif şagirdlərdən biri idim. Məktəbi bitirəndən sonra, təxminən on il rəsmlə məşğul olmadım. Bir gün başa düşdüm ki, incəsənət həyat təcrübəsi, illərin və əzabların nəticəsidir.
Ağır olsa da, bu belədir – İyirmi yaşında sənin deməyə sözün olmur. Həmişə tələbələrimə də deyirəm, öyrənmək istəyirsinizsə, dünyanı gəzin və əzab çəkin.
– Müsahibələrinizin birində demişdiniz ki, incəsənət sosial və siyasi yüklü olmalıdır. İndi də bu fikirdəsiniz?
– Bilirsiniz, mən iranlıyam və hər bir iranlı kimi mən də siyasi hadisələrə biganə qala bilmərəm. İsveçrəli rəssam siyasət barədə düşünməyə bilər, amma iranlısansa və illərdir ölkəndən uzaq qalmısansa, bu, sadəcə, mümkün deyil. Mən demirəm ki, incəsənət siyasiləşməlidir, sadəcə, rəssamlar bu məsələdə həssaslıq göstərməlidirlər. Axı incəsənət yalnız varlılar üçün deyil. Əgər biz sosial reallıqdan, siyasətdən uzaq olsaq, incəsənət də heç kimə lazım olmayacaq.
– Əsərlərinizdə İslam simvolları, “Quran”dan və dini kitablardan sitatlar kifayət qədərdir.
– Mən heç vaxt “Quran”dan istifadə etməmişəm. O, müqəddəs simvol, sirli mətndir. Hesab etmirəm ki, buna haqqım var. Fotolarımda istifadə etdiyim yazılar, sitatlar fars ədəbiyyatından, xüsusən də klassiklərdəndir.
– Tənqidlərə baxmayaraq, sizin işlərinizdə dinə – İslama dərin hörmət sezilir.
– Əlbəttə. Bilirsiniz, İran kimi ölkələrdə özünü dindən ayırmaq qeyri-mümkündür. Hər şeyi din müəyyənləşdirir, siyasəti də, sosial həyatı da, incəsənəti də. Dinin mentalitetimizə, psixologiyamıza, gündəlik həyatımıza, qanunlarımıza təsiri böyükdür.
Bu yaxınlarda Azərbaycanda oldum. Məscidlərin azlığına təəccüb etdim. Əgər siz Qahirədə ya da Tehranda olsanız, hər addımda dinin izlərini hiss edəcəksiniz. Din bizim həyatımızın reallığıdır.
– İranda yaradıcılığınız qadağalarla üzləşir. Ölkənizin tamaşaçıları sizi tanıyırmı?
– İranda mənim sərgilərimin keçirilməsi qeyri-mümkündür. Filmlərimə isə internetdən baxırlar. Muzeyə, sərgilərə getmək də əsas deyil. İnternet, sosial şəbəkələr hər şeyi əvəz edir. Düzünü desəm, məni İranda fotolarıma görə deyil, filmlərimə görə tanıyıblar. Çünki iranlılar incəsənətlə o qədər də maraqlanmır, muzeyə getmirlər.
Film izləyənlər isə kifayət qədər çoxdur. Taksi sürücüləri belə art-haus filmlər çəkən Kiarostamini tanıyır, izləyirlər.
– İstədiyiniz vaxt İrana gedə bilirsiniz?
– İrana getmirəm, çünki bunun təhlükəli olduğunu bilirəm. Düzdür, mənim adım qara siyahıya salınmayıb, amma hər şey ola bilər. Mövcud rejimə və qanunlara etiraz edən intellektuallar üçün İrana qayıtmaq, doğrudan da, təhlükəlidir. Ən yaxşı İran rejissorları – Abbas Kiarostami və Mohsen Mahmalbaf da xaricdə yaşayırlar, çünki qayıtsalar, dərhal həbs olunacaqlar. Əsgər Fərhadi də beynəlxalq festivaldan qayıdan kimi sorğuya çağırılmışdı.
İranda açıq senzura var, hər şeyə dövlət tərəfindən nəzarət olunur. Mənim kimi, hisslərini açıq ifadə etmək, düşündüyünü demək, sadəcə, mümkün deyil.
– İndi harada yaşayırsınız? Yeni planlarınız nədir?
– 30 ildir ki, Nyu-Yorkda yaşayıram. Multikulturalizminə görə bu şəhəri çox sevirəm. Həyat yoldaşım, oğlum və emalatxanam da oradadır. Tez-tez səyahət edirəm, Misirdə olmağı sevirəm, çünki Amerika mənə maraqlı deyil.
Layihələr və planlar çoxdur. Almaniya balet ustaları ilə müştərək layihəmiz var. Şekspirin “Fırtına” pyesini yenidən və fərqli formatda hazırlayırıq. İki ildir ki, bu layihə üzərində işləyirik. Arzularımın layihəsi deyə bilərəm.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR