FİZZƏNİN RƏNG İZLƏRİ

FİZZƏNİN  RƏNG  İZLƏRİ Məşhur alman rəssamı və sənətşünası Albrext Dürer yazıb: “Sənət təbiətin özündədir, sənətkar o adamdır ki, sənəti təbiətdən qopara bilir.” Bu mənada əsası Bəhruz Kəngərli tərəfindən qoyulmuş peşəkar rəngkarlığımızın görkəmli nümayəndələri də sənəti təbiətdən qoparıb kətana köçürə bilmişlər. Milli təsviri sənətimizin məşhur simaları arasında qadın rəssamlarımızın – Vəcihə Səmədovanın Maral Rəhmanzadənin, Bədurə Əfqanlının, Elmira Şahtaxtinskayanın da özlərinəməxsus rəng izləri incəsənət tariximizin qızıl səhifələrinin bəzəyidir.
Bu gün təəssüf hissilə qeyd edirik ki, tariximizin XX əsrində, xüsusən də sovet dövründə Bəhruz yurdunda – Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan qadın rəssamlarımız olmayıb. 1950-ci illərdə Naxçıvan Şəhər Pionerlər Evində görkəmli sənətkar Məmməd Qasımovun rəhbərliyilə yaradılmış rəssamlıq studiyasının, sonralar – 1960-80-ci illərdə də burada fəaliyyətini davam etdirən rəssamlıq dərnəyinin üzvlərindən təxminən 10-dan 2-si qızlar olmuşdur.
İstər sovet dövründə, istərsə də müstəqilliyimizin ilk onilliyi ərzində muxtar respublikada öz ixtisası üzrə pedaqoji fəaliyyət göstərən – orta məktəbdə dərs deyən, yaxud rəssamlıq dərnəyinə rəhbərlik edən qadın rəssama rast gəlinmir. Hətta orta məktəbdə öz istedadı ilə məşhurlaşan, bir neçə təsviri və dekorativ-tətbiqi sənət baxış-müsabiqələrində olan qızlar belə sonradan ya başqa ixtisas üzrə ali təhsil aldıqlarından, ya da ailə həyatı qurduqlarından bu sənəti davam etdirməkdən vaz keçmişlər.
1989-cu ildə Ümumittifaq Xalq Yaradıcılığı Festivalı çərçivəsində muxtar respublika üzrə keçirilən baxış-müsabiqədə dekorativ-tətbiqi sənət ustası, Culfa şəhərindən olan məktəbli Günay Əhmədova qalib kimi Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırıldı. Naxçıvan Şəhər 3№-li Orta Məktəbin şagirdi Anara Nəsirlinin isə Şəhər Pioner və Məktəblilər Sarayının böyük foyesində rəngkarlıq işlərindən ibarət ilk fərdi sərgisi təşkil olundu. Belə misalların sayını artırmaq da olar.
Nəhayət. XXI əsrin əvvəllərində Naxçıvan Dövlət Universitetində yaradılmış konservatoriyada incəsənət fakültəsi fəaliyyətə başladı və burada rəngkarlıq, heykəltəraşlıq ixtisasları açıldı. Həmin şöbələrə daxil olmaq arzusunda olan abituriyentlər arasında qızların sayı ilbəil artmağa başladı.
Artıq indi həmin şöbələrin məzunları arasında nəinki muxtar respublikada, həmçinin Azərbaycan miqyasında, eləcə də beynəlxalq səviyyədə məşhurlaşan gənc qadın rəssamlarımız vardır. Ən əsası da odur ki. Onlar Naxçıvanda yaşayıb-yaradaraq ölkəmizin istedadlı rəssamları kimi tanınmaqdadırlar.
Bu gün Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyevanın Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə başçılıq etməsi qadın rəssamlarımızın təşkilatçılıq və idarəçilik bacarığından da soraq verir. Son illər bu birlik üzvləri arasında da qadınların sayı artmaqdadır. Onlardan Həbibə Allahverdiyeva, Əzizə Dünyamalıyeva və Fizzə Quliyeva üzvlüyə yenicə qəbul olunmuş xanımlarımızdandırlar.
Məqalənin adından da göründüyü kimi bu yazı onlardan birinin – Fizzə xanımın yaradıcılıq yolu haqqındadır. Fizzə Quliyeva ilə yaxın tanışlıqdan və söhbətdən belə məlum oldu ki, onda rəsmlə məşğul olmaq həvəsi təxminən 6 yaşından başlayıb. Bir gün səhər, o, televizordan, uşaqlar üçün verilişdən “Kukla” mahnısını eşidir. Mahnının bu bəndi daha çox xoşuna gəlir:
Atam alıb mənimçün
Rəngli qələm və dəftər,
Kitabım da bax budur –
Gözəl-gözəl şəkillər.

Mahnı bitər-bitməz qızcığazın gözləri otaqda çay içərək onunla bərabər bu mahnını dinləyən atasına zillənir. Ata sanki qızının baxışlarındakı xahişi oxuyur, çayını bitirib ona yaxınlaşır və gülümsəyərək saçlarına sığal çəkib otaqdan çıxır.
Axşamüstü evə dönən atasının əlində rəngli flomaster dəstini və qalın rəsm dəftərini görən Fizzənin sevinci yerə-göyə sığmır. Həmin gündən bu rəsm dəftərinin ilk səhifələrində onun böyük fərəhlə “çəkdiyi” ilk rənbərəng cızma-qaralar görünməyə başlayır. Balaca Fizzənin ilk rəsm dəftərinin alındığı gündən təxminən bir ilə yaxın vaxt ötən zaman bu dəftərin yarıdan o yana olan səhifələrində özünəməxsus məna daşıyan süjetli şəkillər diqqəti cəlb edir.
Artıq məktəbli Fizzə birinci sinifdən üzü bəri dərsliklərində xoşuna gələn şəkilləri təkrar olaraq rəsm dəftərinə köçürməyi başlayır. Xüsusən də ədəbiyyat dərsliklərində olan şair və yazıçıların portretlərinin üzünü böyük formatda köçürməyi xoşlayır. Onun orta məktəbin son siniflərində müxtəlif natürmortlarla bərabər. Qədim Naxçıvanın əzəmətli dağlarını, güllü-çiçəkli çöllərini, tarixi-memarlıq abidələrini əks etdirən rəsmləri də çoxluq təşkil edir.
Nəhayət, 2004-cü ildə Fizzənin ən ümdə arzusu həyata keçir – o, Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinə daxil olur. Burada təsviri incəsənət və rəsmxətt müəllimi ixtisasına mükəmməl yiyələnərək, 2008-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirir.
2006-2009-cu illər ərzində F. Quliyeva Naxçıvan şəhərindəki Texniki Yaradıcılıq Mərkəzində, sonra isə Heydər Əliyev adına Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində rəsm dərnəklərinin rəhbəri kimi əmək fəaliyyətilə də məşğul olmuşdur. 2009-2011-ci illərdə isə o, NDU-nin “Universitet dünyası” Muzeyinin müdiri işləmişdir.
O, 2010-cu ildə, 2 Fevral – Gənclər Günü münasibətilə muxtar respublika üzrə “İlin ən yaxşı gənc rəssamı” adına layiq görülür, istər bakalavr, istərsə də magistratura təhsili müddətində universitet daxilində, həmçinin gənc rəssamların, tələbə rəssamların muxtar respublika səviyyəli rəsm sərgilərində iştirak edərək dəfələrlə birincilik qazanır, fəxri fərman və fəxri diplomlarla mükafatlandırılır.
F. Quliyeva 2011-ci ilin sentyabr ayından muzey müdiri vəzifəsindən yenicə yaradılmış “teatr və mədəniyyətşünaslıq” kafedrasına müəllim keçirilir. Qeyd olunmalıdır ki, o, belə bir etimadı bu illər ərzində layiqincə doğruldaraq özünə və tələbələrinə qarşı son dərəcə tələbkar, eyni zamanda qayğıkeş, işinə məsuliyyətli, intizamlı və yüksək mənəviyyatlı bir müəllim kimi nəinki kafedrada, o cümlədən fakültədə və universitetdə dərin rəğbət qazanmışdır. Elə bu keyfiyyətlərinə görə gənc müəllim öz kafedrasında tələbə-aktyorlara qrim sənətinin sirlərini aşılamaqla yanaşı, incəsənət fakültəsində gənc rəssamlara heykəltəraşlıq, iqtisadiyyat fakültəsinin tələbələrinə isə mədəniyyyətşünaslıq fənlərini tədris etmişdir.
Pedaqoji fəaliyyətində olduğu kimi Fizzə Quliyevanın rəngkarlıq fəaliyyəti də çoxşaxəlidir: mənzərə, portret, natürmort, karikatura, səhnəqrafiya, qrim... Məhz bu xüsusiyyətləri onu nəinki muxtar respublikanın qadın rəssamları, həmçinin bütün rəssamları arasında fərqləndirən cəhətlərdəndir.
Hüseynqulu Əliyev – Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı, NDU-nin kafedra müdiri, Azərbaycan Respublikasının xalq rəssamı: “Mən Fizzə xanımı gənc rəssam kimi 10 ildir tanıyıram. Muxtar respublika Rəssamlar Birliyinin sədri işlədiyim illərdə Naxçıvan şəhərində keçirilən baxış-müsabiqələrdə, Novruz bayramı və digər əlamətdar günlər münasibətilə təşkil olunan sərgilərdə gənclərin, məktəbli rəssamların əl işləri arasında Fizzənin rəsmləri rəng duyumu, fantaziyası və özünəməxsusluğu ilə seçilirdi. Onun bu sənətə ürəkdən bağlılığının nəticəsi idi ki, 2004-cü ildə Fizzə Quliyeva Naxçıvan Dövlət Universitetində uğurlu qabiliyyət imtahanı verdi və mənim tələbəm oldu.
Tələbəlik illəri ərzində onunbir çox janrlar üzrə fitri istedadı üzə çıxdı. Sevdiyi sənətində ilbəil püxtələşən Fizzə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirdi. Bu zaman o, artıq muxtar respublikanın tanınan gənc rəssamları sırasında idi. Heç də təsadüfi deyildi ki, magistraturada təhsil aldığı zaman – 2010-cu ildə “Muxtar respublikada ilin ən yaxşı gənc rəssamı” adına layiq görülmüşdür. Bu gün mən tam məsuliyyət hissilə və əminliklə vurğulayıram ki, fitri istedadı ilə yanaşı çoxşaxəli fəaliyyəti və müxtəlif janrlı yaradıcı fəaliyyətilə Fizzə Quliyeva muxtar respublikanın qadın rəssamları arasında liderdir!”
Bu yerdə Fizzə Quliyevanın çoxşaxəli yaradıcılığına ümumi bir nəzər salaq. Plakat janrında olan işlərindən: “Heydər Əliyev NDU-nin 30 illiyində” (Bu əsər iri ağac lövhə üzərində yandırma üsulu ilə işlənib və burada ulu öndərə universitetin fəxri doktoru diplomunun təqdimolunma anı təsvir olunub), “Qayıdış və çiçəklənən Naxçıvan”, “Xocalı faciəsi”, “Ata həsrəti”, “Bu qan yerdə qalmaz”, “Bizi ellər çağırır”, “Sülh”, “Mənim universitetim”...
Portretlərindən: “Heydər Əliyev”, “İlham Əliyev”, “Vasif Talıbov”, “Milli Qəhrəman Mübariz İbrahimov”, “Akademik İsa Həbibbəyli”, “Bakı Metropolitenini rəisi Tağı Əhmədov”, “Şair Vaqif Məmmədov”...
Mənzərələrindən: “Kazım Qarabəkir paşa məscidi”, “Əlincəçay kompleksi”, “Kələki körpüsü”, “Düşüncə”, “Əlincə qalası”, “Bahar gəldi...”, “Qavalla rəqs”;
Natürmortlarından: “Güllər”, “Natürmort”, “Xrizantemlər”...
Karikaturalarından: “Azərbaycan – Dünyaya doğan günəş”, “Porpost”, Dünyanın yatmış üzü”, “Krossvord”, “Kiminə konfet, kiminə bomba”, “Fikir oğurluğu”...
Bu gözoxşayan, dərin məzmunlu, əlvan rəngli, ağlı-qaralı işlərin hər biri haqqında ən azı bir neçə cümlə yazmaq olardı. Bu əsərlərin qarşısında elə-belə dayanıb, yaxud ötəri nəzər salıb keçmək mümkün deyil. Əsər özü tamaşaçısını qarşısında bir neçə dəqiqə dayanmağa, ona diqqətlə baxmağa məcbur edir. Fizzə xanım öz düşüncə, məqsəd və fantaziyasından süzülüb yaradıcı məhsula çevrilmiş bu əsərlərinin əksəriyyətində tamaşaçı yozumu üçün də yer saxlayır. Əsərə diqqətlə baxan tamaşaçı onu öz baxış bucağı ilə də izah edə bilər və müəlliflə bölüşər. Bir neçə sərgidə rəssam xanımın bundan xüsusi zövq aldığının və öz tamaşaçısı ilə heç bir vaxt mübahisəyə girmədiyinin dəfələrlə şahidi olmuşam. Məsələn, “Düşüncə” əsərinə baxanlar bir ağsaqqalın parkda, skamyada əyləşib istirahət etməsi və ya qarşısında topla oynayan uşaqlardan birinin nəvəsi olması, onunla gəzintiyə gəlməsi, onlara baxaraq uşaqlıq çağlarını xatırlaması, yaxud öz problemləri barədə fikrə dalması qənaətinə gələ bilərlər.
Müəllif ideyası isə burada tam başqadır. Bura Naxçıvanda “Cavid” məqbərəsinin yerləşdiyi parkdır. Qoca məhz bu parka gəlmiş və əyləşib dərin xəyala dalmışdır. Bəlkə elə o da dahi Cavidlə eyni ildə - 1937-də repressiya burulğanına düşərək olmazın məşəqqətlərə məruz qalmışdır. Bəlkə də o da uzaq Sibir meşələrində illərlə şaxtada ağac mişarlamış, hər əlinə balta aldıqca öz ömrünü də baltalamış, vaxtından xeyli qabaq gəncliyilə vidalaşmışdır. Ola bilsin ki, orada, buzlu ağaclar arasında elə Hüseyn Cavidlə rastlaşmış, onunla birgünlük, biraylıq, bəlkə də birillik həmsöhbət olmuşdur?! Budur “Düşüncə” əsərinin əsas qayəsi.
“Güllər” əsəri barədə isə öz şəxsi mülahizəmi sizinlə bölüşmək istəyirəm. Burada tül pərdəli pəncərə önündəki mizin üzərində güllər qoyulmuş vaza təsvir olunmuşdur. Vazadakı güllər bir budaqda üç ədəd ağ qızılgüldən, ayrıca bir budaqda isə qara qızılgüldən ibarətdir. Ağ güllərin biri böyük, digəri orta açmış gül, birisə qönçədir. Yəni sanki bir ailədir – ata, ana və uşaq. Əsəri ilk dəfə görən kimi fikrimi müəllifə bildirdim: “Fizzə xanım, mən bu əsərin adını “Müdaxilə” adlandırardım. Belə bir ad gözləməyən rəssamı maraq bürüdü: “Elə niyə?” Dedim ki. bu rəsmi birlikdə “oxuyaq”. Ağ qızılgüllər bir ailədir – valideynlər və körpə. Vaza isə bu ailənin evidir. Qara qızılgül təkdir. Rəngindən bilinir ki, o, bu evə daxil olub (daha dəqiqi – soxulub) gənc ailəyə müdaxilə etmək məqsədi daşıyan qara, şər qüvvədir. Onun cinsini məlum etməyisə tamaşaçının ixtiyarına buraxaq.
Bundan sonra müəllif öz əsərini ilk dəfə görürmüş kimi onun qarşısında xeyli dayandı. Mən bilərəkdən onların hər ikisini – yaradıcını və yaradılmışı baş-başa buraxdım. Bir azdan Fizzə xanımın sərgi salonunun o tərəf-bu tərəfinə boylanmasından ziyarətçilər arasından məni aradığını hiss edib yaxınlaşdım. Dedi ki, qara qızılgülü çox sevir, ancaq bu əsərindəki məramını açıqlamadan yozumumla razılaşdığını, adını isə dəyişmək barədə düşünəcəyini bildirdi.
Universitet divarları arasında sənəti üzrə ilbəil püxtələşən Fizzə Quliyeva rəssamlığın daha bir janrında da özünü sınayaraq bu sahəyə də öz imzasını atmağa müvəffəq olmuşdur. Belə ki, 15 ildən artıq universitetdə fəaliyyət göstərən Tələbə Teatr Studiyasının hazırladığı son bir neçə tamaşanın – C. Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”nin, Nazim Hikmətin “Qəribə adam”nın, Esxilin “Zəncirlənmiş Prometey”inin quruluşlarında qrim, geyim, yaxud quruluşçu rəssam olub. Bununla da gənc rəssam nəinki öz yaradıcılığında, eyni zamanda Naxçıvanın mədəni həyatında böyük yenilik edərək atdığı cəsarətli addımla muxtar respublikanın ilk qadın-teatr rəssamı titulunu qazanmışdır. Elə bu yazını bitirmək ərəfəsində qəhrəmanım barəsində daha xoş bir xəbər eşitdim: Naxçıvan Dövlət Uşaq Teatrı Fizzə xanımla əməkdaşlıq etmək niyyətindədir – yeni mövsümdə hazırlanacaq tamaşalardan birinin geyim eskizlərinin hazırlanması bu gənc rəssama həvalə olunacaqdır.
Fizzə Quliyeva yaradıcılığı ilə bərabər elmi işlə də məşğul olmağa səy göstərərək dissertant kimi milli incəsənət tariximizin, mədəni irsimizin açılmamış səhifələrini araşdırıb, sənət adamlarımızın fəaliyyətini daha da dərindən və ətraflı işıqlandırmaq barədə axtarışlarını yorulmadan davam etdirir, elmi jurnallarda bu məzmunda maraqlı məqalələrilə çıxış edir.
Ülviyyə Həmzəyeva – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı, Rusiyanın “Yeni era” Rəssamlıq Akademiyasının həqiqi üzvü: “Mən Fizzə Quliyeva haqqında yalnız müsbət fikirlər ifadə edə bilərəm. İstər onun yaradıcılığı, istərsə də şəxsiyyəti barədə. O bizim gənc rəssamlarımız arasında, o cümlədən qadın rəssamlarımız arasında özünəməxsusluğu ilə seçilir. Özünün davranışı – mənəvi saflığı, səmimi rəftarı, xoş ünsiyyəti, mədəniyyəti və təvazökarlığı, istedadı və zəhmətsevərliyilə bütün birlik üzvləri arasında xüsusi nüfuz və rəğbət qazanmışdır. Sənətinə qarşı sonsuz məhəbbəti onu rəssamlığın müxtəlif janrlarında özünü sınamağa sövq etmişdir. Birliyimizin müxtəlif mövzulara və əlamətdar günlərə həsr etdiyi sərgilərdə Fizzə xanım ən azı iki əsərilə mütəmadi və fəal iştirak edir. Son illərdə teatr janrına da meyl edən gənc rəssamın səhnə eskizləri də maraqla qarşılanır.
Naxçıvan Dövlət Universitetində eyni kafedrada çalışdığımız üçün onu özünətələbkar və tələbələrinin sevimlisi olan bir pedaqoq kimi də tanıyıram. Fizzə həmçinin elmi tədqiqat işilə də məşğuldur. Maraq doğuran bir neçə məqalənin müəllifidir. Sadaladığım şəxsi keyfiyyətlərinə və hərtərəfli yaradıcılıq məziyyətlərinə görə Muxtar Respublika Rəssamlar Birliyinə üzv seçilmiş Fizzə Quliyevanın da şəxsi işi digər bir neçə rəssamımızın sənədlərilə birlikdə Azərbaycan Rəssamlar İttifaqına göndəriləcəkdir. İnanıram ki, Rəssamlar İttifaqının üzvü olduqdan sonra Fizzə Quliyevanın əsərləri nəinki nəinki Azərbaycanın, eyni zamanda dünyanın müxtəlif sərgi salonlarında nümayiş etdiriləcəkdir. Bu yolda ona uğurlar arzu edirəm.”
Bəli, Fizzənin rəng izlərinin müxtəlif şəhərlərin möhtəşəm sərgi salonlarında görünəcəyi zaman çox da uzaqda deyil. Bu arzumuzun gerçəkləşməsi üçün istedadlı gənc rəssama yeni-yeni sənət nailiyyətləri diləyirik!


ƏLƏKBƏR QASIMOV
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü
12-12-2014, 17:12

“Bura Ermənistanın olmayıb, heç Ermənistan özü olmayıb...”

“Bura Ermənistanın olmayıb, heç Ermənistan özü olmayıb...”1988-ci il idi. Günlərin bir günündə qohumum Zirəddin Usubov dedi ki, sabah səni ulu babalarının yurduna aparacağam.
“Ora haradır?” - deyə maraq etdikdə cavabı bu oldu: “Ceyrançöldə, Kür qırağında sehrli bir bulaq var. Gecə yuxuma girib. O bulağı ziyarətə gedəcəyik”.
Danışıb sabahısı gün görüşdük. “Niva”mız da hazır vəziyyətdə bizi gözləyirdi. Hə, onu da deyim ki, Zirəddin mənim ata nənəmin qardaşı Ələkbərin oğludur.
Yola düşdük, hardasa saat 12-də Kürün o biri tayına keçdik. Hava çox isti idi. Necə deyərlər, ilanlar mələyirdi, isti də bir tərəfdən nəfəsimizi kəsirdi. Buna baxmayaraq körpüdən Qazax tərəfə dörd dəfə keçib qayıtmışdıq... Di gəl, axtardığımız bulağı tapa bilmirdik ki, bilmirdik...
Yolumuzun üstündə bir ağaclıq vardı, onu özümüzə nişangah seçib hər dəfə gedib-gələndə orda soluğumuzu dərib dincəlirdik. Beşinci dəfə orada oturanda artıq saat 5 olardı. Çox yorulmuşdum, amma o bulaq məni özünə çəkirdi. Zirəddin də bir yandan bulağın sehrindən danışırdı və mən daha çox həvəslənirdim:
-Deyirlər, o bulağın suyu ilə nə qədər qab-qaşıq yusalar da qablar təmizlənməzmiş, yağlı qalarmış. Suyu qaynadıb isti su kimi istifadə eləyəndə belə işə yaramırmış. Bir gün sənin ulu baban Qasım deyib ki, bu suda bir sehir var, görürsünüz qab-qaşığı belə yumaq olmur. Daha onunla qab-qaşıq yumayın. Ancaq ağacları sulayın, heyvanları suvarın. Baban bunları oğlanları - mənim atamın babası Namaza və o biri qardaşları Əhmədlə Kərimə deyib.
Dediyinə görə, Zirəddin də o bulağı uşaq vaxtı görübmüş. Hardasa 60 ildən çox vaxt keçib üstündən... Mən hövsələsizlik eləyib Zirəddindən soruşdum:
-Bəs biz necə tapaq o bulağı?
Zirəddin:
-Orda yeddi yataq, bir də bir ev olub. Yataqların yeri kalafa kimi qalıb. Evin də yeri qalmalıdır. Bir də ki, bulaq çıxan yerdə ağac da var. Diqqət etdinsə, burdan başqa bizim qabağımıza heç yerdə ağaclıq çıxmadı. Ağaclar Kürün qırağındadır.
-Nə bilirik, bəlkə də buradadır?!
O, ətrafa göz gəzdirdi. Araya ani sükut çökdü. Birdən xoş ovqatla dilləndi:
-Vallah, deyəsən tapmışam axı! Bax, budur yeddi yatağın yeri. Ora da evin yeridir.
Evin yerində bir dənə də daş yox idi. Amma yataqla evin yeri torpaqda çökək kimi qalmışdı.
-Bəs sehrli bulaq hanı? - elə bunu demişdim ki, ikimiz də eyni anda arxaya döndük.
Tüklərimiz biz-biz oldu. Zirəddinin dediyi yerdə, bulağın yerindən neft fışqırırdı. Mən təəccübdən yerimdə donmuşdum:
-Zirəddin, bu bulaq doğrudan sehirli imiş.
Zirəddinin gözləri doldu:
-Deməli, o vaxt qabları yuyanda yağlı olmasının səbəbi bu imiş. Suda neft varmış.
O elə ayaqüstəcə mənə babalarımın tarixindən danışmağa başladı. O ərazini göstərərək dedi ki, bura bizim babaların ərazisi olub, sovet hökuməti dövründə də onlar buralarda heyvandarlıqla məşğul olublar.
Daha sonra Kürün Tovuz tərəfinə adladıq. O, məni Tovuz çayının Kürə qarışan tərəfinə gətirib dedi:
-Yaxşı bax, bu çayın sağ tərəfində Bozalqanlı kəndi olub. Sol tərəfində də köhnə Çilovdarlı kəndi.
O, Çilovdarlı kəndini göstərəndə təəccübləndim. Zirəddin barmağını yüz il bundan öncənin qazma evlərinə tuşladı. Sonra da qədim Çilovdarlı qəbiristanlığını göstərdi:
-Mənim atamın babası Qasım hey onların adlarını çəkərdi. Atamın əmisi Əhməd, Kərim bu qəbiristanlıqda uyuyur. Sizin nəslə də Qaralar deyirlər, ulu babanın adı Qara olub. Onun oğlu da Qasım. Qasımın yeddi oğlu varmış. Yeddisi də Həcc ziyarətinə gedib. Yeddi qardasdan sən Hacı Paşanın yadıcasısan. Hacı Paşa, Hacı Məhərrəm, Hacı Bağır, Hacı Rza, Hacı Kərim, Hacı Yusifi, Hacı Sadiq - onların yeddisi də bu qəbiristanlıqda yatır. Paşanın oğlu Qasımdır. Qasımın oğlu Namaz, Namazın oğlu Göycədir. Göycənin oğlu Qəzənfər Qasımov isə mənim atamdır. Hər ilin yay məzuniyyətimi onunla birlikdə keçirirəm. O, keçmişdən, tarixdən çox danişır, sovet hökuməti onların var-dövlətini, torpaqlarını əllərindən alıbmış.
Atamın əmisi Paşa Azərbaycanda ilk oxumuşlardan biri idi. Qori seminariyasını bitirmisdi. Sovet hökuməti qurulanda o dövrdə Nazirlər Sovetinin sədri olan Həmid Sultanov Paşa kisi ilə görüsür. Belə bir razılaşma olur ki, ya qaç İrana, Türkiyəyə keç, ya da mal-mülkünlə kolxoz quruculuğuna qatıl ki, biz səni qoruya bilək. Onlar bir yerdə oxumuşdular. Beləliklə, Paşa Qasımov 15 qoyun sürüsünü aparıb Tiflisdə, Soğanlıq deyilən kənddə satır, iki sürüsünü isə kolxoza bağışlayır. Babam Goycə kişini də Çilovdarlı kəndinin kolxoz sədri qoydurmuşdu. Qalan var-dövlətini isə qohumlar arsında paylamışdı.
...Zirəddinin də ulu babası yeddi qardaşdan Yusifin kötükcəsi idi. Zirəddin bir çinar ağacına yönəldi:
-Bax o çinarı görürsənmi? Oralar Göycə kişinin ərazisi olub. Mən “Nizami” kolxozunda işləyəndə bu ərazi “Göycə kişinin çinarı” adlanırdı. Həmin il bizim
Niyazi (Niyazi Zirəddin oğlu Usubov) kolxozun sədri işləyirdi...
Zirəddinin beş oğlu vardı, beşi də vəzifədə idi. Biri Balakənin polis rəisi idi. O, tarixini, keçmişini yaxşı bilirdi. Mənə dedi ki, “Topdağıdan” deyilən bu ərazi də sizin ulu babaların yurdu olub. Siz əslən bu torpaqdansınız. Sənin ata-babanın bir ərazisi də “Ermənistan”da, Şorca gölünün kənarında, “Orconikidze” kolxozu olan yerdədir. Sovet hakimiyyəti qurulanda o ərazidə kolxoz qurdular,
oranı da sizinkilərdən qopardılar.
Mənim yadıma Dürrü bulağı düşdü... Biz uşaq olanda atam hər il bizi o bulağın başına aparardı. Rəhmətlik Məleykə nənəm Dürrü bulağında, örük daşları olan yerdə qəbirləri gəzərdi. Atama ordakı qəbirləri bir-bir adıyla sadalayardı:
-Bax bu, sənin baban Namazın qəbridir. Bu da dayın Mikayılın...
Nənəm əli ilə qəbirlərin üstünü təmizləyərdi və can hövlü ilə deyərdi: “Bu torpaqlar var ha, bunlar bizim olub, bala. Dədə-baba torpağımız olub. Bura Azərbaycan ərazisi, Azərbaycan torpağı olub... Heç bilmirəm, necə oldu, bu erməni dığaları torpağımızı yiyələndilər. Bura heç vaxt Ermənistanın olmayıb. Heç Ermənistan özü olmayıb!”
Mən sonralar tarixlə yaxından maraqlananda gördüm ki, Səfəvi dövlətinin süqutundan sonra bu ərazilər bir müddət Osmanlı dövlətinin nəzarətinə keçibmiş. Osmanlı dövləti əhalidən vergilərin yığılması üçün o vaxt kəndbəkənd siyahıyaalma aparmışdı (siyahıda 1727 nəfərin adı keçir).
“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”nin 246-247-ci səhifələrində ulu babam Qasımın, başqa babalarımın adlarını tapdım. Təsəvvür edin, əlinə bir kitab keçir... və sən düz
1727-ci illərə qiyabi səyahətə çıxır, babalarınla vərəq-vərəq, ruh-ruh görüşürsən...



12-12-2014, 17:09

MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ GÖRÜŞ

İRAN İSLAM RESPUBLİKASININ AZƏRBAYCANDAKI MƏDƏNİYYƏT MƏRKƏZİNİN RƏHBƏRİ DOKTOR AĞAYİ İBRAHİM İBRAHİMİYƏ VƏ AĞAYİ ƏLİRZA BEHBUDİYƏ DƏ " BİRLEŞEN YÜREGLER " DERNEYİNİN MEDAL VƏ SERTİFİKATLARI VERİLDİ.

MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ GÖRÜŞ

12-12-2014, 16:53

SƏHNƏMİZDƏ MƏMMƏD ARAZ OBRAZI

ƏLƏKBƏR QASIMOV

AMEA Naxçıvan Bölməsi sənətşünaslıq üzrə fəlsəfə doktoru
E-mail: elekberqasimov@mail.ru



SƏHNƏMİZDƏ  MƏMMƏD  ARAZ  OBRAZI


Məqalədə Naxçıvan şəhərində “Cavid” Poeziya Teatrının yaradılması haqqında qısa məlumat verilir. Daha sonra bu teatrda Məmməd Arazın poeması əsasında hazırlanan tamaşa və burada şairin müxtəlif yaş dövrlərində canlandırılan obrazı haqqında söhbət açılır.

Açar sözlər: poeziya teatrı, tamaşa, aktyor, obraz

“Cavid” Poeziya Teatrının təsisi, təşəkkülü və təntənəli açılışı dahi sənətkarın 100 illiyi ərəfəsində həyata keçirilmişdir. 1981-ci ildə Azərbaycan KP MK-nın Hüseyn Cavidin 100 illiyinin təntənəli şəkildə qeyd olunması haqqında qərarında Naxçıvan Teatrının ikinci səhnəsi kimi “Cavid” Poeziya Teatrının da yaradılması nəzərdə tutulmuşdu (2).
1982-ci ilin oktyabrında Naxçıvanda olan respublika rəhbəri Heydər Əliyev oğlu İlham Əliyevlə birlikdə “Cavid” Poeziya Teatrını da ziyarət etmiş, yaradıcı heyətlə görüşərək yeni teatrın yaranması münasibətilə onları təbrik etmişdir.
Düz bir ay sonra – elə həmin ilin noyabrında təntənəli açılışı olan bu teatrda ilk tamaşalar Hüseyn Cavidin ömür yoluna həsr olunmuş, eləcə də dahi şair dramaturqun əsərləri əsasında hazırlanmış tamaşalar olmuşdur. Sonrakı illərdə isə burada müxtəlif şair və dramaturqların əsərlərinə müraciət olunaraq bir-birindən maraqlı tamaşalar hazırlanmışdır.
1986-cı ildə “Cavid” Poeziya Teatrının növbəti yaradıcılıq uğuru Məmməd Arazın “Atamın kitabı” poeması və digər şeirləri əsasında hazırlanmış “Azərbaycan – dünyam mənim!” adlı tamaşa olmuşdur.
Vaxtilə “Atamın kitabı” haqqında ədəbi tənqidin söylədiyi qiymətli fikirlər arasında görkəmli ədəbiyyatşünas, professor Yaşar Qarayevin də özünəməxsus mülahizələri vardır. Bu əsəri o, Məmməd Arazın 2002-ci ildə nəşr olunmuş ikicildlik “Seçilmiş əsərləri”nə yazdığı ön sözdə belə dəyərləndirmişdir: “...Məmməd Arazın hələ “Atamın kitabı” poemasında... təbiət xəyala dalır, düşünür, dil açır və danışır. Vətənin tarixi və taleyi kimi, əbədi, müqəddəs ana kimi, insanlığın özü və rəmzi kimi təhlil və tərənnüm olunur... “Atamın kitabı” yalnız sərlövhəsi ilə yox, məzmununun müəyyən məqamları ilə məşhur bir əsərin adını yadımıza salır. “Anamın kitabı”nda (Cəlil Məmmədquluzadə) təhlil olunan milli və ictimai ideallar təbii, gur işıq axarı kimi burada məhz təbiət adlanan aynada “sınır” və eyni vaxtda həm də təbiətdən “qayıdan” şüa kimi müştərək, qoşa “yaddaş yükü”nü özündə cəm edir: Mən uca dağlara babam demişəm” (1, s. 5).
Tamaşanın quruluşçu rejissoru Vaqif Əsədov eyni zamanda səhnələşdirmənin müəllifi kimi ədəbi materialdan və şairin müxtəlif səpkili şeirlərindən məqsədəmüvafiq istifadə etməklə dolğun bir tamaşa ərsəyə gətirə bilmişdi. Onun rol bölgüsü də uğurlu alınmış və hər bir aktyor öz rolunun öhdəsindən məharətlə gəlmişdi. Tamaşada poemanın məzmununa uyğun olaraq Məmməd Arazın ömür yolunun üç mərhələsi – uşaqlıq, gənclik və yetkinlik dövrü əks etdirilirdi. Şairin uşaqlığını Oqtay Əsədov, gəncliyini Elşad Allahverdiyev (indi Azərbaycan Radiosunun səs fondu və operativ fonoteka şöbəsinin müdiri), yetkinlik dövrünü isə Əli Əliyev (indi Azərbaycan Respublikasının əməkdar artisti) maraqlı oyun tərzilə ifa etmişdilər.
Əsas rollarda Naxçıvan Teatrının mərhum sənətkarları – Azərbaycan SSR əməkdar artisti (sonralar xalq artisti) Əkbər Qardaşbəyov (İnfil), Azərbaycan SSR əməkdar artisti (sonralar xalq artisti) Roza Cəfərxanova (Mahmud qızı), Azərbaycan SSR xalq artisti Zemfira Əliyeva və indi Azərbaycan DGT Teatrının aktrisası, respublikanın əməkdar artisti olan Naibə Allahverdiyeva (Gülsüm) iştirak etmişlər.
Digər rollarda isə indi xalq artistləri olan Həsən Ağasoy (müxbir və ikinci aktyor) və Kamran Quluyev (Camal kişi), indi respublikanın əməkdar artisti olan Yusif Allahverdiyev (Sumbat kişi), eyni zamanda tamaşanın rejissor assistenti olan Tofiq Seyidov (üçüncü aktyor), Cəvahir Məmmədova və Gülxar Məmmədova (qonşu qız) və Vaqif Əhmədov (musiqiçi və beşinci aktyor) uğurlu çıxış nümayiş etdirmişdilər (3).
Burada qeyd etmək lazımdır ki, Vaqif Əhmədov sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU-nin) rejissorluq fakültəsinə daxil olmuş, elə tələbə ikən Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmış və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Tamaşanın quruluşçu rəssamı Əli Səfərovun yığcam səhnə tərtibatı, hər bir dövrə uyğun geyimləri tamaşaçı zövqünü oxşaya bilirdi. Musiqi tərtibçisi Fazil Əsədov tamaşanın ideya və qayəsini açıqlayan gözəl melodiyaların səsləndirilməsinə nail olmuşdu (4).
Tamaşanın premyerası müəllifin iştirakı ilə oktyabr ayının 14-də olub (5, s. 584). Məmməd Araz baxışdan sonra onunla birlikdə ilk tamaşanın sevincini yaşayan bütün yaradıcı heyətə dərin minnətdarlığını bildirmiş, öz obrazını daha dolğun və təbii yaradan gənc aktyor Əli Əliyevi bağrına basaraq ona xüsusi təşəkkür etmiş, hamıya yeni yaradıcılıq uğurları arzulayaraq ilk dəfə çap olunan bu xatirə şəklini çəkdirmişdir.



“Azərbaycan – dünyam mənim!” tamaşasının premyerasından sonra müəllif
Məmməd Araz (mərkəzdə) yaradıcı heyət və tamaşaçılardan bir qrupu ilə.
Naxçıvan, “Cavid” Poeziya Teatrı, 14 oktyabr 1986-cı il.
12-11-2014, 19:31

Bilal Alarlının təqdimatında FƏRHAD CAVADİ ALAR HAQQINDA


Bilal Alarlının təqdimatında FƏRHAD CAVADİ ALAR HAQQINDA

Alar kəndi Yardımlı rayonun iri yaşayış məntəqələrindən biri sayılır. Aların zəngin bitki örtüyü və heyvanat aləmi diqqəti cəlb edir. Bu tip landşafta mənsub olan Alar ərazisində heyvandarlıq, xüsusən qoyunçuluq üçün də təbii imkanlar mövcuddur. Qoz və fındıq ağaclarının inkişafı üçün Alar yerlər misilsiz əhəmiyyət kəsb edir. Palıd, vələs, fıstıq, qarağac, yerli əhalinin kəkov adlandırdıqları məxmər yarpaqlı dağ ağcaqayın ağaclarından ibarət qarışıq meşələr burda üstünlük təşkil edir. Aların dağ yamaclarında bitən və ərazi üçün səciyyəvi olan yemişan, itburnu, əzgil, böyürtkən kolları geniş yayılmışdır. Təbii halda bitən cır meyvə ağaclarından - alça, alma, göyəm, gillik, armud və başqalarından ildə yüz tonlarla məhsul götürmək mümkündür. Alar ərazinin yabanı florasında - qalın, keçilməz meşə və ormanlarında bitən palıd, vələs, dağdağan, cökə, göyrüş, azot ağacları ilə bərabər, bütün fəsillərdə yaşıl örtüyünü soyunmayan, planetdə çox nadir sayılan bəzi həmişəyaşıl ağac və kollar da az deyildir. Çox nadir bitki növləri içərisində həmişəyaşıl iynəyarpaqlı ardıc ağacına bölgənin cənub və qərb meşə zolaqlarında təsadüf edilir.
Xalq arasında Alar haqqında çox maraqlı yozumlar söylənilir, bu haqda tədqiqatçı Bilal Alarlının fikri maraqlıdır: “Alarlar haqqında çox qiymətli və olduqca maraqlı tarixi mənbələr mövcuddur. Xalq ehtimalına görə, burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət, Alar formasına düşüb. Göründüyü kimi, bu kənd adı haqqında xalq arasında o qədər uydurma, təxmin üzrə yorumlar və dastanlar yaranıb və belə nümunələr saysızdır. Kəndin adının kökünü və tarixi səbəbini araşdırdıqdan sonra baxıb görünürük ki, xalq arasındakı yorum hara, bu kəndin ad mahiyyəti və tarixi hara?! Bilal Alarlının qeyd etdiyi kimi, ALAR kəndinin əhalisi özlərini ALIXAN adlı bir şəxslə bağlayırlar. B.Alarlı bu xalq yorumla bağlı yazır ki, mənim mənsub olduğum alarlar özlərini Alıxan adlı bir şəxsin varisləri sayırlar. Amma iş burasındadır ki, Alıxan özü Alar türk tayfasına mənsub bir nəsildən çıxıb. Yəni bütün alarları Alıxana bağlamaq düz deyil. Alarlar Orta Doğuda, Cənubi Azərbaycanda (32 kənddə), İrkutda, Monqolustanın qərbində, Türkiyədə və başqa ölkələrdə yaşayırlar və hər yerdə türk etnosunu təmsil edirlər.
Alar adı haqqında xalq arasındakı yorum, bizсə də, inandırıcı deyil, çünki xalq alim və tədqiqatçı qədər biliyə, tarix elminə , tarixi faktlara və dəlillərə malik deyil. Ümumiyyətlə, belə şəxs adı daşıyan kənd adlarının etimologiyası belə bir şəraitə və düyünlərə tuş gəlir. Biz Ermənistanın türk kənd adlarının etimologiyası üzərində işləyərkən belə bir şəxs adı daşıyan kənd adlarına çox rast gəlmişik və görünür ki, kəndin yazılış və xalq arasında deyilən adı ərəbcə bir şəxs adıdır, amma öz əsl tarixi adı, tam başqa bir ad və başqa bir mövzudur. Misal üçün, Ermənistan ərazisində türk kəndinin adı Abbasabaddır. Bu adın ərəb adı olan ABBASla nə ilgisi ola bilər?! Bu ad Alban katolikoslarına aid bir addır ki, Azərbaycan toponimlərinin kök araşdırması adlı silsilə məqalələrimizdə qeydə alınıbdır. ABBAS adı ilə yalnız fonetik oxşarlığı ola bilər və Ermənistanda onlarca belə türk kənd adlarını saymaq olar. İndiki Ermənistan andlandırdığımız Qərbi Azərbaycan ərazisində olan türk kəndlərindən söhbət gedərkən, lazım görünür, Bilal Alarlının Alar kəndi haqqında dediyi fikri burada misal gətirək. B.Alarlı deyir: “Ermənistan ərazisində Bazarçayın sol sahilində Alar adlı yaşayış məntəqəsi olub. 1914-cü ildə, Birinci Dünya Müharibəsi başlayanda Andranikin adamları o kəndi dağıdıblar, əhalisinin sağ qalan hissəsi Naxçıvana köçüb".
Cəlilabadda Alar kəndi var. Tanınmış jurnalist Elman Eldaroğlunun yazdığına görə, Cəlilabaddakı alarlılar Yardımlıdan gəlmədirlər. Vaxtı ilə Cəlilabaddakı Alar qışlaq, Yardımlıdakı Alar yaylaq olub. Əhalisi əsasən heyvandarlıqla məşğul olduğu üçün belə olub. Sonradan oturuşublar". Tanınmış tədqiqatçı alim Bilal Alarlı deyir ki, Cəlilabadın əksər kəndləri Yardımlının kəndləri ilə bu və ya digər dərəcədə bağlıdır. Burada təsərrüfatla əlaqədar qışlaq-yaylaq söhbəti var. Bu, ilkin təəssüratdır, adamlardan necə eşitmişəm, elə də yazmışam.
Bilal Alarlı Alar toponimin adı haqqında yazır: "ALAR Türk tayfasının adıdır. Alılar, Allar, yoxsa Alar? " Təkrar olmuş olsa da, deməliyik ki, Bilal Alarlının qeyd etdiyi adların hər üçü bir kökə (AL) malikdir və bir istiqamətdədir. Bu adların ikinci hissələri "lar" olursa, cəm şəkilçisi kimi özünü göstərib və "xalq", "kütlə", "toplum", "tayfa" anlamına da gəlir. Əgər bu toponimin adı Alardısa, burada adın ikinci hissəsi olan "AR" bir çox yerli və əcnəbi alimlərinin fikrincə, igid, ər, kişi, insan anlamlarını daşımaqdadır Bu əsasda Alar Al kişisi, Al adamı, Al tayfası adamı deməkdir. Çünki "Ar" və onun müxtəlif fonetik variantları olan ər/ir/ır bir çox türk dillərində olmuş və indi də vardır. Tanınmış alimlərdən V.K.Kelmakov "Ar//Ər" sözünü qeyri türk dillərə mənsub edənlərə etiraz edərək onların bu fikrini elmdən uzaq və yanlış sayır: "Keçən yüzillikdə "Ar" sözünün açımı ilə çoxlu etnograf və tarixçilər məşqul olurdular, buna görə də təbiidir ki, onların bu sözün mənşəyi haqqında fikirləri sözlərin təsadüfi forma oxşarlığı üzərində qurulmuşdur. "Ar" sözünün türk mənşəli olduğunu elmi baxımdan təmamilə düzgün hesab edirik". V.K.Kelmakovdan öncə V.V.Radlov, B.Budaqov, Jiran Mikloş və başqaları da "Ar/Ər/İr/Ir" sözünü Türk mənşəli söz saymışlar. Türk dillilərdən "Ar//Ər"i, azərbaycanlılar "ər","kişi","igid", çauşlar və türkmənlər "insan", "kişi", özbəklər, qırqızlar, tatarlar, başqırdlar "kişi", "igid", qaraqalpaqlar isə "kişi" anlamlarında işlədirlər. Yardımlı bölgəsi özəl mifik şəraitə malik olduğuna üçün, bəlkə də, Azərbaycanın başqa "Alar" adlı toponimləri də bu bölgədən qaynaqlanmışdır. Alarlılar Yardımlının Alar kəndindən başqa bölgələrə köç etmişlər və yeni yaşadıqları yerlərə öz tayfa adını vermişlər. Ya da Yardımlının Alarından gəldikləri üçün o bölgənin yerli xalqı onları Alar adlandırıblar.
Azərbaycanın tanınmış alimi Bilal Alarlı Alar toponimi haqqında araşdırmasında yazır ki, "Yardımlıdakı Alar, Şıxhüseynli, Zəngələ (Niyarlı), Biləsuvardakı Zəhmətabad (keçmiş Abaslı), İsmətli, Aranlı, Cəlilabaddakı Alar, Sərhədabad (Qarayar) və Abışabad (Xanrəva) kəndlərində yaşayan əhali özünü “Alarlı” adlandırır. Muğanda İnçə çayının ətrafında yerləşən ən böyük yaşayış məntəqəsi “İnçə Aları” adı ilə tanınmışdır. Alarlı, ya da bəzilərinin dediyinə görə, Allarlıların türk soylu və türkdilli tayfa olduğunu biz demirik, bəlkə onun adı və adının etimologiyası, bu adın tərkib hissələrinin tək-tək xalis türk sözü və mifik xarakterli termin olması, Azərbaycan türklərinin və tayfalarının mifologiyasından qaynaqlanması, bar-bar bağırıb deyir ki, mən türkəm. buna görə də tədqiqatçı Bilal Alarlı Alar tayfasının kökü və mənşəyi haqqında yazır: "Alar türk tayfasının adıdır." Alarların türk soylu və türkdilli olduğuna dair Azərbaycanın Yardımlı bölgəsinin Gilar kəndindən olan tanınmış alimi Firudin Gilarbəg də yazır. Alarlar haqqında elmi araşdırma apararkən qeyd edir ki, Allar tayfası türk seyid-bəglərinin nəslidir və həmişə də Azəri türkcəsində danışmışlar.
Yardımlıdan olan tanınmış alim Şahlar Məmmədov (Göytürk) Alarlıların dialektini və şivəsini araşdırarkən yazır: "Alarların dil xüsusiyyətləri digər Yardımlı şivələrindən xeyli fərqlidir. Burada q səsi ilə başlayan və bitən sözlərdə ğ səsi səciyyəvilik təşkil edir. Məsələn, qonaq-ğonəğ, qazan-ğəzən, qara-ğərə və sair. Bu əvəzlənmə dilimizin Şamaxı, Göyçay şivələrində, eləcə də tatar, türk, qırğız, çuvaş və digər dillərdə mövcuddur". Tarix baxımından Azərbaycan ərazisində iki növ xalq yaşayır: birincisi Nuh tufan və fırtınasından bəri (28500 il öncə) bu ərazidə məskun yerli, aborigen türk xalq və tayfalarıdır (NUH oğlu YAVUZ-un nəsli və törəmələridir). İkincisi müxtəlif soylu qeyri türk, gəlmə xalqlardır ki, ən qədimi bu əraziyə 2700 ildir gəlib. Üçüncü bir xalq yoxdur. Bununla sadə və lorı dildə demiş olsaq, Azərbaycanda iki cür insan yaşıyır: türk və gəlmə, üçüncüsü yoxdur. Alarla ilgili bir çox toponimlər tarix sürəsində yaranıbdır. Alarlıların Azərbaycan ərazisində səpələnmələri və onların digər türk tayfaları ilə qohumluğu haqqında Bilal Alarlı da yazmışdır. Tədqiqtçı Firudin Gilarbəg isə yazır ki, Allar/Alarlıların bütün qocaları, ağsaqqalları Alar tayfasının Gilar və Arvana tayfaları ilə əmiuşağı olduğunu bildirirlər. Cəlilabad rayonuna və digər ərazilərə köçmüş Alar nəsli Yardımlı Alarından başlanır və deyilənə görə, 18-ci yüzillikdən Rusiyaya qədər səpələnmişlər. Gilar (ərəbcə Cəlair) tayfalarının da əksəriyyəti əsasən Cəlilabad və digər rayonlara köçmüşlər.
Alarlar təkcə Azərbaycan ərazisində yaşamırlar. Azərbaycandan kənar ölkələrdə də bu ada və tayfaya rast gəlmək olur. Bu haqda tanınmış tədqiqatçısı Bilal Alarlı mükəmməl və sanballı məlumatlar verir. Azərbaycandan kənarda alarlara mənsub bir çox qəbilələr və tirələrdən ibarət olan çoxsaylı ailələr əsasən indiki İran ərazisində yerləşən Azərbaycan əyalətlərində, İraqda, Türkiyə, Suriya, Əfqanstan, Orta Asiyada və digər yaxın Şərq ölkələrində məskunlaşıblar. Adı çəkilən bu ölkələrdə yaşayan alarlar öz adət-ənənələrini, tarixini, etnoqrafiyasını və əsasən, dədə-baba məşğuliyyətini qoruyub saxlayırlar. Alarlar Monqolustanda Kobdo çayı üstündə, İrkutda Anqara çayının qərbində, Çində Tauşkandərya, Aksu və Tarim çayları arasında, Qırğızıstanda İssık-Kul gölünün şərq sahilində, Özbəkistanda Amudəryanın mənsəbində, Qazaxıstanda Sırdəryanın mənsəbində, Arıs, Keles və Tales çayları arasında, Çu çayının mənsəbində, Altay ölkəsində Katun çayı ətrafında, İranda Araz və Qarasu çayları arasında, Azərbaycanda Viləş və Bolqarçay arasında məskunlaşmışlar. Alarların yayılma əhatə dairəsi çox geniş olub. Bu qədim tarixə və keçmişə malik olan türk soylu tayfanın izini Moğulıstanda , monqollarla ilgili çox geniş şəkildə tapmaq olar. Alarların Moğollarla ilgili tarixini tədqiqatçı Bilal Alarlı araşdırmışdır. Onun yazdığına görə, XV yüzilliyədək alarlar ələt, dorbet, bait, torqut, xoşun, zaxçe və çoros kimi Qərbi Monqolustanın oyrat türk tayfaları ilə əlaqədə olmuşlar. Hətta cəlair, elçigin, küngüt, tangit, sunit, suqait və başqa tütk tayfaları ilə birlikdə monqol qoşunlarının tərkibində vuruşmuşlar. Qazan xanın hakimiyyəti illərində oyratlar və alarlar bölgədə böyük nüfuz sahibi idilər. Maraqlıdır ki, bəzi tədqiqatçılar aları monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrot tayfasının bir qolu da sayırlar. Müəllif daha sonra yazır ki, Alar kəndinin əhalisi Lerik ərazisindəki oratları-oyrot tayfasını özlərinə ən yaxın qohum sayırlar. Orat qədim oyrot tayfasının fonetik dəyişikliyə uğramış adıdır. Bəzi mənbələrdə bu tayfa oğuz tayfası kimi qeyd olunur. Oyrotların izlərinə Lerik, Cəlilabad və Salyan ərazilərində də rast gəlinir. Göründüyü kimi, alarlar Türkiyədən Monqolustanadək türklərin yaşadıqları hər yerdə məskunlaşıblar. Müəllif Alarların İran ərazisindəki vəziyyətindən söz açarkən qeyd edir ki, XVI yüzilliyin əvvəllərində Qızılbaş, bir qədər sonra isə Şahsevən kimi tanınan alarlar XVII-XVIII yüzilliklərdə Talış xanlığının 6 mahalından birini təşkil edirdilər. Alarların rus çarizm hökümətilə ilgililəri haqqında B.Alarlı deyir ki, Baykalətrafı ərazi ruslar tərəfindən işğal edildikdən sonra Alar bölgəsi inzibati vahid kimi fəaliyyət göstərməyə başlayır, sonralar bunun əsasında mərkəzi Kutilik şəhəri olan Alar rayonu yaradılır. Bu toponimlə bağlı tanınmış alim Şahlar Məmmədovun (Göytürkün) apardığı araşdırmalar da önəmli və maraqlıdır . Ş.Məmmədov "Alar" adını "qırmızı dərili ərənlər" kimi mənalandırır və qeyd edir ki, bu söz türkcədə al – "qırmızı" və ar/ər komponentlərindən ibarət olub "qırmızı rəngli (dərili) ərənlər" mənasını verir. Bundan başqa, alar türk dillərində "hündür yer" mənasındadır. Al həm də ucalıq bildirir və “al ər” yüksək mənsəbli igid mənasına gəlir. "Kitabi-Dədə Qorqud" dastanlarında alar, alan sözləri də bu mənalarda işlənmişdir: a) alan-hündür mənasında: “Qazan gög alan çəmənə çadır dikdirdi”; b) alan-sabah, sübh tezdən mənasında: “Alan sabah yerindən turan qızlar”. "Alan" sözünün "alar" (Alar-sabah, sübh tezdən mənasında) variantına da təsadüf edilir: “Alar sabah Dərsə xan yerindən uru turdı”, yaxud: “Alar danla yerindən duran yigit, nə yigitsən?” Alar dan – sübh tezdən kimi anlaşılır. Dastanın ayrı-ayrı boylarında Alar danla alan sabah sinonim sözlər kimi işlədilir və al sözünün məna çalarları belə verilir: al (alan, alca, alar, alat, alalmaq) – qırmızı, yalan, qızarmaq, düzənlik, aydınlıq və sair. Bilal Alarlı öz məqaləsində "Alar" sözünün etimologiyasını araşdırarkən sonra qeyd edir ki, Altay sözü mənbələrdə Alatau şəklində qeyd olunur Bu da "uca dağ" anlamındadır. Göründüyü kimi, ekstralinqvistik amilləri nəzərə almamaq mümkün deyil. Alar sözü iki müstəqil mənalı komponentdən əmələ gəlsə də, bu tipdən olan xəzər, bulqar, avar, salar, kəvər, qacar, kəngər və sair etnonimlər kimi, onu da sadə etnonim adlandırırlar. –Ar, -ər, -ir, -ur, -or komponentləri bütün qədim türk xalqlarının dillərində “adam”, “ər”, “kişi” mənalarında işlənmişdir və bu komponentlərin köməyi ilə çoxsaylı etnonimlər yaranmışdır. Dilin tarixi inkişafı nəticəsində Al sözünün kontominasiyası (semantik çarpazlaşması) prosesi baş vermişdir. Burada semantik arxaizm elementləri (al-yalan, qırmızı, uca, od və sair) özünü göstərir.
M.Ə.Seyidovun nəzərinə görə, "al" türk dillərində “bir şeydən yuxarı qalxmaq” anlamını verir. Bilal Alarlı Alar toponiminin etnooykonim olduğunu daha inandırıcı bilib. Biz burada mümkün qədər "Alar" sözü və adının üzərində işləyən yerli və yabancı alimlərin fikirlərini göstərdik, onların fikirləri əsasında "Alar"ın mürəkkəb söz olduğunu və AL və AR sözlərinin birləşməsindən yarandığını, "Al"ın qırmızı anlamı olduğunu və "Ar"ın "ər, kişi" anlamlı olduğuna şərh etdik. Belə nəticə çıxarılır ki, Alar adının tərkibindəki "ar", başqa türk tayfaların ad tərkibində olan (Avar, Qacar, Subar və sair) "ar" sözü ilə eynidir və mənaca "Al kişisi", "Al adamı", "Al insanı" deməkdir. Bu açıqlamalar filologiya təhlil baxımından düzgündür, türk izahlı lüğətlərinə görə uyarlıdır. Amma bu adın təhlilində bundan da artıq dərinə getmək olar və onu əski türk mifologiyası əsasında araşdırmaq olar. Aların ilkin və mifik kökünü üzə çıxarmaq mümkündür. Qeyd edək ki, "Ar" haqqında müxtəlif türk və qeyri türk alimlər tərəfindən deyilən türkcə anlamlar və yorumlar yalnız bu sözün 2-ci , 3-cü ya 4-cü dərəcəli anlamları sayılır. Halbuki, "Ar" türk sözü qədim türk dillərində "qırmızı", "isti od", "isti –odlu Günəş" mənasını verir. Deməli, qırmızı mənası əsasında "Ar" Günəşi təmsil edir və Günəş deməkdir. Bununla da bu anlamı daşıyan "Ar" sözü başqa sözə qoşularaq, ilk öncə Tanrı adı yaratmış və Tanrı adı sonra onqun, onqun da qəbilə və qəbilə birləşməsinin adını yaratmışdır. Bütün bu deyilənlərdən və gətirilən dil nümunələrindən isbat olunur ki, AR/ƏR" başqa fonetik səslənmələri ilə birgə, türk dilli sözlərdir. "Ar" qədim türk xalqları üçün mifik, tanrısal və kutsal bir anlam daşıdığı üçün türk soylu xalqların və tayfaların, tayfa, qəbilə və türk etnoslarının adlarının yaranmasında geniş şəkildə iştirak edibdir. Muqəddəsliyi, kutsallığı, mifik anlayış və düşüncəni bildirmək üçün bu görüşün və konunun türk insanına nə həddə və ağılasığmaz dərəcədə onəmli olduğunu, önəm daşıdığını onun ayrıca sözlərə qoşularaq mifik-teoforik termin kimi bir çox türkdilli tayfalarda və xalqlarda indiyə qədər işlədilməsindən də görmək mümkündür. "Ar"ın söz açımından, mifologiya yozumundan və etimologiyasından aydın olur ki, bu söz çoxlu türk soylu xalqların dillərində yaranan "igid", "insan", "ər", "kişi" anlamlarından çox-çox öncələr, ilk olaraq kutsal, pak və müqəddəs, qırmızı, qızarmış çox isti, Günəş və Günəş Tanrısı mənalarında olmuşdur və xalq sonradan başqa anlamları da bu anlamlardan alaraq yaratmışdır.
Yeri gəlmişkən qeyd edək ki, türkcə "Ar" sözü Misir panteonuna daxildir, Misirin ən böyük tanrısı ünvanında özünə yer tutub və RA//RƏ kimi tanınıbdır. Əlbəttə, bu, türk tanrısı AR-ın əksidir. RA/RƏ də, AR kimi Günəş tanrısıdır. Biz "Ar" və ya "Ər"ın etnonimlərdə işləndiyi anlamını, onun ilkin anlamını nəzərə almırıq, amma 2-ci, 3-cü dərəcəli anlamları əsas götürürük. Turanın və onun ayrılmaz bir parçası olan Azərbaycan toponimlərinin və etnonimlərinin bir çoxunun tərkibində "Ar" sözü özünü əks etdirməkdədir. Misal üçün Avar, Macar, Qacar, Subar, Avşar, Bulğar, Xəzər və sairəni göstərə bilərik. Öncəki məqalələrimizdə qeyd etdiyimiz kimi, Azərbaycan ərazisi neçə ada malik olub, heç biri də yersiz qoyulmayıb. O sıra adlardan biri özəlliklə Azərbaycanın Arazdan yuxarı hissəsinə aid olan ARAN adıdır. Bir çox fars anti-Azərbaycan alimləri və tarixçiləri bu ada əsaslanıb və boş-boş çərənliyib iddia edirlər ki, Quzey Azərbaycan adını dəyişməlidir və öz adını ARAN qoymalıdır. Bu anti-türk və anti-Azərbaycan fars alimləri və tarixçiləri o həddə savadsız və bilimsizdilər ki, Azərbaycanın türk ərazisi kimi geniş və böyük olduğunu görə bilməyiblər. Burada hər bölgənin öz tarixi və mifik özəlliklərinə görə müxtəlif zamanlarda müxtəlif adları olmuşdur. Bir çox yerli soydaş alimlərimiz də onların uydurma və qeyri real yormlarına uyub və inanırlar ki, Quzey Azərbaycanın ərazisi "isti abu-havaya və iqlimə malik olduğuna” görə Aran adlanır. Bizim öz soydaş alimlərimiz ARAN söz və adını Quzey Azərbaycanın isti iqlimə malik olma baxımından düşünüb qəbul edirlər. Halbuki, iqlim və ab-hava baxımından Güney Azərbaycan Quzey Azərbaycandan da isti və aranlıqdır. Quzey Azərbaycan Güney Azərbaycana nisbətən qutbə yaxındır. Bəs onda necə oldu ki, Azərbaycanın Quzey hissəsi Güney hissəsindən də isti oldu? Burada bir yanlışlıq və yanılma var. Qədim türklər (indiki azərbaycanlıların ulu əcdadları) Azərbaycanın Arazdan yuxarı hissəsinə iqlim istiliyinə görə ARAN adı verməmişlər. Onlar ərazicə böyük və nəhəng olan Azərbaycanın Arazdan yuxarı hissəsinə zəngin mifik mirasına, türk tanrılarının əsas məskəni və yurdu olduğuna, eyni halda, təbii özəl coğrafi və ekoloji özəlliklərinə, həmçinin bütün türk tanrıların məbəd və tapınaqları sərgisi, Turan və dünya xalqlarının Tanrılar panteonunun galareyası olduğuna görə ARAN adlandırmışlar. İstilik və isti ab-hava ARAN sözünün 2-ci, 3-cü dərəcəli anlamıdır. ARAN toponim kimi Azərbaycan türk xalqının mifik–tanrısal düşüncəsinin məhsuludur, onun çox zəngin mifologiyasından törənmiş və süzülmüş mifik addır. Azərbaycanın bir hissəsinin Aran adlanması, Alban adlanması şərait və səbəblər baxımından eynidir və heç fərqi yoxdur. Zamanın, tarix sürəsinin bir çağında Azərbaycanda yaşayan və məskun olmuş türk tayfalarıının dialekt və şivəsinə uyğun, dini-mifik inanclara əsaslanan ARAN adını qoyublar, tarixin və zamanın digər bir çağında bu ərazidə yaşayan tayfaların ləhcələrinə uyğun, eyni zamanda mifik terminlərə əsaslanan ALBAN adı veriblər. ARAN və ALBAN ərazi adları eyni söz və eyni anlamı daşıyan teofor adlardılar. Bu iki toponimin anlamları mifik baxımdan bir-birinə çox yaxındır. ALBAN, yəni "AL"lar yurdu, "Tanrılar yurdu", "Tanrılar xəzinəsi", "Günəş tanrı ailəsinin xəzinəsi", "Günəş Tanrısı panteonun xəzinəsi" deməkdir. Eyni halda, burada ARAN toponiminin də AR anlamı "Tanrı", "Günəş Tanrısı" deməkdir, "AN" isə cəm şəkilçisidir və ARAN adı "Tanrılar yurdu", "Günəş tanrı ailəsi", "Günəş tanrısı panteonu" deməkdir. Qədim türklər tərəfindən bu ad digər bir yerə verilməyib, çünki Azərbaycanın şimal hissəsi əzəldən bəri miflər və tanrılar yurdu olub. "Aran" adının ikinci hissəsini türksoylu xalqların, özəlliklə, İran, Ariya və Mesopatamiya ərazilərinin Göy Tanrısı ilə eyniləşdirsək, o zaman bu toponim "müqəddəs və kutsal AN-ın yurdu", "Göy tanrısı AN-ın yurdu" kimi mənalandırıla bilər. Turanın türk dünyasının əsas mifik qaynağı və mənşəyi Azərbaycanın şimal hissəsi olubdur. Quzey Azərbaycanda indiyə qədər qalmış bir çox pirlər, ocaqlar və ziyarətgahlar, bizim eradan neçə min il öncədən qalmış günəş tanrısına aid məbədlər, tapınaqlar və kilsələrdir. Tarix sürəsində hər çağın hakim olduğu dinlər və inanclar yeni hakim ideologiyalar yaratmışdır, bu ideologiyalar dövrün hakim donunu geymişdir. Misal üçün, islam dini Azərbaycan və digər türk ərazilərinə hakim olandan sonra, bir çox qədim adətlər və ənənələr, şamanism donunu çıxardıb islama uyğunlaşıb, islam adı daşımalı olub. Çoxlu tapınaqlar məscidlərə, pirlərə və ocaqlara çevirildi. Qədim türk dilində "Ar" sözü ilkin olaraq kutsallıq, müqəddəslik və Tanrı anlamında işlənib. Əski türklər bu sözü öz luğət qamusunda "paklık", "təmizlik", "duruluq", "saflıq", "şəffaflıq", "işıqlılıq", "su kimi olmaq", "axar su" və "çay" anlamlarında da işlədiblər. Gül də paklıq, gözəllik simvolu olduğu üçün, arının verdiyi bal təmizlik, şəffaflıq və kutsallıq xarakterdə olduğu üçün, eyni halda, tanrılar yeməyi sayılaraq, bu məhsulu yaradana Tanrı adı və anlamı daşıyan "Ar" sözünə uyğun olaraq "arı" demişlər. Bal arısı təmizlyinə görə paklık anlamı daşıyan sözlə adlanır. Əski türklər Tanrı anlamı, eyni halda, paklıq, təmizlik anlamı daşıyan "ar" sözündən "arıtdamaq", "arıq", "arınmaq" və sairə bu kimi sözlər yaradıblar. "Alar" Tanrı adıdır, əski Azərbaycanın yerli türk xalqının Günəş tanrısının min bir adından biridir. Alar türk adınıdakı "Al" və "Ar" hissələrinin yerini dəyişsək, ARAL gölünün adı olur. Bu "Aral" və "Alar" adları eyni sözlərin tərkibidir və "Aral" göl adının etimologiyası "Alar" etnosu və toponim etimologiyası ilə eynidir.
ALLAH adının tərkibində də qədim türk tanrısının adı AL iştirak edibdir. ALLAH adı türkcə teofor addır, qədim protürkcə AL müqəddəs, kutsal, Tanrı deməkdir, LAX/LAK/LAS /RAS isə Gün işığı, Gündüz, nur, işıq, şualanan, nurlu və nur verən, işıq saçan anlamındadır. Bu söz "Nurlu, Nur saçan Tanrı" və "işıq tanrısı" deməkdir. ALLAH adının AL hissəsinin türkcə AL sözü olmasına heç bir şübhə yoxdur. İkinci hissə AĞ/AQ/AK/AX/AH sözüdür. AL+AĞ =ALAĞ. Çox ehtimal ki, semit (ərəb) soylu xalqların dili fonetika qanununa uyğun olaraq "AL"ın "L" səsini şiddətli edib və "AĞ"ı AX/AH şəklində ifa ediblər (AlAğ - Allağ - Allax - Allah). "Alar" kəndinin ilk hissəsi olan və türkün Günəş tanrısı sayılan AL, həmçinin digər türk tanrıları Fin-Uğur türkləri vasitəsilə Azərbaycandan Anadoluya keçmişdir. Öz yeni yurdları olan Finikiyaya, oradan da Suriya, Fəlistin, İsrail, Livan və İordaniya ərazilərinə aparmışlar. Semit soylu və ibri xalqlar, eyni halda Afrikanın sahilləri və Ağdəniz (Akdeniz) adaları, türk soylu FİN-UĞUR (kənanilər, daha doğrusu "künanilər") panteonundan alaraq geniş şəkildə öz Tanrılar panteonuna daxil ediblər və onu ƏL/EL formalarında işlədiblər. AL və ya EL eyni halda Finikiya (Anadoluda türk soylu fin-uğur tayfası yurdu) panteonunun ən böyük tanrısı sayılırmış. EL/AL Tanrının Finikiya panteonunda Mut adlı övladı var və bu Mut biçin və tarla ruhu, günün istiliyi nəticəsində yanıb-qurumuş əkin zəmilərinin tanrısı sayılırdı. Mut adlı tanrı oğlunu, EL Tanrının ən sevimlisi sayırdılar. EL Finikiya panteonunda Günəş Tanrısı sayılırmış. Dr. Roy Vilis “Dünya mifləri” əsərində qeyd edir ki, Ogarit –kənani (indiki Suriyanın şimalı) mifologiyasında EL (AL/ƏL) ən üstün və böyük tanrı sayılırmış. Ogarit sözü əslində həmən türkcə "Uyqurlar" deməkdir. Uqur+it/ut (cəm bildirən şəkilçi) = UYQURLAR. Ogarit deyilən yurd Suriyanın şimalında yerləşirmiş. Eradan 1500 il öncə çox böyük və möhtəşəm mədəniyyət məskəni sayılırdı. Oradan əski türklərə və Mesopatamiyaya məxsus Baal (Bel/Bul/Bil/Bal) tanrısı, həmçinin EL (AL) tanrısı haqqında çoxlu gil-tabletlər tapılıb çıxarılıb. EL tanrısı fin-uqur (Finikiya) türklərinin Baş Tanrısı Buğa sayılırdı. Buradan bəlli olur ki, türk fin-uqurların (finikilərin) EL/AL tanrısı Buğa mədəniyyəti dövründən qalma tanrıdır. Buğa obrazlı tanrı Oğuzun Günəş tanrısının bəlgəsi və simgəsi sayılır. Buğa kimi AL/EL də Günəş tanrısıdır və AL/EL Günəş tanrının bəlgəsi və simgəsi də Buğadır. Fin-uqur (Finikiya) Ogarit türklərinin Baal tanrısı Şumer türklərinin panteonundakı Domuzi Tanrısının təkrar obrazıdır. Eyni ruhda və oxşar xarakterdə olan tanrılar iki türk dilli və türk soylu xalqın nə dərəcədə qan və mifik qohumluğunu üzə çıxarır.
Fin-uqur (Finikiya) Ogarit türk mifologiyasının panteonundakı Günəş ilahəsi ŞAPAŞ adı Mesopotamiya panteonuna "Şamaş" formasında daxil olub yaşamaqdadır. Şabaş sözündəki "b" səsi "m"ya çevirilərək Şamaş olub. Yəhudilərin “Əhdi ətiq” kitabında mifik nə varsa, Fin-uqur/ogarit (Finikiya) miflərinin surətidir. Fin-Uqur türkünün El/Al tanrısı yəhudilərin YƏHVƏ-sidir və Yəhvə Baal/Bel tanrısı kimi buludlara minməkdədir: ildırımla danışır və yerə yağış yağdırır. “Əhdi ətiq”in ayələri Fin-uqur/ogarit türkdilli şeirlərinin birbaşa tərcüməsidir ki, çox zirəklik və başarıqlıqla surəti çəkilibdir. AL/EL tanrısı hətta Latın və Cənubi Amerikada yerli İNKA-ların tanrılar panteonuna da daxil olubdur. İnkaların böyük hava tanrısı İlyapanın adının tərkibində İL formasında iştirak edib və özünü əks etdirməkdədir. AL/EL sözünü Cənubi Amerka mifologiyasındakı "Qızıl ya Altun ruhu ELDORADO" mifinin adında görmək olar. Eldorado mifi, yaxud "Altun Kişi"inin mifik kökü Kolombiyanın Muiska qəbiləsinə bağlıdır. Al/El tanrısı Afrikanın Yoruba əhalisınin mifologiyasında YER tanrıçası və bütün məxluqatın anası sayılan ELƏ/İLE/İLƏ/ALA ilahəsinin adında, həmçinin yunanların uşaq doğurma ilahəsi Zevs və Heranın qızı İlisiya/İlitiya adının ilk hissəsində, yunan panteonundan ALKEMENE və ELEKTRA ilahələrinin ad tərkibində özünü əks etdirir. Bu tanrı titulu eyni halda Mərkəzi Afrika qəbilələrinin "Ruhlar dünyası" adlandırdıqları cəngəllik sakinləri olan liliput divlər, yaxud cinlərin ELOKO adında da iştirak edibdir. AL sözü OL formasında Avstraliyanın Karolin adalarında tanrılar panteonunda odu yerə gətirən Olufat tanrının adının tərkibində, Mesopotamiyanın şimal hissəsində Babil-Aşur dediyimiz ərazilərdə eradan əvvəl 7- ci yüzillikdə gəlib məskun olmuş semit soylu "Kəldani" adlı xalqın baş tanrısı "İL" və "RƏ" adlarının tərkibində iştirak edib özünü göstərməkdədir. Al/El sözü türklərin baş tanrısı sayılan “ULGEN"in adında həmçinin UL formasında iştirak edibdir. UL (Qırmızı Günəş Tanrı)+ GEN (geniş anlamında hər yerə yayılmış və hər yerdə hazır olan böyük, qan/ğan/kutsal /müqəddəs Tanrı) = müqəddəs GünəşTanrısı.
"Al"ın "UL" forması çoxlu türk adlarının tərkibində, o sıradan göy və səmavi cisimlərin adında iştirak edir. Misal üçün, "ulduz" sözündə buna şahid oluruq. ALAR tanrıya tapınan türklər də özlərini öz tanrılarının adı ilə ilgili "Alar" adlandırıb və indiki "Alar" adlanan toponimlərdə məskun imışlar. Alar adlı toponimlərdə xalq ALAR Tanrıya tapınırmış və mütləq bu böyük tanrısına aid tapınaqlar və mə`bədlər tikmişd ki, zaman sürəsində dağılıb gediblər və ya pir, ocaq, imamzada, ziyarətgah, kilsə, məscid kimi özünü qoruyub saxlayır. Hər bir türk soylu insan icması və qrupu öz dil ləhcəsinə görə tanrısına ad verir və həmin tanrı da öz pərəstişkarlarının yurd və toponiminə öz adını verir, bunun müqabilində toponim də özündə yaşatdığı və saxladığı tayfa və xalqına öz adını verir. İnsan (tayfa)-Tanrı-toponim-insan (tayfa). Al teofor sözüylə ilgili türk dillərində müxtəlif çeşidli sözlər, terminlər və adlarımız yaranıbdır. Albis (Tuva türklərinin od və günəş Tanrıçasının adı), Almis (Altay türklərinin od və günəş tanrıçası), Al Ot (Yakut türklərində ailə ocağı), Al qadın (Türk mifologiyasında insan obrazında çıxarılan Günəş), Albas (Yakut türklərin günəş tanrıçası), Alı (Skif türklərində yer ilahəsinin adı), Alal (Şumer türkcəsində təxrib edən, dağıdıb aradan aparan), Alov (od şöləsi), Alaz/Alas (Şamanlar arasında od və günəş tanrısının adı), Albar (böyük günəş tanrısı), Alunus (Selt/kelt mifologiyasında günəşin qali, dərman və öncəgörənlik tanrısı), Alat (Mesopotamiya mifologiyasında Arallu yeraltı yurdunun ilahəsi və eyni halda Nerqalın eşi və yoldaşı), Allatu (Semitlərin və türk soylu kartajların yeraltı ilahəsi və Ereşkiqalın bərabəri olan ilahə), Alal (Kəldani mifologiyasında yeraltı dünya və cəhənnəmdən gələn divlər toplumu), Alalu (Hitit türklərinin mifologiyasında göy və səma səltənəti və hökmranlıq mifi), Alalus (Şumer və Mesopotamiya mifologiyasında ilk göy və cənnət padişahı), Albina (Etrusk türklərin mifologiyasında Dan yerinin ilahəsi), Alpus (Yunan mifologiyasında Gayanın oğlu), Alta (Skandinaviya mifologiyasında dişi div Himdalın anası), Altaya (yunan mifologiyasında Testiyusun qızı), Aletes (yunan mifi), Altes, (yunan mifologiyasında Lelegi padişahı), Aletia (yunan mifologiyasında düzlük, həqiqət ruhu və tanrısı), Altis (yunanda iki Alfius və kladiyus adlı çayların qovuşduğuı müqəddəs yer), Alqış, Altun və sairə. Al türk sözünün bir başqa anlamı "üns", "adət", "uzun müddətli", "davamı olan" və nəticədə "daimi", "ölməz", "cavid", "fəna bilməz" kimi yozulur ki, bunların da hamısı tanrı sifətlərindəndir, tanrı üçün səciyyəvi xarakterlərdəndir. Deməli, "Al"ın bu anlamları ilə "Alar" adı "ölməz və daimi günəş tanrısı" deməkdir. Türklər "Al"ın bu anlamları əsasında "alışıq", "alışqan" kimi sözləri yaradıblar . Bizim bu toponim haqqında son etimoloji açıqlamamız belədir: Alar toponiminin adı iki qədim türk sözü olan "Al" (Tanrı, kutsal, müqəddəs) və "Ar" (qırmızı Günəş, kutsal, müqəddəs) tərkibləşməsindən yaranıb və "Kutsal Günəş Tanrısı" deməkdir.
Yazar : Fərhad Cavadi Abdulla oğlu / Urmiya / 17- İyun 2014
Bilal Alarlıdan: Urmiyalı toponimist Fərhad Cavadinin Alar haqqında olan bu yazısı fars dilinin qrammatik qaydalarına uyğun bir üslubda qələmə alınmışdı. Cümlə üzvlərinin sıralanmasında Azərbaycan dilinin qaydalarına ciddi şəkildə əməl olunmamışdı. Bir cümlə daxilində və, ki bağlayıcıları sonsuz sayda işlənmişdi. Halbuki, Azərbaycan dilində və, ki bağlayıcıları həmcins üzvlər arasında və mürəkkəb cümlələrdə işlənir. Mürəkkəb cümlədə həmcins üzvlər olduqda eyni bağlayıcı iki dəfə işlənə bilir. Mən yazıda dil qanunlarımıza uyğun olmayan bu halları aradan qaldırmağa çalışmışam və elə bilirəm, müəllif onun yazısını bu şəkildə işləyib Azərbaycan oxucularına təqdim etməyimlə razılaşacaq. Yazının bəzi məqamları mabahisə doğursa da, Alar haqqındakı əhatəli araşdırmasına görə Fərhad Cavadiyə təşəkkürümü bildirirəm.
12-11-2014, 18:34

Çingiz xanın qonşu dövlətləri işğal eləməyinin sirri…

Çingiz xanın qonşu dövlətləri işğal eləməyinin sirri…
Çingiz xan barəsində dünyanın bir çox ailmləri, tarixçiləri müxtəlif araşdırmalara imza atmaqla onun işğalçı siyasətinin səbəblərini, köklərini üzə çıxarmağa çalışıblar.
İddialarına görə XII əsrdə Monqolustanda keçən sərt şaxtalar əsasən heyvandarlıqla məşğul olan monqolların həyat şəraitini çətinləşdirib. Heyvanlar şaxtadan qırılıb. Bəziləri isə həmin dövrdə keçən quraqlığı əsas götürür. Monqolustandakı aclığa əsaslanan yüzlərlə fərziyyələr var. Eləcə də bizim araşdırmalarımız bu nəticələrə gətirib çıxarır.
Mən Azərbaycanda Çingiz xan barəsində ilk tarixi roman müəllifiyəm. Bu mövzuda apardığım araşdırmalar nəticəsində o dövrə aid çoxlu faktlarla, monqol adət-ənənələrinin qanunları ilə tanış oldum. Monqolların, bozqırın sadəcə bir qanunu olub, “hər nə istəsən sənindir, gücün varsa istədiyin qəbiləyə basqın edə bilərsən”.
Çingiz xan da bu qanuna uşaqlıqdan əməl eləməyə başlayıb. Belə ki, çox kiçik yaşlarda bir neçə dəfə mərkiklərin, tatarların qəbiləsinə basqın edərək onları işğal eləyib.
Haqsız da sayılmazdı, o dövrdə həyatda qalmaq, yaşamaq üçün güclü olmaq lazım idi. Monqollar ov ovlamaqla keçən ömürləri sayəsində, qəbilələr arasında gedən müharibələr nəticəsində bir döyüşçü kimi formalaşmışdılar. Və Çingiz xan Monqolustan xanı olandan sonra bu müharibələr artıq qəbilələr arasında yox dövlətlər arasında getməyə başladı.
Onun bir də özünəməxsus kəşfiyyat sistemi vardı. Hər hansı bir ölkəyə basqın etmədən əvvəl oraya ticarət karvanı göndərilir, ordan məlumatlar əldə edilirdi.
Çin imperatorluğu Monqolustanın monqol qəbilələrinin gücünü bilirdi, ona görə də oranı öz nəzarəti altında saxlayırdılar. Dəstəklədikləri qəbilələrin böyüdüyünü görüncə başqa bir qəbiləni dəstəkləyib beləcə monqol qəbilələri arasında müharibəyə səbəb olurdular.
Onlar Çingiz xanın atası Tautayini də bir vaxtlar dəstəkləmişdilər. Daha sonra onu mərkiklərlə müharibəyə sürükləmişdilər, imperatorluq mərkikləri dəstəkləmişdi. Aradan iyirmi il keçəndən sonra mərkiklər qəbiləsi böyüyəndən sonra Çin imperatorluğu monqol xanı Toğrul xanı dəstəkləyərək mərkiklərlə müharibə şəraiti yaratmışdılar.
Çingiz xan da o dövrdə öz qəbiləsini yenidən ayağa qaldırmışdı. O atasının və qəbiləsinin qisasını almaq üçün Toğrul xanın yanında olmalıydı. Birləşib çinlilərin dəstəyi ilə mərkikləri, tatarların qəbiləsini darmadağın etdilər.
Heç kim onun qəbiləsinin qısa vaxtda böyüyüb, güclənib bütün Monqolustanı birləşdirəcəyinə inammasa da Çingiz xan bunu bacardı.
İlk dəfə o Cin İmperatorluğunu darmadağın elədi, sonra dünyanın fatehi olan Məhəmməd Şahini, Xarəzm xanlığını Yer üzündən sildilər. İran, Azərbaycan, Rusiya, Avropanı o dövrdə dünyaya meydan oxuyan Çingiz xan qırx ölkəni diz çökdürdü
Çingiz xan qonşu ölkələrə basqın eləməyinin sirri vardı.
Monqolustanda qəbilələr arasındakı qanun onu buna məcbur etməyə bilməzdi:
“gücün varsa hər şey sənindir”.
O da buna əsaslanıb ölkələri işğal eləməklə gücünə güc qatırdı.
Çingiz xanın türk mənşəli olduğunu iddia edən alimlər çoxdur. Mənim rastlaşdığım mötəbər tarixi mənbələrdə onun atası Esuqey Bahadır, anası Oelun eke, babası Baran Bahadır, atasının babası Kabul xan olub. Bu adların hər birisi Türk mənşəlidir. Ətrafda da Baykal gölü arasında oyratlar, Çunqariyada uyğurlar məskunlaşmışdılar. Uyğurların öz mədəniyyəti və yazısı vardı.
Mənim qənaətimə görə Çingiz xan türk olsaydı o Azərbaycanda, Tehranda, eləcə də Qarabağda, Gəncədə dəhşətli qətllər törətməzdi. Heç bir türk türkə qarşı belə amansız olmayıb. Əldə etdiyim mənbələrdəki amansız qətllər barədə oxuyandan sonra mən 1200-ci illərə qədərki o dövrü, yaşadığım Azərbaycanın acı tarixini, o günləri xatırlamaq belə istəmirəm!
CƏLALƏDDİN QASIMOV
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
tarixi romanlar yazarı
12-11-2014, 18:23

Tovuzdakı möcüzəvi xəzinə-qalanın sirri - (Fotolar)

Tovuzdakı möcüzəvi xəzinə-qalanın sirri - (Fotolar)[/center]

Cəlaləddin Qasımov: “Dağda bir neçə şəkil çəkdim, amma hamısı nədənsə yandı, yenə çəkmək istəyəndə qəfildən qatı duman çökdü...”

Bu yaxınlarda Tovuz rayonunda xəzinə aşkar edilib. Rayon mərkəzindən 35 km aralıda Baqqallı kəndi yaxınlığındakı Qalaboynu ərazisində “Koroğlu qalası” adlanan yüksəklikdə tapılan xəzinənin ətrafı artıq xüsusi mühafizə olunur.

Burada araşdırmalara başlandığından kənd sakinlərinin əraziyə giriş-çıxış tamamilə dayandırılıb. 1800 metr yüksəklikdə yerləşən qalada xəzinə olması haqqında söz-söhbətlər çoxdan yayılsa da indiyədək buna əhəmiyyət verməyiblər.

Tovuzdakı möcüzəvi xəzinə-qalanın sirri - (Fotolar)


“Koroğlu qalası”ndakı tapıntı barədə ilk dəfə tarixi romanlar müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Mahmud Qaşqari Fondunun vitse-prezidenti Cəlaləddin Qasımov məlumat verib.

C.Qasımov qafqazpress.az saytına açıqlamasında araşdırmalara necə başlamağından danışıb. Virtualaz.org saytı araşdırmaçının həmin müsahibəsini təqdim edir:

Tovuzdakı möcüzəvi xəzinə-qalanın sirri - (Fotolar)


- Baqqallıda gözümə bir əzəmətli dağ sataşdı. Sanki içimdən bir səs məni o dağa tərəf çəkib apardı. Dağın zirvəsinə qalxmağa başlamışdım ki, daş parçalarından oyulmuş qapıya rast gəldim. Qapının ağzı hörüklə tikilərək bağlanmışdı. Mən orada başqa qapılara da rast gəldim. Düşündüm ki, görünür, dağın içində mağaralar olub, sonradan onların ağzı bağlanıb. Dağa qalxdıqca digər qədim tikililərə də rast gəldim. O dağ qədim tariximizin izlərini özündə yaşadır. Dağın zirvəsində, sal qayaların arasında dərinliyi 6 metrdən artıq olan 3 quyu var idi. Dördüncü quyu başqa tərəfdə yerləşirdi və dibi görünmürdü. Bu dağın möcüzəvi quruluşu sanki məni sehrlədiyindən növbəti gün səhərdən axşama qədər dağın ətrafında dolaşdım, dağın üstündəki qədim tikililərə nəzər yetirdim. Orada bir neçə şəkil çəkdirdim. Özlüyümdə qərar verdim ki, bu dağda hiss etdiyim qeyri-adiliyi sonadək öyrənməyə çalışacağam. Gərək olsa, bu işə tarixçiləri və digər mütəxəssisləri də cəlb edəcəyəm.

-Siz mətbuatda dərc etdirdiyiniz və ictimaiyyətin marağına səbəb olan məqalənizdə iddia edirsiniz ki, “Koroğlu qalası”nın arxasından içəriyə doğru 3 gizli qapı, içəridə isə saraylar, mağaralar var. Deyirsiniz ki, qalanın çox sirri var və onu araşdırmağı təklif etmisiniz. Sirri nədə görürsünüz? Belə düşünürsünüz ki, bu qapıları indiyə qədər görən olmayıb?

- Mən dağa çıxanda ilk diqqətimi çəkən qapılar oldu. Onlar, yəni örtük daşları qədim insanlar tərəfindən elə ustalıqla hörülüb ki, kənardan baxanda burada qapı olduğunu müəyyən etmək olmur. Güman ki, qapıların olması nəzərə çarpmasın deyə bu tikililər dağın zirvəsinədək qalxır. Uzaqdan baxan hər kəs bu qalanın bir çox dağlarda olduğu kimi müdafiə məqsədi daşıdığını zənn edər. Onu da deyim ki, dağın 90-100 metrlik hündürlüyündə təxminən 10 kvadratmetr sahəsi olan bir ərazinin suvandığını gördüm. Həmin sahə qayanın öz rəngində işləndiyi üçün kənardan baxanda bu fərq hiss olunmur. Diqqətimi çəkən o oldu ki, qayanın başqa yerləri ilə müqayisədə suvaq vurulmuş hissəsi mamırla örtülməyib. Düşünürəm ki, 150 metr hündürlükdə bir zirvənin 100 metrliyində giriş ola bilməz. Çox güman ki, qeyd etdiyim sahə qayanın içindəki sarayın eyvanıdır. Bu, həqiqətən möcüzədir. Sirri bir də onda görürəm ki, həmin qalanın üstündə 20-yə yaxın insan, mələk, şeytan şəkilləri var. Həmin şəkilləri buraya yaxın ərazilərdə yaşayan insanlar görməyiblər. Əks halda bu qədər maraq doğurmazdı. Mətbuatda və sosial şəbəkələrdə gedən yazılardan məlum olur ki, mənim məqaləmdən sonra nəinki sözügedən dağa yaxın ərazilərdə yaşayan insanlarda, eləcə də bu məqaləni oxuyan, bununla bağlı yayılan söz-söhbətləri eşidən hər kəsdə o dağa bir maraq oyanıb.

Tovuzdakı möcüzəvi xəzinə-qalanın sirri - (Fotolar)


- Sizin xəzinəni əldə etmək fikriniz olubmu?

- Xeyr! Mən həmin dağın gücünə bələdəm. Çox böyük ehtimalla o xəzinə yadelli işğalçılardan qorunmaq üçün saxlanılıb. Mən elə fikirləşirəm ki, bu xəzinəyə girmək ağılsızlıq olardı və sonda xoşagəlməz bir fəlakət baş verə bilərdi. Mən dağda olanda bir neçə dəfə şəkil çəkdim, onların hamısı nəyə görəsə yanmışdı. Aradan bir müddət keçəndən sonra yenidən Tovuza qayıdıb həmin dağa üz tutdum. Bu dəfə də dağın şəklini çəkmək istəyəndə qəfildən dağda qatı bir duman əmələ gəldi. Bir anlığa şəklə bənzəyən həmin duman gəlib dağın qarşısında dayandı. Mən onda dağın güclü bir sirrə malik olduğunu hiss etdim, sanki möcüzə baş verirdi. Dağın müqəddəsliyinə inanaraq ondan şəklini çəkmək üçün icazə istədim. İnanın ki, bu, nağıl deyil, həqiqətdir. İcazə istəyəndən sonra duman elə bil bir anlığa yoxa çıxdı. Gəldiyi istiqamətdə də çəkilib dağdan uzaqlaşdı. Bundan sonra dağın şəklini çəkdim. Bu da bir möcüzə idi.

- Əvvəllər “Koroğlu qalası” haqqında hansısa bir araşdırmanız olubmu?

- Bu haqda kifayət qədər məlumatım vardı. Apardığım araşdırmalar nəticəsində öyrəndim ki, Alban şahı Cavanşirin və dağ oğuzlarının qızıl yatağı olub. Bu dağın 300 metrliyində Yel dağı var. Həmin dağda qızıl yataqları olub. Oradan xammal gətirilərək məhz bu dağın altında tikilmiş emalatxanada qızıl istehsal olunub. Bu dağda yaşayan albanlar türkdilli obdular tayfası olub.

Cavanşirin ölümündən sonra bu xəzinə, qızıl yataqları və emalatxanalar qızıl mədənini daha da genişləndirərək dağın altında tunellər qazaraq xəzinəni gizlədiblər. Ərəb xilafətinin Azərbaycana yürüşü zamanı yadelli işğalçılardan qorumaq üçün xəzinəni həmin dağda gizlətmişdilər. Bu dağın tarixi haqqında “Çingiz xanın xəzinəsi” adlı kitabımda açıqlama vermişəm. Həmin kitab indi çapdan çıxıb. Hazırda mən özüm də bir tarixçi kimi 3 ildir ki, bu dağda araşdırma aparıram.

Tovuzdakı möcüzəvi xəzinə-qalanın sirri - (Fotolar)


- Sizin bu günlərdə növbəti kitabınız çapdan çıxdı. “Çingiz xanın xəzinəsi” adlanan kitabda da həmin qala ilə bağlı maraqlı mülahizələr öz əksini tapıb. Kitabda həmçinin orta əsr Şərq tarixinin böyük şəxsiyyətləri ilə bağlı da dolğun və bir az da mistik hadisələr yer alıb. Əsəri oxuduqca hiss olunur ki, həmin dövr və o dövrlərdə şahlıq etmiş nəhəng tarixi şəxsiyyətlər barədə geniş bilgi toplamağa müvəffəq olmusunuz...

- Doğru buyurursunuz. Hələ Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyarkən türk tarixinin nəhəng şəxsiyyətləri ilə bağlı materiallar oxumuşdum. O zaman içimdə yaranan bu həvəs həmişə məni özünə cəlb edirdi. Çingiz xan, Əmir Teymur və Cəlaləddin şah kimi böyük fatehlərin həyatı bu baxımdan mənə xüsusilə doğma idi. “Çingiz xanın xəzinəsi” romanını yazarkən həmin şəxsiyyətlərin bütün bəşər tarixinə görkəmli olan həyatlarının müasir dövr üçün də əhəmiyyətini ifadə etməyə çalışmışam. Eyni zamanda yuxarıda da qeyd etdiyim kimi, artıq müəyyən müddət Koroğlu qalasında apardığım müşahidələr nəticəsində gəldiyim qənaətləri də bədii yolla göstərmək istəmişəm. Hər halda hesab edirəm ki, müraciət etdiyim mövzu kifayət qədər maraqlı dövrü əhatə edir. Eyni zamanda Koroğlu qalasının da tariximizin bir parçası olaraq özündə bir çox sirləri yaşatdığı qənaətindəyəm.[center]
29-10-2014, 12:58





© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.