Aydın Mirzəzadə: “Öz perspektivini xariclə bağlamaq siyasətdə heç vaxt uğur gətirməyib”
Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadənin Gün.Az-a müsahibəsi:
- Aydın müəllim, son prezident seçkilərindən sonra, yəni, son 6-7 ay ərzində sanki Azərbaycanın daxili siyasi mühitində, siyasi palitrasında-bəzi istisnaları çıxmaq şərtilə - bir passivlik hökm sürür.
Xüsusilə, müxalifət düşərgəsində bu özünü daha qabarıq büruzə verir. Sizcə, bu nə ilə bağlıdır?
- Mən hesab edirəm ki, iqtidar düşərgəsi sonuncu seçkilərdə növbəti dəfə qələbə qazandıqdan sonra üzərinə düşən vəzifəni yerinə yetirməklə məşğuldur. Bu gün həm ali icra hakimiyyəti, həm də yerlərdə olan strukturlar cənab Prezidentin siyasi xəttinin Azərbaycanda real şəkildə həyata keçirilməsi ilə bağlı proqramları reallaşdırır.
Yəni, regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti proqramın icrası istiqamətində mühüm addımlar atılmaqdadır. Həmçinin, ayrı-ayrı sahələr üzrə cənab Prezidentin göstərişləri var ki, onların yerinə yetirilməsi yönündə işlər aparılır. Ümumən götürəndə seçici öz səsinin onun həyatına təsir etdiyinin fərqindədir.
Müxalifətin yerinə isə danışa bilmərəm. Müxalifətin nə səbəbdən ancaq seçkidən-seçkiyə fəallaşdığına, nə səbəbdən ancaq tənqid etməklə ortaya real bir proqram qoymamağına isə qiymət verə bilmərəm. Belə də isə qarşıdan bələdiyyə seçkiləri gəlir.
Yeni Azərbaycan Partiyası da öz növbəsində bələdiyyə seçkilərində və ondan sonra da parlament seçkilərində fəal iştirak etmək əzmindədir. Həmin o fəallar korpusu yenə də hazırlıq işləri həyata keçirirlər, yerlərdə siyahılar dəqiqləşdirilir, qazanılan təcrübə ümumiləşdirilir və hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində yenidən qələbə qazanmaq şansı çox yüksəkdir.
- Yeri gəlmişkən, bildiyiniz kimi, son bir neçə ildə ətrafımızda yerləşən ölkələrdə, keçmiş postsovet məkanına aid olan bəzi dövlətlərdə, o cümlədən, Ərəb dünyasında məlum inqilablar, daxili-siyasi kataklizmlər yaşanır. Bu baxımdan, qarşıdan gələn seçkilər, xüsusilə, parlament seçkiləri dönəmində həmin inqilab ssenarilərinin, kataklizmlərin yenidən Azərbaycanda da yaşadılması, yaşanması gözləniləndirmi?
- Azərbaycan ötən illər ərzində digər keçmiş sovet respublikalarının bir çoxundan fərqli olaraq öz dövlətçiliyini çox ciddi şəkildə qurub. İndi bəzi ölkələrin, yeni müstəqil ölkələrin yaşadığını Azərbaycan 1991-1993-cü illərdə yaşayıb. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlməsi, onun siyasi kursunun həyata keçirilməsi Azərbaycanda stabillik, inkişaf və ölkənin sabahına inam yaratdı. Və indiki Prezident cənab İlham Əliyev də Heydər Əliyevin siyasi kursunu davam etdirərək, Azərbaycana sabitliyi, inkişafı təmin edə bilir.
Cəmiyyət o zaman kataklizmalara məruz qalır ki, ölkə qarşısında duran məsələlər həll edilə bilmir, ölkənin təbii sərvətləri vətəndaşların xeyrinə işləmir, inkişaf yoxdur, problemlər çoxalmaqda davam edir və cəmiyyətin böyük əksəriyyəti hakimiyyətdən narazı qalır.
Yəni, bütün bunlar Azərbaycana xas deyil, Azərbaycanda yoxdur. O baxımdan hesab edirəm ki, Azərbaycan həmin dövlətlərin yaşadığı böhranları bir daha heç bir zaman yaşamayacaq. Əlbəttə ki, bu vəziyyət xaricdə müəyyən dairələrə də heç cür sərf etmir.
Mətbuata açıqlamamda da dediyim kimi, onlar tərəfindən vaxtaşırı Azərbaycanda “5-ci kolon” yaratmaq cəhdləri işə salınır. Vaxtaşırı kimlərsə ələ alınır və yaxud da ki, Azərbaycanda cəmiyyətdə bir xof əhval-ruhiyyəsi yaratmaq istəkləri işə salınır.
Ancaq bugünkü Azərbaycan cəmiyyəti artıq kifayət qədər püxtələşib. Özünün seçimini edə bilir. 5-10 nəfər aldana bilər, amma, ümumiyyətlə, cəmiyyəti aldatmaq, cəmiyyəti səhv yola aparmaq qeyri-mümkün olan bir məsələdir.
- Müxalifət isə iddia edir ki, Azərbaycandakı daxili siyasi sabitlik heç də iqtidarın yeritdiyi siyasətlə, siyasi kursla əlaqəli deyil, daha çox beynəlxalq güc mərkəzlərinin Azərbaycanla əlaqədar qərar verməməsi ilə bağlıdır. Yəni, onların fikrincə, ölkədəki sabitlik çox kövrəkdir və hər an pozula bilər...
- Onlar vaxtaşırı belə bir mövqedən çıxış edirlər. Bu da ondan irəli gəlir ki, Azərbaycanda müxalifətin böyük bir hissəsi özünün hakimiyyətə gəlmək planlarını xariclə bağlayır və dəstəyi sadə vətəndaşdan, seçicidən deyil, xarici dairələrdən, fondlardan almağa, hətta, bəzən isə ayrı-ayrı hökumətlərlə işləməyə çalışıblar.
Və çox maraqlıdır ki, bunu gizlətmirlər. Buna görə də onlar ümidlərini hansısa bir xarici ölkə rəhbərliyinin Azərbaycanla bağlı bir sərt qərar verməsinə və bütün planlarını da bununla bağlayırlar. Bunun özü isə həmin o müxalifət dairələrinin siyasət haqqında bəsit düşüncəsi ilə bağlıdır.
Öz perspektivini seçici ilə, cəmiyyətlə deyil, xariclə bağlamaq siyasətdə heç bir vaxt uğur gətirməyib. Bəli, Afrika, Asiya ölkələrində bu cür yolla hakimiyyətə gələ biliblər. Ancaq yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan artıq özünün dövlətçilik siyasətini, dövlətini ciddi şəkildə qurub və onu sarsıtmaq heç kəsə müyəssər olmayacaq və bu gün dövlətçiliyinin keşiyində ilk növbədə Azərbaycan vətəndaşı durur.
Hansı ki, dövlətçiliyin məhv olması onun maraqlarına uyğun deyil. Bu, onun ailəsinin yaşadığı mühitin gələcəyinə çox böyük problemlər yarada bilər. Belə də isə kimlərinsə xaricdən nələrisə gözləmək arzusuna gəlincə, hesab edirəm ki, bu arzu 1993-cü ildən bəri elə arzu kimi qalır və cəmiyyət də onları “bəlkə də qaytardılar” prinsipi ilə yaşayan bir qüvvə kimi tanıyır.
Mənbə: Gun.az
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR