"Mən hər şeydən məhrum oldum"
ŞAİR VƏLİ XRAMÇAYLIYLA SÖHBƏT
I HİSSƏ
- Vəli müəllim, demək olar ki, hər gün burdasınız – Azərbaycan Nəşriyyatında...
- Hə.. Düz 30 ildir ki, burdayam.
- Yəqin, buranı çox istəyirsiniz deyə, ayrıla bilmirsiniz...
- Qardaşoğlu, sanki artıq mənim burdan başqa gediləsi bir yerim yoxdur. Ona görə hər gün bura üz tuturam. Hərdən də fikirləşirəm ki, ömrüm elə burdaca gəldi-getdi.
- Vaxtilə bu nəşriyyatda qaynar bir mühit vardı. Şairlər, yazıçılar gəlib-gedirdilər. İndi, demək olar ki, heç kəs yoxdur. Siz burda tək neyləyirsiniz?
- Vallah, elə-belə günümü keçirirəm. Nədənsə, bura çox möhkəm bağlanmışam. Düzdür, o vaxtkı mühit indi yoxdur.
- Bəs o vaxt burda nə iş görürdünüz? Qəzet, jurnal...
- Vaxtilə “Azərbaycan təbiəti” jurnalını çıxarırdıq, redaktor da Məmməd Araz. Allah rəhmət eləsin. Bu jurnalda 17 il Məmməd Arazın müavini oldum. Bizim ata-oğul münasibətimiz vardı. Mən o jurnalda, az da olsa, çərçivələri aşırdım, rayonlarda olan istedadlı adamların yazılarını dərc edirdim.
- Necə oldu ki, şeir yazmağa başladınız?
- Mənim ədəbiyyata gəlməyim, şeir yazmağım tamamilə bir təsadüfdür.
- Yəni...
- Anam məni futbolçu doğmuşdu. Arzum da futbolçu olmaq idi. Amma tale gətirib məni şair elədi.
- Nəslinizdə şeir yazan olub?
- Ümumiyyətlə, bizim nəsil ədəbiyyata bağlı olub. Səməd Vurğun “İl” şeirini mənim babam – Şərif Şikəstə həsr edib. Yəni bizdə ədəbiyyat gendən gəlir. Kənddəki qardaşım dördüncü sinifdən şeir yazır, mən də şeir yazıb gizləyirdim.
- Niyə gizlədirdiniz ki?
- Çünki qardaşım şair kimi gözümün qabağında idi.
- Bəs sonra necə oldu?
- Sonra gəldim bura – Bakıya. Gördüm, hamı şeir yazır. O dövrdə – 70-ci illərdə ədəbi mühit çox qaynar idi. Mən şeirlərimi yazıb, yenə də gizləyirdim. Amma təbii ki, şeirin nə olduğunu bilirdim.
- Sevgi şeirləri yazırdınız?
- Sevgi də vardı, ictimai mövzulu şeirlər də. Amma demək olar ki, bütün şeirlərimdə kədər motivləri üstünlük təşkil edirdi.
- Vəli müəllim...
- Bu nəsildən, gendən gələn bir şeydir ki, içimizdə biz heç vaxt Sovet quruluşuyla barışmamışıq. Təsəvvür elə ki, bizim nəsil iki dəfə sürgün həyatı yaşayıb. Bəlkə də, səhv edirəm, amma düşünürəm ki, o dövrdə adamı bir çərçivəyə salsalar da və bu çərçivənin içində heç bir hərəkət eləyə bilməsən də, hardasa, yaxşı tərəfləri də vardı.
-Vəli müəllim, bəs sizcə, indi vəziyyət necədir?
- Təbii ki, dövlətimizin müstəqil olmağı, bayrağımız tələbə vaxtlarımdan mənim ən böyük arzum olub.
- Vəli müəllim, maraqlıdır, siz kimin üçün yazırsınız?
- Şeirlərimi, yazılarımı “sənət sənət üçündür” prinsipi ilə yazıram. Məni ədəbiyyat maraqlandırır, sənət maraqlandırır. Mən o fikirdəyəm ki, mətn sənətə xidmət eləməlidir.
- Yəni deyirsiniz ki, tənqid olmamalıdır?
- Mən həmişə tənqidin əleyhinə olmuşam. Həmişə demişəm ki, tənqid lazım deyil. Daha doğrusu, tənqid təhlil olmalıdır.
- Bu gün təhlil yoxdur?
- Olsaydı, aləm bir-birinə qarışmazdı. Bu saat Azərbaycan ədəbiyyatının cavan bir Bellinskiyə çox böyük ehtiyacı var. Olsa, onda əsl ədəbiyyat öz yerində oturacaq.
- Sizcə, indi ədəbiyyat harda oturub ki?
- İndi hamı yazır. Düzdür, istedadlı uşaqlar da çoxdur. Sadəcə, bu mühit o istedadlı uşaqlara əsər yazmağa imkan vermir ki, vermir. Qoymur. Mən o gəncləri də başa düşürəm. Çox çətindir.
- Bəlkə, sosializm realizminin qalıqları imkan vermir, qoymur?
- O heç şübhəsiz ki, belədir. Biz bu gün həmin adamlarla bir yerdə yaşayırıq, addımlayırıq, oturub-dururuq. İstər-istəməz öz təsirini göstərir.
- Vəli müəllim, bir şair kimi gənclik illərinizi necə xatırlayırsınız?
- Vallah, mənə 35 yaşıma qədər gənc deyirdilər. Gənc deyə-deyə məni qocaltdılar. Başa düşmürəm, 35 yaşında da gənc olar?
- Məncə, ədəbi mənada 70 yaşında da gənc olar.
- Lermantov 27 yaşında öldü, Müşfiqi gözümüzün qabağında 29 yaşında güllələdilər. Ümumiyyətlə, mənə elə gəlir ki, sənətdə yaş meyarı düzgün deyil, özü də poeziyada heç düzgün deyil. Fikir ver, Qərbin bütün böyük yazıçıları nəsr yaradıcılığına 35-40 yaşından sonra başlayıblar.
- Bizimkilər 40 yaşında qurtarır.
- Vallah, belə şeylər olmaz. İndi dəb düşüb ki, hər şeyi cavan yaşımda həll eləyim. Baxırsan ki, böyük şövqlə yazırlar, pozurlar, çap olunurlar... Ortada da heç nə yoxdur. Adını yaza bilməyənlər cild-cild kitab buraxır, özlərini əməlli-başlı şair kimi təqdim də edirlər. Özü də bir deyil, iki deyil, bir sürüdülər. Yazdıqlarının da içində bircə misra yox.
- Sözünüzdən belə çıxır ki, gedib onların əlindən qələmi almaq lazımdır.
- Düzdür, mən həmişə istəmişəm ki, kitablar çıxsın, qəzetlər çıxsın, mühit qaynar olsun, amma bu dərəcədə istəməmişdim. Kəmiyyət keyfiyyəti dəhşətli dərəcədə üstələyib. Bunu demək istəyirəm.
- Sizcə, nə etmək lazımdır?
- Yenə deyirəm, yaxşı bir təhlilçiyə böyük ehtiyac var. Bunlara “dur” demək lazımdır. Yoxsa, getdikcə vəziyyət daha da ağırlaşacaq.
- Vəli müəllim, məncə, bu məsələlər heç sizi də o qədər maraqlandırmır. Yəni vecinizə deyil. Sadəcə, yeri gəlib, söhbət edirik deyə, danışırsınız...
- Qardaşoğlu, zövqsüz və bədii cəhətdən çox zəif yazılar ayaq açıb yeriyir. Bu zövqsüz yazılar da ədəbi zövqləri korlayır. Daha doğrusu, korlayıb. Daha sözün çəkisi də qalmayıb, söz qiymətdən, hörmətdən təmiz düşüb.
Vaxt varıydı, yazıçının sözü sözüydü, onun sözünün sanbalı vardı. Amma indi yoxdur. Ədəbiyyatı təmiz urvatdan salıblar. Mən sözlə yaşayan bir adamam, bu cür şeylər vecimə olmaya bilməz.
- Məsələ burasındadır ki, onları da oxuyan, onları da istedadlı hesab eləyən adamlar var. Məsələn, ən azı qohum-əqrəba, arvad-uşaqları oxuyur.
- İstedad Allah vergisidir. Bircə bəlamız da odur ki, bütün yazanlar elə bilir ki, ona vergi verilib. Səni inandırım ki, bilsələr ki, şeir nədir, ədəbiyyat nədir, onlar heç vaxt yazmazlar. Bilmirlər deyə, bu qədər yazırlar.
- Əslində, onlar bilsələr ki...
- 30 il dişlə-dırnaqla bu ədəbiyyatın, ədəbi mühitin içindəsən, nə müsibətlər görürsən, amma baxırsan ki, böyürdən bir uşaq çıxdı, kitab çıxardı, nə bilim, biznesmenə-zada, deputata ön söz yazdırdı, təqdimat keçirdi.
- Belə şeylər sizi niyə narahat edir ki?
- Mən bir söz demirəm, olsun, amma açıb o kitabı oxuyan kimi bilirsən ki, bunun haradasa yaxşı pulu var və bütün bunların arxasında pul dayanıb.
- Məncə, kapitalizm ədəbiyyatı bu cür olmalıdır. Təfəkkürü kapitala çevirmək əvəzinə, pulu təfəkkürə çevirirlər.
- Mən inanmıram ki, kapitalizm ədəbiyyatı bu olsun. Məsələn, kapitalizm dövründə Cek London vardı, “Martin İden” kimi bir əsər yazılmışdı. Sənət budur.
- Məncə, sizin gəncliyinizlə müqayisədə bugünkü gənclər...
- Qardaşoğlu, mən ən çox gənclərdən küsüb-inciyirəm.
- Niyə?
- Biz Sovet dövründə qocalarla mübarizə apardığımız kimi, istedadlı gənclər də bu cür zövqsüz şeylərin qarşısını almaq məsələlərində ciddi olmalıdırlar.
- Gənclər mübarizə aparanda işdən çıxarılır, yollarına kötük diyirlənir...
- Ən böyük bəlamızdan biri də elə budur. Çox ağrılı şeydir ki, gənc vaxtı səni işdən çıxarsınlar, sıxsınlar, mane olmağa çalışsınlar. Mən başa düşürəm ki, onların dediyi ilə razılaşanda həyat davam edir, ədəbiyyat pis günə düşür, onların dediyi ilə razılaşmayanda ədəbiyyat davam edir, həyat pis günə düşür.
- Bəs yolu nədir?
- Mənə elə gəlir ki, burda gənclər birləşməlidir, çünki gəncləri müdafiə eləyən qocalar da var.
- Deyirsiniz ki, sözlə yaşayıram.
- Ədəbiyyat insanın taleyidir. Mənim üçün həmişə ədəbiyyat olub, söz olub. Ona görə də mən hər şeydən məhrum oldum.
- Dünyada hansı şairin bəxti gətirib ki...
- Düzdür. Amma sən nə eləsən də, Homeri dana bilməzsən, Nizami Gəncəvini dana bilməzsən, Danteni dana bilməzsən.
- Bəs sizcə, “Dantenin yubileyini” danmaq olar?
- Vallah, heç onu da dana bilməzsən.
- Vəli müəllim, bayaqdan cild-cild kitablar yazan adamları bərk qınayırsınız, belə demək mümkünsə, asıb-kəsirsiniz. Maraqlıdır, özünüz nə yazırsınız?
- İstəsəydim, çox şeirlər, poemalar yazardım. Özü də, nə qədər desən, yaza bilərəm. Amma bilirəm ki, bunlar yaşayan şeylər deyil. O şeiri yazıram ki, o şeir özü məni yazıb. Mən şeir yazmıram, şeir məni yazır. Yazdıqlarımın içində zəifi də var, yaxşısı da var, bəyəniləni də var, bəyənilməyəni də... Mənim üçün əsas odur ki, o şeirlər məni yazıb.
- Sizcə, istedadı doğrudan da, Allah verir, yoxsa, öz iradən hesabına da şair olmaq mümkündür?
- Qardaşoğlu, şair anadan doğulmursa və o, anadan şair doğulduğunu dərk eləmirsə, şeir yazmaq mümkün deyil. Məsələn, o günü mənə bir kitab veriblər ki, oxuyum. Neçə gündür ki, içində bir misra axtarıram. Ki, bu misra şairin öz ruhunun olsun. Onun içindən gəlsin.
- Bəzən də deyirlər ki, şair az yaşamalıdır, çünki qocaldıqca...
- Gəl, bütün dünya ədəbiyyatını gözümüzün qabağına gətirək. Təbii ki, oxuduğumuz səviyyədə. Bayronu, Puşkini, Lermontovu, Füzulini, Nəsimini, Molla Pənah Vaqifi... Görəcəksən ki, şair 45-50 yaşa qədər şairdir.
- Onda belə çıxır ki, siz daha şair deyilsiniz. Axı 59 yaşınız var.
- Düzdür, mən də şairliyimi, hardasa, tamamlamış kimiyəm. Mənim içimdə bir şair ölüb. Belə bir şeirim də var.
- Vəli müəllim, Allah rəhmət eləsin.
- Sağ ol, qardaşoğlu, Allah sizin də ölənlərinizə rəhmət eləsin.
II HİSSƏ
- Vəli müəllim, sizi şair kimi tanıyırlar, sevirlər, hörmət edirlər, amma fikir verirəm, bayaqdan nəsrdən danışırsınız.
- Mən öz taleyimlə bağlı bir roman yazıram. Düz 30 ildir ki, onun üzərində işləyirəm, hələ də davam edir. İçimdə elə hisslər, ümumiyyətlə, sürgün həyatı ilə bağlı elə faktlar, detallar var ki, onları şeirlə, poema ilə ifadə etmək mümkün deyil. Ona görə də, nəsr yazıram. O əsəri demək olar ki, bitirmək üzrəyəm, çox az qalıb. Yazdıqlarımın hamısı da olmuş hadisələrdir. Mən bunu bədii əsər kimi ortaya çıxarmaq istəyirəm, publisistika kimi yox...
- Bu gün onsuz da çoxlu romanlar yazılır. Bu yaşdan sonra nəsrə başlamaq, özü də ciddi iddia ilə...
- Düzdür. O vaxt da çoxlu romanlar yazılırdı. Hamı da oxuyurdu. Demək olar ki, əl-əl gəzirdi. Amma bu gün o əsərlər, tutalım, Salam Qədirzadənin, Nurəddin Babayevin romanları ortada yoxdur. Yəni mən mübarizə aparıramsa, nəsr yazıramsa, qoy bu, ciddi əsər uğrunda olsun.
- Maraqlıdır, niyə dünyasını dəyişmiş adamlar haqqında rahat danışırsınız, çəkinmədən onları adları ilə çağırırsınız, amma yaşayanlar haqqında ümumi danışırsınız?
- Vallah, mən heç kəs haqqında ümumi danışmıram. Həmişə sözümü çəkinmədən demişəm. Tənqidi yazılarım da çox olub, elə ölənlər haqqında da, yaşayanlar haqqında da.
- Məsələn, Hüseynbala Mirələmov...
- Mən Azərbaycan ədəbiyyatında Hüseynbala Mirələmov adında yazıçı tanımamışam, tanımıram, tanımayacağam da!
- Siz həm də redaktorsunuz və çoxlu kitablarda imzanızı redaktor kimi görmüşəm.
- Allah Elçin Səlcuqa rəhmət eləsin, o, mənim axırıncı kitabım haqqında bir yazı yazmışdı. O yazıda demişdi ki, mən sənə hər şeyi bağışlayacağam. Amma şeirə dəxili olmayan kitablara ön söz yazmağını, redaktorluq etməyini heç vaxt.
- Şeirə dəxli olmayan kitablara niyə ön söz yazırsınız ki?
- Nə bilim, olur, üzümdən keçməyib, yazmışam.
- Vəli müəllim, maraqlıdır, bu qazaxlılar niyə ön söz yazmağa həvəsli olurlar? Azərbaycanda ən çox da, ön söz yazmaq işinə Nizami Cəfərov baxır.
- Vallah, yəqin könül qırmaq istəmirlər. Başqa nə ola bilər ki...
- Könül qırmaq istəmədiyiniz adamlara ön söz yazıb həvəsləndirirsiniz, daha da ruhlandırırsınız... Onlar da gedib cild-cild kitablar yazırlar, təqdimatlar keçirirlər, sonra da başlayırsınız tənqid eləməyə ki, filankəslər ağzına gələni yazır, kitab çıxarır.
- Vallah, düzü, özüm də özümü qınayıram ki, həm bu cür adamları tənqid edirəm, həm də, yanıma gələn olanda kitablarına redaktor oluram. Sən düz deyirsən. Nə bilim, belə şeylərin ürəyiyumşaqlıqla bağlıdır.
- Bayaqdan fikir verirəm, danışanda tez-tez sovet hökumətinin vaxtından misallar gətirirsiniz... Bəlkə, qeyri-ixtiyari olaraq siz də sovetdə qalmısınız. Yəni o düşüncənin adamsınız. İçinizdə hələ də o əxlaq yaşayır.
- Yox, Allah eləməsin. Əsl həqiqətə qalsa, vallah, mən nə sovetdən yarıdım, nə də müstəqillikdən. İkincisi, əgər mən sovetdən qalma adam olsaydım, sənin bu sözündən cırnayardım. Amma görürsənmi ki, gülürəm, deməli, ləzzət eləyir. Amma nə qədər adamlar var ki, hələ də sovet təfəkkürü ilə yaşayırlar, yazıb-yaradırlar. Belə sözlər deyəndə də, çox cırnayırlar.
- 80-cilərə itmiş ədəbi nəsil deyirlər. Siz də bu nəslin nümayəndəsisiniz...
- Bu fikri tez-tez deyirlər, amma qətiyyən razı deyiləm! Bunu sənə mən deyirəm, qardaşoğlu, hər kəs hərlənib-fırlanıb axırda ədəbiyyatı adı itirilmiş ədəbi nəsil qoyulan 80-cilərdə tapacaqlar.
- Deyəsən, 80-cilər haqqında deyilənlərdən cırnayırsınız...
- Yox, qətiyyən cırnamıram, amma deyim ki, mən çox pis günlər görmüşəm. Təsəvvür elə çap olunmağa şeirlər göndərərdim, məndə vergül səhvi tuturdular. Bunu bəhanə edib şeirimi çap eləmirdilər. Bu ədəbi nəsildə çoxlarının ağır problemləri olub. Bu illər çox ağır dövr idi, biz meydanlarda gecələyirdik, vəziyyətimiz çox ağır idi. Bunları da nəzərə almaq lazımdır. Amma bu gün ortada olanlar da elə 80-cilərdir.
- Meydanlarda olmusunuz, amma sizə qorxaq, cəsarətsiz ədəbi nəsil də deyirlər və itib-batmağa da səbəb kimi bunu göstərirlər.
- Bu fikirlər həmişə olub. Bunu bu cür formalaşdırıblar.
- Sizə ədəbiyyatda “qazaxşina” da deyirlər...
- Bunu heç kim məndən soruşmur ki, deyəm. Məni Sibirə sürgün eləyən elə öz qazaxlılarım idi, amma sürgün qurtarandan sonra necə oldusa, o adamlar birdən-birə mənə qohum çıxdılar.
- Vəli müəllim, elə bil dərviş həyatı yaşayırsınız...
- Qardaşoğlu, bayaq dedim, mən 30 ildir ki, dərviş həyatı yaşayıram. Bəs dərviş necə olur? Mən XXI əsrin dərvişiyəm. Bəziləri üçün dərviş odur ki, saqqalım-zadım olsun, dilənim-eləyim. Dərvişə belə baxırlar. Bəli, mən dərvişəm, bura da mənim hücrəmdir, hər gün gəlib-gedirəm.
- Vəli müəllim, adamlar niyə ədəbiyyatı bu qədər faciəviləşdirir?
- Ədəbiyyat ən böyük, ən ağır, ən keşməkeşli bir yoldur. Özü də şair, yazıçı ölənə kimi istəyir ki, ən gözəl əsərini yazsın. Vallah, səmimi deyirəm, mən bu saat istəyərəm, elə bir misra yazım ki, sən o yandan gələndə məni qucaqlayıb, öpüb deyəsən ki, bu misranı nə gözəl yazmısan. Mən bu hisslərlə yaşayıram və mənə elə gəlir ki, şairlik də elə budur.
- Bəs niyə ədəbi prosesdə fəal deyilsiniz?
- Çünki çox şeydən iyrənirəm. Həqiqətən də iyrənirəm. Bəzən dostlardan da iyrənirəm. O mühitdən qaçdım, çünki nəslimə-kökümə söydürə bilməzdim, yaltaq ola bilməzdim. Hamı məndən iyrənəcəkdi:
Hər gün yandırardım dost çırağını,
Çoxdandı almıram səs-sorağını,
Açıram könlümün qəm varağını,
Siz indi hardasız araq dostlarım.
Yetişin son dəfə vuraq, dostlarım.
Hanı, dediyiniz o tostlar hanı,
Hanı tutduğunuz o postlar, hanı?
Hanı mən gördüyüm o dostlar hanı,
Siz indi hardasız araq dostlarım,
Yetişin son dəfə vuraq, dostlarım.
- Məni elə beləcə sevin. Bu, mənim bəsimdir.
- Ancaq, özünüzə çəkilmisiniz, vəssalam.
- Düz deyirsən. Bu sözü deməyə haqqın da var ki, niyə ədəbi prosesdə görünmürsən? Amma məsələ burasındadır ki, mən guya özümə çəkilməyib, ədəbi prosesdə görünüb neyləyəcəyəm ki? Mən bunların nəyi ilə mübarizə aparacağam? Və ya mən bunlarla necə mübarizə aparım?!
- Bu qədər iddiasız görünməyiniz sizdə özünə arxayınlıqla bağlıdır, yoxsa...
- Bu ifadə düzdür və dəqiqdir ki, məndə heç bir iddia yoxdur. Amma vaxtilə iddialı idim, sonra geri çəkildim. 1987-ci ilə kimi bizim ədəbi nəslin içərisində “Ulduz” jurnalında mənim qədər çap olunan yox idi.
- Kim çap edirdi?
- Məni də çap eləyən Yusif Səmədoğlu olub, Vaqif Cəbrayılzadə olub. O vaxt qardaşım mühiti bilirdi, kitabı da çıxmışdı. Qardaşım məni Vaqif Cəbrayılzadənin yanına göndərdi. İkinci kursda oxuyurdum. Mənim ədəbiyyata gəlməyimin ən böyük baiskarı da Vaqif Cəbrayılzadə oldu.
- Baiskarı...
- Hə, baiskarı... Mən futbolçu olmaq istəyirdim.
- Haradasa oynamısınız?
- Axırıncı dəfə Bakının “Avtomobilis”ində oynadım, “Spartak” stadionunda idi. Vallah, anam məni vaxtsız doğdu. Kaş anam olaydı, məni indi doğaydı, o cür futbol oynamaqla nə bilim, haralarda idim. Yaxşı futbol oynadığıma görə mənə Pele deyirdilər.
- Bəs niyə o mühitdə parlamadınız ki?
- Nə bilim, qardaşoğlu, bəxtim gətirmədi, parlaya bilmədim. Mən həyatın hər üzünü görmüşəm. Çox çətinliklərim olub. Hamıya öz ürəyimlə yanaşdım, indən belə də öz ürəyim kimi yanaşacağam.
- Bayaq dediniz ki, ədəbiyyat haqqında...
- Hər şeydən əvvəl ədəbiyyat haqqında ciddi bir oxucu kimi danışıram. Mən ən yaxşı oxuculardan biriyəm. Oxucu kimi yetişməyimdə böyük qardaşımın rolu danılmazdır, ədəbiyyatı ondan öyrənmişəm.
- Qardaşınız Qazaxda yaşayır?
- Hə... Hər dəfə gedəndə görürəm ki, kitabları qoyub qabağına, oxuyur. Tez-tez mənə deyir ki, sözə xəyanət eləsən, sənə qardaş deməyəcəyəm. Nizami Cəfərov məni görəndə soruşur ki, professor neyləyir? Nizami müəllim qardaşıma professor deyir.
- Vəli müəllim, xarici ölkələrdə, məsələn, Rusiyada şairlərin, yazıçıların oturub-durduğu çayxanalar var. Orda çox ciddi ədəbiyyat söhbətləri gedir. Bizdə isə...
- Əvvəllər bizdə də vardı. Çayxanalarda qızğın ədəbiyyat müzakirələri gedirdi. Dünyanın nəhəng yazıçıları, şairləri, eləcə də, öz şairlərimiz, yazıçılarımız haqqında maraqlı söhbətlər gedirdi. Həyat, mühit canlı idi, hərəkət varıydı.
- Dünyanın nəhəng yazıçılarını, şairlərini oxuyub müzakirələr eləyən Vəli Xramçaylı niyə heca şeirindən xilas ola bilmədi?
- Səni başa düşürəm, amma mən heç bir yeniliyin əleyhinə deyiləm. İkincisi, axı mən heca şeirinin qrafomanı deyiləm. Qafiyəbazlıq eləmirəm...
- Axı bədii-estetik dünyagörüşünüz də köhnədir.
- Qardaşoğlu, tutalım, Həmid Herisçi şeirlər yazırdı. Onun özünə də demişəm ki, bunlar şeir deyil. Yeni bədii-estetik dünya görüş budursa... Məni niyə aldadırlar, harda var belə şey? Mən o taktikaları da başa düşürəm. Amma əbədi və əzəli bir qayda var: şeir ruhdur, hissdir və andır.
- Vəli müəllim, bütün günü nəşriyyatda oturursunuz, yeyib-içirsiniz... Maraqlıdır, bəs nəylə dolanırsınız?
- Şükür Allaha dolanıram, amma arxayınam və sən də arxayın ol ki, heç kimin qabağında özümü sındırmamışam.
- Banklara kredit borcunuz var?
- Yox! Mənim bircə Allaha borcum var.
- Bəs vətənin sizə nə qədər borcu var?
- Bu vətənin mənə o qədər borcu var... Bircə onu istəyirəm ki, qoynunda yatmağa iki metr yer versin.
- Leninə şeir yazmısınız?
- Yox! Mən heç canım qədər çox sevdiyim Elçibəyə şeir yazmamışam.
- Niyə?
- Onda mən də olardım Rüstəm Behrudi.
- Elçin Səlcuq layiq olmayan adamların kitabına ön söz yazmağı sizə bağışlamırdı. Bəs özünüz özünüzə nəyi bağışlamırsınız?
- Özüm özümə bircə şeyi bağışlamıram: mənim bu dünyada nə itim azıb?!
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR