» » Azərbaycan müğənnilərinin büdcədən oğurladıqları 10 milyon (ARAŞDIRMA)

Azərbaycan müğənnilərinin büdcədən oğurladıqları 10 milyon (ARAŞDIRMA)

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 aprel 2014
//
Bölmə: Şou-biznes
Azərbaycan müğənnilərinin büdcədən oğurladıqları 10 milyon (ARAŞDIRMA)


Müxbir olaraq 500 manat əmək haqqı aldığım halda maaşımın 4%-ni dövlətə vergi, 6%-ni isə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş edirəm. Şəxsi açıqlama verməyim ünvanlıdır və düşünürəm ki, araşdırmaya uyğun olaraq oxucular üçün maraqlı ola bilər. Yeni ilin gəlişi ilə yanaşı müğənnilərin də toy qiymətlərini qaldırdıqları artıq hər kəsə məlumdur, elə özləri də çəkinmədən hər yerdə bu barədə açıq-aydın məlumat verirlər. Bəs görəsən bir toya 10 -15 min manata gedən müğənnilər dövlətə vergi və sosial sığorta haqqı ödəyirlər?

Apardığımız sorğularda ən çox toylara gedən müğənnilər arasında Röya Ayxan, Rəqsanə İsmayılova, Manaf Ağayev, Vasif Məhərrəmli, Faytonçu Nazim, Üzeyir Mehdizadə, Ramal İsrafilov, Ülvinin rəhbərlik etdiyi "Şeron" qrupu, Könül Xasıyeva, Könül Kərimova, Əlikram Bayramov, Səməd Səmədov, Samir Piriyevin adı daha çox çəkildi. Araşdırmaların nəticəsində məlum oldu ki, Azərbaycanda hazırda ən çox tələbatlı toy müğənnisi populyarlığı ilə hər kəsə meydan oxuyan Röya Ayxandır. Onun yarım saatlıq ifasının qiyməti 5.000 manatdır.

Müğənni Rəqsanə İsmayılova isə şəxsən özü canlı efir vasitəsi ilə ən çox tələb olunan və demək olar ki, ayın əksər günlərini həm Azərbaycanda, həm də Rusiyada el şənliklərində olduğunu bəyan edib.

El şənliklərinə ən baha qiymətə qədər gedən ifaçılar siyahısına xalq artistləri Brilliant Dadaşova (13.000 AZN), Faiq Ağayev (14.000 AZN), Aygün Kazımova (13-15 000 AZN), əməkdar artist Abbas Bağırov (10.000 AZN) başçılıq edir. Nadir hallarda toya getməyə razılıq verən Zülfiyyə Xanbabayeva yarım saatlıq qiyməti 5.000 AZN, Nazpəri Dostəliyevanın isə yarım saatlıq 4000 manatdır.

Xalq artistlərindən yanaşı digər ifaçıların da toy qiymətlərini sizə təqdim edirik; bütün toy Elçin Cəfərov – 5000 manat, Zamiq Hüseynov 7000, Vasif Məhərrəmli – 8000 , Ramal İsrafilov-8 000, Samir Piriyev 7 000, Nadir Qafarzadə bütün toy 9-10 min, yarım saatlıq isə 2.500, Xatirə İslam 7 min, Manaf Ağayev 5 000, Nüşabə Ələsgərli – 4 000, Almaz Ələsgərova – 4 000, Elnur Məmmədov 3 000, Natavan Həbibi yarım saat 2.500, İzzət Bağırov 3 000 AZN.

Sənətçilərin bəziləri toy qiymətlərini şəxsən açıqlamaqdan çəkinmirlər. Məsələn, Günay İbrahimli açıqlamasında bildirib ki, “Yaşıl teatr”da konsert verdikdən sonra toy qiyməini qaldırıb. İfaçı artıq yarım saatlıq şou-proqramına 2.000 AZN tələb edir. Bundan əlavə olaraq bildirib ki, bu miqdar dəyişilməz olaraq qalır, imkanlı və ya kasım deyə fərq qoymur. Kərim Abbasov bütün gecə boyunca musiqiçiləri ilə birlikdə 6.000 AZN-ə, yarım saatlıq isə 1.500 AZN-ə toy apardığını vurğulayıb.

İnkişaf etmiş dövlətlərin büdcələri şou-biznes nümayəndələrinin ödədikləri vergilərdən milyonlar qazanır. Nümunəvi vergi ödəyicisi olan ulduzlar da az deyil. Dünya və Hollivud ulduzlarını bir yana qoyaq, gəlin qardaş ölkə Türkiyəyə baxaq. Görəsən Türkiyə dövləti öz ulduzlarından nə qədər qazanır? Nəzər saldıqda görürük ki, vəziyyət bizdəkindən xeyli yaxşı olsa da, orada da vergidən yayınma halları az olmur. Türkiyənin məşhur müğənniləri bir müddət öncə gəlirlərini o qədər az göstərmişdilər ki, vergi orqanları 11 müğənnidən cəmi 55 min türk lirəsi (20 min manat) vergi toplaya bilmişdi. Elə bizim müğənnilər də vergidən yayınmaq üçün fərqli və real olmayan rəqəmlər göstərirlər. Əvvəla, onların çoxu sadələşdirilmiş vergi ödəyiciləridir, halbuki aylıq gəliri 120 min manatdan çox olanlar əslində 18 faiz əlavə dəyər vergisi ödəməlidir. Amma məbləği o qədər az göstərirlər ki, gəlir vergisi də az çıxır.

Vergilərdən yayınanlar avtomotik olaraq pensiya fonduna da ödəniş etmir. Vergi ödəyən istənilən şəxs eyni zamanda Dövlət Sosial Müdafiə Fondundan (DSMF) da məcburi sosial sığortaya cəlb olunmalıdır. Amma bundan da yayınan müğənnilər var. Ötən il Nazpəri Dostəliyeva, Xatirə İslam, rəqqasə Fatma Abdullayeva və Vasif Məhərrəmlinin DSMF tərəfindən məhkəməyə verilməsi barədə mətbuatda xəbərlər yayılmışdı.

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov müğənnilərin bir çoxunun qazandıqları məbləği düzgün göstərmədiklərini deyir: “Toylarının saylarını və qiymətlərini bizə doğru bildirmədiklərinə görə, şou biznes nümayəndələri nazirlik tərəfindən daim nəzarət altında olurlar. Müğənnilərin əksəriyyəti yalan danışaraq vergidən yayınırlar. Buna baxmayaraq ifaçılar tərəfindən bəyənnamə təqdim edilir və vergi ödənilir”.

Hazırda uçotda şou-biznes fəaliyyəti ilə məşğul olan 844 vergi ödəyicisi var. Hansı ifaçının nə qədər vergi ödədiyini öyrənmək istəsək də, Şahin bəy Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən vergi ödəyicilərinin uçotu barədə məlumatları açıqlaya bilmədiyini söylədi.

"Şou-biznes nümayəndələrinin bir qismi heç də nümunəvi vergi ödəyicisi deyil"

Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi İlham Əmirəliyev müsahibəsində, şou-biznes nümayəndələrinin çoxunun nümunəvi vergi ödəyiciləri olmadıqlarını deyir: "Musiqi fəaliyyəti ilə məşğul olan sənət adamları, müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri həyata keçirilsə də, onların vergi öhdəliklərinə tam və könüllü əməl-etmə səviyyəsi aşağıdır. Dünyanın, xüsusilə də Avropanın inkişaf etmiş ölkələrində şou-biznes nümayəndələri vergi öhdəliklərinə necə əməl etmələri ilə daim ictimaiyyətin diqqət mərkəzindədirlər. Gəlirlərini gizlədən dünyaca məşhur insanlar - müğənnilər, aktyorlar, bəstəkarlar, bir sözlə, incəsənət nümayəndələri hansı ölkədə yaşamalarından asılı olmayaraq, həmişə ictimai qınağa məruz qalmaqla yanaşı, bir sıra hallarda hətta inzibati və digər məsuliyyətə də cəlb edilirlər. Bizim bəzi tanınmış müğənnilərimiz vətənpərvərlik mövzusunda mahnılar ifa edir, kliplər çəkdirir, televiziya ekranlarından düşmürlər, lakin onların dövlət büdcəsinə ödədikləri vergilərin məbləği heç də aldıqları qonorara uyğun olmur”.

İlham Əmirəliyev əsas problemin şou nümayəndələrinin əldə etdikləri gəlirləri "Qeydiyyat kitabı"nda düzgün əks etdirməmələri, hətta göstərdikləri və imzaları ilə təsdiq etdikləri gəlirlərlə rüblük bəyannamələrdə qeyd olunan gəlir məbləğləri arasındakı uyğunsuzluqlarla bağlı olduğunu deyir: "Müğənnilərin bir şənlik mərasimindən əldə etdik¬lərinə gəlirlərin onların bəyan etdikləri rüblük gəlirdən dəfələrlə çox olması barədə məlumatlar var. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikamızın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bəzi hallarda "Qeydiyyat kitabı"nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi burada əks olunur. Müğənnilərin iştirak etdiyi tədbirlərin həm sayı, həm də onlara ödənilən qonorarların məbləği bir çox hallarda şübhə doğurur. Halbuki gündəlik müşahidələrin nəticələri və kütləvi informasiya vasitələrində yer alan məlumatlar el şənliklərində musiqiçilərə ödənilən məbləğlərin qat-qat artıq olduğunu söyləməyə əsas verir. Bəzi informasiya saytları hətta bir sıra müğənnilərin el şənliklərində tam, yaxud qismən (1 saat, yarım saat və s.) iştirakı üçün nəzərdə tutulan məbləğləri dəqiqliklə göstərirlər. Bu məlumatlar vergitutma bazası kimi qəbul edilməsə də, vergilərin dövlət büdcəsindən yayındırılmasına şərait yaradanlar - istər gəlir əldə edənlər, istərsə də bu məbləgi ödəyənlər dövlət və xalq qarşısında öz məsuliyyətlərini anlamalıdırlar”.

Şou biznes nümayəndələri İlham bəyin bu sözlərini xəbərdarlıq kimi qəbul etsələr yaxşı olar. Çünki vergi müfəttişləri müğənnilərin vergidən yayınma hallarını aşkarlayarsa bu onlara baha başa gələ bilər. Yəni müğənni vergidən yayınırsa və bu aşkar olunubsa nəzərdə tutulmuş cərimələrlə yanaşı həmin şəxs 3 aydan 6 aya qədər sənətçi kimi el şənliklərində, konsertlərdə çıxışı qadağan olunacaq. Məbləğin miqdarından asılı olaraq bu qadağa 1 il müddətinə qədər uzadıla bilər.

İqtisadi ekspertçi Vüqar Bayramov şou nümayəndələrinin vergilərdən yayınmasının dövlət büdcəsinə külli miqdarda ziyan vurduğunu bildirdi: "Əgər gəlirləri il ərzində 120.000 AZN dövrəyə malik deyilsə, o vaxt VÖEN almaqla dövlətə sadələşdirilmiş formada 4% vergi ödəməlidirlər. Əgər gəlirləri il ərzində 120 min manatı keçirsə bu halda 18 % əlavə dəyər vergisi və gəlir vergisinə cəlb olunmalıdır. Amma buna baxmayaraq bizim apardığımız manitorinq nəticəsində məlum olub ki, müğənnilərin əksəriyyəti vergiyə cəlb olunmur."

Vüqar Bayramov problemin həllini nəğd ödənişlərə qadağa qoymaqda görür: "Vergidən yayınmalar onunla bağlıdır ki, onların ödənişləri nağd pulla ödənilir. Belə olan halda müğənnilər gəlirləri barədə vergiyə istədikləri rəqəmi göstərə bilirlər. Buna görə də dövlət lazımı vergini toplaya bilmir. 500 manatdan artıq ödənişlərin nağd ödənilməsinə qadağa qoyulmasını təklif edirəm. Bu qadağa işləyərsə müğənnilərin gəlirlərininin izlənməsinə imkan verər."

Ekspert məsələnin çox ciddi olduğunu və dövlət büdcəsinin itirdiyi pulların heç də kiçik məbləğ olmadığını qeyd etdi: “Bu çox ciddi məsələdir. Burada söhbət dövlət büdcəsindən yayınan il ərzində 10 milyon manatdan artıq vəsaitdən gedir. Vergidən yayınan müğənnilərin sayı kifayət qədər çoxdur, bu insanlar başa düşmürlər ki, dövləti nə vaxta qədər aldada biləcəklər? Vaxt uzadıldıqca cərimələrinin ağırlığıda bir o qədər çətinləşəcək”.


QafqazPRESS.az
banner125x125 banner125x125