Samiraldo: "Ərə getmək istəsəydim..."
"Nişanım ya doğum günümdə, ya da sentyabrda olacaq"
"Uşaq evində böyüyən kimsəsiz bir adamı bu qədər vurmaq, qəlbini sındırmaq lazım deyil".
Milli.Az xəbər verir ki, hər zaman qeyri-adi geyimləri, fərqli imici və açıqlamaları ilə diqqət mərkəzində olan stilist Samiraldo (Samir Əliyev) teleqraf.com-a müsahibə verib.
Nişanlanmağa hazırlaşan stilist şəxsi həyatı ilə yanaşı, digər suallarımızı da cavablandırıb.
- Samiraldo, nişanlanmağınızla bağlı dolaşan xəbərlər nə dərəcədə doğrudur?
- Bəli, nişanım olacaq. Sadəcə, şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Bu haqda da detallı informasiya vermək istəmirəm. Yalnız onu deyim ki, nişanım ya doğum günümdə, ya da sentyabr ayında olacaq.
"Ürəyim qadın olmaq istəyir, oluram"
- Doğrudur ki, siz qadınla deyil, kişi ilə ailə həyatı qurmağa hazırlaşırsınız?
- Yalandır. Tutaq ki, mən bir kişiyə ərə gedirəm. Belə olsa, bunu gizlətmək mümkün olmayacaq. Çünki ölkə qanunları var. Bakı balaca şəhərdir, burada belə bir hal baş versə, bütün mətbuat, insanlar xəbər tutacaqlar. O ki, qaldı mənim oriyentasiyama, bəli, sənətim, işim insanlarda şübhə yaradıb ki, mən homoseksual, ya da ki, biseksualam. İnsanların belə düşünməyi qəbulolunandır.
Çünki həqiqətən də geyimlərimdə, görünüşümdə onlara bənzəyirəm. Halbuki dünya moda aləmində məşhur stilist və modelyerlər mənim kimi geyinirlər. İstədikləri saç düzümünü edirlər. Bu geyim tərzi, saç düzümü Samiraldonun sənətidir. Samiraldo nə istəyirsə, edir. Ürəyi qadın olmaq istəyir, olur. Çünki o başqa bir dünyadadır. Bir daha deyirəm, Samir Əliyevlə Samiraldonun fərqi böyükdür. Samir Əliyevi hələ heç kim görməyib. Məni tanımaq üçün bir gün evimdə olmaq, söhbət etmək lazımdır. Mən evdə Samiraldonun geyimlərində ola bilmirəm. O geyimdə çox sıxılıram.
"Ərə getmək istəsəydim, Azərbaycandan gedərdim"
- Deyirsiniz ki, Samiraldonun ürəyi qadın olmaq istəyir və olur. Bəs yaxşı, günlərin birində Samiraldo ərə getmək niyyətinə düşsə, onda necə?
- Samiraldo istəsəydi, çoxdan ərə gedərdi. Samir heç kimdən qorxub çəkinmir. Ərə getmək istəsəydim, Azərbaycandan gedərdim. Başqa ölkədə yaşayardım və bunu edərdim. Kimdənsə asılılığım yoxdur, kimsəm yoxdur, təkəm. Heç kim mənim həyatımı idarə edə bilməz. Necə istəyirəmsə, elə də yaşayıram. Heç kimin haqqı yoxdur ki, “Samirin oriyentasiyasında problem var” desin. Samirin oriyentasiyasında heç bir problem yoxdur, sağlam bir insandır. Uşaq evində böyüyən kimsəsiz bir adamı bu qədər vurmaq, qəlbini sındırmaq lazım deyil.
"9 milyon insana mən necə cavab verim?"
- Qəlbinizi qıran kimlərdir?
- Mən uşaq evində böyümüşəm. Oradan küçəyə çıxdım. Tək idim. Baxdım ki, burada həyat, insanlar tamam başqadır. 16 yaşlı oğlan üçün çox çətin idi. Birdən-birə insanların sənə bu cür aqressiyası, baxışları, hər dəfə sənin üzünə böhtanlar deməyi... Fikir vermirsən, deyirsən ki, eybi yoxdur, keçər. Amma yox, artıq 23 idir ki, mən insanların böhtanları ilə barışmışam. Onlar məni belə edib, bu günə qoyub. Əlbəttə, Samir onların cavabını verəcək. O, bütün bunlara cavabı geyimləri, görünüşü və həkətləri ilə verir. 20 ildən sonra internat müəllimimlə görüşdüm. O, mənə dedi ki, Samir, sən niyə belə oldun? Mən axı sənə belə tərbiyə verməmişdim. Mən ona cavabında dedim ki, sənin verdiyin tərbiyənin sayəsində, indi həbsxanada deyiləm, narkoman da deyiləm, oğurluq etmirəm. Sənin verdiyin tərbiyə ilə adlı-sanlı bir insanam. Amma belə olmağıma səbəb cəmiyyətdir. İnsanlar məni belə görmək istəyirdilər, indi onlara cavab verirəm.
Haqqımda xoşagəlməyən sözlər eşidəndə bu, mənə pis təsir edir. Təkəm, arxamda kimsəm də yoxdur. Əvvəlcə 20, sonra 30, daha sonra 100 nəfərə cavab verə bilmirdim... İndi 9 milyon insana mən necə cavab verim? Məni Allah tanıyır, bilir. Onun ən sevimli bəndəsiyəm ki, bu qədər insanlar, pisliklər arasında mənə yol açır. Məni hər tərəfdən vururlar. İmkan vermirlər, hər tərəfdən yolumu bağlayırlar. Aralarında hətta vəzifəli şəxslər də var. Mənim onlara heç bir aidiyyatım yoxdur, tamam başqa sferanın insanıyam. Hətta olub ki, ad çəkməyəcəyəm - bir telekanala çıxmışam. Həmin adam zəng edib deyib ki, onu efirdə “vurun”. Məni canlı efirlərdə təhqir ediblər. Bunları kimin əli ilə etdiklərini mənə sonra çatdırıblar. Mən o insanlara deyirəm ki, əgər siz məni vurursunuzsa, nə vaxtsa ayağa qalxacağam və bunun qarşısını alacağam. Yəni mənim öz tərəfimdən heç bir vəzifəli insanla şəxsi qərəzliyim yoxdur.
"İllərlə məni arzulayan bir xanımla evlənirəm"
- Yaxşı, nişanlınız olacaq xanım kimdir?
- O xanımla biz bir yerdə böyümüşük və uzun illərdir ki, dostuq. Artıq yaşlanıram, ailə qurmalıyam. İstəyirəm ki, övladım olsun. Bütün bunlara görə illərlə məni arzulayan bir xanımla evlənirəm. Bir tək o xanıma gələcək həyatımı, ailəmi həvalə edə bilərəm. Bunu küçədən keçən, tanımadığım bir qadınla edə bilmərəm.
- O xanımı sevirsiniz?
- Yox, sevmirəm. Sadəcə, xətrini çox istəyirəm. Mənim aləmimdə sevgi məfhumu yoxdur. Mən heç kimdən - nə anadan, nə atadan, nə də ki cəmiyyətdən sevgi görmüşəm. Bunun üçün də sevginin nə olduğunu bilmirəm. Təbii ki, o xanımı öz evimə, ailəmə buraxıramsa, gələcək övladımın anası kimi görürəmsə, yəqin ki, bu, sevgidən də artıq bir duyğudur.
- Neçə övlad sahibi olmaq istəyirsiniz?
- Allah bilən məsləhətdir. Durum, deyim ki, 5 uşağım olsun. Buna maddi imkanım da çatmaz. Mənim üçün övladın sağlam böyüməsi və düzgün tərbiyə alması vacibdir. Bir və ya iki övladım olsa, buna görə Allaha minnətdar olaram. Hər zaman dua edərəm ki, məni övlad sahibi edib.
"Qız deyir ki, toy etməsək də, olar"
- Toyunuz nə zaman olacaq?
- Toy dekabrın sonlarında, ya da gələn il yanvarda olacaq. Hələ dəqiq tarix bəlli deyil. Onu da deyim ki, toyumu Azərbaycanda etməyəcəyəm. Bunu məşhur bir insanın kaprizi kimi anlamasınlar. Qız istəmir ki, onu mətbutda və mediada işıqlandırsınlar, haqqında yazsınlar. O, şou-biznes adamı olmadığına görə bütün bunlardan qaçır. Hətta mənə deyir ki, toy etməsək də, olar. Amma mən toyumun olmasını istəyirəm. Toyumuzda ancaq mənə ən yaxın insanlar olacaq.
"Nişanlım qapalı geyinir"
- Ailə quracağınız xanımın xarici görkəminiz, imicinizlə bağlı hər hansı iradları var, yoxsa sizi olduğunuz kimi qəbul edir?
- O xanım məni uşaqlıqdan tanıdığına görə bilir ki, mən hansı keyfiyyətlərə sahib olan bir insanam. Nə mən onun geyiminə qarışıram, nə də o, mənim. Onu da deyim ki, həmin xanım qapalı geyimlidir.
- Hicablı xanımdır?
- Yox, başı açıqdır. Amma geyimləri çox qapalıdır. Azacıq sinəsi açılanda bunu özünə ayıb bilir. Bu da onun tərbiyəsindən irəli gəlir. O qız müəllim, ziyalı ailəsində böyüyüb. Mən ona “əgər sən stilistin həyat yoldaşı olacaqsansa, mütləq açıq-saçıq geyinməlisən”, - demirəm. Yox. Hər ikimizə də bu, lazım deyil. Biz gələcəyimizi qurmaq istəyirik. Özümüzü bu kimi hərəkətlərlə reklam etmək istəmirik.
"Mən iki fərqli insanam"
- Bir dəfə açıqlamanızda demişdiniz ki, mən gəlinəm, gəlin köçürəm... Bu kimi hallar, mətbuatda dərc olunan yazılar sizinlə ailə quracaq xanıma necə təsir edir?
- Mənim xanımım olacaq o qız heç vaxt məni Samiraldo kimi qəbul etməyib. O deyir ki, sən şou-biznesin aktyorusan, geyiminlə, saç düzümünlə rola girirsən. Onu da deyim ki, evdə tamam başqa bir insanam. Başqa cür geyinib, davranıb, hərəkətlər edirəm. Məni tanıyan insanlar bunu yaxşı bilirlər. Həmin sözləri deyən Samiraldo idi. Samir Əliyev elə hərəkət etməz. Xanımım da bilir ki, mən iki fərqli insanam. Cəmiyyətdə bir, evdə isə tamam başqa adamam. Həmin xanım məni yaxşı tanıdığına görə evlilik qərarını verib. Biz əslində neçə illərdir ki, bərabərik. Neçə illərdir ki, hər gün görüşürük, danışırıq. O, həmişə mənə deyirdi ki, Samir, vaxt gedir. Onun 36, mənim isə 38 yaşım var. Deyirdi ki, səndən bir uşağım olmağını istəyirəm. İndiyə kimi sənin kimi mədəni insan görməmişəm. Deyim ki, o, məni sevir, yox, sadəcə, hörmət edir. Bir dəfə də olsun, mənə “Samiraldo” deyə müraciət etməyib. Bəzən olur ki, mənə zəng gəlir. O olur, deyirəm ki, buyurun, Samiraldodur. Dərhal deyir ki, Samiraldo kimdir? Yəni ki, Samiraldonu qəbul edə bilmir. Amma bilir ki, bu mənim işimdir, sənətimdə seçdiyim addır. Bu adla imiclə, görünüşlə tanınmışam, çox nailiyyətlər əldə etmişəm.
- Maraqlıdır, nikah masasına Samiraldo, yoxsa Samir Əliyev kimi əyləşəcəksiniz?
- Əlbəttə ki, Samir Əliyev. Əgər nikah bağlayıramsa, şəxsiyyət vəsiqəmdə ad-soyadım necədirsə, o isimlə də evlənəcəyəm. Evliliyimin şou-biznesə aidiyyatı yoxdur. Bu mənim həyatımdır, iç dünyamdır. Ailə qurmağa ciddi bir iş kimi baxıram, boş yanaşmıram. Bilirəm ki, insanlar evlənmək xəbərimə də kinayə ilə yanaşacaqlar, məni qınayacaqlar.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR