» » Azərbaycan mədəniyyəti və tarixi Rusiya məktəblərində təbliğ edilir

Azərbaycan mədəniyyəti və tarixi Rusiya məktəblərində təbliğ edilir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 may 2014
//
Bölmə: Sosial
Azərbaycan mədəniyyəti və tarixi Rusiya məktəblərində təbliğ edilir



“Azərbaycanla bağlı bəzi tədbirin iştirakçısı olub gözümlə gördüklərimi zaman-zaman qələmə alıb oxuculara çatdırmağa çalışıram. Vətəni qürbətdən təmsil edənlərin vətənə və millətə olan sevgisini görmək qürurvericidir”. Bu barədə AZADİNFORM-a Moskvada fəaliyyət göstərən azərbaycanlı jurnalist Gülsüm Adilqızı yazıb:
- 19 may 2014-cü il tarixində Moskvanın Ximki rayonunda tədbirə dəvət aldıq. Atalar deyib ki, “Çağırılan yerə ərinmə, çağırılmayan yerdə görünmə”.
Biz də ərinmədik. Səhər tezdən yola çıxdıq. Həftənin birinci günü olduğuna görə maşın karvanı tıxacdan sanki hərəkət etmir, dayanmışdı. Çox çətinliklə özümüzü çağırılan yerə çatdırdıq. 9 saylı məktəbin girişində həmyerlimiz Zirəddinlə rastlaşdıq. Söhbət edə-edə beşinci mərtəbəyə qalxdıq.
Tədbirin təşkilatçısı həmyerlimiz, Rusiya Federasiyası Moskva şəhər Ximki rayon üzrə deputatı Xanoğlan Əliyevdən tədbirin məqsədini soruşuruq. O qeyd etdi ki, məqsəd Azərbaycan mədəniyyətini və tarixini Rusiya məktəblərində təbliğ etməkdən ibarətdir. Konkursda fəal olan şagirdlərdən üç nəfəri Azərbaycana ekskursiyaya göndəriləcək. Artıq üç ildir bu tədbiri həyata keçirdirik.
Tədbirdə kitab sərgisi və eləcə də Azərbaycanın milli geyimləri öz əksini tapmışdı. Kitabların arasında Qarabağ kitabı da diqqətimi çəkir. Xanoğlan müəllim kitaba maraqla baxdığımı görəndə deyir: “Gülsüm xanım bizim ən böyük bəlamız Qarabağdır. Odur ki, biz Qarabağın Azərbaycanın olduğunu sübut etmək üçün həm də təbliğat aparırıq. Burada təhsil alan şagirdlərin arasında hər cür millətin uşaqları oxuyur. Eləcə də erməni uşaqları da bu məktəbdə təhsil alır. Bu tədbirdə ermənilər də iştirak edirdilər. Ona görə də Qarabağ kitabı ilə sübut etmək istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır. Kimsə zorla Qarabağı Azərbaycanın tərkibindən qopara bilməz”.
Tədbir Rusiya və Azərbaycan himni ilə başlayır. Sonra Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən qısa film göstərilir və eləcə də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun yaradıcılığından bəhs olunur. Məktəblilər Azərbaycan tarixi haqqında hazırladıqları müxtəlif kompazisiyalar və Azərbaycan tarixindən maraqlı çıxışlar nümayiş etdirilir. Qonaqlar arasında hər kəs tərəfindən maraqla qarşılanan “MARSEY” Ansamblının rəqqasları Anar Quliyevlə Veranika Balabanovanın “Naz eləmə” rəqsi hər kəsin diqqətini çəkir. Daha sonra Ramazan Ramazanovun oxuduğu “Azərbaycan” mahnısı rusların alqışları ilə onun ikinci dəfə səhnəyə qalxmasına səbəb olur.
Nəhayət üç rus qızı qalib olaraq Azərbaycanı səyahət etmək şansı qazanırlar. Sonda fəxri qonaqlarla xatirə şəkilləri çəkilir. Fəxri qonaq olmasaq da fəxri qonaqların arasında olduq və gördüklərimizi qələmə aldıq.



QafqazPRESS.az
banner125x125 banner125x125