» » Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 iyul 2017
//
Bölmə: Sosial
Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdir


“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə həyata keçirir.
Cəlilabad rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığını qeyd edib, rayonda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verib.
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin nümayəndəsi öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Cəlilabad Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmininin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verildiyini bildirib, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda qadın siyasətinin əsasını qoyulduğu, bu siyasətin bu gün də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb. O, Azərbaycan Respublikasının qadın hüquqlarının müdafiəsi üzrə mühüm beynəlxalq sənədlərə qoşulduğu, milli qanunvericiliyin beynəlxalq standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımların atıldığını qeyd edib.
Layihənin eksperti Vəsilə Möhsümova çıxış edərək, erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödənilməməsi, iqtisadi zorakılıq kimi ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması, cəzaçəkmə müəssisələrində məişət zorakılığı zəminində cinayətkar qadınların olması kimi məsələlərə toxunub və əhalinin düşüncə tərzini dəyişməyə və insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb. O, insanlar arasında müntəzəm maarifləndirmə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarına yol verilməməsinin zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat verib, vəzifələrin icrası zamanı işin daha da təkmilləşməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
Tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə onunla mübarizə yolları barədə məlumat verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbir iştirakçıları məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınması məqsədilə qaynar xətt xidmətinin yaradılması, əhalinin təhsil səviyyəsinin yüksəlməsi, qadın polislərin sayının artırılması, qadınların sahibkarlığa cəlb edilməsi, insanlar arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin genişlənməsi, medianın bu sahədə fəaliyyətinin daha da təkmilləşdirilməsi kimi təkliflər irəli sürmüşlər.
Müzakirələr zamanı tədbir iştirakçıları tərəfindən belə bir ümumi fikir ifadə olunmuşdur ki, layihə çərçivəsində keçirilən bu kimi maarifləndirmə tədbirləri zamanı hədəf qrupuna daxil olan şəxslərin mövzu ilə bağlı geniş məlumatlar əldə etmələri və onların həmin məlumatları öz yaxınları və tanışları ilə bölüşmələri əhali arasında məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınmasında mübarizə ruhunun güclənməsinə öz müsbət təsirini göstərəcəkdir.
Qeyd etmək lazımdır ki, cari ildə layihə çərçivəsində Kürdəmir və Ucar rayonlarında maarifləndirmə tədbirləri keçirilmişdir.
banner125x125 banner125x125