» » Kəpəz televiziyasının 21-ci ad günü

Kəpəz televiziyasının 21-ci ad günü

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
Kəpəz televiziyasının 21-ci ad günü


Düz 21 il bundan əvvəl bölgələri əsaslı surətdə işıqlandıran ilk müstəqil televiziyanın əsası qoyulub. İlk efir yayımını fərdi yaşayış evində gerçəkləşdirən Kəpəz Müstəqil Teleradio Şirkəti 2008-ci ilə kimi 18 saatlıq efiri ilə Qərb bölgəsində müəyyən qədər izləyici kütləsi toplamağı bacardı. Lakin region üçün bu daha cılız, daha az demək idi.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, 2 il bundan əvvəl isə Gəncə şəhərində yeni binanın istifadəyə verilməsi televiziya sahəsində inkişafın ilk addımı oldu. Ən müasir texnoloji avadanlıqlar, dünya standartlarına cavab verən studiyalar, ən son model teleötürücülər isə regionda ən keyfiyyətli yayım həyata keçirməyə imkan verdi.

Vüqar Abbasov - texniki direktor: “Kəpəz Televiziyasının ilk uğuru yeni binanın tikilib istifadəyə verilməsidir. Telekanalda dünyanın ən qabaqcıl şirkətlərinin avadanlıqlarının quraşdırılması isə onu paytaxt televiziyalarından heç də geridə qoymur”.

Televiziya həmçinin Cinegy texnologiyası əsasında Azərbaycanda ən böyük avtomatlaşdırılmış yayım sisteminə malikdir.

Digər mühüm məsələlərdən biri də televiziyaya işçi potensialının cəlb olunması idi. Son 6 ildə telekanalda gənclərə əhəmiyyət verilərək, onları ixtisaslaşdırmaq yolunda müəyyən işlər görüldü. Belə ki, xarici ölkələrdən dəvət olunan peşəkar jurnalistlər, televiziyanın İT və texniki xidmətinin əməkdaşlarının Türkiyə və Almaniyada təcrübə toplamağa yollanmasını Kəpəz televiziyasında peşəkarlığa önəm verilməsinin nəticəsi kimi qiymətləndirmək olar. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanın istənilən bölgəsindən gənclər işləmək üçün məhz televiziyamıza üz tuturlar.

Bahadur Şakiroğlu - aparıcı-müxbir: “Bütün sahələrdə olduğu kimi, televiziya sahəsində də bu gün yetərincə inkişaf var. Və sevindirici haldır ki, bu irəliləyiş, region televiziyalarında da özünü göstərir. Paytaxtdan bura gəlməyimdə əsas səbəblərdən başlıcası isə öz intibah dövrünü yaşayan region televiziyasında mənim də payımın olmağını istəməyimdir.”

Günay Hacıyeva - aparıcı-müxbir: “Bölgə televiziyalarının belə sürətli inkişafı, hər bir gənc kimi bizi də sevindirir. Çünki bu, zamanla ayaqlaşan region gənclərinin intellekt səviyyəsinin yüksək olmasından irəli gəlir. Biz də onlara qoşulduq ki, bu işdə öz bacarığmızı nümayiş etdirək”.

Fidan Muradlı - aparıcı: “Bura mənim ilk iş yerimdir. Kollektivimizdə peşəkar ixtisas sahiblərinin köməkliyi ilə mən də bu sənətin sirlərinə yiyələnməyə çalışıram. Düşünürəm ki, regiondan dünyaya səsimizi çatdıra bilirik”.

Sübhan Bağırov - studiya kompüter dizayneri: “Hər bir verilişin hazırlanmasında böyük bir gənc kollektivin əməyi var. Texniki və yaradıcılıq baxımından işimizin öhdəsindən gəlməyə çalışırıq”.

Tacirə Əliyeva - rejissor assistenti: “Televiziya elə bir sahədir ki, burada bir yerdə dayanmaq olmaz. Ələlxüsus da burada əksəriyyət gənclər təşkil edir. Dünyanın nəbzini tutmaq lazımdır. Məncə, bu bizdə alınır”.

Hər zaman istedada, biliyə, intellektual bacarığa önəm verən “Kəpəz” televiziyasının əməkdaşlarının, demək olar ki, 90 faizini gənclər təşkil edir. Müasir gəncliyin inkişaf dinamikasından yararlanan televiziyada beləliklə də cəmiyyətin dünyagörüşünə və mədəniyyətinə təsir edəcək layihələr hazırlanır. Lakin bu o demək deyil ki, hazırlanan verilişlər yalnız gənclər üçündür. Bütün yaş kateqoriyalarından olan tamaşaçıları nəzərə alan “Kəpəz”, əyləncəli, intellektual, təhqiqat, tok-şou, maarifləndirici xarakterli proqramları və sənədli filmləri ilə regionda geniş tamaşaçı kütləsi toplayıb.

Televiziya digər telekanallarla informasiya mübadiləsi etməklə, bölgə tamaşaçısını ən son xəbərlərdən agah etməyə çalışır.

Fərid Mehdiyev - Xəbərlər Xidmətinin direktoru: “Bölgələrimizin sosial-iqtisadi inkişafını, ictimai-siyasi həyatında baş verən ən son məlumatları çatdırmağa çalışırıq. Hesab edirəm ki, bizim verdiyimiz informasiya ən doğru, ən düzgün, qərəzsiz xəbərdir”.

Bölgələrdə fəaliyyət göstərən 6 region kanalını birləşdirən digər bir hadisə isə 10 may 2014-cü ildə “Vətən buradan başlayır” devizi altında yaradılan “Region TV” oldu. Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı ilə yayımlanan Region TV-də əsas məqsəd Azərbaycanın bölgələrində baş verən son hadisələri, mədəniyyətini, iqtisadiyyatını, adət-ənənələrini ilk olaraq çatdırmaqdır. Yeni yaradılan televiziyada “Kəpəz” 14 adda verilişlə təmsil olunur. Region TV Azərbaycanın ilk peyki olan AzerSpace1-in Avropa seqmentində, kabel tv-lər, həmçinin internet vasitəsilə də yayımlanır.

Kəpəz televiziyasının daha bir uğuru isə regionda ilk Kəpəz Fm radiosunu yaratması olub. 93.3 dalğasında yayımlanan musiqilər yaşından asılı olmayaraq hər kəsin zövqünü oxşamaq iqtidarındadır. www.kepezfm.az vasitəsilə isə radionu dünyanın istənilən nöqtəsindən dinləmək olar.

“Region TV”nin yaradılması Azərbaycanda televiziyanın inkişafında yeni mərhələnin başlanmasına səbəb oldu. Bu irəliləyişdə bölgə televiziyaları əzmlə çalışaraq, inamları doğrulmağa səy göstərəcək. Sonda isə 21 yaşı münasibəti ilə bütün Kəpəz kollektivini təbrik edirik.



QafqazPRESS.az
banner125x125 banner125x125