Məmur balası, yoxsa bizlərin bəlası?
"Jeunesse doree" və ya "qızıl gənclik". Bakıdakı məmur övladları özlərini məhz bu təbəqəyə aid edirlər. Onlar hər biri ən azı 50-60 min manatlıq lüks avtomobilləri sürür, yolda olanda kimsəni veclərinə almır, özlərini əhalinin tam əksəriyyətindən dəfələrlə üstün sayırlar.
Gecənin bir aləmində Bakı yollarının drift və "strit-reysinq" arenalarına döndərən, "Kimin maşını daha sürətlidir, kim daha usta sürücüdür?" suallarına cavab arayaraq avtomobillərini çox böyük sürətlə sürən, şütüyən bu gənclərin təşəxxüsü özlərindən dəfələrlə böyükdür.
Məmur övladlarının sosial şəbəkələrdəki profillərində yaydıqları fotolara, videolara baxmaq bu gənclərin ağır psixoloji problemlərə və komplekslərə düçar olduğunu anlamağa yetər.
Belələri bahalı avtomobillərinin içində özlərini, çölündə başqalarını çəkərək İnstagram-da, Facebook-da yayırlar və sonra da əməllərindən bəhs olunan kimi profillərini bağlayırlar.
Halonki o profillər pambığı çoxdan tökülən sandıqdır ki, qapağı bağlamaqla özbaşınalıq cidasını sükut çuvalında gizlətməyə imkan vermir.
Pulları, maşınları ilə bağıl statusları paylaşanlar həyatda gerçək statusu olmayan, pulunu və varını ehtiyacı olanla paylaşmayanlardır - bu, həmin bahalı avtomobillərin tüstüsü qədər acı həqiqətdir.
Onların yeganə üstün cəhəti…
Böyük Fransız İnqilabından sonra varlanmış meşşanlar özlərini "nuvoriş" adlandırmağa başladılar. Onların övladları isə "qızıl gənclik" idi. Bu gənclərin yaşamda əsas məqsədləri, amalları həyatdan kam almaqdı.
Dahi fransız aktyor Talma yazırdı: "Bu insanlar barədə ikrahla bəhs etməmək mümkün deyil. Onlar son dəblə geyinir, ən bahalı karetalardan istifadə edirlər. Saç düzümləri, davranışları, danışıqları ilə hamıdan fərqlənmək istəyirdilər. Halbuki bu gəncləri pulu az olan yaşıdlarından fərqləndirən yeganə "üstün cəhət" onların pullu ataların övladları olmalarıydı".
Həyatlarını və ümumiyyətlə, gələcəklərini zəngin valideynlərinin təmin etdiyi belə gənclər üçün həyat çox rahat, gözəldir. Onlar ehtiyacın, zəhmətin, qayğının nə olduğunu bilmədiklərindən yaşamı əyləncə sayır, macəralar arayırlar.
"The Times" belə gəncləri valideynlərinin ümidlərini doğruldacaq insanlar yox, psixoloji reabilitasiya mərkəzlərinin potensial müştəriləri adlandırırdı.
Haradandır o pullar?
Son vaxtlar mediada məmur övladlarının bahalı avtomobilləri və bu gənclərin harın hərəkətləri ilə bağlı çox sayda informasiyalar, yazılar, şərhlər dərc olunur.
Rezonanslı informasiyalardır, söz yox.
Cavabı aranan sualların çoxunu həmin məmur övladlarının bahalı maşınları hansı pullarla, necə, nəyin və ya kimin hesabına almaları ilə bağlı məchullar təşkil edir.
Əslində isə o maşınların alındığı pulların məbləği yox, mənşəyi maraqlıdır.
360 min avroluq Maserati Quattroporte Sport GT S və ya 180 min avro dəyərində BMW 5 Series-in satın alındığı zaman gəlir vergisinin ödəndiyi bəlli.
Həmin maşınlar üçün ödənmiş məbləğlərə gəldikdə isə, məmurların açıqlamaları çox sadəlövh insanlara hesablanmış sözlər təsiri bağışlayır.
"Oğlum iş adamıdır, özü alıb", "Bu avtomobil kreditlə alınıb" və s.
Bahalı maşının sahibi iş adamıdırsa, avtomobili satın almağa imkan verən gəlir mənbəyi olan şirkətin maliyyə fəaliyyəti, məsrəf və mədaxili yoxlanılırmı?
Bu şirkətin ödədiyi vergilərə nəzər salsaq, məlum olur ki, müvafiq qurum xadimənin maaşını güclə ödəyir. Di gəl, kağız üzərində yaradılaraq elə kağız üzərində də qalan şirkətin əməkdaşı və ya rəhbəri olan məmur övladı ölkədəki orta statistik əməkhaqqından yüz dəfələrlə böyük məbləğdə avtomobili çox asanlıqla alır.
Vergilərdən yayınmağın digər yolu o avtomobillərin kağız üzərindəki şirkətlərin balansına alınmasıdır. Belədə məmur övladı sadəcə, balansdakı avtomobili etibarnamə ilə idarə edir və sənədlərə görə, "sadəcə, maaşla dolanan adi vətəndaş"dır.
Digər yol avtomobilin kreditlə alınmasıdır. Lakin Azərbaycan Mərkəzi Bankının təlimat və göstərişlərinə əsaslanan kommersiya banklarının avtomobil krediti verərkən müəyyən etdikləri ilkin ödənişlərin məbləğlərini nəzərə alsaq, yenə də "mübhəm" mənzərə alınır.
Axı "adi vətəndaş" heç bir halda vergi bəyannaməsində göstərilməmiş 60 və ya 80 min dolları ilkin ödəniş kimi banka vermək imkanında deyil.
Nədən bu "ilkin ödəniş"lərin mənşəyi, o pulların əldə olunma yolları araşdırılmır?
Saya bilməyənlərin qanunu saymamaları
Əldə etdiyimiz məlumatlara görə, hazırda Bakıda 18-27 yaş arasında 173 gənc "bahalı maşın sahibləri" adlandırıla biləcək zümrə sayıla bölər. Bu gənclərin hər birinin minimum 60-70 min dəyərində bir, bəzi hallarda isə bir neçə avtomobili var.
Belə gənclar arasında "nüfuzlu nömrə"dən bir yox, bir neçəsinin alınaraq maşınlara vurulması dəbi var. Özü də 3-4 maşında eyni nömrə də ola bilər.
Özlərini "qızıl gənclər" sayan bu şəxslər qanunlarla yanaşı, yoldakı insanlara da əsla məhəl qoymurlar.
Yol Polisi isə deyir: "Bir nömrə nişanının eyni zamanda birdən artıq avtomobildə istifadəsi mümkün deyil, bu tamamıilə qanunsuzdur. Əgər elə bir şey aşkarlanarsa, həmin vətəndaş 60 manat məbləğində cərimə ediləcək və 4 bal yazılacaq".
60 min manatlıq avtomobil sürən üçün 60 manatlıq cərimə, yəqin, çox, amma çox böyük məbləğdir.
Onlar "qızıl gənclik" sayılırlar, amma əslində o qızıl paslı dəmirin üstündəki çox nazik qatdır ki, hələlik bərq vurur.
Onlar da bizimkilərdir, başqa planetdən gəlməyiblər və özlərini qızıl, bizi dəmir saysalar da, qızılın möhkəmliyinin dəmirdən az olduğunu unudurlar.
Bizsə unutmamalıyıq ki, şütüdüyü yolda başqalarını görməməyə çalışaraq yalnız özünü göstərmək istəyənlərin gözlərinin qarşısında qanun səddi durmayınca gözləmə mövqeyində qalmalı olacağıq.
Bəlkə, onda "qızıl gənclik" əvəzinə gerçəkdən də qızıl gənclərimiz barədə daha çox yaza bildik.
Hamımıza aid məsələdir, yox?
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR