» » İraq Şam İslam Dövləti necə yaranıb və nə istəyir?

İraq Şam İslam Dövləti necə yaranıb və nə istəyir?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 iyun 2014
//
Bölmə: Dünya / Gündəm
İraq Şam İslam Dövləti necə yaranıb və nə istəyir?


İraq Şam İslam Dövləti, yəni İŞİD son 2 gündə dünyanın bir anda ən əhəmiyyətli gündəm mövzusuna çevrilib
Əvvəlcə İSİD-in yaraqlıları İraqın ən böyük ikinci şəhəri Mosulu ələ keçirdilər, dünən Türkiyə konsulluğuna basqın təşkil edib konsulluqda çalışanları girov götürdülər. Bəs Mosuldan Rakkaya uzanan sahədə hakimiyyətini gücləndirən İŞİD hansı təşkilatdır? Nə istəyir?

Modern.az saytı xarici mətbuata istinadən bu qorxulu təşkilatın məram və məqsədi barədə yazını təqdim edir.

İraq-Şam İslam Dövləti (İŞİD) İraq və Suriyada fəaliyyət göstərən silahlı bir təşkilatdır. Sələfi ideologiyaya sahib İŞİD İraq, Suriya, Fələstin və İordaniya torpaqlarından ibarət bölgədə şəriətə söykənən bir dövlət qurmaq istəyir. İŞİD və lideri Əbu Bəkir Bağdadi ABŞ, AB və Türkiyənin terrorçular siyahısında da yer alır.

Nə vaxt qurulub?

Təşkilat 2004-cü ildə “Tövhid və Cihad” adı ilə Əbu Musa Zerkavi tərəfindən İraqda qurulub. Sonralar Usamə bin Ladenin lideri olduğu “Əl Qaidə”yə qatılıb. “Əl Qaidə”yə qatıldıqdan sonra adını “Mesopotamiyada Əl Qaidə” kimi dəyişdirib.

İlk liderləri kim idi?

2006-cı ildə yayılan bir videoda Zerkavi “Mücahidlər Bura Şurası”nı qurduqlarını açıqlayırdı. İraqdakı Zerkavi 2006-cı il iyunun 7-də ABŞ gücləri tərəfindən təşkil edilən bir əməliyyatda öldürülüb. Yerinə Əbu Həmzə əl Mühacir keçib. 2006-cı ilin sonlarında “Əl Qaidə”yə yaxın Əbu Ömər əl Bağdadi isə liderliyini etdiyi “İraq İslam Dövləti”ni qurduqlarını açıqlayıb.

İndiki liderləri kimdir?

2010-cu ilin aprel ayında ABŞ və İraq gücləri Sisar bölgəsində Əbu Ömər əl Bağdadi və Əbu Həmzə əl Mühacirin qaldıqları evə ortaq bir əməliyyat təşkil edib. Əməliyyatda hər ikisi də öldürülüb. Sonra Əbu Bəkir əl Bağdadi təşkilatın yeni lideri olub.

Nusra cəbhəsi ilə əlaqələri varmı?

2011-ci ilin sonlarında Məhəmməd Colani liderliyindəki Nusra Cəbhəsi “Əl Qaidə”nin Suriya qolu olaraq qurulub. 2013-cü il aprelin 9-da Əbu Bəkir Bağdadiyə aid bir açıqlamada Nusra Cəbhəsinin İraq İslam Dövlətinin müttəfiqi olduğu bəyan edilib. Həmin ildə Bağdadi Nusra Cəbhəsi ilə İraq İslam Dövlətinin “İraq-Şam İslam Dövləti” adı altında bir araya gəldiyini açıqlayıb.

İŞİD-Nusra ayrılığı necə başlayıb?

Qısa bir müddət sonra Əbu Məhəmməd Colaniyə aid bir açıqlama yayılıb. Həmin açıqlamada Colani İraq İslam Dövləti ilə yaxın əlaqə fikrinə isti yanaşdığını söyləyib, ancaq iki təşkilatı bir ad altında bir araya gətirmə fikrini rədd edib. Colani açıqlamasında “Əl Qaidə” lideri Eyman Zevahiriyə bağlılığını elan edib.

İŞİD “Əl Qaidə”nin qoludurmu?

2013-cü ilin fevral ayında “Əl Qaidə” Suriyadakı İŞİD-i tanımadığını elan edib və təşkilatın Suriyanı tərk etməsini istəyib. “Əl Qaidə” Suriyadakı nümayəndəsinin Nusra Cəbhəsi olduğunu açıqlayıb. Nusra Cəbhəsi və İŞİD arasında bir çox cəbhədə qarşıdurmalar yaşanıb. Ən sonuncusu isə İŞİD-in Nusra Cəbhəsinin idarəsindəki Dəyər əz-Çətin şəhərində idarəsini təmin etməsi ilə sona çatıb.

İŞİD Suriyada Mumbuc, neftlə zəngin olan Rakka və İraq sərhədinə yaxın Dəyər əz-Çətin şəhərlərini əlində saxlayır. İraqda isə Anbar əyalətindəki Fəllucə və Ramadidə təsir imkanları var. Son olaraq Mosul şəhərini də ələ keçirib.

Hərbi gücü nə qədərdir?

İŞİD-in Suriyadakı hərbi gücünün 6-7 min ətrafında olduğu təxmin edilir. Döyüşçülərinin əksəriyyəti xaricilərdir. İraqdakı silahlı üzvlərinin sayının isə 10 mindən çox olduğu təxmin edilir.

Suriya rejimi ilə əməkdaşlığı varmı?

Suriya müxalifəti İŞİD-in Suriyada inqilabın sabotaj edilməsi üçün Şam rəhbərliyi tərəfindən dəstəklənildiyini iddia edir. Şam rejimi Suriyada müxaliflərin əlindəki bölgələrə nizamlı olaraq bomba atarkən, İŞİD-in nəzarətindəki bölgələrə hücum etmir. İŞİD Rakkada çıxardığı nefti də Suriya rejiminə satır.

Ramazan ayında şəriət elan edəcək

Livanın “As-Safiri” qəzetinin xəbərinə görə, İŞİD-in lideri Əbubəkr Əl Bağdadi Ramazan ayı ərəfəsində ələ keçirə biləcəyi ən böyük sahədə idarəçiliyi təmin edərək şəriət elan edəcək.

Qəzetin yazdığına görə, İraq ordusundan ayrılaraq Bağdadiyə qatılan üst səviyyəli komandirlər də bu plan üçün köməklik edirlər. İslam Universitetində doktorluq müdafiə edən Bağdadi keçmişdə doktor İbrahim Avad adı ilə tanınırdı. Şəriət, fiqh, İslam tarixi və şeir mütəxəssisi olan Bağdadinin ailəsi də Radikal sələfi görüşlərə sahib idi. Bağdadi 2000-ci illərin əvvəllərində Şamaradakı İmam Əhməd ibn Hanbal Məscidində ilk camaatını meydana gətirib. Soyadına “Qureyşi”ni əlavə edib, özünü Peyğəmbər soyundan göstərən Bağdadi “Əbu Dua” adından da istifadə edir. Evli olduğu bilinən Bağdadinin ailəsinin bir qismi Pakistanda yaşayır.

Bağdadi 2004-cü ildə qurulan “Əl Qaidə”nin İraq qolunun əhəmiyyətli üzvlərindən biriykən təşkilat liderləri öldürüləndən sonra intiqam andı içib. İşğal illərində ABŞ ordusuna qarşı şəxsən döyüşən Bağdadi 2010-cu il mayın 16-da özünü İraq İslam Dövlətini əmiri elan edib. ABŞ ordusunun 2011-ci ildə İraqdan çəkilməsi ilə yox olduğu düşünülən İŞİD yenidən ortaya çıxıb.

İraq hökuməti Mosulun işğalı ilə ciddi xarakter alan böhranda İŞİD-ə qarşı Məsud Bərzani liderliyindəki İraq Kürd Regional Partiyası ilə birlikdə mübarizə edəcəklərini bildirib. Suriya rejimi də İraq hökumətinə terrora qarşı döyüşdə kömək etməyə hazır olduğunu bəyan edib. Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: “İraqdakı qardaşlarımızın qarşı-qarşıya olduğu xarici dəstəkli terrorizm Suriyanı da hədəf almaqdadır. İraq ortaq düşmənimiz olan terrorla üzləşdiyindən mübarizəyə hazırıq”.

Ən zəngin terror təşkilatı oldular

İraq Şam İslam Dövləti xadimlərinin Mosuldakı İraq Mərkəz Bankının kassasından 429 milyon dollar oğurladığı iddia edilir. IŞİD bu vəziyyətdə kassasındakı 429 milyon dollarla bir anda dünyanın ən zəngin terror təşkilatı oldu. Mosul qubernatoru Atheel Nujaifi də Mosulu ələ keçirən IŞİD-in 500 min İraq dinarı (424 milyon dollar) götürdüyünü təsdiqləyib. İraqdakı bütün bankları yağmalayan təşkilat çox sayda külçə qızılı da ələ keçirib.



QafqazPRESS.az
banner125x125 banner125x125