Çarəsizliyin gözü önündə böyüyən uşaqlar
(İltifat Köçərinin “Müharibə yeniyetməsi” kitabının yozumu)
Oktay Hacımusalı
Müharibə əslində o qədər qorxunc və iyrənc bir şeydir ki, onun realda üz – üzə gəlməlisən. nə oxuduğun kitablar, nə baxdığın filmlər, nə də bir başqasının onun dəhşətləri haqqında danışması sənə heç nə verməyəcək. uzaqbaşı, sən həmin dəhşətləri oxuyub, baxıb və ya eşidib təəssüflə başını yelləyəcək, ya da elə - belə, ötəri də olsa dəhşətlə ətrafına baxacaqsan ki, Allah göstərməsin, görəsən, belə bir dəhşət nə vaxtsa bizdə də ola bilərmi? Sonra da deyəcəksən ki, yox, Allah eləməsin!
Amma həmin anlarda, əlini qaldırıb Allaha dua elədiyin zamanlarda kimsə, hansısa bir körpə vıyıltı ilə düz qulağının yanından ötüb keçən nəyinsə(bəli, məhz NƏYİNSƏ!) qorxusundan qaçıb böyük bir ağacın oyuğunda gizlənir.
Sən Allaha əlini açıb dua eləyəndə, kiminsə evini toz – duman bürüyür, ah – nalə səsi eşidilir.
Sən Allaha əlini açıb dua eləyəndə, bir gənc qız şəhid sevgilisinin mübarək ruhu qarşısında əyilərək qoynundan qırmızıya bükülü nəsə çıxarır. əvvəl hamı təəccüblə, daha sonra isə dəhşətdən bərələn gözlərlə ona baxır. Bir “tak” səsi... Gicgaha dirənən silah... Bir kişi, bir ər üçün başucunda, son anda onun uğruna intihar edəcək bir sevgilinin, bir yarın olması nə qədər qürurverici bir hiss, Allahım!
Bunu yəqin ki, paltar dəyişdirirmişcəsinə gündə bir sevgili dəyişdirən, “eşq” deyəndə gözünün qabağına sadəcə yataq gələnlər anlamaz. Inanın ki, anlamaz!
***
Müharibədə uşaqlar tez yaşa dolur!
Lütfən, pafoslu bir cümlədir deyib keçməyin. Sovet dövründə II dünya müharibəsindən bəhs edən nənələrimizin, babalarımızın söhbətlərindən anladıqlarımız bəlkə də bizə qeyri – səmimi, şişirdilmiş gələ bilərdi, öz – özümüzə deyə bilərdik ki, “daha belə də yox da!”
Amma...
Amma, özümüz bunu yaşadıqdan sonra, özümüz müharibənin canlı şahidi olduqdan sonra fərqinə varmağa başladıq ki, nənələrimizin, babalarımızın danışdıqları reallıqdır. Müharibə - çılpaqlıqdır! Müharibə - ölümlə gizlənpaç oynamaqdır, vəssalam!
Və... Bir də ölümlə gizlənpaç oynaya – oynaya böyüyən uşaqlar var.
O uşaqlar ki, sevginin ilk dadını qrad uğultusunun, toz – dumanının içində dadıblar. Və bir gün sevgilisinin(sevgilsinin?! Yaxşı, ilk sevdiyinin!) atasının şəhid olması xəbərini eşidəndə utandığından onun gözünə görsənməmək!
Ağlayanda göz yaşlarını silə bilməyib, əksinə, özü də ağlayar deyə!
Ya da nə bilim, ilk sevdiyinin atasının yerini özünün doldurmalı olduğunu,özünün isə realda hələ heç avtomatın qundağını tutmağa gücünün çatmadığını bildiyi üçün!
Camaat isə şəhid olan insanların həyətində çoxalırdı. Nə fərqi var idi, bu kimin həyəti idi: ya Sənəm xalanın oğlu Əhmədin, ya Leylinin atasının?! Əsas odur ki, ortada bir şəhid olan insan var idi və camaat yavaş – yavaş şəhid olan insanın həyətinə toplaşırdı.
Əvvəl ağlaşma səsi...
Dalınca danışıq səsləri...
Lap axırda isə danışığın qışqırığa dönüşdüyü anlar...
Bu anda uşaqlar bir kənarda dayanırdılar. Bir kənarda. Bir – birinin qolunu sıxırdılar, bir – birilərinə qısılırdılar titrəşərək. Qorxurlarmı bilinməz, həyəcandırmı bu keçirdikləri hiss – yənə də bilən yox! Özləri üçün də naməlumdur! Bircə şeyin fərqindədirlər ki, içlərində nələrsə, nələrsə... nələrsə qırılıb...
Qırılan o nələrisə təkrarən birləşdirmək isə əsla mümkün deyil...
Əvvəlcə kiminsə evində baş verən faciə addım – addım sənin evinə yaxınlaşanda isə fəhmlə anlayırsan ki, yox, qırılanları geri qaytarmaq nəinki mümkün deyil, hətta o qırılanlara daha da yeniləri gün keçdikcə əlavə olunacaq...
Hamı öz hayındadır... Hamı qaçmaq, sağ qalmaq üçün mübarizə aparır. Bircə, bir evdə başını önə əyib sakitcə, ÇARƏSİZCƏ əllərini ovuşduran bir BABAdan başqa!...
Niyə bu sözləri belə böyük yazdığıma ilişdi gözləriniz?! Hə, uşaqların nəzərində ATA (BABA) əlçatmazdır, güclü bir varlıqdır. Vay o gündən, uşaq öz uşaq fəhmi ilə dərk eləsin və fərqinə varsın ki, ATAnın da gücsüz olduğu anlar var imiş...
Bax, onda faciə başlayır!...
Bax, o zaman müharibənin uşaqları bircə anın içindəcə çevrilib olurlar MÜHARİBƏ(nin) YENİYETMƏSİ...
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR