XƏYALLARIN BİTDİYİ YER (Hekayə)
Közərməkdən canı üzülmüş siqareti son dəfə "öpüb" külqabıya basdı. Külqabı sulu idi deyəsən cünki siqaret cızz elədi. Ürəyi sancdı qəfil və əlini atdı sinəsinə. Beynində arvadının bayaqkı monoloqu dolaşırdı. Onlarda zatən heç zaman dialoq alınmırdı. Həmişə monoloq olurdu və o da cansıxıcı tamaşaya baxmağa məcbur olan tamaşaçı kimi dinləmək zorunda qalırdı. İllər idi hər şey belə davam edirdi və son günlərdə hiss edirdi ki, cox yorulub. Adətən arvadı gəlib stulda otururdu, bir iki dəqiqə əllərini övkələyəndən sonra məşhur monoloquna keçid alırdı. Artıq demək olar ki, əzbərləmişdi onun replikalarını. “Sən də kişisən? Ay Allah, hər şeydən kişi olurmuş ey (bu yerdə arvadı ironik tərzdə gülümsəyirdi) Yox, səndə nə günah var ey? Kül mənim başıma ki, o qədər istəyəni qoyub sənə ərə getdim. O vaxt bəyənmədiyim oğlanlar arvadlarını cipdə gəzdirir, villalarda saxlayır. Sən də yapışmısan bu iylənmiş, padvala oxşayan evə . Yazıb pozduğun da bir şey ola barı, olsaydı sənə də bir gün ağlayardı dövlət. Camahata verdiyiyi o qorur evdənsə də sənə pay düşmür ey, ay yazıq.” Bax beləcə davam edirdi hər gün. Bu arvadının dediklərinin bir hissəsi idi əslində, çünki ikinci hissədə arvadının onun mərhum valideyinlərinin dalınca xüsusi bir ehtiras və şövqlə etdiyi qarğış və göz yaşları gəlirdi. Amma daha bu barədə düşünmək istəmədi və geyinib evdən cıxdı. Hər dəfə arvadı ilə dalaşanda Gülər yadına düşürdü. Gülər onun ilk məhəbbəti deyildi, amma əmin idi ki, ilk ciddi sevgi hisslərini Gülərə bəsləmişdi. Gülər, Sevda və o yaxşı dost idilər bir vaxtlar. Eyni institutda, eyni qrupda oxuyurdular. Güləri sevdiyini heyif ki, gec anlamışdı, anlayanda isə Gülər artıq nişanlı idi. Amma öz aralarında ikisi də hətda Sevda da bu sevginin varlığından xəbərdar idi. Lakin bunu açıb ağartmadılar və Gülər ərə getdi. İllər onun təxəyyülündə Güləri elə ilahiləşdirmişdi ki, o hətda Güləri nə vaxtsa ala biləcəyini, ona arvadı kimi davranacağını, onu öpə biləcəyini belə xəyal belə edə bilmirdi. Gülər cox gözəl qız idi. Bəstə boyu, qara uzun qaşları, badamı gözləri , gözəl şabalıdı saçları vardı. Dodaqları qalın idi, amma mirvari kimi zərif və biçimli dişləri dodaqlarını daha da cazibəli , qəşəng göstərirdi. Gülərin obrazını illər elə cilalamışdı ki, kiçicik nöqsanları, qüsurları belə görünməz olmuşdu. On il keçidri evləndiyi gündən amma Gülərin xəyalını silə bilmirdi düşüncələrindən. Bəlkə də arvadı daha nəvazişkar, daha diqqətcil olsaydı Güləri onun fikrindən sıxışdırıb çıxardardı.Və ya bəlkə də o arvadına qarşı soyuq və ehtinasız olmişdu. Bütün bunları düşünə-düşünə avtobusa oturdu, iki dayanacaq getdi və düşmək üçün qapıya yanaşanda şən və nazik qadın səsi onun adını hündürdən tələffüz etdi.
-Mərdaaaan, gözlərimə inanıram ey.
-Sevda, sənsən?
-Yox kölgəmdir.
Bu “Kölgə” söhbəti onların gənclikdən qalan zarafatları idi və Mərdanın birdən birə burnunun ucu göynədi o günlər üçün.Mərdanın keçmişinə söykənən həsrət o qədər dərin, yandırıcı idi ki, az qaldı küçənin ortasında oturub ağlasın. Orda-burdan danışdılar, amma bircə sualı ürəyində saxladı verə bilmədi. Güləri soruşmaq istəyirdi Sevdadan əslində və Sevda da Mərdanın ürəyini deşən o sualın varlığından xəbərdar idi. Mərdan asta-asta mətləbə gəlməyə çalışırdı. Uşaqlar( yəni keçmiş qrup yoldaşları) haqda soruşa -soruşa gəlib Gülərə çatdı. Əslində Mərdanın Gülərsiz keçirdiyi bir günü belə olmamışdı bu on ildə. Hər dəfə sevincli və kədərli anlarında Gülər düşürdü yadına. Arvadı ilə xalası tanış eləmişdi onu. Arvadı musiqi müəliməsi idi. Güya musiqi müəlliməsi idi. Çünki arvadınnın bütün cismində incəlikdən, duyumluluqdan, həzinlikdən, melodiklikdən əsər əlamət yox idi. Mərdan əsla başa düşə bilmirdi ki, bu cür deyingən, ruhsuz bir qadının barmaqları necə musiqi alətini dilləndirə bilər .Vüsalə məktəbdə nəğmə müəlliməsi işləyirdi. Hər gün yuxudan zaryıya-zarıya dyrurdu, elə bil incəsənətlə məşgul olmağa yox daş daşımağa gedirdi. Ümumiyyətlə Vüsalənin həyatda razı qaldığı bir şey, deyinmədiyi bir məqam yox idi. Evliliklərinin ilk aylarında gözünü hamıdan, hər şeydən çəkib ancaq ailəsinə bağlanmağı düşünürdü. Anacaq arvadının acgöz, vecsiz xasiyyəti onu tezliklə cox peşiman etmiş, həyatından küsdürmüşdü.İlk uşaqları olanda da eyni ümidlə gözləmişdi ki, bəlkə bu körpə məxluqun varlığı onu evinə bağlayar və xoşbəxt edər. Amma sonra məyusluqla başa düşmüşdü ki, uşaq xoşbəxt olmayan adamın həyatını dəyişə bilmirmiş İllər idi ki, o yalnız Gülərin xəyalı ilə yaşayırdı. Ürəyindəki narazılıq qalın bir təssüf pərdəsinə bürünmüşdü ki, bu da onu asta-asta yeyib bitirirdi.” Kaş ki”-lər onu odsuz alovsuz yandırıb yaxırdı. Həyatında etdiyi ən önəmli seçimdə səhv etmişdi. Hətda anası dünyasını dəyişəndə belə arvadına qısılmaq , dərdini ona danışmaq əvəzinə Gülərin xəyalına tapınmışdı. Onun uzunsov, badamı, güləş gözlərini gözü önünə gətirib dərdli-dərdli gülümsəmişdi. Və düşünmüşdü ki, bircə dəfə Güləri qucaqlaya biləydi. Elə belə dost kimi, hissiz, həyəcansız qucaqlayaydı , ona sığınaydı.
-Mərdan, Gülər salonda işləyir. Nə əcəb rastlaşmamısınız bu vaxta qədər.
-Hə? Hansı salonda? Yox, nəsə rastıma çıxmayıb.Bakı böyük şəhərdir Sevda,yəqin tamam başqa səmtdə qalır.
-Hə, bilirsənmi onun işlədiyi salon “İnşaatçılar” metrosunun lap yaxınlığındadır. “CLER” gözəllik salonu yazılıb üstünə. Mən arabir gedirəm oralara, dayan Gülərin nömrəsini də verim bəlkə lazımın olar.
Mərdanın əlləri əsdi, dili topuq çaldı. Bir istədi desin ki, “Neynirəm Gülərin nömrəsin” amma tez fikrini dəyişdi.
-Yazmağa qələm , kağız var səndə?
Sevda mat-mat baxdı ona və şaqqanaq çəkdi. Şair bəs sənin telefonun yoxdur?
Ev telefonu? Var, necə məyər?
-Mərdan sənə nolub? Deyirəm mobil telefonun yoxdur ki? Yaddaşına yaz da nömrəni.
Mərdan əlləri əsə-əsə Gülərin nömrəsini yazdı. Hərçənd ki, yaxşı bilirdi Gülərə zəng edə bilməyəcəyini. Sevda ilə sağollaşıb ayrıldılar. Dalınca getdiyi iş, hara gedəcəyi, nə edəcəyi Mərdanın yadından elə çıxmışdı ki, bir də gördü qapının zəngini basir. Arvadı hanan –hana açdı qapını. İçəri girər girməz soruşdu
-Noldu?
-Nə noldu?
-Dalınca getdiyin iş.
İndi xatırladı niyə səhər evdən çıxdığını.
-Bağlı idi. Sonra dəyəcəm.
-Səni əlinə stəkan verib dənizə göndərsən dəniz quruyar ey….
Cavab vermədi, çünki xoşbəxt idi bu an. Keçib divana uzandı, telefonunda Gülərin adını tapdı. Doqquz simvoldan ibarət telefon nömrəsini açıb tamaşa etməyə başladı. İki sıfır, iki beş, iki üç, bir yeddi və bir doqquzdan ibarət nömrə ona səadətinin kodunu xatırladırdı.Elə bəxtəvər idi ki, elə bil bu on il ərzində ilk dəfə idi ona yaşamaq üçün stimul verilmişdi. Nömrəni yığmağa çalışmadı da. Eləcə tamaşa edə-edə nə zaman yuxuya getdiyini özü də hiss etmədi.
Axşam süfrə arxasında oğlu peçenye yeyirdi. Bu peçenyeləri o almışdı dünən, əlifbanın hərfləri şəklində idi bu peçenyelər. Peçenyelərdən Gülərin adının hərflərini yığdı. Sonra da tələsuk dağıtdı və peçenyeləri yedi.
İki həftə idi ki, hər gün “İnşaatçılar” metrosuna qədər gedir, orda düşüb “Cler” gözəllik salonuna uzaqdan tamaşa edib gəlirdi. Mömin çərəkəni əlindən yerə qoymadığı kimi o da Gülərin nömrəsi ni telefonda açıb yüz kərə tamaşasına dururdu. Amma bircə dəfə də cəsarət edib zəng vura bilmirdi. Orda, o salonda onun səadəti vardı, ilərlə xəyalında gəzdirdiyi qadın vardı. Amma əli çatmırdı, ünü yetmirdi. Tək bircə dəfə, ola bilsin ki, sonuncu dəfə Güləri görmək istəyirdi.Amma bu "sonuncu dəfə" deyə özünə aşıladığı "günahsızⅦ duyğunun arxasında Gülərlə təzədən yaxınlaşmaq kimi bir güzli ümid də dayanırdı. Bu ümid hərdən onun bədəninin bütün hüceyrələrinə hopurdu və bu zaman canına ləzzətli bir yorğunluq çökürdü. Bir səhər özünə söz verdi ki, bu gün mütləq özündə cəsarət tapıb salona girəcək və xəyallarındakı qadını görəcək. Evdən çıxıb bir xeyli veyilləndi. Hətda cəsarətə gəlmək üçün bir qədəh içdi də. Nəhayət gəlib Gülərin işlədiyi salonun yanına yetişdi. Ürəyinin döyüntüsü qulaqlarında səslənirdi. Əlləri və ayaqları əsirdi, nə yaxşı ki, azca içmişdi yoxsa ümumiyyətlə içəri girə bilməzdi. Bütün cəsarətini toplayıb qapıdan içəri keçdi. Xudmani salonun içərisi lak, ətir, saş rəngi, kimyəvi maddələr qoxuyurdu. Fen vızıltısı, qadınların fenin səsini batırmaq üçün yüksəltdikləri səsləri adamın başına düşürdü. Göz hərləsə də Gülərə bənzər birini görə bilmədi. İçəridəki saç ustalarından biri cox yaşlı digər ikisi isə cox gənc idi. Çəkinə-çəkinə soruşdu:
-Gülər xanım buradadır?
Nisbətən yaşlı qadın maraq və istehza ilə onu süzdü. Harasa salonun içərisindəki boşluğa başını uzadıb "Gülya" deyə cır səslə bağırdı. İçəridən qadın səsi gəldi.
-Nədi az, gəlirəm da..
Ürəyi "tıpp" eləyib içinə düşdü sanki, qeyri ixtiyari əlini pencəyinin ətəklərinə və saçlarına atdı. İki dəqiqədən sonra Gülər onun qarşısında idi. Və o bütün heyrəti ilə gözləri hədəqəsindən çıxa-çıxa xəyallarının qadınına baxırdı. Son dərəcədə arıq, dizlərindən iki qarış gödək paltar geymiş, süni sarıya boyanmış saçları, rəngli üzü, tatuaj qaşları olan bu qadın Gülər deyildi. Və ya sadəcə Gülə olmalı deyildi. Çünki çəhrayı dırnaqlı iki barmağının arasında siqaret tutmuş bu qadının onun xəyalını öldürməyə haqqı yox idi. Bircə gözlərindən tanıdı Güləri.Badamı, güləş gözlərindən. Deyirlər adamların gözləri dəyişmir, amma yox belə deyil. Əslində adamların gözləri həyatı boyu onların başqa üzvlərindən daha cox deformasiyaya uğrayır. Bir qadının gözləri onun gördükləri, yaşadıqları ilə dolduqca tamam dəyişir. Gülər hannan-hana onu tanıdı.
-Aaaa, Mərdan döyülsən sən? Adə, sən hardan azıb-təzib buralara gəlib çıxmısan? Gör ha, neçə il keçib. Hardan bildin harda işləyirəm?
Mat mat baxırdı. Amma sonra başa düşdü ki, hər nə qədər pərt və çaşqın olsa belə bunu gizlətməlidir.
-Sevda dedi.
-Hə, Sevda, gəlir arada buralara. Nə əcəb səndən? Ha, ha , ha Mərdan sən canun yenə gic-gic şeirlər yazırsan?
Mərdan elə bil sinəsindən oxlandı. Vaxt vardı o qız, bəli o qız hələ bu qadına çevrilməmişdən, saatlarla Mərdanın şeirlərini dinləyərdi. Badamı gözləri süzüldükcə, yumru dodaqları yana dartılar və gülümsədikcə Mərdan daha da şövqlə şeir oxuyardı. Əlbətdə ki, indi qarşısında dayanan bu əcaib məxluqun o badamı gözlü qıza heç bir dəxli yox idi. Mərdan iki-üç dəqiqə də ləngidi və içindən qovrula-qovrula salondan çıxdı. başı, ayaqlarını idarə edə bilmirdi sanki, ləngər vururdu. Qapıdan çıxa-cıxda Gülərin replikası bıçaq kimi kürəyinə saplandı. Görünür onun eşidə biləcəyini düşünmədən içəridəkilərə deyirdi:
-Az, bu külbaş o vaxtı məni sevib ey.
Evə necə çatdığını bilmədi. Qapının zəngini basdı. Vüsalə həmişəki kimi xeyli ləng açdı qapını və təpədən dırnağa ərini süzərək dedi:
-A, Mərdan, elə bil hüzürdən gəlirsən. Nə xəbərdir?
Mərdan cox təccübləndi ki, onun gönüqalın arvadı hardan bildi ki, o elə bu dəqiqə hüzürdən gəlir. Sadəcə arvadı anlamamışdı ki, insanın illərlə içində yaşatdığını, illər sonra öldürüb içində basdırmaq və bu ölünü son nəfəsə qədər elə içində də daşımaq, əzizini torpağa tapşırmaqdan qat-qat ağırdır!
Vəfa Mürsəlqızı
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR