Poeziya işığında
ƏTƏK
Bu qız görən nə vaxt belə böyüdü,
Gözündəki gülüşləri azaldı,
Əynindəki günahdımı, dondumu?
Böyüdükcə ətəkləri qısaldı.
Bəlkə bu qız, qız deyil heç, şəkildir,
Ruh oxşayan nəğmədir, ya şeirdir,
Bu dünyanın neçə gözütoxları,
Bir ətəyin arxasınca yüyürdü.
Paris kimi əldən verib hər şeyi,
Yandırdılar Yelenanın oduna,
Yaxşı baxın dəyişməyib mənzərə,
Elə həmin "Troya"-dır bu dünya.
O qız gedir ətəkləri yellənir,
Bütün dünya arxasınca sürünür,
Gözü, qaşı, qəlbi, ruhu görünmür,
Elə bircə ətəkləri görünür.
Neçə qadın göz yaşını axıdır,
Gedənlərin arxasınca ağlayır,
Ətək, ətək deyilmiş ki, ay zalım,
Gör nə qədər göz yaşını saxlayır.
Bu qız görən nə vaxt belə böyüdü,
Gözündəki gülüşləri azaldı,
Əynindəki günahdımı, dondumu?
Böyüdükcə ətəkləri qısaldı.
GÖRÜŞƏK.
Bir axşam səninlə rastlaşacağıq,
Bu "yekə" dünyanın bir bucağında,
Bəlkə bir dükanın girəcəyində,
Bəlkə də metronun çıxacağında.
Baxışlar dönəcək dar ağacına,
Asacaq, kəsəcək biri-birini,
Kipriklər astaca enib yanağa,
Gizləyər sevginin böyük sirrini.
Baxıb asta-asta düşünərsən ki,
Mənim sevdiyim qız bu deyil axı,
O saça bənzəmir bəyazlı saçı,
O üzə bənzəmir solğun yanağı.
Mən də düşünərəm sevdiyim oğlan,
Belə yorğun -arğın deyildi bir vaxt,
Görəsən o qadın kimdir yanında?
Yəqin yoldaşıdır, eh, kim olacaq?
Məğrur baxışında qorxu dolaşar,
Birdən baxışını tutar arvadın,
Qorxma, gözlərini oxuya bilməz,
Səni mənim qədər sevməyən qadın!
Çevrilib baxarsan öz xanımına,
Sənə yaman doğma gələr ordaca,
İllərlə qoruyub gətirdiyimiz,
Böyük bir məhəbbət ölər ordaca.
Mənim də gözümdə adiləşərsən,
Bağlanar sevginin kitabı daha,
Şükür eylədikcə qismətimizə,
Bitər məhəbbətin əzabı daha.
Bu "yekə" dünyanın harasındasan?
Gəlib qabağında son dəfə "ölüm"
Onsuzda haçansa rastlaşacağıq,
Rastlaşaq, bir az tez bitsin bu zülüm!
Özümə nekroloq!
Bu qız niyə fağırlayıb ay balam?
Ta danışmır, səsi batıb deyəsən.
Yanağına sığal çəkir kirpiyi,
Oyatmayın, bu qız yatıb deyəsən.
Gözə gəldi, nəfsə gəldi dedilər:
-"Danışanda gözü, qaşı oynayır"
Elə yatıb nəfəsi də gəlməyir,
Adam onu oyatmağa qıymayır.
Telləri də dağılıbdır çiyninə,
Əlləri də hərarətin saxlayır,
Elə gözəl görünür ki, yatanda,
Bəs adamlar görən niyə ağlayır?
Dodağında təbəssümü tər-təzə.
Doğulanda hələ belə gülməyib,
Duran yerdə adam ölər a balam?
Yaxşı baxın , bəlkə də heç ölməyib.
Sən də ağla, ay onunçün darıxan,
Yoxluğuna inanmırsan hələ sən.
Hamı deyir:-" Bu dünyaya sığmayan,
bu məzara necə sığar görəsən?"
Ağlamayın, axı yazıq oyanar,
Neçə ildir bu dünyanı daşıyır,
Nə bilirsiz ölüb axı, bəlkə də,
Hələ indi yaşamaga başlayır!
Kim sevəcək bu dünyanı onun tək,
Bu dünyaya sevmək üçün gəlibdir,
Bax bu səhər dünya qara geyəcək,
Bu dünyanın sevgilisi ölübdür.
***
Belə ögəy-ögəy baxma,
Gözüm yaşına-yaşına,
Düşdü sevgimizin yazı,
Ömrün qışına-qışına.
Mən oldum həsrət gəlini,
Kədər bağladı belimi,
Gətir çəkim sağ əlimi,
Gülüm, başına-başına.
Ürəyimi daş eylədi,
Bir qanadsız quş eylədi,
Tale məni tuş eylədi,
Eşqin daşına-daşına.
Vəfa Mürsəlqızı
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR