Poeziya işığında
SÖZ ALACAQ CANIMI
İşvə-nazı sevmirəm,
Naz alacaq canımı.
Bir qara qaş, qara göz,
Qız alacaq canımı.
Bu nə hirsdi, əsəbdi?
Əsəbi olmaq dəbdi?
Kim alırsa, əcəbdi,
Düz alacaq canımı.
Səmalarda gəzərdim,
Yeri-göyü bəzərdim.
Yanmağıma dözərdim,
Köz alacaq canımı.
Sirrimi bildirməsəm,
Elləri güldürməsəm,
Mən sözü öldürməsəm,
Söz alacaq canımı.
----------------------------------------------
Küsmüş mələyim məndən,
Dönməz geri, dönməz..
Yox, yox, o mələk göydən
Enməz yerə, enməz...
Hər gün qarışır fikrim
Çəkməz bu yükü hər kim...
Qeybə çəkilən eşqim
Gözlərdə görünməz.
heyrətdədi loğmanım
Bilməz nədi dərmanım
Eşq ilə "yanar canım"
Sönməz daha, sönməz
Eşqlə öyünən qəlbim
Sözlə böyüyən qəlbim
Sənlə döyünən qəlbim
Sənsiz daha dinməz.
AYRILAQ!
Biz niyə vuruldiq bir-birimizə?
Biz necə yad olaq, necə ayrılaq?
Bu sevgi, məhəbbət təngənəfəsdir,
Gəl, otur, bir azca dincəl, ayrılaq!
Sən mənim ayımda , ilimdə deyil,
Hər dəqiqəmdəsən,saniyəmdəsən.
Mən sevgi şeiri yaza bilmirdim,
Sən məni dəyişdin, bacarmaz kimsə.
Mən sevgi şeiri yaza bilmirdim,
Qələmdən süzülüb varağa doldun,
Sən niyə yad oldun bu vaxta kimi?
Niyə doğmalaşdın, niyə vuruldim?
Hər gün xəyalımda addımlayırsan,
Sən Allah,yolumdan saxlama məni,
Gəl otur ayrılaq,nə faydası var?-
Gecikmiş eşqinlə bağlama məni.
DƏLİSİYƏM!
Xəyalımda uyuyan
Bir qızın dəlisiyəm,
Gecəmə nur çiləyən,
Ulduzun dəlisiyəm!
Bir az heç kiməm-buyam,
Bir azca da hamıyam,
Təbiət adamıyam,
Payızın dəlisiyəm!
Gəl yaşa bu ağrını,
Eşqlə yandır bağrını,
Gecələrin vurğunu,
Gündüzün dəlisiyəm!
Adımı qəlbinə yaz,
Sevən könül sınamaz,
Kimsə məni qınamaz,
Mən sözün dəlisiyəm!
* * *
İçimdə qəm evini,
Ucalmağa qoymayın,
Fələkləri ömrümdən,
Bac almağa qoymayın.
Bir əldir, bir ətəkdir,
əl ətəkdən gödəkdir,
Həyat güldür, çiçəkdir,
sozalmağa qoymayın!
Sözə verdim bu canı,
söz dərdlərin dərmanı.
Amandır bu dünyanı,
qocalmağa qoymayın!
* * *
Sən gedəni dərədə,
Düzdə qalıbdır gözüm,
Ardınca hər ləpirdə,
İzdə qalıbdır gözüm.
Ruhsuz heçdir bu bədən,
ayaq saxla a gedən!
Aləmləri xəlq edən,
sözdə qalıbdır gözüm.
Göz yaşı yağış deyil,
yanlışlıq naxış deyil,
Allah bu baxış deyil,
Gözdə qalıbdır gözüm.
Faiq Hüseynbəyli
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR