» » Sabiri hamama da buraxmırdılar

Sabiri hamama da buraxmırdılar

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 may 2014
//
Bölmə: Ədəbiyyat
Sabiri hamama da buraxmırdılar


Kulis.Az Qan Turalının Mirzə Ələkbər Sabir haqqında məqaləsinin ikinci hissəsini təqdim edir. Məqalənin birinci hissəsini burdan oxuya bilərsiniz.

Səhhətli günlər

Ələkbərin ən yaxın dostu Abbas Səhhət olacaqdı.

“Sümüklərimi də xalqın yolunda qurban verməyə hazıram” vəsiyyətini ona edəcəkdi.

Ələkbərin ölümündən sonra Səhhət yazacaqdı: “Ağlarız xatirə gəldikcə gülüşdüklərimiz”.

Ələkbəri Sabirə məhz o çevirdi.

Sabir ömrü boyu verdiyi ilk və son müsahibədə (müsahibəni Salman Mümtaz almışdı) özünəməxsus təvazökarlıqla “siz böyüksünüz, yoxsa Abbas Səhhət?” sualına belə cavab vermişdi: “Yaşda mən, başda o”.

Səhhət Tehranda, “Mədrəsəyi Nizamiyyəyi Nəsiriyyə”də həkimlik oxumuşdu.

Fransız dilini də orda öyrənmişdi.

Amma bu diplomla Azərbaycanda işləyə bilməzdi, imtahan verməli idi.

Sürətlə rus dilini öyrəndi.

Fransız dili vasitəsi ilə Qərb ədəbiyyatını dərindən öyrənmişdi, Şamaxıda isə rus ədəbiyyatını mənimsəyirdi.

Realnı məktəbdə müəllim kimi işləməyə başladı.

Sabirə dünya ədəbiyyatı haqda məlumat verən də o idi.

Rus və fransız dillərindən şeirlər tərcümə edib Sabirə oxuyurdu.

Sabir artıq qəzəl və mərsiyədən soyumuşdu.

Sabirin dünyagörüşündə böyük zəlzələlər qopurdu.

XIX əsrin ilk illəri idi, milli mətbuat sürətlə inkişaf edir, çar hökuməti mətbuat üzərində sərt siyasətini dəyişirdi.
Bakıda qəzetlər çıxmağa başlayırdı.

Sabir yeni şeirlər yazırdı.

“Şərqi-Rus” qəzetini çıxmağa başlayanda (1903) Sabir bir şeir yazıb Tiflisə göndərdi.

Bu şeir Sabirin yeni ruhda yazdığı ilk şeir idi.

Sabirin ictimai proseslərlə maraqlanmağı da bu dövrdə başladı.

Lakin mətbuatın yolları hamar deyildi, böyük arenaya çıxan Sabir ümidsizliyə düşürdü, Məhəmməd Hadinin ərəb-fars tərkibləriylə dolu şeirləri onu narahat edirdi, içində olan yeni şeir hissini heç harda tapa bilmirdi, ürəyindən keçən şeirləri heç kim yazmırdı, Hadinin şeirləri də onu açmırdı, o satirik şeylər yazmaq istəyirdi.

“Zəmanənin Molla Nəsrəddini”, Molla Nəsrəddinin Sabiri yaradacağı günlərə lap az qalmışdı.

“Molla Nəsrəddin” jurnalının çıxması ilə Şamaxıdakı qaragüruh da şaxə qalxdı.

Seyid Hüseyn “İrşad” qəzetinin redaktorunun Şamaxıya gəlişinə şamaxılıların absurd münasibətini yazır.

Şamaxılıları qəzet redaktorunun sünni ya da şiə olması maraqlandırırdı, onların nəzərincə redaktor şiələrə qonaq düşürsə şiə, sünnilərdə qalacaqdısa sünni idi.

Amma redaktor şəhər bələdiyyə rəisinin evinə düşəndə şiələrin də, sünnilərin də kefi pozuldu.

Çünki rəis babi idi, islamın 50-60 il tarixi olan babiləri nə şiələr, nə də sünnilər sevirdilər.

Mahiyyətcə babilik islam protestantizmi idi, Mirzə Fətəli də bu barədə məqalələr yazmışdı.

Babilik tacir və burjuaziya sinfinin islama münasibətini ifadə edirdi.

Seyid Hüseyn həmin redaktorun kimliyini demir, lakin Mahmud Nədim Qaragözovun xatirələrindən həmin şəxsin Qaragözov olduğunu bilirik.

Redaktorun rəisin evinə düşməsi şamaxılılarda qəzetçilərin “babi” olması barədə qətiyyətli bir rəy yaratdı.

Redaktorla görüşən Sabir də “babiliyin” yaratdığı ab-havadan nəsibini aldı, zira şamaxılıların gücü rəisə yox, şairə çatırdı.
Redaktor şairlə görüşündə Sabirin bu sözlərini xatirəsində qeyd edir:

“Qeyr bir yerdə birisi aşkara dinindən dönmüş olsa mənim burda gördüyüm tənə və təhqirin yüzdə birini görməz. Halbuki mən nə dönmüşəm, nə də dönmək fikrindəyəm”.

Sabir özünün də dediyi kimi çox ağır təzyiqlər altında yaşamağa başladı, hələ sabun bişirməklə dolanırdı, şeirlərini gizli imza ilə yazsa da, birbaşa “Molla Nəsrəddin” redaksiyasına yox, Şeyxovların dükanına göndərsə də bu şübhələr dağılmır, əksinə şiddətlənirdi.

Bir gün olacaqlar oldu.

Axund minbərdən Sabiri kafir elan etdi və dedi: “Ona salam vermək də haramdır”.

Əsrlərdən yüksəlib Nizamini, həmşəhrisi Xaqanini, Sədini, Hafizi salamlayan yerliləri bircə salamı da ona çox görürdülər.

Amma boykot bununla bitmədi.

Axundun müridi Məhəmmədhəsən köhnə müştərisi Sabirə sabun bişirmək üçün lazım olan xammalı-quyruğu və piyi satmaqdan imtina etdi.

Onun bu hərəkətini başqaları da təkrarladı.

Sabir Şamaxıda aclığa məhkum edilmişdi.

Bir gün hamamçı da onu hamama buraxmadı.

Qaragüruhun intiqamı ağır oldu.

“Molla Nəsrəddin” jurnalında Şamaxı qazısı Hacı Məcid Əfəndinin köhnə və yeni hərəmi ilə necə rəftar etməsi haqda karikatura çıxmışdı.

Xalq bu karikaturada Sabiri günahkar bildi.

Sabir karikaturanı çəkmədiyini desə də qulaq asan olmadı.

Sonda Hacı Məcid Əfəndinin özü işə qarışdı, Sabiri günahsız elan etdi.

Bundan sonra Şamaxı ilə bağlı başqa bir karikatura çıxdı.

Bu Sabirin atası Zeynalabdini şiəliyə qəbul etmiş Ağa Seyidəli ağanın karikaturası idi.

Bu karikaturanı da Sabirdən bildilər, qaragüruh ayağa qalxdı.

Qızının kürəkəni də onlara qoşuldu.

Sabirin üstünə silah çəkdi.

Sabir qorxudan bihuş olub yerə yıxıldı, bir neçə gün xəstə yatdı.

Şamaxıda yaşamaq üçün bütün imkanlar tükənmişdi.

Seyid Hüseyn arvadı Badamxanımın da Sabiri bu günlərdə tək qoyduğunu yazırdı, Badamxanım ərinin “xəriflədiyini” deyirdi.

Sabirin doğmaca anasının belə Badama “Niyə oturmusan, get ondan boşan, sən şərən azadsan, o babıdır, mən də südümü ona halal etməyəcəm” dediyini qızı Səriyyə xatirələrində yazırdı.

6 əsr bundan əvvəl böyük Azərbaycan şairi Xaqani də Şamaxını tərk edib getmişdi.

Sabir də bu yolu tutacaqdı, qərar vermişdi artıq.

Sabir sabun bişirməyin daşını atdı və bir məktub yazdı.

Bakı günləri

Məktubun ünvanı Sabirin sinif yoldaşı, məşhur inqilabçı Sultan Məcid Qənizadə idi:

“Daha taqətim, təb və səbrim başa gəlibdir. Qardaşlarının əlindəki Yusif kimi əsir qalmışam. Birisi şillə ilə üzümə vurur, o birisinin məhəbbət ağuşuna atılmaq istəyəndə o da yumruqla başımdan vurur, bu biri tərəfə gedəndə o da yumruğu başıma zollayır. Ondan azad olub başqasıyla dost olduqda döşümdən itələyir, ağzımdan vurur, ona dal çevirəndə digəri dalımdan vurur, ağzıüstə yıxılıram. Bir daha Şamaxıda qalmağa tabım qalmayıb. Bir nəfər də havadarım və qəmxarım yoxdur, yenə Sizə ümidvar olub sizə dərd-sər verməyə cəsarət edirəm.

Acizanə xahiş edirəm, mənim burda katorqa cəzasına məhkum olub qalmağıma razı olmayasınız. Lütf və mərhəmət əlinizi mənim tərəfimdə uzadıb, məni bu cəhənnəmdən xilas edəsiniz”.

Sultan Məcid məktubu oxuyub ağladı.

Firudin bəy Köçərlini də çağırdı, məktubu ona oxudu, bir yerdə çarə axtarmağa başladılar.

Sultan Məcid Qori seminariyasının Azərbaycan şöbəsində inspektor idi.

Firudin bəy Köçərli isə seminariyanın Azərbaycan dili müəllimi idi.

Amma Sultan Məcid Bakı və Dağıstan məktəbləri inspektorluğuna keçməliydi.

Dostlar bir neçə dəqiqəyə Sabirin qurtuluş planını hazırladılar.

Firudin bəy Qoridə inspektor olandan sonra onun yerinə Azərbaycan dili müəllimi Sabir təyin edilməliydi.

Lakin plan suya düşdü, Firudin bəyi ali təhsili olmadığı üçün onu inspektor vəzifəsinə təyin etmədilər.

Amma Sabir Bakıda imtahan verib Zaqafqaziya şeyxülislamından müəllimlik şəhadətnaməsi aldı.

Qoridə işi alınmadı, Sabir də naəlac qalıb Şamaxıya qayıtdı və orda “Ümid” adlı məktəb açıb müəllimliyə başladı.

Yazıçı, repressiya zamanı güllələnən Hacıbaba Nəzərli Şamaxıda, “Ümid” məktəbində Sabirin tələbəsi olmuş, sonralar xatirələrini yazmışdı. Ondan oxuyuruq:

“Bir gün Sabir çox qəmgin və müztərib idi. Sinfə girəndə bunu hamımız duyduq. Sinfə girəndə bunu hamımız duyduq. Onun haləti-ruhiyyəsi hamımıza təsir etməmiş deyildi. Biz fars dili dərsi keçəcəkdik. Sədinin “Gülüstan”ını açdıq. Sinif başçısı uşaqların siyahısı oxudu. Tağı Abuzəroğlu adı gələndə heç kim cavab vermədi. Sabir başçıya dedi: ”Onu dəftərdən pozun, gəlməyəcək”.

Sabirin səsində dərin bir yas və ələm vardı. Əlavə etdi:

- O gəlməyəcək. Onu qardaşları məktəbdən çıxarıb işə göndərmişlər. O başmaqçı şagirdliyinə gedir.

Tağı on beş yaşlı çalışqan bir şagird idi. On gün əvvəl atası ölmüşdü”.

Qardaşı ziyalı şəxs olan, Sabirlə, Abbas Səhhətlə dostluq edən Hacıbaba Nəzərli hələ Sabirin tələbəsi ikən mətbuata böyük maraq göstərir, Hophop imzalı şeirləri Molla Nəsrəddindən böyük həvəslə oxuyur, özü də şeir yazmağa meyl edirdi.

Bir müddət sonra “Molla Nəsrəddin” jurnalından Hop-hop imzası yox oldu, jurnalda Əbünəsr Şeybaninin eyni səpkili şeirləri görünməyə başladı. Gənc şagird Şeybaninin kimliyini tapmağı özünə dərd etmişdi. Bir gün Abbas Səhhət və Sabir onlara qonaq gəldilər, Sabir bir şeir oxudu, bir həftə sonra həmin şeir jurnalda çıxanda Hacıbaba Əbunəsr Şeybaninin müəllimi Sabir olduğunu bildi.

Sabahısı gün dörd misra şeir yazıb Sabirin müəllim stoluna qoydu.

Sabir stolda oturanda şeiri gördü və yavaşca oxudu:

“Qorxdu, dönübən oldu
Şeybani bizim Hophop.
Axır ki, dağıdacaq
Şirvanı bizim Hophop”.

Həmin gündən sonra Sabir bir şair kimi Hacıbabanın üzərində işləməyə başladı.

Bəli, Sabir yazdığı şeirləri şagirdlərindən belə gizlədirdi, zəmanə belə əclaf idi.

Bir müddət sonra Bakı və Dağıstan məktəblərinin inspektoru Sultan Məcid onu Balaxanı məktəbinə müəllim təyin etdi.

Bakıda müəllim işləyən Sabir mətbuatla da fəal əməkdaşlığa başladı, “Səda” qəzetini korrektoru idi, eyni zamanda “Həqiqət”, “Günəş”, “Zənbur”la əməkdaşlıq edir, “Molla Nəsrəddin”ə də yazırdı.

Axşamlar məktəbdə yaşlılar üçün pulsuz əlifba öyrədirdi.

İki yerdə də xüsusi dərs verirdi.

Artıq xəstəydi, Şamaxıya qayıtmalıydı.

Balaxanının mazutlu havası onun sağlamlığına düşmən kəsilmişdi.

Mirzə Cəlil və Həmidə xanım isə onu Tiflisə çağırırdı.



QafqazPRESS.az
banner125x125 banner125x125