Sabiri Hegellə anlamaq - ARAŞDIRMA
Kulis.Az Qan Turalının böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında yazdığı məqalənin üçüncü və sonuncu hissəsini təqdim edir.
Birinci hissə: Sabir: Zalım ata, ümidsiz ustad, kitaba zəhrimar deyən Badam
İkinci hissə: Sabiri hamama da buraxmırdılar
Tiflis günləri
Ağır xəstə idi şair, Bakıda 3 ay müalicə (1910 sentyabr-noyabr) aldı, amma xeyri olmadı.
Həmidə xanımın göndərdiyi pulla Tiflisə gəldi.
Tarix: 1 fevral, 1910.
Mehmanxanaya düşsə də Ömər Faiq dərhal onu “Molla Nəsrəddin”in redaksiyasına gətirir.
Qarabağda olan Cəlil Məmmədquluzadənin kabinetində yatır.
O dövrdə jurnalın müvəqqəti redaktoru olan Məmmədəli Sidqiyə məktub yazan Cəlil Məmmədquluzadə Sabiri ən yaxşı həkimlərə göstərməyi və pul əsirgəməməyi ondan xahiş edir.
O dövrdə “Molla Nəsrəddin” jurnalında bir neçə uşaq vardı.
Məmmədəli Sidqinin də cəmi 25 yaşı vardı.
Kim idi o uşaqlar:
Münəvvər: Cəlil Məmmədquluzadənin Həlimədən olan qızı.
Əhməd Pepinov: Ömər Faiqin bacısı oğlu. 1937-ci ildə güllələndi.
Əziz Şərif: Mirzə Cəlilin, eləcə də Sabirin yaxın dostu Qurbanəli Şərifzadənin oğlu.
Əbil: Mirzə Cəlilin vəfat etmiş bacısının oğlu.
Manya Dobrodeyeva: Həmidə xanımın xidmətçisinin qızı.
Bu uşaqlar Molla Nəsrəddinin ikimərtəbəli redaksiyasında yaşayırdılar.
Cəlil Məmmədquluzadənin himayəsi ilə təhsil alan bu uşaqlar bazar günü “Molla Nəsrəddin” jurnalının bütöv şəkildə çap edilmiş səhifələrini qatlayır və üzərinə abunəçilərin ünvanlarını yazırdılar. Şeirlərini sevə-sevə oxuduqları Sabirin Tiflisə gəlməsi bu uşaqlar üçün bayram idi.
Şairin ölümünə az qaldığını böyüklərdən eşidən bu uşaqlar aradabir xəlvətə çəkilib ağlayırdılar.
Sabirə qulluq etməkdən ötrü əldən-ayaqdan gedirdilər.
Biri paltosunu tutur, o biri ayaqqabılarını gətirirdi.
Sabir su istəyəndə beşi də mətbəxə qaçırdı.
Sabir ona qarşı göstərilən bu hörmətdən sıxılırdı.
Yazıq Sabir ömrünün ən gözəl günlərini yaşayırdı.
Yəqin ki, Sabiri haqqıyla anlayacaq yaşa gəlməmiş, kamala çatmamışdılar.
Amma xoşxasiyyət bir adamın ölümünə az qalmış bir uşağın ona bu qədər hörmət göstərməsi təbii deyildimi?
Sabir xəstə olduğu üçün gecələr yaşca hamısından böyük olan Əhməd onun yanında qalırdı.
Bütün bunlar barədə bizə məlumat verən Əziz Şərif yazır ki, Sabir gecələr “Səriyyə, Səriyyə” deyib sayıqlayırmış.
Səriyyə Sabirin qızı idi.
Əziz Şərif bir yeniyetmə müşahidəsi ilə yazır: “Sabirin simasında daim hüznlü bir gülüş, qəmgin bir təbəssüm oynayardı”.
Əziz Şərifin atası Qurbanəli Şərifzadə Sabirə yazdığı məktubunda Əziz Şərifin yazılarını diqqətdə saxlamasını, oğluna məsləhət verməsini xahiş edirdi.
Əziz Şərif sonralar Moskva Dövlət Universitetinin professoru olacaqdı.
Sabir Tiflisin bütün məşhur həkimlərinə göstərildi.
Reseptlər yazıldı, müalicələr edildi, amma effekt vermədi.
Onun üçün konsilium təyin edildi, vəziyyəti ümidsiz idi.
Bəzi həkimlər son çarə kimi əməliyyat təklif etdilər.
Bir çoxu isə əməliyyatın da səmərəsiz olduğunu deyirdi.
Sabir də əməliyyata qarşı idi: “Mənim qarnım sandıq deyil ki, açıb bağlayasınız”.
Bir müddət xəstəxanada da yatdı, əlac olmadı.
Serroz son həddində idi, ölümün nəfəsini duyurdu Sabir.
Tezliklə Cəlil Məmmədquluzadə də Tiflisə qayıtdı.
Onların görüşləri, söhbətləri haqda heç nə yazılmayıb.
Bircə müalicəsi nəticəsiz qalan şairi 1911-ci ilin martında vağzaldan Şamaxıya yola salındığını yazılıb.
Cəlil Məmmədquluzadə dostunun öləcəyini bilirdi.
Sabir də Əzrayılın gəlişindən xəbərdar idi.
4 ay sonra Abbas Səhhət Molla Nəsrəddin redaksiyasına bir teleqram göndərdi: “İyulun 12-sində Sabir vəfat etdi”.
Cənazə namazını Mir Mehdi Ağa qılmalıydı, amma tərəddüd edirdi.
Gənclər səslərini qaldırdılar, ara qarışdı.
Mir Mehdi Ağa namazı qıldırdı.
Mirzə Cəlil üçün ölüm xəbəri gözlənilən olsa belə bir neçə gün özünə gələ bilmədi.
Hətta bir müddət jurnalı bağladı.
Təkcə onun yox, jurnal kollektivinin də əli işə yatmırdı.
O vidadan on il sonra Sabirin heykəli qoyuldu.
Mirzə Cəlili ora dəvət etməyəcəkdilər, dostuna heykəl qoyulduğunu qəzetlərdən oxuyacaqdı.
Satirik şair bir zamanlar yazmışdı: “Yad et məni, qəmli-qəmli yad et”.
Şeirləri nə qədər istehza, gülüş doğururdusa həyatı o qədər kədərli idi.
Böyük Azərbaycan tıxacı
Bəşər zəkasının tıxandığı dövrlər vardır.
Bir düha sahibi dövrün bütün problemlərini öz baxış bucağında şərh edir.
Bu zirvəyə çatmaq imkansız olduğu kimi bu düşüncələri dəyişdirmək də imkansızdır.
Bunun üçün dühalar gərəkdir.
Sabirin poeziyadakı yerini danışmaq üçün əvvəlcə Sabirin əsrdaşı Marksı xatırlayacağıq.
Marksın gəncliyində elm və fəlsəfə dünyası Hegelin sehrində idi.
Hegel özünə qədər olan elm və fəlsəfəni ümumiləşdirib mükəmməl fəlsəfi sistem yaratmışdı.
Bu sistem ona qədər olan sistemlərin ən mükəmməli idi.
Marksın da daxil olduğu həyəcanlı gənclər bu sistemlə razı deyildilər, çünki Hegel sistemə qarşı mülayim idi.
Prussiya monarxiyasını (Hegel bu ölkənin vətəndaşı idi) ictimai inkişafın ən yüksək mərhələsi sayırdı.
Üstəlik, təlimi də idealist idi, bir mənada xristianlığın fəlsəfiləşdirilməsiydi.
Hegel kainatı maddiləşmiş ideya sayırdı.
Gənclər isə materialist idilər.
Hegellə bütün düşüncələri zidd idi.
Marks üçün fəlsəfə əzilənlərin qurtuluşunu təmin edəcək ideologiyaya çevrilməliydi.
Lakin o bu qurtuluşu icazəsiz beş-altı aksiya ilə gerçəkləşdirəcəyinə inanmırdı.
Xilasın fəlsəfəsi yaranmalıydı ki, bu fəlsəfənin də açarları Hegelin cibindəydi.
Hegelin dialektikası onlara lazım idi.
Buna görə də Marks sonralar məşhur olan fikrini dedi: “Hegelin dialektikası başı üstündəydi, biz onu ayaqları üstdə qoyduq”.
Hegelin sistemi mahiyyəti üzrə dəyişildi.
Yeni “Hegel” artıq materialist idi, Prussiya monarxiyasını da digər bütün dövlətləri də hakim siniflərin məzlumlar üzərində istismar aləti kimi görürdü, şüur varlığın mənəviləşmiş formasına çevrilmişdi.
Bəşəriyyətin tıxacı bu cür açılmışdı.
Füzulidən sonra Azərbaycan ədəbiyyatında da bir tıxac vardı və bu tıxac mütləq açılmalıydı.
Gəlin, bir anlıq Füzulidən əvvəlki şairlərimizi xatırlayaq: Xətai, Nəsimi, Nizami, Xaqani...
İndi də gəlin Füzulidən sonrakıları anaq...
Aşıq şeirində şəxsiyyətlər yetişmişdi, lakin yazılı ədəbiyyatda bir durğunluq vardı.
400 illik durğunluqdur bu.
Və bu durğunluğu bəlkə də ilk dərk edən adam Sabir idi.
Ömrü boyu cəmi bircə müsahibə vermişdi.
Salman Mümtazın götürdüyü o müsahibədən bir parçanı oxuyaq:
“Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır”.
Sabir sonra konkret hədəf də göstərmişdi:
“Dörd yüz ildən bəridir Füzulinin şeirlərinin şöhrəti bütün Şərqi qaplamışdır. Hamı o şeirləri əzbərdən bilir və istədiyi zaman sevə-sevə oxuyur. Halbuki bu şeirlər başdan başa əruz bəhrlərində yazılmışdır”.
Sədinin, Hafizin qəzəllərinin qabağına ancaq qəzəl ilə çıxmaq olardı ki, Füzuli bunu duymuş və onların nüfuzlarını qırmışdır.
“Mən Füzulinin “Divan”ına, Füzuli qəzəllərinə başdan başa nəzirə yazmaq fikrindəyəm. Yəni o formada və o bəhrlərdə olmaq şərti ilə yeni-yeni mövzularda qəzəllər yazacağam”.
Sabir problemi də, həll yolunu da düzgün seçmişdi.
Mirzə Cəlilin də yazdığına baxaq:
“Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb bu günə qədər məcmuəmizdə iştirak etmiş və şeirlər yazmışdır. İnanmırsınız, götürün “Molla Nəsrəddin” məcmuəsinin iyirmi illiyini, tökün qarşınıza hansı şeirə baxsanız görəcəksiniz ki, orda Füzulidən bir duz var.
Bizim şairlər şeir yazanda Füzuli gəlib durur gözlərinin qabağında, deyir ki, ölsən də mənim təsirimdən çıxa bilməyəcəksən. Molladan yazmaq istəsən, yazmışam, varlıdan yazmaq istəsən, yazmışam, rüşvətxordan yazmışam, bu gün get, sabah gəldən, yəni “zavtra-zavtradan” yazmışam. Müxtəsər, hər şeyi əhatə etmişəm. Füzuli azərbaycanlıdır. Onun ədəbi məktəbi bütün şairlərin başına girib, bütün əsərlərində bir füzulu ruhu görünməkdədir. Füzuli diridir”.
Mirzə Cəlil Füzulinin hər şeyi yazdığını deyəndə şübhəsiz ki, ifrata varırdı.
Söz yox ki, Füzuli Mirzə Cəlil deyən mətləbləri yazmışdı.
Lakin Füzulinin bu məsələlərə baxış bucağı sufi dünyagörüşündən qaynaqlanırdı və Mirzə Cəlilin təmsil etdiyi maarifçilik ideyalarına yabançıydı.
Füzulinin zamanında dünyada maarifçilik hərəkatı doğulmamışdı.
Mirzə Cəlilin ustad kimi qəbul etdiyi Mirzə Fətəli də Füzulini inkar etməklə Azərbaycan ədəbiyyatı tarixində ən böyük inkara qoymuşdu.
Amma doğurdan da hər şairdə “Füzulidən bir duz” vardı.
Sabirin “sabun”u da duza batmışdı.
Füzulinin Sabir yaradıcılığına təsiri çox böyük idi.
Sabirin yaradıcılığının birinci hissəsində Füzuli mühüm yer tuturdu.
Lakin onun Füzuliyə münasibəti epiqonçuluqdan, təkrarçılıqdan irəli getmirdi.
Seyidin Hüseynin də yazdığı kimi Sabir o dövrdə qəzəl yazmaqda Seyid Əzimdən, mərsiyələrində isə digər şairlərdən geri qalırdı.
Lakin 1905-ci ildən sonra onun yaradıcılığında kəskin dönüş baş verdi.
Bu dönüşdə də Füzuli Sabirlə bir yerdəydi.
Füzulinin aşiqanə qəzəlləri Sabirin şeirlərində satirik bir dona bürünürdü.
Sabir Füzulinin forma və ifadələrindən bacarıqla istifadə edirdi.
Hegeldən Marks doğulduğu kimi Füzulidən də Sabir doğulurdu.
Marks Hegelin “başı üstə olan dialektikasını” ayaqları üstdə çevirdiyi kimi Sabir də Füzulinin aşiqanə qəzəllərindən maarifçilik manifestləri yaradırdı.
Misal üçün Füzulinin məşhur “Can vermə qəmi eşqə ki, eşq afəti candır” misrasını Sabir belə yazırdı: “Təhsili-ülum etmə ki, elm afəti candır”.
Məcnunun atasının Məcnuna səhrada verdiyi məsləhətlər Sabirdə oğlunun elm oxuyan cahil atanın narahatçılıqlarına çevrilirdi.
Füzulinin “atası” eşqdən, Sabirin “atası” isə elmdən narahat idi.
Bu cür misalların sayını artırmaq olar.
Sabirin ən yaxın dostu Abbas Səhhət bu dönüş haqqında yazırdı: “Sabir köhnə şeirləri ilə yeni şeirləri arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb o uçurumdan atılmağa kimsədə cürət qalmadı”.
Sabirin ilk mətbu şeiri 1903-cü ildə “Şərqi Rus” qəzetində çıxdı.
Şeir “Şərqi-Rus” qəzetinin nəşrə başlaması münasibətilə idi və heç kimin diqqətini cəlb etmədi.
İki il, 1905-ci ildə şairin “Beynəlminəl” şeiri “Həyat” qəzetində çap edildi.
Bu şeir oxucuların eləcə də şair və yazıçıların diqqətini dərhal cəlb etdi.
Bu zaman Sabirin 43 yaşı vardı.
Şeir erməni-müsəlman davası haqdaydı, Sabir bu ədavəti “məlun İblisin fitnəsi” adlandırırdı.
Və sonra Molla Nəsrəddin jurnalında fəaliyyə başladı.
Sabirin əsas kitabı “Hophopnamə”də şeirləri cəmi 6 ildə yazdığı şeirlərdir.
Cəmi 6 ilə şair Azərbaycan ədəbiyyatını böyük bir tıxacdan xilas etmiş və ona yeni istiqamət vermişdi.
Kitabsız şairin aqibəti
Professor televizyadan Sabirə palçıq atır, sən demə, ermənilər “Harda müsəlman görürəm, qorxuram” şeirinə görə Sabirin kiitabını çap ediblər.
Yalandır! O kitabın hekayəsi isə belədir.
Sağlığında isə kitabını görmək Sabirə qismət olmadı. Bu barədə Seyid Hüseynin xatirələrində oxuyuruq.
Seyid Hüseyn bir gün Sabirin qolunda qovluq onun yanına gəldiyini deyir. Şair Seyid Hüseyndən xahiş edir ki, qovluqdakı şeirlərə baxsın, bu şeirlərdən ibarət olan kitabın qiymətini şairə desin.
Seyid Hüseyn kitabın qiymətini 400 manatdan artıq bir məbləğ hesablayır. Amma Sabirə 300 manat deyir. Sabirin isə bu qədər pulu olmur. Bu pulu toplamaq üçün onun əqidə dostları çox əziyyət çəkəcəkdilər...
Bütün cəhdlərə baxmayaraq 1911-ci ilin 12 iyulunda şair vəfat etdi.
Onun ölümü münasibəti ilə mətbuatda xeyli məqalə çap edildi. Müəlliflər bir ağızdan Sabirin kitabının çıxması zərurətindən danışırdılar.
Pul isə yox idi. Onu toplamaq üçün ianə kampaniyasına başlandı. Xalqa çağırışlarda “Kaspi”, “Yeni İrşad” qəzeti fəallıq edirdi. Hətta rusdilli “Bakı” qəzeti də aksiyaya qoşulmuşdu.
Bu çağırışlara ilk səs verən bir qadın oldu. Adı Sara xanım Vəzirzadə. II Qız məktəbinin direktoru olan bu xanım məşhur dramaturq Nəcəf bəy Vəzirovun qızı idi. O öz maaşından beş manat Sabir üçün verdi.
Azərbaycanda qız məktəbinin açılmasını həmişə fəxrlə Hacı Zeynalabdinin adıyla yazırlar. Hacı əlini cibinə salmadı.
Uzun müddət kassada cəmi beş manat oldu: Sara xanımın beş manatı.
Qəzetlər dalbadal çağırışlar edirdi. Bakı milyonçularından səs çıxmırdı. Çağırış məqalələrinin tonu da müxtəlif idi: Kimi sərt yazırdı, kimisə xahiş edirdi, kimisi izah. Getdikcə ton sərtləşirdi, amma pul gəlmirdi.
Uzun müddət bu çağırışlar cavabsız qaldı. Tezliklə məktəblər üçün 3 dərslik çap edildi. Dərslik müəllifləri öz qonararlarından 15 manat Sabirin kitabı üçün ayırdılar.
Yeddi müəllif arasında üç yazıçı vardı: Süleyman Sani Axundov, Abbas Səhhət və Abdulla Şaiq.
1911-ci il başa çatanda cəmi 20 manat pul vardı. Sabirin ildönümünə qədər kitabı çap etdirmək arzusunda idilər.
1912-ci ilin başlarında Abdulla Şaiq “Nicat” qəzetində bir məqalə yazdı. Həmin məqalədə yenə çağırış notları vardı.
Lakin məqalənin bir məqamı dövrün məşhur mollanəsrəddinçi şairi Əliqulu Qəmküsarın eyni problem ətrafındakı yazdığı məqalənin ana fikri ilə səsləşirdi.
Şaiq “sərvət sahiblərinə” ümid olmamağı, bu cür böyük bir işin xalqın dəstəyi ilə görülməsinin vacibliyini yazırdı.
Haqlı idilər.
İndi keçirik erməni puluna…
Dilican (Qərbi Azərbaycanda yerləşir) o zamanlar sevimli istirahət yerlərindən biri idi. Müəllimlər adətən burda istirahət edirdilər.
O zamanın böyük yaradıcılıq enerjisi, tükənməz entuziazmı ilə seçilən müəllimlər tətil vaxtı müxtəlif əsərləri tamaşaya qoyaraq özləri də oynayar, yığılan pulu xeyriyyə məqsədləri üçün istifadə edərdilər. Bu bir ənənə idi.
1920-ci ilin 20 iyulunda azərbaycanlı və erməni müəllimlər Sabirin kitabı üçün iki əsəri tamaşaya qoyub oynadılar. Tamaşaya qoyulan əsərlərin ilki erməni dramaturqu Qabriyel Sundukyanın “Axşamın səbri xeyir olar” adlı dramı idi.
Dramı isə məşhur inqilabçı və müəllim Sultan Məcid Qənizadə təbdil etmişdi. Təbdil əsərin yer, insan adlarının dəyişdirilərək milliləşdirilməsidir.
Tamaşaya qoyulan ikinci dram əsəri isə Vasaq Mədətov Nəzminin “Qırt-qırt” dramı idi.
Tamaşada rolları isə Azərbaycanlı müəllimlər və Tiflisdəki erməni truppasının üzvləri olan bir aktyor və bir aktrisa oynamışdı. Truppa üzvləri öz çıxışlarına görə qonorar da almışdılar.
Tamaşalardan sonra isə şagirdlərin ifasında Sabirin şeirlərini dinlənmişdi. Bu barədə Bakı, Tiflis və İrəvan mətbuatında çoxlu məqalələr dərc edilmişdi.
Lakin heç bir qəzetdə ermənilərin xalqımızı tənqid etdiyinə görə pul verməsi haqqında bir məlumat yoxdur. Elə olsaydı belə Sabirə son dərəcə sədaqətli olan dostları bu yardımı qəbul etməzdi.
Tamaşada ianələr də toplandı. İanə verənlərin əksəri azərbaycanlı müəllimlərdi:
Qiyasbəyov, Kərbəlayev, Yeqanov, Tumanyans. Kalantarov-5 manat; Arutyunov, vəkil Xocayev, həkim Məliknubarov, Paralov, Axundov, Muradov, Dilbazov, Qiyasbəyov-3 manat və Oqanov 2 manat 50 qəpik.
İanə və tamaşalardan bir yerdə 179 manat 75 qəpik toplandı. Teatr salonuna, musiqiçilərə, aktyorlara və başqa xərclər çıxılandan sonra 98 manat 19 qəpik “Kaspi” qəzetinə göndərildi.
Beləliklə, yığılan məbləğ 120 manata çatdı. Hələ çox pul lazım idi. Sabirin ildönümünə qədər kitabı çap etmək arzusu baş tutmadı. Çağırışlar isə davam edirdi...
Sentyabr ayında “Kaspi” qəzetində bir Şamaxı dövlətlisinin yardım vədi haqqında yazıldı.
Sonrakı xəbərdə isə naşirlərin sərəncamında 200 manat olması barədə məlumat vardı. Kitab üçün isə 500 manata qədər pul lazım idi.
Buna görə naşirlər Sabirin əsərlərinin bir hissəsini çap etmək qərarına gəldilər. Külliyatı çap etmək üçün pul heç cür yığılmayacaqdı. 1912-ci ildə kitab çap edildi. Kitabda Sabirin 110 satirası yerləşdirilmişdi.
Kitabın əvvəlində Mahmudbəyovun kiçik müqəddiməsi, Sabirin Abbas Səhhət tərəfindən yazılmış kiçik tərcümeyi-halı verilmişdi.
Bəli, “Hop-hopnamə” məhz bu vəziyyətdə çapdan çıxıb.
***
Ölüm yatağında Sabir Hacı İbrahim Qasımova demişdi:
“Mən nə bədənimin əriməsinə, nə də ürəyimin şişməsinə acımıram. Lakin nigaranlığıma acıyıram. Millətdən nigaran gedirəm. Hər nə isə, olacağa çarə yox. Əlimizdən nə gəlir...”
Əlindən gələni də etmişdi, gəlməyini də...
Gələcək nəsillər onu unutmayacaqdı.
Amma o nigarançılıq hələ də qalacaqdı.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR