Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu məktubunda Üzeyir bəydən nə xahiş etdi? - FOTO
Bu gün böyük şair Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin doğum günüdür. Kulis.az bu münasibətlə onunla bağlı maraqlı faktları təqdim edir.
Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra o, elə həmin il Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olub.
Onun müəllimi - dahi bəstəkar, konservatoriyanın rektoru Üzeyir bəy Hacıbəyli olub. Xanəndə Bülbül tərəfindən konservatoriyada xalq musiqisinin tədqiqatı ilə məşğul olan kabinənin fəaliyyətində də gənc Ərtoğrul böyük həvəslə çalışıb. O, Bülbül ilə Azərbaycanın bir sıra rayonlarına folklor toplamaq üçün ekspedisiyalarda iştirak edib. Ərtoğrul qələmini dramaturgiya və poeziya sahəsində də sınayaraq xeyli uğurlu əsərlər yaradıb. O, 200-dən çox el havalarını nota köçürüb, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya alıb, öz yaradıcılığında onlardan qidalanaraq, gözəl əsərlər yazıb.
İlk böyük əsəri fortepiano üçün yazılmış “Doqquz variasiya” olub. Skripka ilə fortepiano üçün poema, Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, N.Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi”, T.Rasizadənin “Səninlə olaydım” və s. şeirlərinə romans və mahnılar bəstələyib.
Ərtoğrulun özünün pianosu olmayıb. Konservatoriyada dərs deyən vaxt həmişə boş otaq axtarar, harda piano olsa gedib çalarmış. Onun həmçinin, gözəl rəssamlıq qabiliyyəti olub. Şekspirin, Bethovenin şəkillərini çəkib. Ərtoğrul həm də çox yaxşı şahmatçı olub. 1937-ci ildə Hüseyn Cavid repressiyaya məruz qalaraq sürgün olunub. Onun ailəsini yaşadığı mənzildən çıxarıb, Sovetski deyilən yerdə bir neçə ailənin yaşadığı qapısız, pəncərəsiz evdə yerləşdiriblər. Qohumların, dostların da çoxunun üz çevirdiyi o ağır illərdə Müşkinaz xanım tikiş maşını ilə ailəsini dolandırıb. Cavid əfəndi gedərkən anasını və qızını Ərtoğrula tapşırıb.
1942-ci illərdə konservatoriyanın əlaçı tələbəsi Ərtoğrul Cavid ordu sıralarına çağırılıb. Lakin, “xalq düşməni”nin oğlu olduğu üçün o, cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna göndərilib.
Ərtoğrul anasından və bacısından narahat idi. Ümid yeri olan müəllimi Üzeyir bəyə 1942-ci ilin 25 fevralında məktub yazıb:
“Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatlığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada maşinistkalıq, həm də ibtidai məktəbdə dərs deyə bilər. Lakin ən lazımi məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz”.
Məktubu alan Üzeyir bəy lazımi yerlərə zəng edir. Bundan sonra Turan xanımı Radio Verilişləri Komitəsinə, Müşkinaz xanımı “Klara Setkin” adına tikiş artelində işə götürürlər. Bütün bunlardan məlumatsız olan Ərtoğrul Cavid martın 15-də yenidən müəlliminə yazır:
“Hörmətli Üzeyir bəy! İlk duracaq mənzilimiz Abxaziya dağları oldu - hər tərəf qarlı dağlar, soyuq, ağır iş. Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam. Hətta ailəmizdən də. Yavaş-yavaş kimsəsizlik, ayrılıq, nigaranlıq duyğularım artır; səhhətim zəifləyir. Lakin nə olursa-olsun, mən səhhətimi saxlayacağam. Ən böyük əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Mən çox yaxşı bilirəm ki, anam xəstədir, bəlkə də yataqdadır, bacım həyatı dərk etməyə başlarkən ancaq sıxıntı, ağır yaşayış gördü. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim”.
“Xalq düşmənləri”nin oğulları ən ağır işlərdə çalışdırılır. Tunel tikintiləri Ərtoğrulun da sağlamlığını əlindən alır. O, vərəm xəstəliyinə tutulur. Tiflis hospitalına gətirilsə də tərxis olunmağı ləngidilir. Vərəmin ağrıları isə getdikcə şiddətlənir. Anası Müşkinaz xanım oğlunun xəbərini eşidəndən sonra çətinliklə Tiflisə, onun yanına gedə bilir. Həmin ərəfədə isə onun vəziyyəti daha da ağırlaşır.
Ərtoğrulun Bülbülə yazdığı son məktublarının birində deyilir:
“Aprel ayının 7-dən başlayaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Temperaturum səhərlər 38-dən aşağı enmir. Gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm. Yerimdə otura bilmirəm. Doktor yazmağa yol vermir. Məktubu gizli, uzandığım halda yazıram”.
1943-cü ilin sentyabrında, nəhayət, Ərtoğrul ordudan tərxis edilir. Yaşamaq istəyir. Onu gündən-günə zəiflədən xəstəliklə mübarizə aparır, sabaha ümid axtarırdı. Ancaq Tiflisdə vəziyyəti ağırlaşdığından onu Naxçıvana qohumlarının evinə aparırlar. Lakin o burada da rahatlıq tapa bilmir. Xəstəliyi şiddətlənir.
Ərtoğrulun son günləri çox ağır keçir. Ölümlə həyat arasında çırpındığı vaxtlarda yeganə istəyi anasını və bacısını görməkdi. Amma son arzusuna da çata bilmir. İyirmi dörd yaşlı Ərtoğrul Cavid 1943-cü ilin 14 noyabrında atasının taleyindən xəbərsiz Naxçıvanda vəfat edir.
Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində, atasının və anası Müşkinaz Cavidin qəbirləri ilə yan-yanadır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR