Faiq Hüseynbəyli
Əlahəzrət Zaman
Çoxdu bu dünyada dərdə yananlar,
Sevinci gözündə qalanlar çoxdu.
İblisi aldadıb yoldan eləyən,
Hiylələr, fitnələr, yalanlar çoxdu.
Bir quru ad olan çoxdu dünyada,
İşi bərbad olan çoxdu dünyada.
Özünə yad olan çoxdu dünyada,
Qisməti özgədə olanlar çoxdu.
Kimdi o fikirlə bizi azdıran,
Əllini itirən, yüzü azdıran?
Şəhərdə addımı, izi azdıran,
Küçələr, döngələr, dalanlar çoxdu.
Oxşamaz qəlbimi hər üzü göyçək,
Sən də inadından, ey ürək, əl çək.
Bir üzü röyadı, bir üzü gerçək,
Arzular, istəklər, "planlar" çoxdu.
Sübhün yaxasını sökə bilmirəm,
Zülməti işığa bükə bilmirəm.
Dərdimi adam tək çəkə bilmirəm,
Dərdimə meylini salanlar çoxdu.
Əlahəzrət Zaman göstərər onu,
Kiminin əvvəli, kiminin sonu.
Baxırsan, adamdı, "vidi, fasonu",
Dili zəhər olan "ilanlar" çoxdu.
İnsan kimi qaytar insan borcunu,
Kim qaytara bilər asan borcunu?
Allahın verdiyi bu can borcunu,
Əzrayıldan öncə alanlar çoxdu.
****
SALAM OLSUN...
Salam olsun günəşə,
Yağışa, qara salam.
Salam, rəngarəng ömür,
Ağ, salam, qara, salam.
Məst ol sözün ətrinə,
Misrasına, sətrinə.
Ağ günlərin xətrinə,
Qara rüzgara salam.
Aldı məndən bu canı,
Dərdlərimin sultanı.
Gəzib düzü-dünyanı,
Yetişdim gora, salam.
***
Get, gələndə xoş ömür
Gətir, dincəlim bir az.
Çiynimdən mələkləri
Götür, dincəlim bir az.
Falçı, rəng qat falıma,
Düşmə mənim halıma.
Arzuma, xəyalıma,
Yetir, dincəlim bir az.
Doqquzu nə, onu nə,
Girmə mələk donuna.
Çıx bu ömrün sonuna,
Bitir, dincəlim bir az.
Faiq, dolsa da kuzən,
Vermə qəmi biruzə -
Bu dünyanı o üzə
Ötür, dincəlim bir az.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR