» » Bilal ALARLI ÜÇÜN YAZILMIŞ ŞEİRLƏR

Bilal ALARLI ÜÇÜN YAZILMIŞ ŞEİRLƏR

Müəllif: Xatirə Rəhimli
//
Tarix: 12 dekabr 2014
//
Bölmə: Ədəbiyyat
Bilal ALARLI ÜÇÜN YAZILMIŞ ŞEİRLƏR
Bilal ALARLININ təqdimatında:
Hacı İlham ƏSGƏROV,
filoloq
MƏNİM ÜÇÜN YAZILMIŞ ŞEİRLƏR
(Ələddin Əzimlinin şeirləri haqqında)
Bir zamanlar hər ikimiz müəllim işləyirdik. O zaman da Ələddin müəllim şeirlərini oxuyar, mən qulaq asardım. Lakin mən o zaman onun şeirlərinə bir ədəbiyyatçı kimi yanaşar, şeirlərdə, o vaxt dəbdə olduğu kimi, Amerika kəşfi axtarardım. Şeirlər məni sehirləsə də, özümü tox tutar, daha çox soyuqqanlı, laqeyd nəzərlərlə üstdən aşağı onlara baxmağa çalışar, nəsə bir fikir yürüdərdim. Hər ikimiz müəllimlikdən uzaqlaşdıq. Ələddinin hər il az-çox sənətə yazı-pozuya bağlı olsa da, mən ədəbiyyatdan tamamilə uzaq düşdüm. Tale məni tamam başqa işlərə tuş etdi. Nəhayət, 2005-ci ildə Ələddin müəllimin “Yarımçıq yuxular” adlı ilk kitabı əlimə düşdü. Vərəqlədim, tanış misralar, tanış şeirlər... Lakin tamam başqa rəngdə, başqa çalarda. İndi mən bu şeirlərə bir ədəbiyyatçı kimi yox, adi bir oxucu kimi-şeirdən-musiqidən, ümumiyyətlə, sənətdən, sənətkarlıqdan az-çox zövq almağı bacaran bir adam kimi yanaşırdım. Görkəmli yazıçımız Əkrəm Əylisli televiziya müsahibələrinin birində “Əsərlərimiz haqqında olan rəylərə necə baxırsınız?” sualına belə cavab verdi: “ Məni daha çox ədəbiyyatla əlaqəsi olmayan adamların fikirləri maraqlandırır”. İndi mən də məhz belə bir insan kimi Ələddinin şeirləri haqqında danışmaq istəyirəm. Məhz adi bir insan kimi dərk edirəm ki, Ələddinin şeirlərində “Amerika kəşfi” axtarmaq lazım deyilmiş, sadəcə olaraq öz qəlbinlə danışmağı bacarmaq bu şeirlərin ruhunu duymağa bəs edərmiş. Çünki bu şeirlərdə doğma Azərbaycan təbiəti, onun ağacları, otları, çiçəkləri, yağışı, küləyi, yarpağı da dil açır, insanlaşır, doğulur, yaşayır, ölür. Sadəcə “şüşənin bu üzündəki gözlərlə o üzündəki dünyanı” duymaq lazımmış Şüşənin bu üzündən baxa-baxa dərk edirəm ki, ömür bir ümmandırsa, günlər bu ümmandan ayrılan damcılardır – hopur dünyaya. Beləcə, azalır ümman, qısalır ömür yolu... nəhayət, hər şey keçmişə dönür.
Bir zaman “əl içi boyda dünyada” şeirlərin və dostlarınla firavan yaşadığın, lovğa-lovğa küçələri gəzdiyin illərə bir kənddə müəllim işləyə-işləyə həsrətlə baxdığın kimi, bu illərə də uzaqdan həsrətlə baxacaqsan. Çünki, bir-iki ucu su kimi dupduru, süd kimi ağappaq nağılla, son ucu isə görülməmiş, yozulmamış yuxuya bənzər bir ömür yaşayırıq:
Əl içi boyda
Dünyam vardı.
İçində dostlarım,
Şeirlərim yaşardı.
Gözəl-gözəl qızların
Mühazirə dəftərinə
Xatirə şeirləri yazardım.
Lovğa-lovğa gəzərdim
Bakının küçələrin.
İndi kənddə
Müəlliməm, qardaş.
Vaxt ötər,
Bu günlərə
Boylanarıq uzaqdan.
Hələlik bu qədər.
Bəzən bizə elə gəlir ki,
Dünya oynadır bizi
Külək
Yarpaqları oynadan kimi.
Dünya aldadır bizi
Südəmər cocuq kimi.
Bəzən isə düşünürük ki,
Külək deyil,
Ötənlərimin
İncik, vahiməli ruhudur
Döyəcəklər qapı-pəncərəmi.
Yağış deyil,
Ötənlərimin
Qəhqəhəli, iniltili
Göz yaşıdır
Çırpılır divarlara.
Bəzən də adama elə gəlir ki, şair dünyanın əl içi kimi göründüyü ucalıqla dayanmış, müdrik nəzərləri ilə zamanın gedişini, dünyanın sərgüsəştlərini izləyir.
Ruhu
Küləklərə qoşular
Vaxtsız ölən yarpağın.
Cəsədi düşər acılı əllərə
Torpağın.
Mənzərə necə də real və canlıdır. Yaşıl yarpağın ölümü necə də insan ölümünə bənzəmiş?! Ölüm ölümdür, qardaş! – Yarpaq üçün də ağac üçün də, insan üçün də. Ölər, “üz qoyar torpağın əllərinə” – həyat isə öz axarındadır. Yaşıl nəğməsini oxuyar ağac, əbədi nurunu çiləyər Günəş. Nazlanar “budaqlar”, yarpaqlar. Fəqət, bir fərqi olar ölən yarpaqla insanın, insan ölən kimi yuyaf suyunu alar, amma:
Torpağın soyuq ovcunda
Soyuyan
Bir üzü yaşıl
Bir üzü sarı yarpaq.
Gözləyir yuyaf suyunu –
Payızın ilk yağışını.
Allahın yaratdığı varlıqlar arasındakı bu harmoniyanı, bənzəyişi olan və ölüm paralellərini məhz həmin ucalıqdan görmək, duymaq və sözə çevrilmək olar.
Ələddinin şeir üslubu özünəməxsus, bənzərsizdir. Onun şeirlərini oxuyanda bir rəvanlıq, axıcılıq ruhunu oxşayır. Ələddin sözlərə, misralara “zor” etməyi sevmir. Fikirlər daxildə necə doğulursa, yaşantılar, hisslər qəlbdə necə yaşanırsa, eləcə də süzülür səhifələrə Hər şey təbii və adi görünür. İstər-istəməz bu adiliyin içindəki böyüklüyə, döğmalığa, ən başlıcası səmimiliyə heyrətlənirsən.
Öncə
Gözlərim salamlayırdı səni
sonra
səsim, sözüm
Əllərim.
Neçə günlərdi beləydi.
Gün-günə,
Ay-aya qısılıb
Dolmuşdu illərə -
Gözlərin gözümə dolana kimi
Neçə illər idi beləydi.
Qəfil bir işıq
Qırdı paralelləri,
Günlər,
Aylar
Dağıtdı illəri.
Gözlərimdən
və əllərimdən öncə
Quru səsim
Salamlayır səni indi.
Bəli, ən adi insan ömrünün adi insan yaşantıları... doğrudanmı sona qədər sevə bilirikmi? Məhəbbətimizdə bu sözün əvəzlənməsi də tanrının bizə bəxş etdiyi alın yazısı deyilmi? Məhəbbət adlı tale yükünü ömürlük daşıya bilmək hər oğulun işidirmi? Bax, bu barədə düşünməyə dəyər.
Ələddinin şeirlərindən danışarkən bir fikri də vurğulamaq yerinə düşər. Bu şeirləri qırmaq, hissələrə ayırmaq, bənd-bənd, misra-misra təhlil obyektinə çevirmək mümkün deyil. Ona görə ki, bu şeirlər tamdır, bütövdür. Hər kəlmə, hər misra hansısa fikrin durğun ifadəsində öz rolunu oynayır. Onların içində yersiz olanı, qafiyə xətrinə, bəzək-düzək naminə işlədiləni yoxdur. İstedadlı şairimiz Ramiz Rövşənin təbirincə desək, Ələddinin şeirləri sadəcə olaraq yazılmamış, “doğulmuşdur”, canlıdır. Ona görə də bu şeirlər bəndlərə, misralara bölünərsə, əl-ayağı, burnu-qulağı kəsilən körpəyə bənzər.
Nazim Hikmətə həsr olunmuş “Qəriblər” şeirinə nəzər salaq:
Qəribliyin
bir ucunda həsrət
bir ucunda məmləkət
Həsrətimin gözləri
ulduz-ulduz,
məmləkətin əlləri
yarpaq-yarpaq –
Qovuşmaz bir-birinə.
Qəribliyin adı var:
Axşam düşər,
Evlilər
evinə yığışar
Həsrətin gözləri
Yuyar
Məmləkətin əllərini
Göz yaşıyla,
Tükənincə nuru,
Yaşıllaşınca yarpağı.
Və yaxud:
Ağır-ağır
Bağlanır gözlərin qapıları –
Göz qapaqları.
Yorğun alın
Söykənir kitaba.
Daha bir gün də
Uçur əllərimizdən
Ulu tanrıya sarı.
Kitabda Ələddinin ölçü-biçili şeirləri də toplanmışdır. Dünya haqqında, onun “gəlimli-gedimli”, “olumu, ölümü” haqqında fəlsəfi düşüncələr daha çox ölçüsüz şeirlərdə reallaşırsa, səmimi kövrək, məhəbbət, qayğılı, nigaran ömür haqqında poetik əzizləmələr əksərən ölçülü şeirlərdə öz ifadəsini tapıb:
Kişnəmə, kəhər at!
Kişnəmə dəli-dəli
Yollar çox uzundur,
Yollar yoracaq səni.
Minəcəklər belinə,
Sürəcəklər sonsuzluğu.
Köpük-köpük tər axacaq
Bədənindən.
Puçur-puçur qan axacaq
Cəhəngindən.
Dünya dediyin böyükdür,
Kəhər at!
Nə ucu var, nə bucağı...
Tələsmə, Kəhər at!
Kişnəmə dəli-dəli,
Yollar çox uzundur,
Yollar yoracaq səni.

Bilal ALARLI ÜÇÜN YAZILMIŞ ŞEİRLƏR



Kişnəyən Kəhər at bir tərəfdən elə insan ömrüdürsə, digər tərəfdən dünyanın gedişidir. Onun dəyirmanında çox kəhər atlar, Kəhər atlılar dən kimi üyüdülüb, yoğrulub, yox olub. Dəli-dəli kişnəyən Kəhərlər dərin-dərin heçliklərə yuvarlanıb, çünki “Dünya dediyin böyükdür”. Bu misralardakı həqiqət sərt, ağır olduğu kimi, şairin səsi də, deyim tərzi də sərt və qətiyyətlidir. Sətirlər hədəfə dəyən güllələr kimi sərrast, dəqiq və amansızdır.
Bu payız üşüdəcək məni,
Elə budaqları da.
Budaqlar yarpaq-yarpaq göynəyəcək.
Ağlayacaq, güləcək çılpaqlığına.
Yaşıl-yaşıl yuxular
Diksindirəcək budaqları
Yaşıl-yaşıl ümidlər gələcək.
Elə bizi də yaşadan yaşıl-yaşıl ümidlərdir, qardaş.
Sənin gözəlliyin çaşdırır məni,
Bir kəlmə salam da qopmur dilimdən.
Kim görərsə Leyliyə bənzədər səni,
Neyləyim məcnunluq gəlmir əlimdən.
Saçların üzünün həya pərdəsi,
Odlu gözlərini gizlədər, gülüm.
Bir qız təbəssümü, bir qız hiyləsi,
Kimisə, hardasa gözlədər, gülüm.
Nə böyük səmimiyyət... Şeirdəki axıcılıqla görümlülük bir notda köklənərək bitkin bir romans yaratmışdır, - sevgi romansı. Qarşımızda bizimlə üzbəüz surət dayanmış gözəl və onun üzünə həya pərdəsi çəkən cazibəli saçlar, bu bu saçların arxasından dil açıb danışan atəşli, odlu gözlər, belə gözəllik qarşısında çaşıb özünü itirən “bir kəlmə salam”a cürəti çatmayan aşiq... Bu, ustad, ulu Fizulinin yeni ölçüdə, yeni biçimdə ifadəsi deyilmi?
“Könlüm açılır, zülfü-pərişanını görcək,
Nitqim tutulur qönçeyi-xəndamını görcək”.
Bəlkə şeirdəki “Leyli-Məcnun” xatırlaması da elə bu hisslərin ekvivalentindən törəmişdir.
Şeirdəki bir məqama da diqqət yetirmək yerinə düşər. “Hiylə” adətən, mənfilik, riyakarlıq ifadə edən söz kimi anlaşılır. Bu şeirdə isə müəllif dilimizin poetik imkanlarından istifadə edərək həmin sözə müsbətlik, müqəddəslik çaları aşılamışdır. Bu sözləri Ələddinin şeirlərində tez-tez rast gəlinən “Alça çiçəkləri” ifadəsi haqqında da demək olar. Adətən, poeziyada gilənar çiçəyinə, bənövşəyə, nərgizə zəriflik, incəlik, məhəbbət simvolu kimi baxılır. Alça çiçəklərinin poetik təqdimi isə məhz Ələddinin şeirlərindədir.
Alça çiçəkləridir əllərin
Ağappaq nəğmə oxuyur mənə.
Dünyanın təmizliyindən,
Tənhalığın uzunluğundan,
Ümidli günlərimizdən.
Və yaxud:
Ot göyərəndə
Alça çiçəkləyəndə
Üzün gülsün heç olmasa.
Və yaxud:
Uzun qış gecələrində
Qısa şeirlər yazaram
Soyuqdan,
Pəncərəmin önündə
Əl-ayağı üşüyən
Alça ağacından.
Bu, təsadüfi deyil. Şairin bahar həsrəti ilə alça ağacının bahar həsrəti-üst-üstə düşür. Şair şeirləri ilə ilk öncə baharı salamlamağa çalışdığı kimi alça ağacı da öz ağappaq çiçəkləri ilə bütün ağaclardan qabaq baharı müjdələyir. Alça ağacının bahar həsrəti o qədər güclüdür ki, sevincdən bəzən xoş payız genlərində də çiçəkləməyi özünə ar bilir.
Ələddin poeziyada həmişə “sinəsi dağlı”, qəm-kədər rəmzi sayılan laləyə də tamam gözlə baxır.
Lalə bizim ellərin
Dərdsiz, qəmsiz qızıdır.
Ona görə həmişə
Köynəyi qırmızıdır
Ələddinin bir yuxu dünyası da var; Bu dünya reallıqla, röya aləminin, təmas nöqtəsidir. Həmin nöqtədə narahat ömrün, narahat duyğuları, təlatümlü ürəyin “çap-çapaları” tüğyan edir. Bir anlıq bu yuxular elə insan ömrünü andırır yarımçıq, rəngarəng. Bəzən sanki “yarımçıq yuxular” küçəsində yaşayırıq, hər şey qarmaqarışıq, hay-küylü. Orda kədər də var, əzab da. “Yuxular” od olub yandırır insanı. Doğrudan da:
Yazsam mən lentlərə yuxularımı,
Yarımçıq nağıllar yağışı başlar.
Həsrətin isladar duyğularımı,
Körpə uşaq kimi qəlbimi daşlar.
Məhz “Həsrətin islatdığı duyğuların” içində çırpına-çırpına dərk edirik ki:
Yuxular yarımçıq, sevgi yarımçıq,
Yarımçıq nə varsa düşüb payıma.
Həsrət heykəliyəm, ya özün gəl çıx,
Ya da ki, bütöv gir yuxularıma.
İnsan ömrünün qəribə anları olur. Bəzən bu geniş dünyadan əlimi üzüb boğuluram Sanki havam çatmır, sanki ucsuz-bucaqsız boşluqlara xilas olmağa bir ümid yeri kimi baxıram, əl atıb yapışmağa bir işıq ucu axtarıram. Məhz həmin anda Ələddinin şeirləri imdadıma çatır. Bu şeirlərdəki işığın ucundan tutub xilas oluram. Bəlkə də alın yazısı ya Allahın qismətidir – bəzi insanların simasında sirayətedici nur, işıq görünür... Ələddin də belə insanlardandır. Bəlkə də onun şeirlərindəki işıq seli, aydınlıq elə simasındakı işıqdır – hopub misralara...
Nə bilim, vallah, deyirlər ki, ömür elə ömür, tale elə taledir. Bəlkə xarakterimizdəki uyğunluq və ya talelərimizdəki oxşarlıqdır. Bəzən mənə elə gəlir ki, bu şeirləri elə mən özüm yazmışam, ya da Ələddin müəllim elə mənim üçün yazmışdır. Və elə bu hisslərlə:
Gecənin sakit bir tinində,
Söykənib qaranlığa.
Həzin-həzin pıçıltılarla
Sığallayıram yaşantılarımı.
ŞƏKİLLƏRDƏ: Ələddin ƏZİMLİ VƏ Hacı İlham ƏSGƏROV
banner125x125 banner125x125