Şairin çiyni hər zaman yüklü olur “Çox görmüşəm dərdlərimi çoxuna”
Şəxsiyyət amili zaman reallığında başlıca amillərdən biridir. Bu mənada, həyat və tale də bu prosesdə öz fəal rolunu oynayır. Zənnimcə, əyalətdə yaşayıb-yaradan şair Bilal Alarlının da tale yolları bu müstəvidə qərar tutur.
Əyalətdə yaşayan şair Bilal Alarlı (Hüseynov)1958-ci il sentyabrın 8-də Cəlilabadda dünyaya göz açıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü,”Nöqtələr” ədəbi qrupunun rəhbəridir. Cəlilabad rayonunun Alar kəndində yaşayan şair orada Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Bilal Alarlı çox böyük həvəslə şagirdlərin təlim-tərbiyyəsi və tədrisi ilə məşğul olur. Şair Bilal Alarlı ötən ilin payızında 56 yaşını qeyd edib. Elə bü münasibətlə də dəyərli şairlə görüşüb, bu illər ərzində yaşadığı ömür yolunun kitabını səhifələdik. Beləliklə, əyalətdə yaşayıb ömür sürən bu dəyərli tədqiqatçı-alim, şairlə müsahibəni oxuculara təqdim edirik.
- Şair, xoş gördük, kənd həyatınız necə keçir? Təbiəti çox sevdiyiniz üçünmü kənddə yaşamağınız?
- Çox maraqlı sualdı. Bu sualı mənə heç kim verməyib. Əvvəldən həyatımı kənddə qurmuşam. Ümumiyyətlə, kənd həyatını və təbiətin gözəlliyini çox xoşlayıram. Kənddə elə bil ki, ruhum dinclik, sakitlik tapır.
- Nə vaxtdan şeir yazırsınız? İlk şeirinizi nə vaxt qələmə almısınız?
- 14 yaşımda kliniki ölüm keçirdim. Bir neçə saata ayıldım, bu hadisədən sonra şeir yazmaq həvəsi oyandı məndə. Yataqda idim deyə vaxt olduğu üçün çoxlu mütaliə edirdim. Əsasən nəsr əsərləri oxuyurdum.
- Dövranın gedişiatı ilə şair Bilal Alarlı necə yola gedir?
- Milli azadlıq hərəkatının iştirakçısı olmuşam. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmışam. Siyasi fəaliyyətimə görə iki il həbs almışam. 1990-cı il fevralın 29-da həbs olunmuşam, oktyabrda isə Azərbaycanın müstəqilliyi uğrunda Konstitusiya Aktı qəbul edildi və bu Akta əsasən Azərbaycanın müstəqilliyi uğrunda həbs olunanalara aministiya verildi. Mən də həbsxanadan azad olundum. Həmin dövrdə “Yeni gün” qəzetinin redaktoru vəzifəsində çalışmışam.
- Regionda yaşayan şair kimi sosial-iqtisadi durumunuzdan razısınızmı?
- 17 il cırıq ayaqqabı ilə məktəbə getmişəm. Üç oğlum var, övladlarımın hər birinə də ali təhsil vermişəm. Həyatım boyu heç kimə boyun əyməmişəm, heç kimin qarşısında sınmamışam.
- Təbiətin qoynuna çəkilmisiniz. Təbiətlə bağlı şeirləriniz çoxdur yəqin?
- Hər kəs özünü və düşdüyü mühiti yazır. Şair əslində şeirlərində elə özünü yazır, şairin qəhrəmanı özü olur. Təbiətlə bağlı şeirlərim yetərincədir. Nəsr əsərlərim də çoxdur, əsasən hekayələr qələmə almışam. “Babakişinin qızılları” adlı hekayəm “Nöqtələr” adlı almanaxda işıq üzü görüb.
- Bir neçə misranız yadıma düşdü:
Neçənci dəfədir
cırıb atıram
bu yazılmamış şeirləri – hansı səbəbə cırıb atırsınız bu şeirləri, bəlkə açıqlayasınız?
- Elə poetik fikirlər var ki, insan beynində doğulur, amma vaxtında yaza bilmirsən, o ovqat da ötüb-keçir.
- Ağ vərəqin dərdi ağdı – bu da sizin misranızdı. Bilal Alarlı bununla nə demək istəyir.
- Ağ vərəq yazılmamış şeirlərin dərdini çəkir.
- Yeri gəlmişkən, belə bir fikir var, şairlərin çiyni yüklü, ürəyi dərdli olur. Siz necə, hansı dərdlərin içində çabalayırsınız?
- Təbii ki, şairlərin dərdi hamının dərdindən çox olur. Amma şairin dərdi fərdi dərd olmamalıdır. Şairin dərdi el-obanın dərdidir. Elnən gələn dərd toy-bayramdı deyirlər. Əlbəttə, şairin çiyni hər zaman yüklü olur. Şairin dərdi yoxsa, o, şair deyil ki. Dərdsiz insan olarmı?
- Bəlkə də var, biz bilmirik şair. Axı, hökm yalnız Allaha məxsusdur. Siz necə düşünürsünüz, məgər belə deyil ki?
- Mənə elə gəlir ki, mən artıq bu sualı cavablandırdım.
- Dərdlə bağlı qələmə aldığınız bir neçə misranız yadıma düşdü:
Dərd yazıram dərd yazanın əlindən,
Qəmlənərsən, gəl, bu dərdi oxuma.
Mən özümü qorumuşam dilimdən,
Çox görmüşəm dərdlərimi çoxuna.
-Anlamaq dərdi var, anlaşılmamaq dərdi var. Eləcə də yazmaq dərdi var, ifadə olunmamaq dərdi var. Füzuli də bu dərdi yaşayıb, Cəlil Məmmədquluzadə də. Dərd fərdi olanda dərd deyil, qayğıdı, problemdi. Kədər var, qəm var, dərd var. Sinonim sözlərdi, amma eyni mənaları ifadə etmir, yaxın mənaları ifadə edir. Yeniyetmə, gənc, cavan sözləri kimi. Kədər dərd zirvəsinə qalxanda insanı danışdırır. Bax, onda yaxşı şeirlər yazılır. Bir şeirimdə deyirəm:
Tanrı nisyə verdi göz yaşlarımı,
Sonradan doyunca ağlatmaq üçün.
Bu acı qisməti rahat dadmağa,
Nə bir imkan oldu, nə də bir seçim.
Ömrümü yeyirəm ac adam kimi,
Ətim də acıdı, dilim də acı.
Mənə üz tutanın dərdini Allah,
Deməyə mən kimin üstünə qaçım.
Digər bir şeirimdə isə dərdlə, kədərlə bağlı belə misralar var:
Yaşadım sevincdən, dərd-qəmə qədər,
Adətdir qəm atı dördəmə gedir.
Ömrümü ac qurd tək gəmirdi kədər,
Alnıma yazılan boyanı yedi.
- Son illər şeir yazanların sayı çox artıb. Sizcə, bu da dərdlə bağlıdır?
- Xeyr, hamısı dərdlə bağlı deyil. Həmin yazarlar bekarçılıqdan yazırlar. Onları əslində biz cücərtmişik, onlara layiq olduqlarından daha çox qiymət vermişik. İş orasındadır ki, bu istedadsız “şairlər” daha çox ədəbi imtiyazlar qazanırlar və yüksək mükafatlar alırlar. Bu isə qətiyyən yolverilməzdir. Bir araşdırma apardım, müəyyən etdim ki, vətənpərvərliklə bağlı ədəbi mükafatlar bir çox hallarda ya özləri, ya da ki, övladları hərbi xidmətdən yayınan şairlərə və yazıçılara verilib.
-Bəlkə açıqlayasınız bəzilərinin adlarını?
-Yox, ad çəkməyimi lazım bilmirəm. Özləri daha yaxşı bilirlər. Ədəbi mühitdə kimin-kim olduğunu hamı çox yaxşı anlayır.
- Mükafatdan söz düşmüşkən, şairlərə verilən bir illik Prezident mükafatına layiq görülmüsünüzmü?
- Xeyr, mənim adımı Prezident mükafatçıları sırasına daxil etmədikləri üçün hələ ki, o mükafat mənə qismət olmayıb.
- Əyalətdə yaşayaraq böyük şair olmaq mümkündürmü sizcə?
- Dəyərli yazıcı, şair olmaq üçün şəhərdə, yaxud da əyalətdə yaşamağın fərqi yoxdur. Əsas odur ki, istedad olsun. Çünki zaman elədir ki, ən ucqar kənddə yaşayıb, sosial şəbəkələr vasitəsilə nəinki ədəbi mərkəzə, hətta dünya ədəbi arenasına çıxmaq mümkündür. İnternet və sosial şəbəkələr imkan verir ki, istədiklərini oxuyasan, həm də istədiyin oxucular sənin yaradıcılığını izləyə bilsin. Hazırki dövrdə ədəbiyyat üçün Biləcəri sindromu mövcud deyil.
- Şair, bəlkə bir qədər söhbətimizin mövzusunu dəyişək. Bir az da sevgi şeirləriniz haqda danışaq. Bu misralar da sizin şeirinizdəndir.
Bilirsən qəlbimi kim dinləndirir?
Daş atıb sükutu sim dinləndirir.
Qaş-göz eləyəni him dinləndirir,
Söz ilə ovsuna sal, apar məni.
Kimdir qəlbinizi dinləndirən? Kimin ovsununa düşüb getmək istəyirsiniz?
- 6-cı sinifdə oxuyanda 4-cü sinifdə oxuyan qızı sevmişəm. Bu gün də o xanım həyat yoldaşımdır. Üç oğlumun anası, üç nəvəmin nənəsidir.
- Sizcə, bu gün belə sevgi varmı?
- Niyə də yoxdur ki, var. Sevgisiz həyat mümkün deyil axı. Yəqin ki, hər bir insanın ürəyində sevgi var. Hər bir valideyn ailə qayğısının öhdəsindən gəlməlidir.
- Taleyinizdən razısınızmı?
- Məncə, heç kəs öz taleyindən razı deyil.
- Nə üçün belə hökm verirsiniz? Bəlkə taleyindən razı olan insanlar var?
- Çünki hər kəs görə bildiyindən daha çox iş görmək istəyir. Şeirdə deyə bilmədiyim fikirlər də olur. Əlbəttə, şeirlə ifadə olunmayan məqamlar da az olmur. Həmin məqamlarda yaşadığım bölgənin etnoqrafiyasını, tarixini və folklorunu öyrənmişəm. Öz ətrafımda ədəbi aura yaratmaq üçün “Nöqtələr” ədəbi qrupunu Muğan Folklor və Yaradıcılıq Mərkəzini yaratmışam.
- Bu mərkəz nə vaxtdan fəaliyyət göstərir?
- Bu mərkəzin xətti ilə artıq xeyli sayda kitab çap etdirmişik. Hər bir əyalət ziyalısının vətəndaş borcudur bu işləri görmək. Məhz, bu fəaliyyətin nəticəsində cənub bölgəsinin tarixini hər tərəfli öyrənən Elşad Əmənov, Ələsgər Mirzəzadə, Sabir Nəsiroğlu, tədqiqatçılar Böyükxan Bağırlı, Ələddin Əzimli, Misir Alarlı, Əfrahim Hüseynli, Hacıbala Əmir, Əlizadə Sərdaroğlu, Usta Veysəl, Faiq Hüseynbəyli, İlham Əsgərov kimi şair və yazıçılar öz əsərlərini respublika səviyyəsinə çıxara biliblər.
- Hazırda müəllimlik fəaliyyəti ilə məşğulsunuz. Aldığınız əmək haqqı ailənizi və sizi qane edirmi?
-Təbii ki, yox. Müəllimin əmək haqqı çox aşağıdır. Müəllimlərin əmək haqqı onların normal yaşam tərzini təmin etmir.
- Sirr deyilsə, əmək haqqınız nə qədərdir?
- Fəlsəfə doktoru olduğum üçün, bir stavka maaşım 207 manatla hesablanır.
- Yaradıcı uşaqlarla bağlı layihəniz var, bir qədər də bu haqda məlumat verərdiniz.
- Mən gənc olan zamanda çap problemi var idi. Bir şeir bir ilə çox çətinliklə işıq üzü görürdü. İndi bu problem yoxdur, mətbuat bolluğudur, internet imkanları var. Amma uşaqlar üçün çap problemi hələ də qalır. İstedadlı şagirdlərin yaradıcılıq nümunələrinin işıq üzü görməsi üçün 2010-cu ildə cənub bölgəsində “Yaradıcı uşaqlar” layihəsini keçirtdim. Belə ki, onlarla uşağın şeir və hekayələrini öz vəsaitimlə kitab halında çap etdirdim, internet şəbəkələrinə çıxartdm. Bu, respublikada ilk layihə idi ki, yaradıcı uşaqları əhatə edirdi. Təəssüf ki, layihə dəstəklənmədi. Onu da deyim ki, indi həmin uşaqların çoxu tanınmış şair və yazıçılardır.
- Şair ömrü yaşamaq asandır, yoxsa çətin?
- Şairin ömrü çox əzablı olur. Ona görə ki, başqalarının görə bilmədiyini, hiss etmədiyini şairlər görür və hiss edir.
- Yenidən dünyaya gəlsəydiniz istərdinizmi taleyinizə şairlik yazılsın?
-Şübhəsiz ki, istəyərdim.
- Əyalətdə yaşayan şair kimi nədənsə şikayətiniz varmı?
- Şikayətim var, bu da ondan ibarətdir ki, əyalətdə yaşayan şairin yazısı, qələmə aldığı əsərlər diqqətdən kənarda qalır.
- Həyat yoldaşınız sizi bir şair kimi başa düşürmü?
- Mən elə ilk sevgi şeirlərimi də həyat yoldaşıma yazmışam. Bu şeirlər məktub şəklində idi. Təəssüf ki, sonradan o şeirləri sevdiyim xanım itirdi. O məni başa düşüb ki, bu günə qədər şeir yazıram. Şairin həyat yoldaşı olmaq da çox çətindi. Bu baxımdan onu da başa düşmək olar.
- Bəs şeirlərinizin ilk oxucusu kim olub?
- İlk şeirlərimi həyat yoldaşıma yazdığım üçün şeirlərimin ilk oxucusu da o olub.
- Şair, bugünki zamanda şeir yazmaqdan qorxmursunuz ki?
- Şeir yazmaq heç də qorxulu deyil. Amma son illər şeir yazmaq yaman kütləviləşib. Bax, bu isə çox qorxuludur. Şair olmaq, təmiz olmaq, pak olmaq deməkdir. Fitrətdən olan şair tamam başqadır. Bugünki cəmiyyətdə bir qədər çirkablıq var. Bu isə insana çox pis təsir edir. İnsan mənən ölürsə, bu yaxşı hal deyil. Bu gün həm də oxucu qıtlığı da azlıq təşkil edir. Şairlik şairə şöhrət gətirə bilər də, şöhrət gətirməyə bilər də. Bu da Allahın bir qismətidir.
- Hansı sual ürəyinizcə oldu?
- Tam səmimi söyləyirəm, bütün suallar məni qane etdi. Ona görə ki, hər sualda bir maraqlı məsələ qoyulmuşdu.
- Bəlkə sizə ünvanlamadığım hansısa sual qaldı? Əlavəniz varsa deyə bilərsiniz.
- Mənə elə gəlir ki, ünvanladığınız suallar bir çox məsələlərə aydınlıq gətirdi.
Beləcə, bir şair ömrünün cüzi də olsa, incə tərəflərinə işıq tuta bildik. Əgər hər şeyə tale istiqamət verirsə, demək, müsahibim də öz həyat yolunu tale yolu ilə müəyyən edib.
Nə deyək, Tanrı hifz eləsin!
P.S. Şair Bilal Alarlı indiyə kimi olan şair müsahiblərimdən sözün əsl mənasında çox səmimi müsahib idi. Ona ünvanladığım suallara verdiyi bir çox cavablarda şairin səmimiliyinin şahidi oldum. Elə bu səmimiyyətə görə, şəxsiyyətinə və yaradıcılığına hörmətlə, ehtiramla yanaşdığım bu dəyərli şairlə növbəti illərin birində bir müsahibə də qələmə alacağam.
P.S.S. Əslində, bu yazı 2 ay əvvəl dərc olunmalı idi. Amma Vətən məhəbbətim məni cəbhə bölgələrinə çəkdiyi üçün bu müsahibənin dərc olunmasında gecikmə yarandı.
Xatirə Əziz, Şair-publisist
Bakı-Cəlilabad-Alar-Bakı
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR