İşçisini zorladığı iddia edilən baş redaktora dostunun evində od vurdular
16:15
Bakının Suraxanı rayonunda evdə yanğın zamanı cəsədi aşkarlanmış Mizan –Tərəzi qəzetinin baş redaktoru 1989-cu il təvəllüdlü Sadiq Soltanovun yaxınları baş verənlərdən xəbərsiz olduqlarını deyirlər və bu faciə barədə danışmaq istəmirlər.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Sadiq Soltanovun qardaşı Namiq Soltanov hadisənin baş vermə səbəblərinin onlara məlum olmadığını və yanğının necə baş verdiyindən xəbərsiz olduğunu bildirib: “Bildiyim odur ki, artıq ölüb. Nədən olduğunu hüquq mühafizə orqanları araşdırır.”
Qeyd edək ki, Sadiq Soltanovun yanmış cəsədi Bakı şəhəri, Suraxanı rayonunda yanğın baş vermiş mənzildə aşkarlanıb. Baş redaktoru olduğu qəzetin işçisini zorladığı iddia edilən S.Soltanov ailəli olub. Azyaşlı uşağı var. Yanğın baş verən vaxt ailəsi evdə olmayıb. Mərhumun cənazəsi ötən gün saat 22:00 radələrində doğulduğu Ağdam rayonunun Üçoğlan kəndində torpağa tapşırılıb.
----------
13:00
Aprelin 26-da Bakının Suraxanı rayonunda mənzildə yanaraq ölən şəxsin "Mizan Tərəzi" qəzetinin baş redaktoru olduğu dəqiqləşib. Milli.Az xəbər verir ki, Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi 149 ünvanında 1977-ci il təvəllüdlü Mehdiyev Natiq Qeyis oğluna məxsus 200 kvadrat metr sahəli evdə baş verən yanğın nəticəsində ölən şəxs 1989-cu il təvəllüdlü Sultanov Sadiqdir. S.Sultanov "Mizan Tərəzi" qəzetinin baş redaktoru vəzifəsində çalışırmış.
Hadisənin bədbəxt olay nəticəsində baş verməsi və ya qəsdən törədilməsi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl "Mizan Tərəzi" qəzetində baş redaktor Sadiq Sultanovun katibəsi işləyən qadın Binəqədi rayon Polis İdarəsinə şikayət edərək S.Sultanovun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini bildirmişdi. Həmin müraciət əsasında da araşdırmalar davam etdirilirdi.
----------
09:33
Polis hazırda 25 yaşlı jurnalistin hansı səbəbdən və kim tərəfindən qətlə yetirildiyini araşdırır
Milli.Az xəbər verir ki, anspress-in Suraxanı RPİ-dən aldığı məlumata görə,1989-cu il təvəllüdlü Soltanov Sadiq Arazxan oğlunun meyiti Bülbülə qəsəbəsində yanmış evdən tapılıb. Onun 25 yaşı olduğu bildirilir.
Verilən məlumata görə, mərhum “Mizan Tərəzi” qəzetinin baş redaktoru kimi təqdim olunub. Bu qəzetin qadın işçisi bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etmişdi.
----------
09:04
Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində Ağdam rayon sakininin yanmış meyiti tapılıb.
APA-nın xəbərinə görə, rayon sakini Soltanov Sadiq Arazxan oğlu ötən gecə sözügedən yaşayış məntəqəsinə, dostugildə gecələməyə gedib. Bu gün onun meyiti yanmış halda aşkarlanıb.
Məlumata görə, S.Soltanovun üzərinə benzin tökərək od vurublar. Onun qisas zəminində öldürüldüyü bildirilir.
Mərhumun cəsədi bu gün axşam saatlarında doğulduğu Üçoğlan kəndinə gətirilərək dəfn olunub.
Onun ölümünün səbəbləri araşdırılır.
Qeyd edək ki, hadisə dünən səhər saatlarında olub. Fövqəladə Hallar Nazirliyinin saytında yanğınla bağlı məlumat verilib. Məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli, 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1989-cu il təvəllüdlü Soltanov Sadiq Arazxan oğlunun cəsədi aşkar olunub.
Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 09:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR