Cəlilabadda ailə faciəsi: su quyusu iki cavanı uddu
19:58
Milli.Az xəbər verir ki, “qafqazinfo”ya daxil olan məlumatda ailə faciəsinin təfərrüatları bəlli olub. Məlumatda bildirilir ki, Cəlilabad rayonunda 2 nəfərin ölümünə səbəb olan ailə faciəsinin səbəbləri ilkin olaraq Bayram və Rasim Əsədov qardaşlarının quyuda işləyən zaman su nasosundan ayrılan dəm qazından zəhərlənmələri əsas göstərilmişdi. Əslində hadisənin nüvəsində Əsədov qardaşlarınının hansı səbəblərdən illər əvvəl qazılmış quyunun içinə girmələri dayanmalıdır. Quyularda su tükənir, alternativ vastə kimi isə hələ sovetlər dönəmində inşa olunmuş kanallara isə su verilmir. Bəli, su problemi Cəlilabad rayonunda bir ailədə, yox rayon səviyyəsində mövcud olan əsas problem olaraq qalır. Əsasən, kənd təsərrüfatı ilə məşğul olan rayon sakinləri yaz mövsümündən bəri sahələri lazımınca suvara bilməyiblər. Ən acınacaqlı vəziyyət isə kartofçuluq təsərrüfatındadır. Ötən il hər hektardan 25 tondan yuxarı məhsul götürən yerli fermerlər bu il bu rəqəmin 5-6 ton civarında qərarlaşacağını bildiriblər.
Məhsuldarlığın aşağı olmasını fermerlər artıq satış ərəfəsində olan kartof sahələrinin suvarıla bilməmələri ilə əlaqələndirirlər. Hazırda rayonda suvarılmada daha çox istifadə olunan mənbəyini Araz çayından götürən Bəhrəmtəpə kanalında da suyun verilişi tamamilə dayandırılıb. Bu isə hektarlarla əkin sahəsinin məhv olması və bu da sonda fermerlərin müflisləşməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, mövcud çətinliklərlə bağlı həyəcan təbili çalan Cəlilabad rayonunun Əliqasımlı, Qarazəncir, Ocaqlı kənd sakinləri səbr kasalarının dolduğunu bildirirlər. Sözüzügedən kənd sakinləri bir neçə gün öncə su probleminin həll olunmamasına etiraz olaraq Ələt- Astara magistralında etraz aksiyası keçirməyə də cəhd ediblər. Lakin Cəlilabad suvarma Sistemləri İdarəsi rayon ərazisində tezliklə suyun veriləcəyini bildirməklə kəndliləri fikrindən daşındıra bilib. Lakin verilən vədlərə baxmayaraq Bəhrəmtəpə kanalında bu günə kimi hələ də su yoxdur. Alternativ vastə kimi hər bir şəxs həyətində və ya əkin sahəsində əl quyuları qazmağa çalışırlar. O quyular da bəzi hallarda elə onu qazan kəndlilərin məzarına çevrilir. Elə öz qazdıqları quyuya düşən Rasim və Bayram Əsədov qardaşları kimi...
---------
11:06
Ötən gün Cəlilabad rayonunun Uzuntəpə kəndində evlərinin həyətindəki su quyusunda təmir apararkən zəhərlənərək Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilmiş iki qardaşdan biri - Rasim Əsədov gecə saatlarında dünyasını dəyişib.
Bu barədə APA-ya Cəlilabad MRX-dan məlumat verilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
----------
08:57
Cəlilabadda ailə faciəsi baş verib.
APA-nın məlumatına görə, hadisə mayın 18-də günorta saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Kənd sakini Əliqismət Əsədova məxsus evin həyətindəki ərazidə olan su quyusunda onun üç oğlu təmir işi aparan zaman elə quyunun içindəcə huşların itiriblər.
Qonşuların və ev sakinlərinin səyi ilə Fərrux və Rasim Əsədovlar quyudan huşsuz vəziyyətdə çıxarılıblar. Onlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə çatdırılıblar. Xəstəxanadan bildirilib ki, Əsədovların vəziyyəti hələlik ağır qiymətləndirilir.
Hadisə yerində dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xiasedicilər 1986-cı il təvəllüdlü Bayram Əliqismət oğlu Əsədovun meyitini quyudan çıxarıblar.
Məlumata görə, quyudakı su nasosu işlək vəziyyətdə olarkən qardaşlar orada təmir işləri apararaq, quyunu dərinləşdirmək istəyiblər. İlkin ehtimala görə, su nasosundan ayrılan dəm qazı qardaşların zəhərlənməsinə səbəb olub. Hadisənin dəqiq səbəbi ekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR