» » Hamilə qadını 4 nəfər zorladı – Bakıda qadın qul bazarından REPORTAJ

Hamilə qadını 4 nəfər zorladı – Bakıda qadın qul bazarından REPORTAJ

Müəllif: Sevinc Novruzova
//
Tarix: 18 iyun 2014
//
Bölmə: Hadisə
Hamilə qadını 4 nəfər zorladı – Bakıda qadın qul bazarından REPORTAJ




"Salam, mənə üç nəfər yaxşı işləyən qadın lazımdır. Bir villada bir neçə günlük təmizlik işləri olacaq".

“Mən gedərəm”, “mən daha yaxşı işləyirəm”, “Məni aparın, burada heç kim mənim kimi işləmir” deyə hərə bir tərəfə çəkir.

– Günə nə qədər versək, razılaşarsız?

– Baxır işə, ora baxmasaq, qiymət deyə bilmərik.

Günə azı 15-20 manat istəsələr də, qiymət öldürməyə çalışıram. "Bir nəfər də dayə lazımdır" deyəndə yenə hərə özünü tərifləyir, uşağa öz övladı kimi baxacağına inandırır. "Amma rusdilli dayə lazımdır" deyəndə, ortalığa sükut çökür, üzlərdə narazı ifadə yaranır. Elə ki bir azdan onları dediyim villaya aparacağımı deyirəm, dava düşür. Qadınlarda biri irəli gəlib, üç nəfərin də işini tək görəcəyini deyir. Bir saata gələcəyimi deyərək yanlarından ayrılıram qadınların qul bazarından.

Həmkarım Pərvin qadınlarla söhbət edib qiymət öldürərkən, mən də maşınların üstünə qaçmayan, kənarda işin gəlib onu ”tapmasını” gözləyən qadınlarla söhbətə başlayıram.

Bu qadınlar...

Buradakı qadınlar iki hissəyə bölünür, maşının üstünə qaçanlar və qaçmayanlar. Bu qadınlar qadın olduqlarını çoxdan unudub. Bu qadınlar kişilərin görə bilmədiyi işləri bacarır. Bu qadınlar ailələrindən gizli gəlir bura. Bu qadınlar qışın soyuğunda, şaxtasında belə burada olurlar. Bu qadınlar illərdir səhər 6-dan sonra yatmağın nə demək olduğunu unudublar. Bu qadınların arxasınca söz qoşurlar. Bu qadınların ərləri başqa qadınlarla gəzir. Bu qadınlar uşaqları üçün yüz adamın sözünü, təhqirini götürür.

Bu qadınların hər birinin həyatı bir hekayədir. Həyat hekayələrini özlərindən eşidəcəyik. Onları danışdırmaq asan olmadı. İlk sözləri bu olur: “İndiyə qədər çox adam gəlib, nə olub? Siz də yazsanız, nə olacaq?” Amma ürəkləri doludur, dərdləri ağırlıq edir. Deyəsən, bəzilərinin dərd boşaltmaq günü yetişib.

İlanların içində işləyirik

Amma adlarını yazmamağım şərti ilə danışırlar. Çünki heç birinin qohum-qonşuları qul bazarına gəldiklərini bilmir. Sözümü tutmalıyam, ona görə də onlara şərti adlar verirəm.

Füzuli sakini, indi Zabratda yaşayan 63 yaşlı Səkinə xala qızı və nəvələri üçün bura gəlir. Amma hər zaman kənarda oturur. Deyir maşın qabağına qaçan vaxtı deyil, qızını aparan olsa, o da yanında gedir, tək qoymur:

“Qızım yoldaşından boşanıb, iki uşağı var, amma aliment ala bilmir. Mənim pensiyam 4 nəfəri dolandırmağa çatmır, ona görə də ana-bala ikimiz də bura gəlirik, gündəlik çörək pulumuzu çıxarmağa. 7 uşağım var, amma o biri uşaqlarım bura gəldiyimizi bilmir. İstəmirəm də bilsinlər, bir dəfə işlədiyim yerdə televiziyadan gəlib çəkmişdilər. Oğlanlarım televizorda görüb, işlədiyimə görə, məni danladılar. Özləri pul göndərmir, amma bura gəlməyimə də razı deyil. İki gündən bir ana-bala hərəmiz 10 manat qazansaq, heç olmazsa, uşaqlar ac qalmaz. Amma gələnlər cavan adam axtarır. Deyir, qocasan işləyə bilmərsən, amma yüz cavanın işini görərəm. Eləsi də olur, gəlir özü yaxınlaşır, aparır.

Belə qoca olduğuma baxma, əlimdən hər iş gəlir. Parnikə, sahələrə alaq eləməyə gedirik, evləri təmizləyirik, paltar-xalça yuyuruq. Parnik işi olanda günə 10-20 manat verirlər, elə vaxt olur, lap az olur. Qışda göyərti bağlamağa gedirik, min dəstə göyərti bağlamağa 10 manat verirlər”.

Səkinə xala iş verənlərdən şikayətlənir. İş tapanda çox sevinsələr də, bəzən iş verənlərin təhqirləri onları canlarından bezdirir.

“Hamısı insaflı olmur. Parnikdə ilanların içində işlədirlər, nə adam yerinə qoyurlar, nə də normal pul verirlər. Amma heç nə demirik, heç yoxdansa, şükür deyib alırıq pulu.

Birdən 10-15 günlük iş düşür, onda bilirik ki, heç olmazsa, çörək pulumuz var. Birdən də günlərlə iş olmur, üç gündü gəlib-gedirəm, bir iş yoxdu. O gün yoldan keçən bir kişi qızımın uşağına 5 manat verdi, 3 gündür onu yolpulu edirik”.

Hamilə qadını 4 nəfər zorladı

Söhbətimizin bu məqamında başımıza digər qadınlar da toplaşır. Hardan-niyə gəldiyimə görə xeyli sorğu-sual edəndən sonra başlayırlar dərdlərini danışmağa. Kimi uşağını oxutmaq, kimi ancaq axşam uşaqlarını ac qoymamaq, kimi də həbsdəki oğluna pul göndərmək üçün qul bazarına gəlib. Aralarında əri atan, işləyib evə pul verməyən də var. Hər biri bir dərd boğçasıdır, boğçadakı dərdləri kimi gözlərindəki yaş da boşalır.

Öyrənirik ki, qadınlar bura Bakının Sabunçu, Keşlə, Binə, Bakıxanov, Zabrat qəsəbələrindən gəlirlər. Burada yaşlı qadınlarla yanaşı, gənc gəlinlər, qızlar da var. Bir maşın dayanan kimi hamısı başına toplaşır. Bəzən aralarında dava düşür. Nə qədər dava etsələr də, kimin bəxti gətirsə, iş verən də onu seçir. Qalanları kor-peşman geri qayıdır. Ümidlə növbəti maşının gəlməsini gözləyir. Elə ki saat 11 olur, ümidlər yavaş-yavaş azalır. Əlləri ətəklərindən uzun, evdə uşaqlarına nə bişirəcəkləri, bu günü necə yola verəcəkləri düşüncəsi ilə evə gedirlər. Amma yenə də şükür edirlər ki, bu qul bazarı var, yoxsa necə dolanarlar?

Çətinlikləri ancaq iş tapmamaq deyil, yol kənarında dayanmaq asan deyil. Maştağa kişiləri, yolda duran taksi sürücüləri, yaxınlıqdakı mağazaların satıcıları, elə yoldan keçənlər də onlara bir gözlə baxmır. Buna görə dəfələrlə davaya da düşüblər, amma arxalarında duran olmadığına görə, əzilən tərəf olurlar. Bir müddət əvvəl onlarla birlikdə işləyən hamilə bir qadına söz atdıqlarına görə, dava düşüb. Sonra həmin adamın tanışları onu iş adı ilə aparıb zorlayıb. Hamilə qadını zorlayan 4 nəfər sonradan cəzalarını alsalar da, o qadını bir də qul bazarında görən olmayıb. "Kor qardaşın başına gələnlər" digərləri üçün də dərs olub. İndi nə söz atanlara cavab verirlər, nə də tək gedirlər. Getdikləri yerdə də bir-birilərindən ayrılmırlar.

İki gün yerdən qalxa bilmədim

50 yaşlı Xuraman xala bazar yaranandan bura gəlib-gedir:
“Dörd il ərzində ev də təmizləmişəm, toyuq ferması da, həyətdə alaq da eləmişəm. Bu işləri görməkdən utanmıram, amma ev sahibləri təhqir edəndə, yaşca özündən balacalar əmr verəndə pis oluram. Mənim yaşıdlarım nəvə saxlayır, isti evində oturur, mən səhər 6-da durub bura gəlirəm. İki oğlum var, məktəbdə oxuyurlar, əlləri iş tutmur gedib işləsinlər. Yoldaşımın 60 yaşı var, işləyə bilmir. Ailənin bütün yükü mənim çiynimdədir. Mən də hər gün ümidlə gəlirəm ki, 10 manatlıq iş düşsün, iki gün çörək pulu edək. Əvvəl iş çox olurdu, son vaxtlar azalıb”.

Kənarda dayanıb söhbətimizi dinləyən Xatirə xala sanki onu nə vaxt danışdırmağımı gözləyir. Yaxınlaşan kimi gözləri dolur və burda durmağın nə qədər əzab verdiyindən danışır:

“19 il gözəl ailəm olub, hamı həsədlə baxıb mənə, ömrümdə bir dəfə də olsun işləməmişəm, evimin xanımı olmuşam. Üç il əvvəl yoldaşım bizi atdı, başqa qadınla yaşamağa başladı. İndi oğluma özüm baxıram. Arada yoldaşım evə gəlir, amma bir manat da vermir. Mən də məcbur qalıb bura gəlirəm ki, heç olmazsa, uşağımın ehtiyacını ödəyim. Amma nə qonşularım, nə də qohumlarım bura gəldiyimi bilir. Gizlin saxlayıram, istəmirəm kimsə bilsin. Bir vaxtlar yaxşı yaşayıb, sonradan bu hala düşmək, adama pis təsir edir. İşlədiyimiz yerlərdə bəzən elə adamlar təhqir edir ki, adam dalaşıb çıxmaq istəyir ordan. Amma nə etməliyik, çıxıb gedə bilmirik. Elə bilirsiz burda işləmək asandır? Maşınların qabağına getmək, iş üçün yalvarmaq çox əzab verir, amma qaçmasaq iş olmur. İş olmayanda da uşağım ac qalır. Qazandığımız pul ancaq yeməyimizə çatır. 15 manatla uşaq saxlaya bilmirəm, internata qoysam, deyəcəklər uşağını atdı”.

2001-ci ildən yoldaşını itirən, 3 yaşlı qızına təkbaşına baxan Sevinc adlı qadın deyir, böyrəyinin birindən əməliyyat olsa da, işləməyə məcburdur:

“Yoldaşım xərçəng xəstəsi idi, bütün pullarımızı onun müalicəsinə xərcləmişdik. Öləndən sonra da qaldım çarəsiz, məcbur qaldım işləməyə. Müxtəlif yerlərdə işləmişəm, bir müddətdir bura gəlib-gedirəm. Yoldaşıma görə qızıma ayda yüz manat verirlər, amma o heç işıq-qaz pulu eləmir”.

Ağsudan olan 57 yaşlı Sədaqət xanımın iki oğlu var. Dediyinə görə, bir vaxtlar vəzifədə olub. Hörmət edilən biri olub, vəzifəli şəxslərlə məclislərdə olub. Amma taleyin oyunu sonunu belə gətirib:

“6 ildir bura gəlib-gedirəm, tualet yumaqdan tutmuş, həyət təmizləməyə qədər elə bir iş yoxdur ki, görməyim. Burda işləyənə qədər limonad, çörək sexində işləmişəm, onlar bağlanandan sonra məcbur qalıb bura gəlmişəm. Elə gün olub ki, tezdən 10-dan axşam 9-a qədər işləmişəm, 20 manat pul veriblər. Ondan sonra iki gün yerdən dura bilməmişəm. Parnikdə işləmək sağlamlığımız üçün zərərlidir, amma nə edək. Deyirlər, orada işləyənlərin uşağı olmur, amma cavan qızlar, gəlinlər çarəsizlikdən işləyirlər. Oğlumun biri həbsdə, biri də fəhləlik edir. Heç olmasa, evin aylıq kirayəsini toplamağa çalışıram. Halbuki Ağsuda yaşayanda həyətimizdə 3 maşınımız var idi, birdən-birə “düşdük”. İndi elə şərəfsizin evində qalırıq, elə adamın sözlərini götürürük ki, adamın ürəyim dözmür”.

Əvvəl yoldaşının gözlərinin görmədiyini desə də, bir az söhbətdən sonra məlum olur ki, əslində, onu atıb, başqa qadınla yaşayır.

“Ərim 8 ildir ki qoşulub bir qadına, bizə baxmır. Yaxşı yoldaşı olan bir qadının burda nə işi var? O, bir vaxtlar mənim sürücüm olub, indi məni bəyənmir”.

Buradakı qadınların hamısı halal zəhmət üçün gəlmir. Bazarın adından istifadə edib, əxlaqsızlıqla məşğul olanlar az deyil. Söhbət etdiyimiz qadınlar əvvəl bunu inkar etsələr də, sonradan özləri etiraf edir. Qaydaları pozan, söz-söhbətə səbəb olanlar, bir zamanlar kafe-restoranlarda işləyənlərdir. Bu qadınlar arasındakı fərqi görməmək mümkün deyil. Burda qadınlar iki yerə bölünür, bəzəklilər və bəzəksizlər. Üzlərini kloun kimi bəzəyən bu qadınların işləmək üçün gəlmədiyi gün kimi aydındır.

Yaxınlıqdakı obyekt sahibləri söhbət zamanı burada dayanan qadınların hamısının iş üçün gəlmədiyini dedi:

“Əvvəl “Karyer” yolunda dayanırdılar. Bir müddətdir ki, burada toplaşırlar. Hamısı iş üçün gəlməyib. Bir az tamaşa etsəniz, özünüz görəcəksiniz. Onların arasındakı cavan və orta yaşlı qadınlar pis yolla pul qazanırlar. Bir maşın gəlib iki-üç nəfəri mindirib gedir. Gündüzün günorta vaxtı kəndin mərkəzində camaatın gözü qabağında oyundan çıxırlar. Orada dayananların 70 faizi bu yoldadı. Bəziləri təmizlik üçün gedir, amma təmizlik də edir, başqa şeylər də. Qiymətlərini bilirik, 10-15 manata bu işi görürlər. Amma aralarında öz zəhməti ilə yetim saxlayan qadınlar da var. O gün bir nəfər oğlanla danışdım, torpağımı bellətmək üçün, o, 140 manat pul istədi. Ancaq gəlib burda 50-60 yaşlı bir qadınla razılaşdım. 50 manata 3 saat içində işini gördü”.

Mağaza sahibləri deyir ki, qul bazarında toplananların çoxu qaraçılardır:

“Hərəsi bir yerdən gəlib kənddə oyun çıxardırlar. Biri söz deyəndə özlərinə əl qatırlar ki, məcbursan qaçasan. Xarabanın yiyəsi yoxdur...” deyən dükan sahibi bizə də ehtiyatlı olmağı tapşırdı.

Bazardakı həmkarları və sahibkarlar tərəfindən ittiham edilən bəzəkli işçilər halal zəhmətlə pul qazandıqlarını, qul bazarında heç bir qadının “əyri yolda” olmadığını dedi.


QafqazPRESS.az

banner125x125 banner125x125