» » Mundialın "müsəlman qrupu"

Mundialın "müsəlman qrupu"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyun 2014
//
Bölmə: İdman
Mundialın "müsəlman qrupu"


Argentina “F” qrupunda İran, Bosniya və Nigeriya ilə mübarizədə nə edə biləcək? Dörd gündən sonra (mundial iyunun 12-si gecə, Bakı vaxtı ilə isə iyunun 13-ü saat 01-də) Braziliyada start götürəcək futbol üzrə XX dünya çempionatının “F” qrupunu mundialın “müsəlman qrupu” adlandırmaq olar.

İran, Bosniya, Nigeriya

İran dünyanın ən nəhəng şiə ölkəsidir. Osmanlı imperiyasının vaxtilə bir parçası olan Bosniyada da hazırda əhalinin 47 faizi müsəlmandır. (Bu ölkədə “bosniyalıyam” demək “müsəlmanam” deməkdir. Yeri gəlmişkən, milli komanda ölkənin rəsmi adı ilə Bosniya və Herseqovina adlanır. Amma qısa olaraq Bosniya demək daha rahatdır). 2013-cü il statistikasına görə, Qərbi Afrikada yerləşən Nigeriyanın əhalinin 43,6 faizi İslam dininə mənsubdur. Bu qrupda yer alan Argentinanın vay halına...

Yalnız maraqlı fakt və giriş üçün seçdiyimiz bu “irqçliyi” qoyaq bir kənara və qrupdakı ilk komandadan başlayaq.

Xingal qıymasız, mundial Argentinasız olmaz...

Xingalı qıymasız yemək olmadığı kimi dünya çempionatın dadını da Argentina millisi olmadan çıxarmaq mümkün deyil. İnanın ki, bu bənzətmənin Messi ilə heç bir əlaqəsi yox...Argentina millisinin özünün meydanda olması artıq intriqa və gözəl futbola baxmaq şansı deməkdir. Messi olmayanda Maradona vardı, Maradona olmayanda Kempes...
Argentina Braziliya mundialının ağsaqqalı sayıla bilər. Milli komanda bu il 16-cı dəfədir dünya birinciliyində iştirak edir. Bu çempionatların dördündə argentinalılar finaladək irəliləyiblər.1930-cu ildə ilk dünya çempionatında ev sahibi Uruqvaya uduzan (4:2) Argentina millisi bunun əvəzini 1978-ci ildə çıxa bildi. Həmin il çempionat Argentinada keçirilirdi və meydan sahibləri finalda hollandları 3:1 hesabı ilə yenərək ilk dəfə dünya kubokunu başları üzərinə qaldırdılar.

1986-cı il Meksika ikinci dəfə mundiala ev sahibliyi edirdi. Çox gözəl təşkil olunmuş bu çempionatın finalı dünya futbol tarixinə ən dramatik oyunlardan biri kimi düşdü. Argentina finalda çox güclü heyəti olan Almaniya Federativ Respublikasının millisi ilə qarşılaşdı. Dramatik keçən oyunda Argentina Maradonanın vurduğu qolla 3:2 hesablı qələbə qazanaraq ikinci dəfə dünya çempionu oldu.

1990-cı il İtaliya mundialında da bu komandalar finalda qarşılaşdılar. Almanlar dörd il əvvəlki məğlubiyyətin acısını çıxardılar. Argentina cəmi bir top vurulan finalda məğlub oldu.

O zamandan bəri argentinalılar yarımfinal üzünə belə həsrətdirlər. Amma yuxarıda da qeyd etdiyimiz kimi nəticə o qədər də əsas deyil. Argentina yaxşı formadadırsa, futboldan zövq almaq olar.

Braziliya mundialının əsas fovaritləri sırasında təbii ki, Argentina da var. Bu ümid, yəqin ki, daha çox həm də Avropa futbolunun canlı əfsanəsi olan Messinin sayəsində daha da artıb.

59 yaşlı argentinalı mütəxəssis Alexandro Sabelya 23 nəfərlik heyətə bu futbolçuların adını daxil edib:

Qapıçılar: Serxio Romero (“Monako”, Monako), Maryano Anduxar (“Katanya”, İtaliya), Aqustina Orion (“Boka Xuniors”).

Müdafiəçilər: Martin Demiçelis, Pablo Sabaleta (hər iki - “Mançester Siti”, İngiltərə), Esekiel Qaray (“Benfika”, Portuqaliya), Federiko Fernandes (“Napoli”, İtaliya), Markos Roxo (“Sportinq”, Portuqaliya), Uqo Kampanyaro (“İnter”, İtaliya), Xose Basanta (“Monterrey”).

Yarımmüdafiəçilər: Xavyer Maskerano (“Barselona”, İspaniya), Fernando Qaqo (“Boka Xuniors”), Lukas Biqliya (“Latsio”, İtaliya), Auqusto Fernandes (“Selta”, İspaniya), Enso Peres (“Benfika”, Portuqaliya), Rikardo Alvares (“İnter”, İtaliya), Maksi Rodriqes (“Nyuells Old Boyz”), Anxel Di Mariya (“Real”, İspaniya).

Hücumçular: Lionel Messi (“Barselona”, İspaniya), Serxio Aquero (“Mançester Siti”, İngiltərə), Qonsalo İquain (“Napoli”, İtaliya), Rodriqo Palasio (“İnter”, İtaliya), Esekiel Lavessi (PSJ, Fransa)

İlk dəfə DÇ-də

Yuqoslaviyanın parçalanması nəticəsində qanlı etnik münaqişələrdən sonra yaradılmış Bosniya və Herseqovina Braziliyadakı dünya çempionatında artıq adını tarixə yazdırıb. Belə ki, Bosniya ilk dəfədir belə mötəbər turnirə vəsiqə qazanır. Bu artıq Balkan “yarımölkəsində” futbolun inkişafını göstərir. Azərbaycan milli komandası ilə seçmə mərhələlərin oyunlarında qarşı-qarşıya gələn bosniyalılar Avropanın adlı-sanlı futbol klublarında həm də yaxşı təcrübə toplayırlar. Seçmə mərhələdə Yunanıstan, Slovakiya, Litva, Latviya və Lixtenşteynlə eyni qrupda yer alan bosniyalılar qrup lideri oldular, üstəlik, keçirdikləri oyunlarda 30 dəfə rəqib qapılarına yol tapdılar.

Baş məşqçi Saffet Suşiç Braziliya mundialında bu oyunçularla debüt edəcək:

Qapıçılar: Asmir Beqoviç (“Sotuk Siti”), Yasmin Feyziç (“Aalen”), Asmir Abdukiç (“Boraç”)

Müdafiəçilər: Emir Spahiç (“Bayer” Leverkuzen), Sead Kolaşinaç (“Şalke”), Ermin Biçakçiç (“Ayntraxt”), Oqnen Vranye (“Elazığspor”), Toni Sunyiç (“Zarya”), Məhəmməd Beşiç (“Ferençvaroş”), Mensur Muydja (“Frayburq”)

Yarımmüdafiəçilər: Zvezdan Misimoviç (“Quyçjou”), Haris Medunyanin (“Qazientepspor”), Miralem Pyaniç (“Roma”), Seyad Salihoviç (“Hoffenhaym”), Senad Luliç (“Latsio”), İzet Hayroviç (“Qalatasaray”), Seniyad İbriçiç (“Erciyespor”), , Tino Suşiç (“Hayduk”), , Anel Hadziç (“Şturm”), Avdiya Vrşaeviç (“Hayduk”)

Hücumçular: Edin Dzeko (“Mançester Siti”), Vedad İbişeviç (“Ştuttqart”), Edin Viska (“İstanbulspor”)

İran: azərbaycanlı və erməni bir komandada

İran millisi dünya çempionatında dördüncü dəfədir, iştirak edir. İlk dəfə 1978-ci ildə indi qrupda yer aldığı Argentina mundialında debut edən İran millisi 20 il sonra Fransada da gücünü sınayıb. Sonuncu dəfə isə 2006-cı ildə Almaniyada keçirilən çempionata qatılıb.

“Real” və Portuqaliya millisinin keçmiş baş məşqçisi Karlos Keyruş 2011-ci ildən milli komandaya rəhbərlik edir. O, komandanı adətən 4-3-3 və ya 4-2-3-1 sxemi ilə meydana çıxarır ki, bəzi iddialara görə, bu o qədərdə uğurlu taktika deyil. Portuqaliyalı mütəxəssis İran Futbol Federasiyasının ciddi maliyyə sıxıntısı keçirməsinə baxmayaraq, milli komandaya dünya kubokuna birbaşa vəsiqə qazandırdı.

Qatıldıqları üç dünya birinciliyində qrup mərhələsini keçə bilməyən İran millisi Nigeriya ilə ilk oyunu həlledici hesab edir.

Karlos Keyruşun Braziliyaya aparacağı yekun heyətlə tanış olaq:

Qapıçılar: Daniel Davari (“Braunşveiq”), Rəhman Əhmədi (“Sepahan”), Alirza Həqiqi (“Sportinq da Kovilha”)

Müdafiəçilər: Hüseyn Mahini (“Persepolis”), Cəlal Hüseyini (“Persepolis”), Amir Hüseyin Sadeqi (“İstiqlal”), Mehrdad Pouladi (“Persepolis”), Əhməd Alenemeh (“Naft Tehran”), Pejman Montazeri (“Umm Salal”), Steven Beytaşour (“Vankuver”)

Yarımmüdafiəçilər: Haşem Beykzadeh (“İstiqlal”), Rza Həqiqi (Persepolis), Andranik Teymurian (“İstiqlal”), Qasem Hadadifar (”Zob Ahan İsfahan"), Cavad Nekounam (“Kuveyt”), Ehsan Haci Şafi (“Sepahan”), Bəxtiyar Rəhmani (“Foolad”)

Hücumçular: Xosrov Heydari (“İsteqlal”), Kərim Ansarifard (“Traktor Sazi”), Rza Qhooçannecad (“Çarlton”), Alirza Cahanbaxş (NEC), Masoud Şojaei (“Las Palmas”), Aşkan Deyaqah (“Fulhem”)

Qeyd edək ki, İran millisinin forvardı Kərim Ansarifard əslən azərbaycanlıdır. O, Ərdəbil şəhərində doğulub. Andranik Teymurian isə ermənidir. Andranik bir müddət əvvəl təbrizlilərin sevimli komandası olan “Traktorsazi”də oynayıb.

Nigeriya qrup mərhələsini keçərsə...

Neftlə zəngin Nigeriyada futbol əsas idman növüdür. Milli və tayfa münaqişələri belə Nigeriya millisinə münasibətdə bölücülük yaratmayıb, bəlkə də əksinə, milli komandanın oyunları bu qan davalarını müvəqqəti olsa da durdurur. İlk dəfə 1994-də ABŞ-da keçirilən çempionatda iştirak edən Nigeriya millisi həmin mundialın sürpriz komandası oldu. Güclü fiziki hazırlıqlı nigeriyalılar Bolqarıstan, Yunanıstan və Argentina kimi komandaların yer aldığı qrupdan pey-off mərhələsinə çıxa bildilər. Dörd il sonra Fransada da nigeriyalılar qrupdan qalib çıxdılar. 2002 və 2010-cu il mundiallarında isə Nigeriya zəif çıxış etdi və qrup mərhələsindən evə qayıtdılar.

Hazırda komandanın baş məşqçisi Stiven Keşidir. Bu ad Nigeriya futbolunun artıq əfsanəsinə çevrilib. 1998-ci ilədək millinin heyətində oynayan Keşi karyerasını başa vurduqdan sonra 20 yaşlıları mötəbər turnirlərə hazırlayıb. O, 2002-ci ildə Yaponiya və Koreyada keçirilən çempionatda baş məşqçi Şuabu Amadunun köməkçisi işləyib və sonradan milli komandanın əsas fiquru olub. Britaniyanın nüfuzlu “The Gardian” qəzeti yazır ki, əgər Nigeriya qrup mərhələsini keçsə, onu dayandırmaq asan olmayacaq. Nigeriya seçmə mərhələdə Malavi, Keniya və Namibiyaya qalib gəlib. Efiopiya millisi üzərində qələbə qazanaraq mundialda oynamaq hüququ qazanıb.

Nigeriya millisinin heyəti ilə tanış olaq:

Qapıçılar: Vinsent Enyama ( “Lill”), Austin Egidio (“Hapoel”, Beyer Şeva), Çiqozi Aqbim (“Gombe Yunayted”)

Müdafiəçilər: Elderson Eçiedjile (“Monaco”), Efe Ambrose (“Seltik”), Qodfrey Oboabona (“Rizəspor”), Azubuyke Egvuekve ( “Varren Volves”), Djuvon Oşaniva (“Aşdod”), Yosep Yobo (“Norviç”), Kunle Odunlami (“Sunşayn Stars”)

Yarımmüdafiəçilər: Obi Mikel (“Çelsi”), Ogen Onazi (“Latsio”), Ramon Azeez (“Almeriya”), Edzike Uzoeni (“Enuqu Reyncers”), Ruben Qabriel (“Beveren”), Nose İqebor (“Betis”), Joel Obi (“Parma”)

Hücumçular: Şola Ameobi (“Nyukasl”), Viktor Moses (“Liverpul”), Emanuel Emenike (“Fənərbaxça”), Peter Odemvinqie (“Stok Siti”), Viktor Obinna (“Kyevo”), Uçe Nvofor (“Heerenveen”).



QafqazPRESS.az
banner125x125 banner125x125