» » Bilal Alarlının təqdimatında FƏRHAD CAVADİ ALAR HAQQINDA

Bilal Alarlının təqdimatında FƏRHAD CAVADİ ALAR HAQQINDA

Müəllif: Xatirə Rəhimli
//
Tarix: 12 noyabr 2014
//
Bölmə: Mədəniyyət
Bilal Alarlının təqdimatında FƏRHAD CAVADİ ALAR HAQQINDA

Alar kəndi Yardımlı rayonun iri yaşayış məntəqələrindən biri sayılır. Aların zəngin bitki örtüyü və heyvanat aləmi diqqəti cəlb edir. Bu tip landşafta mənsub olan Alar ərazisində heyvandarlıq, xüsusən qoyunçuluq üçün də təbii imkanlar mövcuddur. Qoz və fındıq ağaclarının inkişafı üçün Alar yerlər misilsiz əhəmiyyət kəsb edir. Palıd, vələs, fıstıq, qarağac, yerli əhalinin kəkov adlandırdıqları məxmər yarpaqlı dağ ağcaqayın ağaclarından ibarət qarışıq meşələr burda üstünlük təşkil edir. Aların dağ yamaclarında bitən və ərazi üçün səciyyəvi olan yemişan, itburnu, əzgil, böyürtkən kolları geniş yayılmışdır. Təbii halda bitən cır meyvə ağaclarından - alça, alma, göyəm, gillik, armud və başqalarından ildə yüz tonlarla məhsul götürmək mümkündür. Alar ərazinin yabanı florasında - qalın, keçilməz meşə və ormanlarında bitən palıd, vələs, dağdağan, cökə, göyrüş, azot ağacları ilə bərabər, bütün fəsillərdə yaşıl örtüyünü soyunmayan, planetdə çox nadir sayılan bəzi həmişəyaşıl ağac və kollar da az deyildir. Çox nadir bitki növləri içərisində həmişəyaşıl iynəyarpaqlı ardıc ağacına bölgənin cənub və qərb meşə zolaqlarında təsadüf edilir.
Xalq arasında Alar haqqında çox maraqlı yozumlar söylənilir, bu haqda tədqiqatçı Bilal Alarlının fikri maraqlıdır: “Alarlar haqqında çox qiymətli və olduqca maraqlı tarixi mənbələr mövcuddur. Xalq ehtimalına görə, burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət, Alar formasına düşüb. Göründüyü kimi, bu kənd adı haqqında xalq arasında o qədər uydurma, təxmin üzrə yorumlar və dastanlar yaranıb və belə nümunələr saysızdır. Kəndin adının kökünü və tarixi səbəbini araşdırdıqdan sonra baxıb görünürük ki, xalq arasındakı yorum hara, bu kəndin ad mahiyyəti və tarixi hara?! Bilal Alarlının qeyd etdiyi kimi, ALAR kəndinin əhalisi özlərini ALIXAN adlı bir şəxslə bağlayırlar. B.Alarlı bu xalq yorumla bağlı yazır ki, mənim mənsub olduğum alarlar özlərini Alıxan adlı bir şəxsin varisləri sayırlar. Amma iş burasındadır ki, Alıxan özü Alar türk tayfasına mənsub bir nəsildən çıxıb. Yəni bütün alarları Alıxana bağlamaq düz deyil. Alarlar Orta Doğuda, Cənubi Azərbaycanda (32 kənddə), İrkutda, Monqolustanın qərbində, Türkiyədə və başqa ölkələrdə yaşayırlar və hər yerdə türk etnosunu təmsil edirlər.
Alar adı haqqında xalq arasındakı yorum, bizсə də, inandırıcı deyil, çünki xalq alim və tədqiqatçı qədər biliyə, tarix elminə , tarixi faktlara və dəlillərə malik deyil. Ümumiyyətlə, belə şəxs adı daşıyan kənd adlarının etimologiyası belə bir şəraitə və düyünlərə tuş gəlir. Biz Ermənistanın türk kənd adlarının etimologiyası üzərində işləyərkən belə bir şəxs adı daşıyan kənd adlarına çox rast gəlmişik və görünür ki, kəndin yazılış və xalq arasında deyilən adı ərəbcə bir şəxs adıdır, amma öz əsl tarixi adı, tam başqa bir ad və başqa bir mövzudur. Misal üçün, Ermənistan ərazisində türk kəndinin adı Abbasabaddır. Bu adın ərəb adı olan ABBASla nə ilgisi ola bilər?! Bu ad Alban katolikoslarına aid bir addır ki, Azərbaycan toponimlərinin kök araşdırması adlı silsilə məqalələrimizdə qeydə alınıbdır. ABBAS adı ilə yalnız fonetik oxşarlığı ola bilər və Ermənistanda onlarca belə türk kənd adlarını saymaq olar. İndiki Ermənistan andlandırdığımız Qərbi Azərbaycan ərazisində olan türk kəndlərindən söhbət gedərkən, lazım görünür, Bilal Alarlının Alar kəndi haqqında dediyi fikri burada misal gətirək. B.Alarlı deyir: “Ermənistan ərazisində Bazarçayın sol sahilində Alar adlı yaşayış məntəqəsi olub. 1914-cü ildə, Birinci Dünya Müharibəsi başlayanda Andranikin adamları o kəndi dağıdıblar, əhalisinin sağ qalan hissəsi Naxçıvana köçüb".
Cəlilabadda Alar kəndi var. Tanınmış jurnalist Elman Eldaroğlunun yazdığına görə, Cəlilabaddakı alarlılar Yardımlıdan gəlmədirlər. Vaxtı ilə Cəlilabaddakı Alar qışlaq, Yardımlıdakı Alar yaylaq olub. Əhalisi əsasən heyvandarlıqla məşğul olduğu üçün belə olub. Sonradan oturuşublar". Tanınmış tədqiqatçı alim Bilal Alarlı deyir ki, Cəlilabadın əksər kəndləri Yardımlının kəndləri ilə bu və ya digər dərəcədə bağlıdır. Burada təsərrüfatla əlaqədar qışlaq-yaylaq söhbəti var. Bu, ilkin təəssüratdır, adamlardan necə eşitmişəm, elə də yazmışam.
Bilal Alarlı Alar toponimin adı haqqında yazır: "ALAR Türk tayfasının adıdır. Alılar, Allar, yoxsa Alar? " Təkrar olmuş olsa da, deməliyik ki, Bilal Alarlının qeyd etdiyi adların hər üçü bir kökə (AL) malikdir və bir istiqamətdədir. Bu adların ikinci hissələri "lar" olursa, cəm şəkilçisi kimi özünü göstərib və "xalq", "kütlə", "toplum", "tayfa" anlamına da gəlir. Əgər bu toponimin adı Alardısa, burada adın ikinci hissəsi olan "AR" bir çox yerli və əcnəbi alimlərinin fikrincə, igid, ər, kişi, insan anlamlarını daşımaqdadır Bu əsasda Alar Al kişisi, Al adamı, Al tayfası adamı deməkdir. Çünki "Ar" və onun müxtəlif fonetik variantları olan ər/ir/ır bir çox türk dillərində olmuş və indi də vardır. Tanınmış alimlərdən V.K.Kelmakov "Ar//Ər" sözünü qeyri türk dillərə mənsub edənlərə etiraz edərək onların bu fikrini elmdən uzaq və yanlış sayır: "Keçən yüzillikdə "Ar" sözünün açımı ilə çoxlu etnograf və tarixçilər məşqul olurdular, buna görə də təbiidir ki, onların bu sözün mənşəyi haqqında fikirləri sözlərin təsadüfi forma oxşarlığı üzərində qurulmuşdur. "Ar" sözünün türk mənşəli olduğunu elmi baxımdan təmamilə düzgün hesab edirik". V.K.Kelmakovdan öncə V.V.Radlov, B.Budaqov, Jiran Mikloş və başqaları da "Ar/Ər/İr/Ir" sözünü Türk mənşəli söz saymışlar. Türk dillilərdən "Ar//Ər"i, azərbaycanlılar "ər","kişi","igid", çauşlar və türkmənlər "insan", "kişi", özbəklər, qırqızlar, tatarlar, başqırdlar "kişi", "igid", qaraqalpaqlar isə "kişi" anlamlarında işlədirlər. Yardımlı bölgəsi özəl mifik şəraitə malik olduğuna üçün, bəlkə də, Azərbaycanın başqa "Alar" adlı toponimləri də bu bölgədən qaynaqlanmışdır. Alarlılar Yardımlının Alar kəndindən başqa bölgələrə köç etmişlər və yeni yaşadıqları yerlərə öz tayfa adını vermişlər. Ya da Yardımlının Alarından gəldikləri üçün o bölgənin yerli xalqı onları Alar adlandırıblar.
Azərbaycanın tanınmış alimi Bilal Alarlı Alar toponimi haqqında araşdırmasında yazır ki, "Yardımlıdakı Alar, Şıxhüseynli, Zəngələ (Niyarlı), Biləsuvardakı Zəhmətabad (keçmiş Abaslı), İsmətli, Aranlı, Cəlilabaddakı Alar, Sərhədabad (Qarayar) və Abışabad (Xanrəva) kəndlərində yaşayan əhali özünü “Alarlı” adlandırır. Muğanda İnçə çayının ətrafında yerləşən ən böyük yaşayış məntəqəsi “İnçə Aları” adı ilə tanınmışdır. Alarlı, ya da bəzilərinin dediyinə görə, Allarlıların türk soylu və türkdilli tayfa olduğunu biz demirik, bəlkə onun adı və adının etimologiyası, bu adın tərkib hissələrinin tək-tək xalis türk sözü və mifik xarakterli termin olması, Azərbaycan türklərinin və tayfalarının mifologiyasından qaynaqlanması, bar-bar bağırıb deyir ki, mən türkəm. buna görə də tədqiqatçı Bilal Alarlı Alar tayfasının kökü və mənşəyi haqqında yazır: "Alar türk tayfasının adıdır." Alarların türk soylu və türkdilli olduğuna dair Azərbaycanın Yardımlı bölgəsinin Gilar kəndindən olan tanınmış alimi Firudin Gilarbəg də yazır. Alarlar haqqında elmi araşdırma apararkən qeyd edir ki, Allar tayfası türk seyid-bəglərinin nəslidir və həmişə də Azəri türkcəsində danışmışlar.
Yardımlıdan olan tanınmış alim Şahlar Məmmədov (Göytürk) Alarlıların dialektini və şivəsini araşdırarkən yazır: "Alarların dil xüsusiyyətləri digər Yardımlı şivələrindən xeyli fərqlidir. Burada q səsi ilə başlayan və bitən sözlərdə ğ səsi səciyyəvilik təşkil edir. Məsələn, qonaq-ğonəğ, qazan-ğəzən, qara-ğərə və sair. Bu əvəzlənmə dilimizin Şamaxı, Göyçay şivələrində, eləcə də tatar, türk, qırğız, çuvaş və digər dillərdə mövcuddur". Tarix baxımından Azərbaycan ərazisində iki növ xalq yaşayır: birincisi Nuh tufan və fırtınasından bəri (28500 il öncə) bu ərazidə məskun yerli, aborigen türk xalq və tayfalarıdır (NUH oğlu YAVUZ-un nəsli və törəmələridir). İkincisi müxtəlif soylu qeyri türk, gəlmə xalqlardır ki, ən qədimi bu əraziyə 2700 ildir gəlib. Üçüncü bir xalq yoxdur. Bununla sadə və lorı dildə demiş olsaq, Azərbaycanda iki cür insan yaşıyır: türk və gəlmə, üçüncüsü yoxdur. Alarla ilgili bir çox toponimlər tarix sürəsində yaranıbdır. Alarlıların Azərbaycan ərazisində səpələnmələri və onların digər türk tayfaları ilə qohumluğu haqqında Bilal Alarlı da yazmışdır. Tədqiqtçı Firudin Gilarbəg isə yazır ki, Allar/Alarlıların bütün qocaları, ağsaqqalları Alar tayfasının Gilar və Arvana tayfaları ilə əmiuşağı olduğunu bildirirlər. Cəlilabad rayonuna və digər ərazilərə köçmüş Alar nəsli Yardımlı Alarından başlanır və deyilənə görə, 18-ci yüzillikdən Rusiyaya qədər səpələnmişlər. Gilar (ərəbcə Cəlair) tayfalarının da əksəriyyəti əsasən Cəlilabad və digər rayonlara köçmüşlər.
Alarlar təkcə Azərbaycan ərazisində yaşamırlar. Azərbaycandan kənar ölkələrdə də bu ada və tayfaya rast gəlmək olur. Bu haqda tanınmış tədqiqatçısı Bilal Alarlı mükəmməl və sanballı məlumatlar verir. Azərbaycandan kənarda alarlara mənsub bir çox qəbilələr və tirələrdən ibarət olan çoxsaylı ailələr əsasən indiki İran ərazisində yerləşən Azərbaycan əyalətlərində, İraqda, Türkiyə, Suriya, Əfqanstan, Orta Asiyada və digər yaxın Şərq ölkələrində məskunlaşıblar. Adı çəkilən bu ölkələrdə yaşayan alarlar öz adət-ənənələrini, tarixini, etnoqrafiyasını və əsasən, dədə-baba məşğuliyyətini qoruyub saxlayırlar. Alarlar Monqolustanda Kobdo çayı üstündə, İrkutda Anqara çayının qərbində, Çində Tauşkandərya, Aksu və Tarim çayları arasında, Qırğızıstanda İssık-Kul gölünün şərq sahilində, Özbəkistanda Amudəryanın mənsəbində, Qazaxıstanda Sırdəryanın mənsəbində, Arıs, Keles və Tales çayları arasında, Çu çayının mənsəbində, Altay ölkəsində Katun çayı ətrafında, İranda Araz və Qarasu çayları arasında, Azərbaycanda Viləş və Bolqarçay arasında məskunlaşmışlar. Alarların yayılma əhatə dairəsi çox geniş olub. Bu qədim tarixə və keçmişə malik olan türk soylu tayfanın izini Moğulıstanda , monqollarla ilgili çox geniş şəkildə tapmaq olar. Alarların Moğollarla ilgili tarixini tədqiqatçı Bilal Alarlı araşdırmışdır. Onun yazdığına görə, XV yüzilliyədək alarlar ələt, dorbet, bait, torqut, xoşun, zaxçe və çoros kimi Qərbi Monqolustanın oyrat türk tayfaları ilə əlaqədə olmuşlar. Hətta cəlair, elçigin, küngüt, tangit, sunit, suqait və başqa tütk tayfaları ilə birlikdə monqol qoşunlarının tərkibində vuruşmuşlar. Qazan xanın hakimiyyəti illərində oyratlar və alarlar bölgədə böyük nüfuz sahibi idilər. Maraqlıdır ki, bəzi tədqiqatçılar aları monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrot tayfasının bir qolu da sayırlar. Müəllif daha sonra yazır ki, Alar kəndinin əhalisi Lerik ərazisindəki oratları-oyrot tayfasını özlərinə ən yaxın qohum sayırlar. Orat qədim oyrot tayfasının fonetik dəyişikliyə uğramış adıdır. Bəzi mənbələrdə bu tayfa oğuz tayfası kimi qeyd olunur. Oyrotların izlərinə Lerik, Cəlilabad və Salyan ərazilərində də rast gəlinir. Göründüyü kimi, alarlar Türkiyədən Monqolustanadək türklərin yaşadıqları hər yerdə məskunlaşıblar. Müəllif Alarların İran ərazisindəki vəziyyətindən söz açarkən qeyd edir ki, XVI yüzilliyin əvvəllərində Qızılbaş, bir qədər sonra isə Şahsevən kimi tanınan alarlar XVII-XVIII yüzilliklərdə Talış xanlığının 6 mahalından birini təşkil edirdilər. Alarların rus çarizm hökümətilə ilgililəri haqqında B.Alarlı deyir ki, Baykalətrafı ərazi ruslar tərəfindən işğal edildikdən sonra Alar bölgəsi inzibati vahid kimi fəaliyyət göstərməyə başlayır, sonralar bunun əsasında mərkəzi Kutilik şəhəri olan Alar rayonu yaradılır. Bu toponimlə bağlı tanınmış alim Şahlar Məmmədovun (Göytürkün) apardığı araşdırmalar da önəmli və maraqlıdır . Ş.Məmmədov "Alar" adını "qırmızı dərili ərənlər" kimi mənalandırır və qeyd edir ki, bu söz türkcədə al – "qırmızı" və ar/ər komponentlərindən ibarət olub "qırmızı rəngli (dərili) ərənlər" mənasını verir. Bundan başqa, alar türk dillərində "hündür yer" mənasındadır. Al həm də ucalıq bildirir və “al ər” yüksək mənsəbli igid mənasına gəlir. "Kitabi-Dədə Qorqud" dastanlarında alar, alan sözləri də bu mənalarda işlənmişdir: a) alan-hündür mənasında: “Qazan gög alan çəmənə çadır dikdirdi”; b) alan-sabah, sübh tezdən mənasında: “Alan sabah yerindən turan qızlar”. "Alan" sözünün "alar" (Alar-sabah, sübh tezdən mənasında) variantına da təsadüf edilir: “Alar sabah Dərsə xan yerindən uru turdı”, yaxud: “Alar danla yerindən duran yigit, nə yigitsən?” Alar dan – sübh tezdən kimi anlaşılır. Dastanın ayrı-ayrı boylarında Alar danla alan sabah sinonim sözlər kimi işlədilir və al sözünün məna çalarları belə verilir: al (alan, alca, alar, alat, alalmaq) – qırmızı, yalan, qızarmaq, düzənlik, aydınlıq və sair. Bilal Alarlı öz məqaləsində "Alar" sözünün etimologiyasını araşdırarkən sonra qeyd edir ki, Altay sözü mənbələrdə Alatau şəklində qeyd olunur Bu da "uca dağ" anlamındadır. Göründüyü kimi, ekstralinqvistik amilləri nəzərə almamaq mümkün deyil. Alar sözü iki müstəqil mənalı komponentdən əmələ gəlsə də, bu tipdən olan xəzər, bulqar, avar, salar, kəvər, qacar, kəngər və sair etnonimlər kimi, onu da sadə etnonim adlandırırlar. –Ar, -ər, -ir, -ur, -or komponentləri bütün qədim türk xalqlarının dillərində “adam”, “ər”, “kişi” mənalarında işlənmişdir və bu komponentlərin köməyi ilə çoxsaylı etnonimlər yaranmışdır. Dilin tarixi inkişafı nəticəsində Al sözünün kontominasiyası (semantik çarpazlaşması) prosesi baş vermişdir. Burada semantik arxaizm elementləri (al-yalan, qırmızı, uca, od və sair) özünü göstərir.
M.Ə.Seyidovun nəzərinə görə, "al" türk dillərində “bir şeydən yuxarı qalxmaq” anlamını verir. Bilal Alarlı Alar toponiminin etnooykonim olduğunu daha inandırıcı bilib. Biz burada mümkün qədər "Alar" sözü və adının üzərində işləyən yerli və yabancı alimlərin fikirlərini göstərdik, onların fikirləri əsasında "Alar"ın mürəkkəb söz olduğunu və AL və AR sözlərinin birləşməsindən yarandığını, "Al"ın qırmızı anlamı olduğunu və "Ar"ın "ər, kişi" anlamlı olduğuna şərh etdik. Belə nəticə çıxarılır ki, Alar adının tərkibindəki "ar", başqa türk tayfaların ad tərkibində olan (Avar, Qacar, Subar və sair) "ar" sözü ilə eynidir və mənaca "Al kişisi", "Al adamı", "Al insanı" deməkdir. Bu açıqlamalar filologiya təhlil baxımından düzgündür, türk izahlı lüğətlərinə görə uyarlıdır. Amma bu adın təhlilində bundan da artıq dərinə getmək olar və onu əski türk mifologiyası əsasında araşdırmaq olar. Aların ilkin və mifik kökünü üzə çıxarmaq mümkündür. Qeyd edək ki, "Ar" haqqında müxtəlif türk və qeyri türk alimlər tərəfindən deyilən türkcə anlamlar və yorumlar yalnız bu sözün 2-ci , 3-cü ya 4-cü dərəcəli anlamları sayılır. Halbuki, "Ar" türk sözü qədim türk dillərində "qırmızı", "isti od", "isti –odlu Günəş" mənasını verir. Deməli, qırmızı mənası əsasında "Ar" Günəşi təmsil edir və Günəş deməkdir. Bununla da bu anlamı daşıyan "Ar" sözü başqa sözə qoşularaq, ilk öncə Tanrı adı yaratmış və Tanrı adı sonra onqun, onqun da qəbilə və qəbilə birləşməsinin adını yaratmışdır. Bütün bu deyilənlərdən və gətirilən dil nümunələrindən isbat olunur ki, AR/ƏR" başqa fonetik səslənmələri ilə birgə, türk dilli sözlərdir. "Ar" qədim türk xalqları üçün mifik, tanrısal və kutsal bir anlam daşıdığı üçün türk soylu xalqların və tayfaların, tayfa, qəbilə və türk etnoslarının adlarının yaranmasında geniş şəkildə iştirak edibdir. Muqəddəsliyi, kutsallığı, mifik anlayış və düşüncəni bildirmək üçün bu görüşün və konunun türk insanına nə həddə və ağılasığmaz dərəcədə onəmli olduğunu, önəm daşıdığını onun ayrıca sözlərə qoşularaq mifik-teoforik termin kimi bir çox türkdilli tayfalarda və xalqlarda indiyə qədər işlədilməsindən də görmək mümkündür. "Ar"ın söz açımından, mifologiya yozumundan və etimologiyasından aydın olur ki, bu söz çoxlu türk soylu xalqların dillərində yaranan "igid", "insan", "ər", "kişi" anlamlarından çox-çox öncələr, ilk olaraq kutsal, pak və müqəddəs, qırmızı, qızarmış çox isti, Günəş və Günəş Tanrısı mənalarında olmuşdur və xalq sonradan başqa anlamları da bu anlamlardan alaraq yaratmışdır.
Yeri gəlmişkən qeyd edək ki, türkcə "Ar" sözü Misir panteonuna daxildir, Misirin ən böyük tanrısı ünvanında özünə yer tutub və RA//RƏ kimi tanınıbdır. Əlbəttə, bu, türk tanrısı AR-ın əksidir. RA/RƏ də, AR kimi Günəş tanrısıdır. Biz "Ar" və ya "Ər"ın etnonimlərdə işləndiyi anlamını, onun ilkin anlamını nəzərə almırıq, amma 2-ci, 3-cü dərəcəli anlamları əsas götürürük. Turanın və onun ayrılmaz bir parçası olan Azərbaycan toponimlərinin və etnonimlərinin bir çoxunun tərkibində "Ar" sözü özünü əks etdirməkdədir. Misal üçün Avar, Macar, Qacar, Subar, Avşar, Bulğar, Xəzər və sairəni göstərə bilərik. Öncəki məqalələrimizdə qeyd etdiyimiz kimi, Azərbaycan ərazisi neçə ada malik olub, heç biri də yersiz qoyulmayıb. O sıra adlardan biri özəlliklə Azərbaycanın Arazdan yuxarı hissəsinə aid olan ARAN adıdır. Bir çox fars anti-Azərbaycan alimləri və tarixçiləri bu ada əsaslanıb və boş-boş çərənliyib iddia edirlər ki, Quzey Azərbaycan adını dəyişməlidir və öz adını ARAN qoymalıdır. Bu anti-türk və anti-Azərbaycan fars alimləri və tarixçiləri o həddə savadsız və bilimsizdilər ki, Azərbaycanın türk ərazisi kimi geniş və böyük olduğunu görə bilməyiblər. Burada hər bölgənin öz tarixi və mifik özəlliklərinə görə müxtəlif zamanlarda müxtəlif adları olmuşdur. Bir çox yerli soydaş alimlərimiz də onların uydurma və qeyri real yormlarına uyub və inanırlar ki, Quzey Azərbaycanın ərazisi "isti abu-havaya və iqlimə malik olduğuna” görə Aran adlanır. Bizim öz soydaş alimlərimiz ARAN söz və adını Quzey Azərbaycanın isti iqlimə malik olma baxımından düşünüb qəbul edirlər. Halbuki, iqlim və ab-hava baxımından Güney Azərbaycan Quzey Azərbaycandan da isti və aranlıqdır. Quzey Azərbaycan Güney Azərbaycana nisbətən qutbə yaxındır. Bəs onda necə oldu ki, Azərbaycanın Quzey hissəsi Güney hissəsindən də isti oldu? Burada bir yanlışlıq və yanılma var. Qədim türklər (indiki azərbaycanlıların ulu əcdadları) Azərbaycanın Arazdan yuxarı hissəsinə iqlim istiliyinə görə ARAN adı verməmişlər. Onlar ərazicə böyük və nəhəng olan Azərbaycanın Arazdan yuxarı hissəsinə zəngin mifik mirasına, türk tanrılarının əsas məskəni və yurdu olduğuna, eyni halda, təbii özəl coğrafi və ekoloji özəlliklərinə, həmçinin bütün türk tanrıların məbəd və tapınaqları sərgisi, Turan və dünya xalqlarının Tanrılar panteonunun galareyası olduğuna görə ARAN adlandırmışlar. İstilik və isti ab-hava ARAN sözünün 2-ci, 3-cü dərəcəli anlamıdır. ARAN toponim kimi Azərbaycan türk xalqının mifik–tanrısal düşüncəsinin məhsuludur, onun çox zəngin mifologiyasından törənmiş və süzülmüş mifik addır. Azərbaycanın bir hissəsinin Aran adlanması, Alban adlanması şərait və səbəblər baxımından eynidir və heç fərqi yoxdur. Zamanın, tarix sürəsinin bir çağında Azərbaycanda yaşayan və məskun olmuş türk tayfalarıının dialekt və şivəsinə uyğun, dini-mifik inanclara əsaslanan ARAN adını qoyublar, tarixin və zamanın digər bir çağında bu ərazidə yaşayan tayfaların ləhcələrinə uyğun, eyni zamanda mifik terminlərə əsaslanan ALBAN adı veriblər. ARAN və ALBAN ərazi adları eyni söz və eyni anlamı daşıyan teofor adlardılar. Bu iki toponimin anlamları mifik baxımdan bir-birinə çox yaxındır. ALBAN, yəni "AL"lar yurdu, "Tanrılar yurdu", "Tanrılar xəzinəsi", "Günəş tanrı ailəsinin xəzinəsi", "Günəş Tanrısı panteonun xəzinəsi" deməkdir. Eyni halda, burada ARAN toponiminin də AR anlamı "Tanrı", "Günəş Tanrısı" deməkdir, "AN" isə cəm şəkilçisidir və ARAN adı "Tanrılar yurdu", "Günəş tanrı ailəsi", "Günəş tanrısı panteonu" deməkdir. Qədim türklər tərəfindən bu ad digər bir yerə verilməyib, çünki Azərbaycanın şimal hissəsi əzəldən bəri miflər və tanrılar yurdu olub. "Aran" adının ikinci hissəsini türksoylu xalqların, özəlliklə, İran, Ariya və Mesopatamiya ərazilərinin Göy Tanrısı ilə eyniləşdirsək, o zaman bu toponim "müqəddəs və kutsal AN-ın yurdu", "Göy tanrısı AN-ın yurdu" kimi mənalandırıla bilər. Turanın türk dünyasının əsas mifik qaynağı və mənşəyi Azərbaycanın şimal hissəsi olubdur. Quzey Azərbaycanda indiyə qədər qalmış bir çox pirlər, ocaqlar və ziyarətgahlar, bizim eradan neçə min il öncədən qalmış günəş tanrısına aid məbədlər, tapınaqlar və kilsələrdir. Tarix sürəsində hər çağın hakim olduğu dinlər və inanclar yeni hakim ideologiyalar yaratmışdır, bu ideologiyalar dövrün hakim donunu geymişdir. Misal üçün, islam dini Azərbaycan və digər türk ərazilərinə hakim olandan sonra, bir çox qədim adətlər və ənənələr, şamanism donunu çıxardıb islama uyğunlaşıb, islam adı daşımalı olub. Çoxlu tapınaqlar məscidlərə, pirlərə və ocaqlara çevirildi. Qədim türk dilində "Ar" sözü ilkin olaraq kutsallıq, müqəddəslik və Tanrı anlamında işlənib. Əski türklər bu sözü öz luğət qamusunda "paklık", "təmizlik", "duruluq", "saflıq", "şəffaflıq", "işıqlılıq", "su kimi olmaq", "axar su" və "çay" anlamlarında da işlədiblər. Gül də paklıq, gözəllik simvolu olduğu üçün, arının verdiyi bal təmizlik, şəffaflıq və kutsallıq xarakterdə olduğu üçün, eyni halda, tanrılar yeməyi sayılaraq, bu məhsulu yaradana Tanrı adı və anlamı daşıyan "Ar" sözünə uyğun olaraq "arı" demişlər. Bal arısı təmizlyinə görə paklık anlamı daşıyan sözlə adlanır. Əski türklər Tanrı anlamı, eyni halda, paklıq, təmizlik anlamı daşıyan "ar" sözündən "arıtdamaq", "arıq", "arınmaq" və sairə bu kimi sözlər yaradıblar. "Alar" Tanrı adıdır, əski Azərbaycanın yerli türk xalqının Günəş tanrısının min bir adından biridir. Alar türk adınıdakı "Al" və "Ar" hissələrinin yerini dəyişsək, ARAL gölünün adı olur. Bu "Aral" və "Alar" adları eyni sözlərin tərkibidir və "Aral" göl adının etimologiyası "Alar" etnosu və toponim etimologiyası ilə eynidir.
ALLAH adının tərkibində də qədim türk tanrısının adı AL iştirak edibdir. ALLAH adı türkcə teofor addır, qədim protürkcə AL müqəddəs, kutsal, Tanrı deməkdir, LAX/LAK/LAS /RAS isə Gün işığı, Gündüz, nur, işıq, şualanan, nurlu və nur verən, işıq saçan anlamındadır. Bu söz "Nurlu, Nur saçan Tanrı" və "işıq tanrısı" deməkdir. ALLAH adının AL hissəsinin türkcə AL sözü olmasına heç bir şübhə yoxdur. İkinci hissə AĞ/AQ/AK/AX/AH sözüdür. AL+AĞ =ALAĞ. Çox ehtimal ki, semit (ərəb) soylu xalqların dili fonetika qanununa uyğun olaraq "AL"ın "L" səsini şiddətli edib və "AĞ"ı AX/AH şəklində ifa ediblər (AlAğ - Allağ - Allax - Allah). "Alar" kəndinin ilk hissəsi olan və türkün Günəş tanrısı sayılan AL, həmçinin digər türk tanrıları Fin-Uğur türkləri vasitəsilə Azərbaycandan Anadoluya keçmişdir. Öz yeni yurdları olan Finikiyaya, oradan da Suriya, Fəlistin, İsrail, Livan və İordaniya ərazilərinə aparmışlar. Semit soylu və ibri xalqlar, eyni halda Afrikanın sahilləri və Ağdəniz (Akdeniz) adaları, türk soylu FİN-UĞUR (kənanilər, daha doğrusu "künanilər") panteonundan alaraq geniş şəkildə öz Tanrılar panteonuna daxil ediblər və onu ƏL/EL formalarında işlədiblər. AL və ya EL eyni halda Finikiya (Anadoluda türk soylu fin-uğur tayfası yurdu) panteonunun ən böyük tanrısı sayılırmış. EL/AL Tanrının Finikiya panteonunda Mut adlı övladı var və bu Mut biçin və tarla ruhu, günün istiliyi nəticəsində yanıb-qurumuş əkin zəmilərinin tanrısı sayılırdı. Mut adlı tanrı oğlunu, EL Tanrının ən sevimlisi sayırdılar. EL Finikiya panteonunda Günəş Tanrısı sayılırmış. Dr. Roy Vilis “Dünya mifləri” əsərində qeyd edir ki, Ogarit –kənani (indiki Suriyanın şimalı) mifologiyasında EL (AL/ƏL) ən üstün və böyük tanrı sayılırmış. Ogarit sözü əslində həmən türkcə "Uyqurlar" deməkdir. Uqur+it/ut (cəm bildirən şəkilçi) = UYQURLAR. Ogarit deyilən yurd Suriyanın şimalında yerləşirmiş. Eradan 1500 il öncə çox böyük və möhtəşəm mədəniyyət məskəni sayılırdı. Oradan əski türklərə və Mesopatamiyaya məxsus Baal (Bel/Bul/Bil/Bal) tanrısı, həmçinin EL (AL) tanrısı haqqında çoxlu gil-tabletlər tapılıb çıxarılıb. EL tanrısı fin-uqur (Finikiya) türklərinin Baş Tanrısı Buğa sayılırdı. Buradan bəlli olur ki, türk fin-uqurların (finikilərin) EL/AL tanrısı Buğa mədəniyyəti dövründən qalma tanrıdır. Buğa obrazlı tanrı Oğuzun Günəş tanrısının bəlgəsi və simgəsi sayılır. Buğa kimi AL/EL də Günəş tanrısıdır və AL/EL Günəş tanrının bəlgəsi və simgəsi də Buğadır. Fin-uqur (Finikiya) Ogarit türklərinin Baal tanrısı Şumer türklərinin panteonundakı Domuzi Tanrısının təkrar obrazıdır. Eyni ruhda və oxşar xarakterdə olan tanrılar iki türk dilli və türk soylu xalqın nə dərəcədə qan və mifik qohumluğunu üzə çıxarır.
Fin-uqur (Finikiya) Ogarit türk mifologiyasının panteonundakı Günəş ilahəsi ŞAPAŞ adı Mesopotamiya panteonuna "Şamaş" formasında daxil olub yaşamaqdadır. Şabaş sözündəki "b" səsi "m"ya çevirilərək Şamaş olub. Yəhudilərin “Əhdi ətiq” kitabında mifik nə varsa, Fin-uqur/ogarit (Finikiya) miflərinin surətidir. Fin-Uqur türkünün El/Al tanrısı yəhudilərin YƏHVƏ-sidir və Yəhvə Baal/Bel tanrısı kimi buludlara minməkdədir: ildırımla danışır və yerə yağış yağdırır. “Əhdi ətiq”in ayələri Fin-uqur/ogarit türkdilli şeirlərinin birbaşa tərcüməsidir ki, çox zirəklik və başarıqlıqla surəti çəkilibdir. AL/EL tanrısı hətta Latın və Cənubi Amerikada yerli İNKA-ların tanrılar panteonuna da daxil olubdur. İnkaların böyük hava tanrısı İlyapanın adının tərkibində İL formasında iştirak edib və özünü əks etdirməkdədir. AL/EL sözünü Cənubi Amerka mifologiyasındakı "Qızıl ya Altun ruhu ELDORADO" mifinin adında görmək olar. Eldorado mifi, yaxud "Altun Kişi"inin mifik kökü Kolombiyanın Muiska qəbiləsinə bağlıdır. Al/El tanrısı Afrikanın Yoruba əhalisınin mifologiyasında YER tanrıçası və bütün məxluqatın anası sayılan ELƏ/İLE/İLƏ/ALA ilahəsinin adında, həmçinin yunanların uşaq doğurma ilahəsi Zevs və Heranın qızı İlisiya/İlitiya adının ilk hissəsində, yunan panteonundan ALKEMENE və ELEKTRA ilahələrinin ad tərkibində özünü əks etdirir. Bu tanrı titulu eyni halda Mərkəzi Afrika qəbilələrinin "Ruhlar dünyası" adlandırdıqları cəngəllik sakinləri olan liliput divlər, yaxud cinlərin ELOKO adında da iştirak edibdir. AL sözü OL formasında Avstraliyanın Karolin adalarında tanrılar panteonunda odu yerə gətirən Olufat tanrının adının tərkibində, Mesopotamiyanın şimal hissəsində Babil-Aşur dediyimiz ərazilərdə eradan əvvəl 7- ci yüzillikdə gəlib məskun olmuş semit soylu "Kəldani" adlı xalqın baş tanrısı "İL" və "RƏ" adlarının tərkibində iştirak edib özünü göstərməkdədir. Al/El sözü türklərin baş tanrısı sayılan “ULGEN"in adında həmçinin UL formasında iştirak edibdir. UL (Qırmızı Günəş Tanrı)+ GEN (geniş anlamında hər yerə yayılmış və hər yerdə hazır olan böyük, qan/ğan/kutsal /müqəddəs Tanrı) = müqəddəs GünəşTanrısı.
"Al"ın "UL" forması çoxlu türk adlarının tərkibində, o sıradan göy və səmavi cisimlərin adında iştirak edir. Misal üçün, "ulduz" sözündə buna şahid oluruq. ALAR tanrıya tapınan türklər də özlərini öz tanrılarının adı ilə ilgili "Alar" adlandırıb və indiki "Alar" adlanan toponimlərdə məskun imışlar. Alar adlı toponimlərdə xalq ALAR Tanrıya tapınırmış və mütləq bu böyük tanrısına aid tapınaqlar və mə`bədlər tikmişd ki, zaman sürəsində dağılıb gediblər və ya pir, ocaq, imamzada, ziyarətgah, kilsə, məscid kimi özünü qoruyub saxlayır. Hər bir türk soylu insan icması və qrupu öz dil ləhcəsinə görə tanrısına ad verir və həmin tanrı da öz pərəstişkarlarının yurd və toponiminə öz adını verir, bunun müqabilində toponim də özündə yaşatdığı və saxladığı tayfa və xalqına öz adını verir. İnsan (tayfa)-Tanrı-toponim-insan (tayfa). Al teofor sözüylə ilgili türk dillərində müxtəlif çeşidli sözlər, terminlər və adlarımız yaranıbdır. Albis (Tuva türklərinin od və günəş Tanrıçasının adı), Almis (Altay türklərinin od və günəş tanrıçası), Al Ot (Yakut türklərində ailə ocağı), Al qadın (Türk mifologiyasında insan obrazında çıxarılan Günəş), Albas (Yakut türklərin günəş tanrıçası), Alı (Skif türklərində yer ilahəsinin adı), Alal (Şumer türkcəsində təxrib edən, dağıdıb aradan aparan), Alov (od şöləsi), Alaz/Alas (Şamanlar arasında od və günəş tanrısının adı), Albar (böyük günəş tanrısı), Alunus (Selt/kelt mifologiyasında günəşin qali, dərman və öncəgörənlik tanrısı), Alat (Mesopotamiya mifologiyasında Arallu yeraltı yurdunun ilahəsi və eyni halda Nerqalın eşi və yoldaşı), Allatu (Semitlərin və türk soylu kartajların yeraltı ilahəsi və Ereşkiqalın bərabəri olan ilahə), Alal (Kəldani mifologiyasında yeraltı dünya və cəhənnəmdən gələn divlər toplumu), Alalu (Hitit türklərinin mifologiyasında göy və səma səltənəti və hökmranlıq mifi), Alalus (Şumer və Mesopotamiya mifologiyasında ilk göy və cənnət padişahı), Albina (Etrusk türklərin mifologiyasında Dan yerinin ilahəsi), Alpus (Yunan mifologiyasında Gayanın oğlu), Alta (Skandinaviya mifologiyasında dişi div Himdalın anası), Altaya (yunan mifologiyasında Testiyusun qızı), Aletes (yunan mifi), Altes, (yunan mifologiyasında Lelegi padişahı), Aletia (yunan mifologiyasında düzlük, həqiqət ruhu və tanrısı), Altis (yunanda iki Alfius və kladiyus adlı çayların qovuşduğuı müqəddəs yer), Alqış, Altun və sairə. Al türk sözünün bir başqa anlamı "üns", "adət", "uzun müddətli", "davamı olan" və nəticədə "daimi", "ölməz", "cavid", "fəna bilməz" kimi yozulur ki, bunların da hamısı tanrı sifətlərindəndir, tanrı üçün səciyyəvi xarakterlərdəndir. Deməli, "Al"ın bu anlamları ilə "Alar" adı "ölməz və daimi günəş tanrısı" deməkdir. Türklər "Al"ın bu anlamları əsasında "alışıq", "alışqan" kimi sözləri yaradıblar . Bizim bu toponim haqqında son etimoloji açıqlamamız belədir: Alar toponiminin adı iki qədim türk sözü olan "Al" (Tanrı, kutsal, müqəddəs) və "Ar" (qırmızı Günəş, kutsal, müqəddəs) tərkibləşməsindən yaranıb və "Kutsal Günəş Tanrısı" deməkdir.
Yazar : Fərhad Cavadi Abdulla oğlu / Urmiya / 17- İyun 2014
Bilal Alarlıdan: Urmiyalı toponimist Fərhad Cavadinin Alar haqqında olan bu yazısı fars dilinin qrammatik qaydalarına uyğun bir üslubda qələmə alınmışdı. Cümlə üzvlərinin sıralanmasında Azərbaycan dilinin qaydalarına ciddi şəkildə əməl olunmamışdı. Bir cümlə daxilində və, ki bağlayıcıları sonsuz sayda işlənmişdi. Halbuki, Azərbaycan dilində və, ki bağlayıcıları həmcins üzvlər arasında və mürəkkəb cümlələrdə işlənir. Mürəkkəb cümlədə həmcins üzvlər olduqda eyni bağlayıcı iki dəfə işlənə bilir. Mən yazıda dil qanunlarımıza uyğun olmayan bu halları aradan qaldırmağa çalışmışam və elə bilirəm, müəllif onun yazısını bu şəkildə işləyib Azərbaycan oxucularına təqdim etməyimlə razılaşacaq. Yazının bəzi məqamları mabahisə doğursa da, Alar haqqındakı əhatəli araşdırmasına görə Fərhad Cavadiyə təşəkkürümü bildirirəm.
banner125x125 banner125x125