Silahlı Qüvvələr günü ərəfəsində kimyaçılar cəbhə bölgəsində əsgərlərlə görüşmüşdür-FOTO
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ərəfəsində Sumqayıt kimyaçıları – “Azərikimya” İstehsalat Birliyinin əməkdaşları sərhədyanı bölgələrimizdə xidmət edən əsgərlərə baş çəkmək, onlarla söhbətləşmək və bayram sovqatları təqdim etməklə onların yüksək əhval-ruhiyyəsinə, sarsılmaz döyüş əzminə daha bir xoş əhval-ruhiyyə əlavə etmək məqsədilə Ağdam rayonundakı N saylı hərbi hissəyə gəlmişlər.
Tədbirdən öncə Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov və ictimaiyyət nümayəndələri əsgərlərin kazarmalarına baş çəkərək, onların məişət şəraitləri ilə tanış olmuşlar. Məişət binalarındakı təmizlik, səliqə-səhman, əsgərlərimiz üçün yaradılmış yüksək şərait dövlətimizin ordumuza göstərdiyi diqqət və qayğının yüksək səviyyədə olmasından xəbər verirdi.
Tədbirin rəsmi hissəsində çıxış edən millət vəkillərı, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə zabitləri, gizirləri və əsgərləri təbrik etmiş və xalqımıza tezliklə qələbə sevinci bəxş etmələrini diləmişlər. Qeyd olunmuşdur ki, son dövrlər cəbhə bölgəsində baş verən hadisələr, Ermənistan ordusunun təxribat xarakterli hücumları zamanı düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə sübut etdi. Düşmən tərəfin bu namərdliyinə verilən layiqli cavab Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və qələbə əzmində, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini, ən əsası isə milli ruhun oyaq olmasının bariz nümunəsini ortaya qoymuş oldu. Bu da bir daha onu göstərir ki, Azərbaycan öz torpaqlarını istənilən vaxt hərbi yolla işğalçılardan azad etmək üçün həm hərbi potensiala, həm də güclü iradəyə sahibdir.
Tədbirin bədii hissəsində əsgərlərə “Kimyaçı” Mədəniyyət sarayının bədii özfəaliyyət kollektivlərinin solistlərinin, incəsənət ustalarının, bədii qiraətçilərin ifasında bir-birindən maraqlı vətənpərvərlik ruhlu mahnılar və şeirlər təqdim olunmuş, şən və oynaq musiqi sədaları altında nümayəndə heyətinin bütün üzvləri əsgərlərimizlə birgə rəqs etmişlər. Tədbirdə həmçinin kimyaçıların ailə üzvlərinin əsgərlərə ünvanladığı çoxsaylı məktublardan sətirlər səsləndirilmişdir.
Kimyaçıların gətirdikləri bayram sovqatları hərbi hissəyə təqdim olunmuşdur.
N saylı hərbi hissənin komandanlığı göstərilən diqqət və qayğıya və bayram günündə onlarla birlikdə olduqlarına görə SOCAR rəhbərliyinə, o cümlədən kimyaçılara və Sumqayıt ictimaiyyətinin nümayəndələrinə şəxsi heyət adından minnətdarlığını bildirmişdir.
Sonda nümayəndə heyəti əsgərlərlə birlikdə əsgər yeməkxanasında nahar etmişdir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR