Biləsuvarlı Mübariz
Biri varmış, biri yoxmuş. Bakıdan bir rayon aralıda Salyandan sonra gələn Biləsuvar rayonunun Əliabad kəndində bir ailə varmış. Bu ailə həm adlı sanlı, həm də ağır seyid ocağının davamçıları olan ailə imiş. Evin ağsaqqalı Ağakərim ata, ağbirçəyi isə Şamama ana idi. Onların üç oğlu varmış. Bu üç oğul el arasında sadəliyi və ağlı ilə çoxlarından seçilərdi. Ana ilə ata övladları ilə daim fəxr edərdilər. Böyük oğulun adı Bəhruz, ortancıl oğulun adı Rəşad, sonbeşik oğulun adı isə Mübariz idi. Hərənin özünəməxsus xasiyyəti vardı. Bəhruz idmanı sevər, ailədə özünü layiq olduğu kimi aparardı. Rəşad yaşına baxmayaraq ağlının itiliyi ilə rəşadət göstərərdi. Mübariz isə hər işdə mübariz idi. Hətta, bəzi məqamlarda özünü ailədə hamıdan uzaqgörən kimi göstərirdi. Belə-belə bu üç oğul hər gün bir buğda dənəsi boyda böyüyürdü. Bir gün Şamama ana işdən gələn əri Ağakərim üçün süfrə açdı. Ağakərim adəti üzrə əl-üzünü yuduqdan sonra süfrə kənarında əyləşdi. Sonra həmişə olduğu kimi oğullarını da öz yanında otrtdu. Birlikdə şam etdilər. Bu günün azuqəsi üçün ata ilə ana əlini göyə qaldırıb Allaha dualar etdilər. Şamama ana süfrəni yığışdırdı. Bu zaman Mübariz atasına tərəf baxaraq: - Ata, görəsən erməni uşaqlarının da ata-anaları əl açıb Allaha şükr edirlər? - Bilmirəm, oğul. Bu sual sənin ağlına haradan gəldi? - Ata mən özüm də bilmədim, bu sual mənim ağlıma haradan gəldi. Ancaq mənim üçün çox maraqlıdır. Axı babam deyir ki, Allah bütün duaları eşidir. Deyirəm görəsən erməni millətçiləri Allahın qoyduğu varlığa əl qaldıranda görəsən Allahdan qorxmur? - Ay oğul, hər millətin pisi də olur, yaxşısı da. Bəlkə də ermənilərin arasında yaxşıları da var. Varsa da biz onu hələ ki, görə bilmirik. Sonra ata üzünü bayaqdan bəri onu suallara tutan oğlu Mübarizə tutaraq: - Qalx, bala, o televizoru aç görək bu günkü xəbərlər nə göstərir. Mübariz televizora yaxınlaşıb, televizorun düyməsini basdı. Sonra isə ədəblə gəlib atasının yanında əyləşdi. Bayaqdan bəri sakit-sakit oturan Bəhruzla, Rəşad gülümsəyərək Mübarizin üzünə baxdılar. Bu gülümsər baxışlara o da gülümsədi. Üç qardaşın diqqəti bir-birinə dikildi. Bu zaman Ağakərim ata əsəbi halda: - Allah sizə lənət eləsin. Başa düşmək olmur ki, bu millət bizdən nə istəyir. Yenə də atəşkəsi pozublar. Bir əsgərimiz şəhid olub. Yazıq analar, yazıq atalar, əzabla uşaq böyüdür, ermənilər isə yüksəklikdə oturub bir gülləyə bir insan ömrünü məhv edir. Mübariz atasının bu sözlərinə yaman kövrəldi. - Ata, sən heç darıxma. Hər şeyin öz vaxtı var. Vaxt gələr mən o ermənilərə həddini bildirərəm. Heyif ki, indi mən uşağam. Amma uşaq da olsam, müharibə olsa, heç nədən qorxmaram, müharibəyə könüllü gedərəm. Ata oğlunun bu hərəkətinə sevindi. Ürəyindən nələr keçirdiyini heç kim hiss etmədi. Sonra əlini Mübarizin saçlarına tərəf apardı. Onun saçlarını qarışdırdı. Həm sevindi, həm də kövrəldi. - Allah eləməsin, bala. Müharibənin dəhşətlərini bir də bizim xalqımıza nəsib etməsin. Sizin hər biriniz bu torpağın qol-qanadısınız. Mübariz bu əhval-ruhiyyədə böyüyürdü. Zaman gəldi bu üç qardaş artıq vətənin keşiyini çəkə biləcək oğullar oldular. Əvvəl Bəhruz öz vətən borcunu vermək üçün yola düşdü. Bu yolu alnı açıq üzü ağ başa vurub ata ocağına qayıtdı. Sonra növbə Rəşada çatdı. Rəşad da qardaşı Bəhruzdan geri qalmadı. O da layiqincə vətən borcundan çıxdı. Növbə balaca Mübarizə, ailənin sonbeşiyinə çatdı. O gün valdeyinlər darıxıb sıxılsalar da Mübariz sevinirdi. Hiss edirdi ki, onun cəsarətli əsgər olacağı hər kəsə səs salacaq. Hiss edirdi ki, bir gün o nəsə bir iz qoyaraq tarixə düşəcək. Mübariz əsgər oldu. Həm də yaxşı əsgər. Qardaşları kimi o da xidməti alnı açıq başa vurdu. Gəlişinə ata yeddi qurban dedi. Yeddi qurbanın artıq birincisi bıçağa gəldi. Mübariz əsgərlikdən gələndən sonra. Yerdə altı qurbanı qaldı Mübarizin. Ata bu altı qurbanı altı ilə kəsəcəkdir. Bir il idi ki, Mübariz hərbi xidmətdən qayıtmışdı. Allah evində Bibiheybət məscidində işləyirdir. Bu müddət ərzində atanın boyun olduğu ikinci qurban da kəsilmişdi. Amma Mübariz kəsilən qurbanlara təəccüb edirdi. Həm də deyirdi: - Ata, oğul əsgər gedər, lazım gələrsə bu yolda ölər. Amma o qoçlara yazıqdır. Yox oğul. O qurbanlar mənim dilimdən çıxıbdır. Mən onları mütləq kəsməliyəm. Ata sənə bir söz demək istəyirəm. Ancaq bir qədər təmkinli ol. De görüm nə deyirsən, bala. Mən istəyirəm ki, hərbi hissədə işləyim. Həm də düşmənlə sərhəd bir hissədə. Sən nə danışırsan, bala. Sənin ki, hərbi hissədə işləmək üçün heç bir ixtisasın yoxdur. Orada nə işləyəcəksən? Narahat olma ata, mən hələlik gizir işləyərəm, sonrasına isə baxarıq. Ata oğluna baxdı, dərindən köks ötürdü. Sonra gözləri önünə Mübarizin bir neçə il bundan əvvəl verdiyi sualları gətirdi. Bir az dodaqları qaçdı. Təbəssümünü gizlədə bilmədi. Nə deyirəm oğul. Allah bilən məsləhətdir. Çox sağ ol, ata. Sabah gedib bəxtimi sınayım. Görüm Allah mənim üçün yol açacaqmı. Ata oğluna xeyir-dua verdi. Amma ürəyi elə bil sıxılırdı. Hansısa hiss atanı darıxdırdı. Həyat yoldaşı Şamamaya sirr verdi. - A Şamama Mübariz deyəsən hərbi işçi olmaq istəyir. Mənə sirr açdı. Bir söz deyə bilmədim. Nə edim. Xeyir-dua verdim. Sabah da onun üçüncü qurbanının vaxtıdır. Qurbanını kəsək. Allah qəbul eləsin. Nə etmək olar. Orada çalışanlar da oğuldur. Onların da hər birinin öz anası, atası var. Mübarizə getmə deyə bilmərəm. Ertəsi gün ata Mübarizin üçüncü qurbanını kəsdi. Axşama yaxın idi. Mübariz evə gəldi. Çox kədərli idi. Ata oğlundan kədərli olmağının səbəbini soruşdu. Səbəbi bu oldu. Mübarizi hərbi işə yer olmadığı üçün qəbul etməyiblər. Növbəti qəbul isə bir ildən sonra olacaqdır. Bir ilin gəlişini Mübariz həsrətlə gözlədi. Gözlədiyi zaman gəlib çatdı. Artıq o istəyinə nail olmuşdu. Gizirlik məktəbi oxuyacaqdı. Əyninə hərbi forma geyəcəkdi. Bir gün o gün də gəlib çatdı. Ata xeyir-duası aldı Mübariz Mübariz əsgər formasında bir gün gəlib həyətin darvazasını döydü. Ana tez qapıya tərəf qaçdı. Qapını açdı. Qarşısında dayanan sonbeşiyi əyninə hərbi forma geyinmiş Mübarizi idi. Basdı bağrına ciyərparəsini. Boyunu oxşadı. Sonra isə qollarını balasının boynundan çəkib bir qədər kənara çəkildi. Boyuna qurban olum, oğlum. Heç gözlərimə inana bilmirəm. Yəni, bu doğrudan da sənsən? Mənəm, ana, mənəm. Görürəm, bala, sən olmağına sənsən, amma əvvəlki Mübariz deyilsən. Forma səni tamam dəyişib. Lap ağlımı başımdan aldın, bala. İçəri keç. Elə bil qonaq gəlib. Qapıda niyə dayanmışıq. Keç həyətə, anan boyuna qurban. Ana sözünü deyib həyətə keçdi. Mübariz daravazanı bağlayıb həyətə girdi. Qarşıda gedən anasını arxadan süzdü. Sonra dərindən bir köks ötürdü. Kim bilir o an qəlbindən nələr keçdi. Onun dərindən köks ötürdüyünü anası eşidərək dönüb arxaya baxdı və: - Ahın dağlara, bala, sən nə yaman dirindən ah çəkdin? Yox, ana, ah çəkmədim. Sadəcə olaraq həyətimizin havasını dərindən nəfəsimə çəkmək istədim, ana. Anan qurban, bala, deyəsən yaman darıxmısan. Yoxsa həyətimizin havasını bu qədər dərindən nəfəsinə çəkməzdin. Doğru deyirsən ana. Atam haradadır, keyfi necədir. Onun üçün də burnumun ucu göynəyir. Qadan alım, oğul, atan da şükür olsun Allaha lap yaxşıdır. Bir də, sən bizdən ötəri heç narahat olma. Biz dinc və sakit həyatımızı sürürük. Bizim üçün tək fikir və tək narahatçılıq elə sənsən, bala. Hər gün atan televizorun qarşısında oturub xəbərləri izləyir. Hər dəfə də eşidəndə ki, cəbhə xəttində atəşkəs pozulub, o an onun ürəyindən bir tel qırılır. Yaman darıxır sənin üçün, bala. Mübariz anasını qucaqlayıb bağrına basır. Canım anam, siz mənim üçün heç darıxmayın. Elə bilin oğlunuz üç deyil, ikidir, ana. Ağzından yel alsın, bala. Bu nə sözdür. Allah heç anaya oğul dağı verməsin. Sənə bir şey olsa mən o gün... Sus ana, elə demə. Mənim bu canım sənə və atama, qardaşlarıma fəda olsun. Mən bu canımı millətimə də qurban verməyə hazıram, ana. Başına dolanım, oğul, boyuna qurban olum, bala, gəl bu sözləri qurtaraq. Bir az da xoş sözlər danışaq. Danışaq ana, danışaq. De görüm mənim qardaşım Bəhruzu nə zaman baş-göz edəcəksiniz. Onun tayları artıq atadır. O isə hələ də fikirləşir. Axı mən də əmi olmaq istəyirəm. Həyətə girəndə istəyirəm ki, Bəhruzun oğlu qabağıma qaçıb mənə şirin-şirin əmi desin. Darıxma, bala. O gün də gəlib çatar. Ananın bu sözlərinə Mübariz bir az sıxıldı. Sonra isə: - Ana, nə bilim. Hər şey o gözə görünməzin əlindədir. Bəlkə də o istək mənə nəsib olmadı. Bala, sənə nə olub. Sözlü adama oxşayırsan. Bir başa sal görüm sənə nə olub. Ürəyimi üzmə. Üzülmə ana. Sözdür, dedim. Misal üçün dedim. Bir neçə gün idi ki, Mübariz ata evində idi. Ürəyi istəyən bütün qohum-əqrəbalarla görüşdü. Hərənin qəlbində bir xatirə qoyub bir gün yola düşmək zamanına gəlib çatdı. O gün ata bala xeyli söhbət etdilər. Söhbət əsnasında ata oğluna baxıb dərindən köks ötürdü. Sonra gözləri yollara dikilib yol çəkməyə başladı. Atanın yol çəkən gözlərini Mübariz yenidən özünə cəlb etdi. Ata mən gedirəm. Mənə xeyir-dua ver. Heç vaxt xeyir-duanı mənim üstümdən əskik etmə, ata. Ağakərim ata yazıq-yazıq oğluna baxdı. Sonra dilinə bu kəlmələr gəldi. Sizin hər biriniz mənim üçün əzizsiniz. Sonbeşiklər bir qədər fərqli olur. Amma yenə də fərqi yoxdur. Oğlum, Mübariz, sən elə bir yol seçmisən ki, o yolda hər şey ola bilər. O yolda itkin də düşə bilərsən, yaralana da bilərsən, hətta şəhid də ola bilərsən. Amma mən bilirəm ki, sən o yolda fərari ola bilmərsən. Çünki sən mənim oğlumsan. Çünki sənin nəsil-nəcabətin var. O nəsil-nəcabətə sən xəyanət edə bilmərsən. Sən doğru yoldasan, oğul. Torpaq bizim ən böyük anamızdır. Sən hər birimizin anası olan torpağı qoruyursan. Yolun hər zaman açıq olsun. Bu yolda hər şey ola bilər. Mən səni vətən torpağına qurban vermişəm. Oğul, qurban geri alınmaz. Mübariz qalxdı ayağa, opdü atanın əlindən. İmkanı olsaydı bu sözləri deyən dilindən öpərdi atasının. Sağ ol, ata. Sən məni doğru başa düşürsən. Anamı darıxmağa qoyma. Gedirəm, ölsəm haqqını mənə hala et, ata. Hər şey halalın olsun, oğul. Amma heç vaxt düşmənə arxa çevirmə. Düşmənin üzərinə gedərkən ehtiyatlı ol. Sinən olan yerdə kürəyini gülləyə vermə, oğul. Ata həyətindən o gün halalaşıb, vidalaşıb çıxdı, Mübariz. Gedirdi, ürəyində kim bilir nələr düşünürdü. Evlərinin arxasındakı orta məktəbə baxdı. Qəlbindən məktəb illəri keçdi. Yadına nəsə düşdü. Gizli bir təbəssüm dodaqlarına qondu. Məktəbin küçəsindən dönüb evlərinə tərəf baxdı. Bir neçə addımlığında görünən kasıb evlərini bir də son kərə gözdən keçirdi, Mübariz. Yola düşdü. Yolboyu doğulduğu Əliabad kəndinin küçələrinə baxır, gizli-gizli kəndlə də vidalaşırdı. Ürəyində pıçıltı ilə deyirdi. Biri varmış, biri yoxmuş. Bir Əliabad kəndi varmış. Bu kənddə bir oğlan varmış. O oğlanın adı Mübariz imiş. Bir gün Mübariz… Qarşısında dayanan maşın onu fikirlərindən ayırır. Dayanmaq olmazdı. Qarşıda görüləsi bir planı var idi. Erməni daşnaqlarını məğlub edən Mübariz Gözləri önündə anasını canlandırdı. Sonra isə atasının son sözlərini yadına saldı. Anasının boynuna sarılıb, boyuna, qurban olum, deyən sözləri incitdi onu. Atasının səni vətənə qurban verirəm sözləri isə sevindirdi onu. İstəyini həyata keçirənə qədər ana və atasını gözləri önündə canlandırdı. Artıq vaxtdır. Bu gecə mütləq düşmənin ərazilərimizi atəşə tutan hərbi hissələrini məhv edib susdurmalıyam. Nə olur olsun, istəyimə mütləq nail olmalıyam. Çalışmalıyam ki, hədəfə aldığım heç nə boşa çıxmasın. Əks halda düşmənə əsir düşə bilərəm. O gün ertədən bir daha əməliyyata necə başlayacağını gözdən keçirdi. Fikrincə əməliyyat uğurla alınmalı idi. Gecə yarıya çatırdı. Mübariz əvvəlcə ana və atasına bir məktub yazdı. Məktubunda onlardan halallıq istəyirdi. Sonra isə şəhid olsam ağlamayın, əksinə sevinin ki, sizin bu cür övladınız var, yazdı. Məktubunu və telefonunu hərbi paltarının cibinə qoydu. Paltarlarını ona aid olan yerdə qoyaraq, belinə üç daraq və əlinə bir avtomat götürdü. Əsgərlərini yerbəyer etdikdən sonra gecə kəşfiyyata çıxdı. Bir neçə post keçdi. Hər postda bir neçə murdar divi cəhənnəmə vasil etdi. Cəhənnəmə vasil etdiyi divlərin silahlarını götürüb daha böyük divlərə tərəf addımladı. Nağıllarda olduğu kimi deyil, həqiqətdə olduğu kimi iki hərbi hissəni bir neçə saatın içərisində yerlə yeksan eylədi. Erməni işğalçılarının kiçik divlərindən tutmüş, böyük divlərinə qədər hamsını torpağın üzərinə sərdi. Gözləriniz torpaqdan doysun deyə, sifətinizi sürtün bu torpağa, dedi. Özgə atına minən şərəfsizlərin divlərini o gecə yaman susdurdu. Xəbər çox sürətlə Yerevana qədər gedib çıxdı. Başda oturanların canına vəlvələ düşdü. Qorxudan bilmədilər neyləsinlər. Sehirli quşlarını, uçan xalçalarını, göydən və yerdən, bir sözlə nə qədər döyüş maşınları vardısa hamsını işə saldılar. Amma o maşınların heç biri Mübarizin həyata keçirmək istədiyi əməliyyatın qabağını ala bilmədi. Mübariz artıq istədiyinə nail olmuşdu. Düşmənə elə bir oyun qurmuşdu ki, bir-birlərini elə özlərinə də qırdırmağa nail olmuşdu. Bu xəbər sübh tezdən bütün dünyaya yayılır. Hətta bu xəbər çoxlarını təəccübləndirir. Elə rusiyanın keçmiş prezidenti V.Putini, Türkiyənin baş naziri Erdoğanı və başqalarını şoka saldı Mübariz. V.Putin xəbəri eşidən kimi başa düşür ki, Azərbaycanda artıq Rembolar meydana çıxıb. Çünki Rembonun filmlərdə göstərdiyini hələ ki, adi həyatda kimsə şahidi olmamışdı. Amma Mübarizin təkbaşına hərəkatı göz qabağında idi. Erdoğan isə Azərbaycanın tək Mübarizi təkbaşına erməniyə bu qədər zərbə vurmağı bacarırsa, gör əlli Mübarizi olsa erməniləri nə hala salar, deyirdi. Bir gecədə Mübariz elə bir qurğu qurdu ki, erməni divləri onun cəsədinə də toxunmağa cəsarət edə bilmədi. Heç cəsədin də əllərini bağlayarlar? Qorxaq divlər güman edirdilər ki, Mübarizin cəsədi qəfildən qalxıb, sağ qalanların hamsını məhv edəcəkdir. Mübarizin igidliyi bütün dünyaya yayıldı. Hamını bircə bu xəbər maraqlandırırdı. Görəsən Mübarizin cəsədi nə vaxt vətənə qayıdacaq. Erməni divlərini isə başqa bir şey maraqlandırırdı. Görəsən onlara bundan sonra yenə də divlər deyən olacaqmı? Bilirsiniz niyə? Çünki, Mübariz onların divlərini məhv etmişdir. Artıq onlar div deyil dovşan olmuşdular. Dovşanlar isə adəti üzrə hamıdan qorxurlar. Haça qulaqları bəni insan görəndə tit-tir əsir. Lakin başda oturanlar isə tamam başqa şeylər düşünürdü. Düşünürdülər ki, görəsən bu pəhləvanın, bu qəhrəmanın qanının tərkibində hansı qan var. Görünür özlərinə xəyalları gedib. Axı onların qanı qarışıq qandır. Elə ona görə də istəyirmişlər ki, Mübarizin qanını dərmən düzəldib öz əsgər dovşanlarına versinlər. Həm də özləri çox yaxşı bilirlər ki, onlar Azərbaycanı öz güclərinə deyil, muzdlu döyüşçülərin gücünə işğal edə biliblər. Bəli, əziz balalar. Bu nağıl deyil. Bu bir həqiqətdir. Bizim yaxın keçmişimizin həqiqəti. 2010-cu ilin həqiqəti. 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində doğulmuş kasıb bir ailədə böyümüş Mübarizin gerçək nağılıdır. Şəhid sorağına odlandı ana Bir səhər namaza qalxdı Mübarizin ata anası. Sübh namazını qılıb Allaha əl açdılar. İlahi, sən özün bizim bütün əsgər balalarımıza kömək ol. Heç bir anaya bala dağı göstərmə, İlahi. O gün hər ikisi bol-bol dualar etdilər. Namazdan sonra hərə öz işi ilə məşğul olmağa başladı. Ana əlini nəyə atdısa, elə bildi qollarından bir daş asılıb. Ürəyi yaman narahat idi. Gecə yuxusunu da qatmışdı. Bütün işlərini bir kənara buraxıb bir az oturmaq istədi. Bu zaman ananı telefon zəngi düşüncələrindən ayırdı. Tez qalxıb telefona tərəf qaçdı. Əri Ağakərimin əlində telefonu görən ana özünü itirdi. Görəsən sabah-sabah kimdir, zəng vuran. Allah xeyrə calasın. Ağakərim isə telefon əlində bənizi sapsarı saralmış halda bu sözləri deyirdi, ola bilməz. Siz oraları yaxşı axtarın. Mənim oğlum heç vaxt ordudan geri qaçmaz. Sonra isə ata əlləri titrəyərək dəstəyi yerinə asdı. Şamama ana ərinin bu halına həyəcanla soruşdu: - Nə olub, bəlkə balamın başında bir qəza var, qurbanın olum, məndən heç nə gizlətmə. Qorxma, görünür nəsə anlaşılmamazlıq olub. Ya da kimsə bizimlə elə belə… Sən nə danışırsan, heç saatdan xəbərin var? Bu vaxtı kənd camaatı hamsı yatıbdır. Yox, görünür mənim balamın başına nəsə gəlib. Sən tez Mübarizin öz nömrəsinə zəng vur. Ata əlləri əsə-əsə Mübarizin nömrəsini yığdı. Telefon söndürülmüşdü. Sonra o zəng vuran adamın nömrəsini təkrar yığaraq hadisəni ətraflı öyrənmək istədi. Yenə də həmin cavabı aldı, ata. Taqətsiz halda diz çökdü ata. Şamama ana isə bilmədi nə etsin, dərdini kimə desin, kimdən ətraflı xəbər alsın. Yer-göy elə bil üstünə uçulub töküldü. Bala deyib nalə çəkdi, ana. Yandı bağrım, bala. Sən axı bu qədər vəfasız deyildin, nə üçün bizi bu qədər incidirsən, bala, deyib hönkürtü vurdu. Şamama ananın bu halı Ağakərim atanı pərişan etdi. Ağlama, Şamama, bəlkə harasa bir neçə dəqiqəlik gedib, gəncdir, ola bilsin bizim də bilmədiyimiz nəsə var. Bir az səbrli ol. Hər şey yaxşı olar. O gün ana bala xəbərinə göz yaşlarını sel kimi axıtdı. Kimsə balasından doğru xəbər vermədi. Aradan bir neçə saat keçmişdi, bir neçə nəfər rəsmi geyimli adamlar həyətə girdilər. Hətta evdə axtarış etmək istədilər. Qolları yanına düşmüş ana bilmədi nə etsin. Gələnlərə nə desin. Amma onlara mütləq nəsə deməli idi. Çünki onların fikirləri aydın idi. Siz, doğru fikirləşmirsiniz. Mənim oğlum mərd idi. Mənim oğlum cəsur idi. Mənim oğlum həyatını şərəflə yaşayıb. Mənim oğlum şərəfsizliyi boynuna götürə bilməz. Mənim oğlum… Ananın az qaldı ürəyi sıxılsın. Bu zaman həyətə girən adamların arasında olanlardan biri ən gənci anaya yaxınlaşdı. Nəsə demək istədi. Amma bir qədər çəkindi. Sonra isə yavaş səslə: - Ana, siz darıxmayın. Siz oğlunuzla fəxr edə bilərsiniz. Sizin oğlunuz doğrudan da elə sizin düşündüyünüz kimi oğuldur. Amma biz heç nə edə bilmərik. Bu bizə bir göstərişdir və biz bu göstərişi yerinə yetirməliyik. O gün ana bala deyib tüğyan etdi. Ata ilə oğul və Mübarizin dayısı hərbi hissəyə yol aldı. Hər şeyin doğrusunu oradan öyrənəcəkdir ata. Şamama ananın narahatçılığına o gün son qoyacaqdır ata. İnanırdı, inanırdı ki, onun oğlu düşmən qabağından qaçan oğul deyil. Ata hərbi hissəyə çatdı. Həyəcandan tir-tir əsirdi. Mübarizin xidmət etdiyi hərbi hissədə zabitlər elə bil oturub atanın gəlişini gözləyirmiş. Zabitlərin üzündə böyük həyəcan var idi. Ata onlardan oğlunun harada olduğunu soruşdu. Bu zaman zabitlərdən biri təsəlli vermək istədi. Ata isə təsəllidənsə sözün əslini eşitmək istədi. Bu zaman zabitlərdən bir: - Çox cəsur oğlan böyütmüsüz. Bizim hər birimiz sizin Mübarizlə fəxr edirik. Siz mənə oğlumun yerini deyin. Ağsaqqal, sizin oğlunuz şəhid olub, həm də qəhrəmancasına. Bu söz atanı bir qədər təsirləndirdi. Ata ağlamaq istədi. Amma ağlamadı. Üzünü zabitlərə tutaraq: - Siz mənim oğluma görünür ki, kömək göstərməmisiniz. Mənim oğlum heç vaxt fərari ola bilməz. Sizin verdiyiniz bu xəbər məni çox üzdü. Oğlum vətən yolunda şəhid olub. Mən onu torpağa qurban verdim. Qurban geri alınmaz. Mənim oğlumun ruhu mənimlədir. Atanın bu sözləri zabitləri heyrətdə qoydu. Sonra zabitlərdən biri əlindəki bir məktubu Mübarizin atasına tərəf uzatdı: - biz hər şeyi bu məktubdan sonra anlamışıq. O telefonunu və bu məktubu burada qoyub gedib. Xahiş edirik siz bu məktuba baxın, görün bu sizin oğlunuzun xəttidir? Ata əlləri əsə-əsə əlini məktuba uzatdı. Məktuba baxdı, sonra titrək əlləri ilə məktubu dodaqlarına tərəf apardı. Öpdü oğlunun məktubunu. Gözlərindən iki damla yaş məktubun üstünə düşdü. Sonra isə: - Oğlumun əlləri ilə yazılıbdır, dedi, ata. Sonra isə Ağakərim ata əli ilə başını tutub ağlamağa başladı. Ağlayarkən bu sözləri deyirdi: - Oğul indi mən bu xəbəri sənin anana necə çatdırım. Necə deyim ki, Şamama sənin oğlun şəhid olub, bir də o həyətə gəlməyəcək. Zabitlər ataya baxdılar: - Təki bütün əsgərlərimiz Mübariz kimi cəsur olmağı bacaraydılar. Ağakərim ata, hərbi hissəni tərk etdi. Yolboyu öz-özünə Şamama anaya nə deyəcəyini düşünürdü. Ana balasından xəbər tutmaq üçün gümanı televizoda verilən xəbərlərə gəldi. Tez televizorun qabağına qaçdı. Açdı televizoru. Göz yaşlarını axıda-axıda xəbərlərin başlayacağı zamanı gözlədi. Ananın gözlədiyi xəbərlər proqramı elə bil proqramdan çıxarılmışdı. Elə bil bir il idi ana xəbərlər proqramını gözləyirdi. Evdə artıq çoxları bilirdi ki, Mübariz şəhid olub. Amma bu xəbəri anaya deməyə heç kimin cürəti çatmırdı. Təkcə bu xəbəri anaya çatdıra biləcək bircə xəbərlər proqramı idi ki, ana da bayaqdan səbirsizliklə xəbərlərin başlamsını gözləyirdi. Bu da xəbərlər. Cəbhə xəttində atəşkəs pozulub. Gizir Mübariz Ağakərimoğlu İbrahimov qəhrəmancasına şəhid olmuş… Ana huşunu itirib yerə yıxıldı. Huşunu itirən ananı çox çətinliklə ayıltdılar. Yazıq ana elə hey deyirdi. – Can bala, son dəfə həyətə girində dərindən köks ötürdün. Deməli hər şey sənə ayan imiş.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR