» » Məhkum jurnalist Leyla Yunus və Rauf Mirqədirovla bağlı bəyanat verdi

Məhkum jurnalist Leyla Yunus və Rauf Mirqədirovla bağlı bəyanat verdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 avqust 2014
//
Bölmə: Təhsil / Sosial
Məhkum jurnalist Leyla Yunus və Rauf Mirqədirovla bağlı bəyanat verdi



14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sərdar Əlibəyli müəssisə rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.

Trend-in Penitensiar xidmətin saytına istinadən məlumatına görə, bəyanatda deyilir:

"Son günlər cəbhə bölgələrindən gələn həyəcan və təlaş dolu xəbərlərin fonunda, şəhid düşən əsgərlərimizin ruhu qarşısında baş əyərək bəyan edirəm ki, baş verənlərin baiskarları sırasında Azərbaycanın bütövlüyünün pozulmasına göz yuman və Qarabağ probleminin ədalətli həllinə laqeyd yanaşan beynəlxalq təşkilatlarla yanaşı, 20 ildən artıq bir müddətdə xarici qrant layihələrini qazanmaq naminə "xalq diplomatiyası" adı altında düşmənlə "dostluq" missiyasını yüklənmiş insanlar da olub və bu insanlar öz fəaliyyətlərində Azərbaycanın milli və dövlət maraqlarını deyil, beynəlxalq aləmdə qrant donorları kimi tanınan şəxslərin və təşkilatların maraqlarının təmsilçiləri rolunda çıxış ediblər. Dünya tarixinin heç bir dönəmində ərazilərin işğalı ilə müşayiət olunan müharibələrin "xalq diplomatiyası" yolu ilə başa çatdığını və bu yolla işğal faktorunun aradan qaldırıldığını görən olmayıb. Əslində bunun belə olduğunu, guya bu yolla sülhün yaxınlaşdığını iddia edənlərin özləri də yaxşı bilirlər. Amma bir daha deməliyəm ki, burada o şəxslərin özlərindən çox qrant donorlarının və onların arxasında dayanan təşkilatların maraq və istəkləri dayanır. Daha doğrusu, beynəlxalq səviyyədə hüquq müdafiəçisi kimi fəaliyyət qura bilmənin pərdəarxası şərtlərindən biri də budur. Və Azərbaycanın tanınmış hüquq müdafiəçilərindən də "xalq diplomatiyası" prosesinə qoşulanların əksəriyyətinin fəaliyyətində bu faktor özünü bariz formada göstərməkdədir.

Son dönəmlərin gündəmini ən çox zəbt edən olaylardan biri də çağdaş "xalq diplomatiyası"nın aparıcı simalarından biri kimi tanınan Rauf Mirqədirovun arxasınca da hüquq müdafiəçisi Leyla Yunusun barəsində bu günlərdə həbs qərarının verilməsi oldu. Ortada da rəsmi qurumların səsləndirdiyi çox ağır iddialar və ittihamlar var. Bütün zamanlarda yazmışam və demişəm ki, "xalq diplomatiyası" adlandırılan nəsnə, Qarabağ məsələsi ətrafında gedən proseslərin içində bizim üçün düşünülərək qurulmuş tələdir və bu "diplomatiya"ya qoşulanlar yanlış yoldadırlar. İstənilən halda, müharibə şəraitində, yanlışlıqdan, bilməyərəkdən, hətta ən xoşməramlı niyyətlərin nəticəsi kimi ortaya çıxmış bəzi əməllər, kimsəni məsuliyyətdən azad etmir, edə də bilməz. Leyla Yunusun timsalında ümumi qənaətlərimi dilə gətirməklə kifayətlənir və heç şübhəsiz ki, əksər hüquq müdafiəçiləri kimi Leyla Yunusun da ilham və inam mənbəyi, eləcə də fəaliyyətinin ana xətti Avropa və Qərbə bağlıdır.

Əgər müharibə bitməyibsə və dövlət arasında sülh sazişi imzalanmayıbsa, hər iki dövlətin vətəndaşları yalnızca öz ölkələrinin əsgəri ola bilərlər. Və müharibə şəraiti davam etdiyi müddətdə rəsmi diplomatiyadan savayı, bütün növ diplomatiyalar qadağan olunmalı, düşmənlə birbaşa təmaslar yasaqlanmalıdır.

Müharibəni aparmaq da, bu yöndə hansı vasitələrdən istifadəyə qərar vermək də birbaşa və yalnız dövlətin işidir. Və bu tip məsələlər heç bir halda şəxsi münasibətlər müstəvisinə endirilə bilməz. Bütün hallarda dövlətin Qarabağla bağlı siyasəti davamlı şəkildə, ardıcıl olaraq həyata keçirilir və zaman-zaman dövlət başçısı bu siyasətin ana xətti ilə bərabər konturları haqqında cəmiyyəti məlumatlandırır. Müharibənin gətirdiyi ağır şərtlərdə şəhidlərin ruhuna hörmət, şəhid adına və şəhid ailələrinə dövlət qayğısı da artan xətlə davam etdirilməkdədir. Müharibənin ağır nəticələrindən biri kimi ortaya çıxmış bir milyon qaçqın və köçkün ailələrinə də dövlətin imkanları üzərində hərtərəfli təminatının təşkil olunduğu da göz önündədir. Son vaxtlar, əvvəl Ramil Səfərovun Vətənə qaytarılaraq əfv edilməklə Milli Qəhrəman tituluna layiq görülməsi, Mübariz İbrahimovun, Fərid Əsədovun fərdi qəhrəmanlıqlarının ən yüksək səviyyədə təltif edilmələri, şəhid əsgərlərin dəfnlərinin adlarınalayiq təşkili və s. kimi məsələlər də dövlətin bütövlükdə Qarabağ siyasətinin tərkib hissələri olmaqla Azərbaycan dövlətinin bu yöndə artan qayğılarının göstəricisi, eyni zamanda dövlət tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir.

Əvvəl də qeyd etdiyim kimi, son günlər cəbhə bölgələrində baş verən qanlı toqquşmalar və şəhid düşən əsgərlərimizin ruhu qarşısında bu bəyanatı verməyə özümə borc bilir və bəyan edirəm ki, dövlətin rəsmi siyasətindən kənarda, məxsusən də kənar qüvvələrin təsiri altında aparılan bütün hərəkətlər, o cümlədən də "xalq diplomatiyası" adı altında Rauf Mirqədirovun və Leyla Yunusun fəaliyyətləri şiddətlə pislənilməlidir. Bu yöndə dövlət tərəfindən atılan addımlar isə digər "xalq diplomatları" üçün ciddi dərs olmalıdır. Bir daha bütün "xalq diplomatiysı" həvəskarlarını məsuliyyətli olmağa, əgər bu Vətənin əsgəri ola bilmirlərsə, heç deyilsə, əsgər olanlara mane olmamağa, şəhidlərimizin ruhuna hörmət etməyə çağırıram!"

Qeyd edək ki, Sərdar Əlibəyli "P.S Nota" qəzetinin baş redaktorudur.



QafqazPRESS.az
banner125x125 banner125x125